19 Fevral 2025 08:25
563
CƏMİYYƏT
A- A+
İşğaldan azad olunmuş ərazilərimiz geniş tikinti meydanına çevrilib

İşğaldan azad olunmuş ərazilərimiz geniş tikinti meydanına çevrilib


Yolumuz Qarabağadır. Yenidən qurulan, gözəlləşən, bugünkü büsatı ilə dostu sevindirib, düşmənin gözdağına çevrilən cənnət Qarabağa!

Qarabağın hər kəndində, hər qarış torpağında həyat qaynayır. Yurdlar yenidən cana gəlir, şəhərlərə, kəndlərə həyat verilir...

Bərdədən Ağdama kimi uzanan magistral yolun kənarında erməni qəsbkarlarının "keçilməz" sədləri, "yaratdıqları" blindajları lənətləyib, qəhrəman Azərbaycan əsgərinə, ordumuzu zəfərə aparan Ali Baş Komandana əhsən deyib alqışlayırıq.

Ulu Dədə Qorqud deyirdi ki, torpağı əkib-becərmirsənsə, qorumağa dəyməz, qorumursansa, əkib-becərməyə dəyməz.

Yolboyu yeni salınmış bağlar, yeni tikilib boy-boya düzülən evlər insana fərəh gətirir. İşğaldan azad olunmuş ərazilərə yaxınlaşdıqca Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Qarabağda görülən nəhəng quruculuq işlərinin panoraması gözümüz önündə canlanır. Bundan gözəl Azərbaycan dövlətinin gücünü, qüdrətini əks etdirən nəyi isə təsəvvür etmək olmaz.


Ağdamın ağ günləri başlayır


Kənardan baxmaqla Ağdam şəhərində aparılan quruculuq prosesini, infrastruktur layihələrinin həyata keçirilməsini açıq-aydın görmək mümkündür. Xatırladaq ki, 30 ilə yaxın müddətdə Ağdam rayonunun işğal altında olan ərazilərinin bütün sərvətləri talan edilib. Rayon ərazisində olan 3006 hektar meşə sahəsi, 64,863 min kubmetr mişar daşı yatağı, 140,464 min ton Çobandağ əhəngdaşı yatağı, 44,708 min ton Boyəhmədli və 25197 min ton Şorbulaq gil yataqları erməni vandallarının əsarəti altına düşmüşdü. Təbiət abidəsi kimi qorunan Ağdam şəhərində yaşı 150-250 il olan 14, Boyəhmədli kəndi ətrafında isə yaşı 400 ilə çatan 71 ədəd Şərq çinarı məhv edilib.

Bu gün Ağdamda "Böyük Qayıdış" proqramı çərçivəsində böyük layihələr həyata keçirilir, abadlıq-quruculuq işləri görülür. Bircə faktı qeyd edək ki, Prezident İlham Əliyev 4 ildə 10 dəfə Ağdama səfər edib. Prezidentimizin Ağdama indiyədək etdiyi 9 səfər yeni obyektlərin təməllərinin qoyulması və açılışı ilə yaddaşlara həkk olunub. 

Ağdam azad edildikdən 3 gün sonra - noyabrın 23-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Ağdam şəhərinə səfəri zamanı dediyi "... Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik" sözləri ağdamlılarda böyük ümid yaratdı.

Beləliklə, işğaldan azad edilən Ağdamda dərhal böyük tikinti və quruculuq işlərinə start verildi. Ərazisinin çox hissəsi minalı sahə olsa da, təmizləmə işləri aparılmaqla yanaşı, şəhərin sosial xəritəsi tamamilə yeni və müasir şəkildə qurulmağa, Ağdam şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunmağa başlandı. 2021-ci il mayın 28-də Prezident İlham Əliyevə Ağdam şəhərinin Baş planı təqdim olunub və həmin gün Ağdam şəhərinin bərpasının təməl daşı qoyulub. Zəfər və İşğal muzeylərinin, Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpaolunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və xalça istehsalı müəssisələrinin, "Park Forest Hotel Ağdam" mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının, dəmir yolu vağzalının tikintisinə başlanılıb.

