Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası çərçivəsində Samuxda görülən işlər onu deməyə əsas verir ki, ölkəmizin digər bölgələri kimi, bu rayon da inzibati cəhətdən nisbətən gənc olmasına baxmayaraq, dövlətin himayəsi sayəsində xeyli irəli getmiş, kənd və qəsəbələrin siması yenilənərək abad görkəm almış, əhalinin güzəranı xeyli yaxşılaşmışdır.
2025-ci il də bu baxımdan istisna olmamışdır. Aparılan abadlıq və quruculuq işləri davam etmiş, əhalini rahatsız edən məsələlərin həlli üçün konkret addımlar atılmışdır. Bu dövrdə həmçinin rayonun kommunal infrastrukturu yenilənmiş, sakinlərin normal məişətinin təmin edilməsi üçün bir sıra layihələr həyata keçirilmişdir. Məsələn, Samux şəhərində 3 hektara yaxın ərazidə yeni park salınaraq istifadəyə verilmişdir. Parkın ərsəyə gəlməsi üçün 11200 kvadratmetr tamet daşlardan, 1400 kvadratmetr aqlaydan, 1000 paqonometr bardürdən istifadə olunmuşdur. Ümumilikdə 4000 kvadratmetr əraziyə yaşıl ot örtüyü, dekorativ ağac və gül kolları əkilmişdir. 2 bulaq və 4 fəvvarə, o cümlədən 4 axar su üzərində körpü, qrunt sularının axıdılması üçün parkboyu yeraltı boru quraşdırılmışdır. Yaşlı və gənc nəsil üçün 8 söhbətgah, uşaqların əyləncəsi üçün 2 oyun meydançası, açıq havada düzəldilmiş şahmat oyun meydançası, həmçinin kompleksin mərkəzində saat qülləsi inşa edilmişdir. Parkın ətrafındakı inzibati binaların dam örtükləri dəyişdirilmiş, ərazisində usə müasir görkəmli ictimai iaşə obyektləri açılmışdır.
Bakı-Gəncə avtomobil yolunun rayonun Zazalı kəndi istiqamətində olan girişində, Samux-Gəncə avtomobil yolunda, Heydər Əliyev prospekti ilə Kolayır prospektinin kəsişməsində yerləşən ərazilərdə də yenidənqurma işləri aparılmışdır. Bunlardan başqa, Samuxun ən uzun küçələrindən sayılan Heydər Əliyev prospekti 13-17 metr genişləndirilərək asfaltlanmışdır. Ərazidə həmçinin piyada zolaqları salınmış, dekorativ ağac və gül kolları əkilmiş, piyadalar üçün nəzərdə tutulmuş səkilərə tamet daşlar döşənmişdir. Prospektdən keçən yerüstü qaz boru kəməri polietilen, beton işıq dirəkləri dəmir borularla əvəz olunmuşdur. Fərdi yaşayış evlərinin darvaza hissələri rənglənmiş, fasad və çöl hasar hissələri aqlayla üzlənmişdir. Samux-Gəncə və Samux-Çobanabdallı avtomobil yollarında yüksəkgərginlikli elektrik xətləri yerin altına köçürülmüşdür.
Abadlıq və yenidənqurma işləri şəhərin digər küçələrindən də yan keçməmişdir. Bir sıra küçələrin asfalt örtüyü təzələnmiş, səkiləri tametlənmişdir. Samux-Kolayır alternativ avtomobil yolunda da təmir işləri aparılmışdır. Samux-Çobanabdallı avtomobil yolunda isə işıqlandırma işləri başa çatmışdır. Bununla yanaşı, Qarayeri-Gəncə avtomobil yolu və 4 kilometrdən artıq ara küçələr də gecə qaranlığından xilas olmuşlar.
Sabir ƏLİYEV,
"Azərbaycan"