Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti noyabrın 5-dən 8-dək Malayziyada, noyabrın 8-dən 11-dək isə İndoneziya Respublikasında rəsmi səfərdə olacaq. Nümayəndə heyətinin tərkibinə parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, deputatlardan Bəxtiyar Əliyev, Çingiz Əsədullayev, Mirkazım Kazımov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Milli Məclisin mətbuat katibi Akif Nəsirov dünən keçirdiyi brifinqdə bu barədə məlumat verərək dedi ki, Malayziyaya səfər çərçivəsində nümayəndə heyəti ölkə parlamentində olacaq, Malayziya qanunvericilik orqanının fəaliyyəti ilə maraqlanacaq, parlamentin plenar iclasını müşahidə edəcək. Milli Məclis Sədrinin Malayziya parlamentinin hər iki palatasının rəhbərləri ilə görüşləri də nəzərdə tutulmuşdur. Görüşlərdə parlamentlərarası əlaqələrimizin hazırkı vəziyyəti və inkişaf perspektivləri, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsi barədə danışıqlar aparılacaq.
Nümayəndə heyətinin Malayziya Baş nazirinin ofisində keçiriləcək görüşündə ikitərəfli əlaqələrimizin dərinləşdirilməsi məsələləri müzakirə olunacaq.
Parlament nümayəndə heyətinin İndoneziyaya səfəri zamanı nümayəndə heyətinin üzvləri ölkə parlamentinin fəaliyyəti ilə tanış olacaq, İndoneziya Xalq Məşvərət Məclisinin Sədri, Regional Nümayəndələr Şurasının rəhbərliyi ilə görüşlər keçirəcək, qanunverici orqanlar arasında münasibətlərimizin inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparacaqlar.
Milli Məclis Sədrinin ölkə Prezidenti və xarici işlər naziri ilə nəzərdə tutulmuş görüşlərində iqtisadi, mədəni, humanitar sahələrdə ikitərəfli əməkdaşlığın genişlənməsi, regional münaqişələrin həlli yolları və digər məsələlər müzakirə olunacaq.
"Azərbaycan"