Ağdamda olarkən Dəmir yolu və avtovağzal kompleksində aparılan işlərə şahidlik etdik. Zirzəmi, üç mərtəbə və terrasdan ibarət olmaqla layihələndirilən kompleks vahid nəqliyyat qovşağı şəklində milli arxitektura üslubunda dizayn edilir. 

Həyata keçirilən infrastruktur layihələri içərisində yolların yenidən qurulması xüsusi yer tutur. Ötən dövrdə uzunluğu 44,5 kilometr olan Bərdə-Ağdam avtomobil yolu istifadəyə verilib. Bərdədən Ağdam şəhərinədək 47,1 kilometr uzunluğunda olan dəmir yolu xətti çəkilib. Uzunluğu 64,8 kilometr olan Ağdam-Füzuli avtomobil yolunun inşası yekunlaşmaq üzrədir. Hazırda Ağdam-Hindarx-Ağcabədi və Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yollarının tikintisi davam etdirilir. 

Yolun lap yaxınlığında Qarabağ xanlığının banisi Pənahəli xanın bərpa olunan sarayının yerləşdiyi İmarət Kompleksi göz oxşayır.

Ağdam şəhərinin Baş planına əsasən, şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometr təşkil edir. Magistral şəhər yollarının uzunluğu 17,5, ümumşəhər əhəmiyyətli yolların uzunluğu 50, yerli əhəmiyyətli yolların ümumi uzunluğu isə 122,2 kilometr təşkil edəcək. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq Ağdam şəhərinin daxili yollarının tikintisi 2026-cı ildə başa çatdırılacaq.

Rayonun dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə hər biri 110/35/10 kilovoltluq "Ağdam-1" və "Ağdam-2" yarımstansiyaları, həmçinin "Qarabağ" Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib. Paralel olaraq fiber-optik kabellər çəkilib və bu da Ağdam şəhərinin gələcəkdə yüksəksürətli internet ilə təchiz olunmasına şərait yaradacaq. Prezident İlham Əliyev ötən dörd ildə Ağdama səfərləri zamanı yaşayış məhəllələrinin, sənaye parkının, 1 saylı orta məktəbin, xəstəxananın, şəhər mərkəzi parkının, Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin, "İmarət" stadionunun, Ağdam Muğam Mərkəzinin, inzibati binanın, "Azərişıq" ASC-nin Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin, Xıdırlı, Kəngərli, Sarıcalı, Qiyaslı, Salahlı Kəngərli, Baş Qərvənd, Tağıbəyli, Güllücə, Nəmirli, Şotlanlı, Eyvazxanbəyli kəndlərinin, Atçılıq Nəsilartırma Mərkəzinin və digər obyektlərin təməlini qoyub. Artıq Ağdamda Konfrans Mərkəzinin, "Aghdam City Hotel"in tikintisi, Cümə məscidinin, İmarət Kompleksinin bərpası başa çatdırılaraq istifadəyə verilib.

Ağdam şəhərində yaşayış məhəllələrinin, həmçinin Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində tikinti işləri davam etdirilir. Sarıcalı kəndində 203, Kəngərli kəndində 292, Xıdırlı kəndində isə 719 ev inşa olunur. Hər 3 kənddə evlərlə yanaşı, məktəblər, uşaq bağçaları, klub icma mərkəzləri, bayraq meydanı, bazar kompleksləri, məişət xidməti obyektləri, ailə sağlamlıq mərkəzləri, inzibati binalar və digər obyektlərin də tikintisi aparılır. Kəndlərdə alternativ enerji mənbələrindən istifadə olunacaq, mərkəzi kommunikasiya sistemi qurulacaq. Bu gün Ağdama gələnlər genişmiqyaslı tikinti-quruculuq işlərinin şahidi olurlar.

