17 Avqust 2022 14:49
202
CƏMİYYƏT

Laçın şəhərinə qayıdışa hazırlıq başlanacaq

 

Laçın şəhərindən 30 il əvvəl məcburi köçkün düşmüş və respublikamızın müxtəlif yerlərində müvəqqəti məskunlaşmış həmvətənlərimizin doğma yurda qayıdışa hazırlanması barədə Prezident İlham Əliyevin verdiyi tapşırığın icrasına başlanıb. Bu məqsədlə avqustun 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində onların bir qrupu ilə görüş keçirilib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun erməni faşizmi üzərində qələbəsi nəticəsində düşmənin bir güllə atmadan tərk etdiyi Laçın şəhərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının, üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq, dislokasiyanın dəyişdirilməsi, qanunsuz məskunlaşdırılmış ermənilərin bu ərazidən çıxarılması dövlətimizin gücünün, qüdrətinin növbəti nümayişi kimi dəyərləndirilib. Qanunsuz məskunlaşdıqları yerlərdən çıxarkən ermənilərin evləri və meşə sahələrini yandıraraq, yenidən vandalizm törətməsi qətiyyətlə pislənilib.

Laçınlılar məcburi köçkünlük dövründə onlara hərtərəfli dövlət qayğısı göstərildiyini bildirərək, həm buna görə, həm də ata-baba torpaqlarına qayıtmaq arzularını gerçəkləşdirdiyi üçün Prezident İlham Əliyevə minnətdarlıq bildiriblər. Birinci vitse-prezident Mehriban Əliyevanın köçkünlüklə bağlı problemlərin həlli ilə əlaqədar gördüyü işlər dərin razılıq hissi ilə qeyd edilib.

Dövlət Komitəsinin Böyük Qayıdışa hazırlıq məqsədilə həyata keçirdiyi tədbirlər barəsində görüş iştirakçılarına ətraflı məlumat verilib. Bir daha diqqətə çatdırılıb ki, məcburi köçkünlüyü başa çatan vətəndaşların könüllü, təhlükəsiz şəraitdə və ləyaqətlə doğma yurda qayıdışını təmin etmək üçün dövlətimizin başçısının tapşırığı ilə bütün lazımi tədbirlər həyata keçirilir.

Görüşdə qayıdışa hazırlıq və köçürülmənin təşkili ilə bağlı açıq və səmimi fikir mübadiləsi aparılıb. Laçınlılar doğma yurda qayıdıb, onun sosial-iqtisadi inkişafına, işğalın fəsadlarının aradan qaldırılmasına töhfə verməyə, dağlar qoynundakı şəhəri dirçəltməyə hazır olduqlarını bildiriblər.

Tədbir iştirakçıları Laçına qayıdış xəbərini sevinclə qarşıladıqlarını və tezliklə qayıdacaqlarına ümidvar olduqlarına bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video