Nəfəsi təravətləndirən, ağzı dadlandıran, uşaqların isə sevimli lələgiləsindən biri olan saqqız uzun illərin kəşfidir. Qədim vaxtlarda ibtidai insanlar ağızda yarana biləcək infeksiyalara qarşı qatran çeynəyərdilər. Ən qədim saqqız isə İsveçin Orust adasından arxeoloji qazıntılar zamanı aşkarlanıb. Məlum olub ki, bu, 9 min il əvvəl Daş dövründə yaşayan bir yeniyetmə tərəfindən icad edilib. Tündrəngli saqqız bal ilə şirinləşdirilmiş qatrandan hazırlanıb.
Qədim yunanlar saqqız ağacının (Pistacia lentiscus) qatranını çeynədikləri halda, Mayyalılar və Asteklər "Manilkara zapota" və ya "Sapodilla" kimi tanınan ağacdan əldə etdikləri qatranı bişirib qurudaraq saqqız hazırlayırdılar. Günümüzdə istifadə edilən saqqızların tarixi isə XIX əsrdən başlayır. Həmin vaxtlarda Şimali Amerikada yerli əhali küknar ağacının qatranını çeynəyirdilər.
Amerikalı Con Körtis kommersiya məqsədilə hazırlanan saqqızın yaradıcısıdır. Bu 1840-cı illərin sonlarında başa verib. O, küknar ağacının qatranını qaynatdıqdan sonra bir-birinə yapışmaması üçün üzərilərinə qarğıdalı nişastası səpib. Daha sonra uzun zolaqlı formada kəsərək qablaşdırıb. 1850-ci illərin əvvəllərində isə Con Körtis Portlandda dünyanın ilk saqqız fabrikinin əsasını qoyub.
Məlum olur ki, küknar ağacının qatranı saqqız istehsalı üçün əlverişli deyil. Belə ki, o, xoş dada malik olmamaqla yanaşı, çeynənildiyi zaman da ovulurdu. Odur ki, sonradan saqqızların hazırlanmasında parafindən istifadə edilib.
Saqqız istehsalında əsas mərhələ ixtiraçı Tomas Adamsın hazırladığı məhsuldan başlayır. O, saqqızı saqqız ağacından (Chicle) hazırlamaq qərarına gəlir. Adams 1880-ci illərin sonlarında saqqız istehsal edən bir şirkət yaradır. Meksika və Mərkəzi Amerikadan ABŞ-a gətirilən saqqız ağacı 1900-cı illərin ortalarına, yəni istehsalçılar sintetik maddələrdən istifadə edənə qədər məhsulun əsas tərkib hissəsi olur.
İlk saqqızlar ağac qatranlarından və təbii mumlardan hazırlanırdısa, hazırda hər iki inqrediyent sintetik məhsullardan əldə edilir. Xüsusi dad və qoxu üçün rəng və dadvericilərdən istifadə olunur. Günümüzdə təbii saqqız tapmaq isə olduqca çətindir.