11 Aprel 2023 03:08
2225
SİYASƏT
A- A+

İLHAM ƏLİYEV Zəfərinin Şuşa zirvəsi

 

Şuşaya azadlıq bəxş edən Müzəffər Ali Baş Komandan indi onun quruculuğunun baş memarıdır

 

Yolumuz yenə Şuşayadır... 
Zəfər yolu ilə Qarabağın ecazkar mənzərəsinə tamaşa edə-edə zəfərimizin zirvəsinə doğru irəliləyirik. Dağların arxasından boylanan səhər günəşinin şölələri ətrafa yayıldıqca  dünyada tayı-bərabəri olmayan bənzərsiz təbiət gözəlliyinə şahidlik edirik.  
Daşaltıdan şəhərə doğru qalxarkən diqqətimizi çəkən Kirs dağı istiqamətindən  Şuşaya çəkilən yeni yolun körpü və tunellərinin artıq hazır vəziyyətə gətirilməsi olur. Demək olar ki, həmin istiqamətdə tikinti işləri yekunlaşıb, asfalt örtüyü tökülüb. Bu yol, Zəfər yolu ilə Daşaltının üstündə, yəni Şuşanın girəcəyində yaradılmış dairədə birləşərək şəhərə daxil olur. 
Şəhərə yaxınlaşırıq. Aylardır burada, Şuşa-Laçın yolunda ekoloji terrora "yox" deyən gənclərin səsləndirdikləri şüarlar hər tərəfə yayılır: "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!"...
Gənclər dayanmadan Azərbaycan, ingilis və rus dillərində bu şüarları təkrar edirlər. 4 aya yaxındır ki, burada əsl qəhrəmanlıq nümayiş etdirən gənc fəallarla salamlaşıb hal-əhval tutduqdan sonra şəhərdəki tikinti bumu, möhtəşəm quruculuq işləri ilə tanış olmaq üçün qalaya daxil oluruq...

 

Möhtəşəm tikinti bumu: yeni hotellər, yaşayış binaları inşa olunur

 

Bir vaxtlar "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Şərqin konservatoriyası" adlandırılan, ölkəmizin ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət beşiyi və Qarabağın baş tacı olan Şuşada möhtəşəm quruculuq işləri davam edir. 
1752-ci ildə Pənahəli xanın tikdirdiyi qədim Şuşamız 28 il erməni barbarlarının vəhşilikləri nəticəsində dağıdıldı, məhv edildi. Amma Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Ali Baş Komandan İlham Əliyev imkan vermədi ki, Hayastan qədim şəhərimizi özününküləşdirsin. Müzəffər Ali Baş Komandan 200 əsrlik münaqişəyə, 30 illik müharibəyə son qoyaraq Azərbaycana qərinələr, əsrlər sonra böyük zəfər qazandırdı.  Azərbaycan xalqının əsl qəhrəman oğlu kimi 39 ildən sonra Şuşaya qalib sərkərdə kimi ayaq basdı. Şuşada dalğalandırdığı bayrağın kölgəsi bütün Qarabağa düşdü, Şuşada yandırdığı Novruz tonqalının istisi bütün Azərbaycana yayıldı, xalqın ürəyi dağa döndü. 
Bu gün 270 yaşlı Şuşamız İlham Əliyevin xüsusi diqqəti və qayğısı ilə quruculuğun baş meydanına çevrilib. Şəhər yenidən qurulur, ona istəyə uyğun və yaraşan yeni həyat, yeni nəfəs verilir. Burada tikilən hər bir iqtisadi və sosialyönümlü obyektlərin açılışı hər kəsdə ruh yüksəkliyi yaradır. 
Hazırda Şuşada 23 ədəd çoxmənzilli bina inşa edilir. Binaların ümumi sahəsi 60 min kvadratmetr təşkil etməklə 450 mənzildən ibarət olacaq və gələn ilin sonuna qədər hazır olacaq. Beləliklə, şuşalılar doğma yurdlarına qayıtmağa başlayacaqlar. 
Hazırda şəhərdə hotellər, yeni fərdi evlər də tikilməkdədir. Ən maraqlı binalardan biri isə 154 otaqlı hoteldir. 3 hektardan artıq olacaq hotel və konfrans mərkəzinin inşaat işlərinə bu ilin aprelində başlanılıb. Mərkəz ümumilikdə 154 otaqdan ibarət olacaq. Burada 400 nəfərlik konfrans zalı, görüş otaqları, restoranlar, mağazalar, yeraltı və yerüstü avtodayanacaqlar və digər zəruri infrastruktur yaradılacaq.
Ümumiyyətlə, Şuşa hotel və konfrans mərkəzinin inşası şəhərin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi zəngin mədəni həyatına qovuşması üçün aparılan bərpa-quruculuq işlərində mühüm yer tutur. Xatırladaq ki, qədim dövrdə Böyük İpək yolunun əsas qovşaqlarından biri olan Şuşa Avropa və Şərq şəhərləri ilə birbaşa ticarət əlaqəsi saxlayırdı. Bu şəhərlərdən davamlı gəlib-gedən tacirlərin gətirdikləri malları saxlamaq üçün karvansaralar tikilirdi. Məhz bu baxımdan mərkəz karvansara konsepti əsas götürülərək müasir və milli memarlıq üslublarının sintezi ilə dizayn edilib. Xarici görünüşündə milli memarlıq elementləri tətbiq olunacaq. Fasadın üzlənməsində isə şəhərin tarixi binalarının tikintisində işlədilən Şuşa daşından istifadə ediləcək. 
Tezliklə Şuşada əvvəlkindən də gözəl yaşayış məhəllələri tikiləcək və öz doğma evlərindən didərgin düşən şuşalılar, eləcə də bütün qarabağlılar, şərqi zəngəzurlular el-obalarına qayıdacaq və ata, baba yurdlarında yaşayışlarına davam edəcəklər. Yəni Qarabağda yeni dövr başlayacaq, quruculuq işlərindən sonra isə müasirləşmə dövrü olacaq.