Dünən dövlət başçısı İlham Əliyev Ağdama növbəti 10-cu səfərini etdi. Səfər zamanı Prezident İlham Əliyev   və Mehriban xanım Əliyeva "Hilton Garden İnn" hotelində və Ağdam şəhərində  aparılan tikinti işləri ilə tanış oldular.


Şuşa bir aləmdir


Azərbaycanın tarixi-mədəni, dini irsinin çox böyük bir hissəsi Qarabağın payına düşür. İşğaldan azad edilən Qarabağda və ətraf rayonlarda minlərlə maddi-mədəni, dini irs nümunəmiz var ki, onların da çox böyük bir hissəsi işğal dövründə erməni vandalizminə məruz qalıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə Almaniyadan gəlmiş bərpaçı mütəxəssislər Ağdamın Cümə, Qiyaslı və Şuşanın Yuxarı və Aşağı Gövhər ağa, Saatlı məscidlərində bərpa işlərini tamamlayıblar. "Qarabağ" hoteli, Bülbülün ev-muzeyi və büstü, Molla Pənah Vaqifin məqbərəsi bərpa olunub. Dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin və Bülbülün ev-muzeyləri açılıb, heykəlləri qoyulub. Şəhərdə "Xarıbülbül" hoteli istifadəyə verilib. Yenidənqurma işlərinə 2024-cü ilin may ayında başlanan Bayraq meydanında fasiləsiz iş gedir. Şuşa şəhərinin Baş planına uyğun olaraq Bayraq meydanının ətrafında Zəfər muzeyinin, çoxfunksiyalı konsert-tamaşa zalının və alış-veriş mərkəzinin də inşa edilməsi nəzərdə tutulur.

Şuşa şəhərində yerləşən malikanə tipli tarixi yaşayış evi olan Mehmandarovların malikanə kompleksi Azərbaycanın XVIII əsr mülki memarlığının ən parlaq nümunələrindən biridir. Bu maddi-mədəniyyət tikilisi də erməni işğalı dövründə ciddi dağıntılara məruz qalmışdır. Artıq abidənin əvvəlki görkəmi özünə qaytarılıb. Malikanədə ev sahibinin məşğuliyyətini, marağını nümayiş etdirən əşyalarla təchiz olunmuş kabinetin, qonaqların qəbulu üçün nəzərdə tutulan evin ən təmtəraqlı otağı sayılan və bir çox halda taxta dekorativ panellər və parça divar kağızları ilə bəzədilən qonaq, yemək və yataq otaqları əvvəlki görkəminə qaytarılıb.

Malikanədəki otaqları milli əşyalarla yanaşı, avropasayağı məişət əşyaları da bəzəyir. Otaqlar dövrün eksponatları ilə XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid interyer qaydalarına uyğun tərtib edilib. Bura gələn ziyarətçilər özünü XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşamış azərbaycanlı zadəganın evindəki kimi hiss edirlər. Ekspozisiyanın tərtibatı zamanı 150-dən çox əntiq əşyadan istifadə edilib.

Şuşada ilkin bərpa olunan binalardan biri də Qazançı kilsəsidir. Bütün digər tarix-mədəniyyət abidələrimiz kimi, Qazançı kilsəsinin də ilkin bədii-estetik görkəminə uyğun bərpası davam edir. Hazırlanan bərpa layihəsi abidənin XIX əsrdəki ilkin-orijinal görkəminə qaytarılmasına imkan verir.

Şuşa şəhərində "Şirin su" hamamında, Köçərli küçəsi, 6 ünvanındakı yaşayış binasında, Sadıqcanın, Mir Möhsün Nəvvabın evlərində bərpa işləri başa çatıb. 

Bu gün işğaldan azad olunan ərazilərdə genişmiqyaslı quruculuq işləri sürətlə davam edir.


Elşən QƏNİYEV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!