 

Şuşanın işıqları sönmür 

 

Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Şuşa şəhəri qısa müddətdə - 37 gün ərzində elektrik enerjisi ilə təmin edildi. Bundan sonra şəhərdə müasir elektrik şəbəkəsinin yaradılması üçün plan hazırlandı. Mövcud şəbəkə əvvəlki vaxtlardan qalma 48 ədəd köhnə transformator məntəqəsindən ibarət idi. Ona görə də 35/04 kVt-luq 9 elektrik yarımstansiyasının inşası planlaşdırıldı. 
Artıq onlardan 6-da işlər yekunlaşmaq üzrədir. "Azərişıq" ASC-nin Şuşa Elektrik Şbəkəsinin rəisi Elxan Əhmədov deyir ki, Şuşada Rəqəmsal İdarəetmə Mərkəzinin istifadəyə verilməsi şəhərin dayanıqlı və keyfiyyətli enerji ilə təchizatı baxımından əhəmiyyətli hadisədir. Ənənəvi üçpilləli 35/10-6/0,4kV-luq paylayıcı elektrik şəbəkələrinin yerinə Şuşada qurulan yeni dairəvi elektrik təchizat sxemi müasir dəringirişli ikipilləli 35/0,4kV-luq şəbəkələrlə əvəz edilib. 
Hazırda Şuşa dayanıqlı enerji ilə təmin edilir. 5 ədəd yarımstansiya vasitəsi ilə polisin, hərbi birləşmələrin binaları, küçələr və yaşayş məntəqələri və istilik sistemləri elektriklə təmin edilir. Bir stansiyada ikidövriyyəli 4 ədəd transformator yerləşdirilib. Hər transformatorun gücü 2,5 mvA-dır. Əgər hansısa xətdə qəza olarsa, dərhal digər transformatorlar işə düşür. Yəni Şuşanın elektriklə təminatında heç bir problem yoxdur.
Onu da qeyd edək ki, artıq Şuşa şəhərinin elektrik şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzi vasitəsilə idarə olunur. Şəhərdə bütün yerüstü elektrik xətləri ləğv edilir. Bundan sonra ənənəvi işıq dirəklərinə Şuşada rast gəlinməyəcək. 
Elxan Əhmədov deyir ki, dayaqlar olmayacaq, bütün şəbəkə beton tunellər vasitəsilə və izolyasiyalı kabellərlə abonentin evinə qədər yeraltı olacaq. Bunu da şərtləndirən amil Şuşa şəhərində qış aylarında qeyri-sabit hava şəraitinin hökm sürməsidir. Artıq qışda da Şuşanın işıqları kəsilməyəcək. 

 

Heç vaxt daimi içməli suyu olmayan Şuşada indi sular kəsilmir

 

44 günlük Vətən müharibəsi dövründə düşmən qüvvələri şəhəri tərk edərkən magistral su kəmərini də sıradan çıxarmışdılar. Yaranmış içməli su probleminin həlli məqsədilə ilkin olaraq Daşaltı kəndinin içməli su təchizatı bərpa edilib və Şuşa şəhərini müvəqqəti olaraq maşınlarla su ilə təmin etmək üçün Daşaltıda sudoldurucu məntəqə yaradılıb. 
Bununla paralel olaraq Müdafiə Nazirliyinin müvafiq bölmələri ilə birgə təhlükəsizlik tədbirləri görülməklə diametri 325 mm olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin texniki vəziyyəti təftiş olunub. Məlum olub ki, hərbi əməliyyatlar zamanı mərmi partlayışları nəticəsində şəhəri içməli su ilə təmin edən 9,4 km uzunluğunda polad borulardan ibarət magistral su kəməri üzərində 12 nöqtədə böyük qəzalar əmələ gəlib. Qəzaların qısa müddətdə aradan qaldırılması üçün lazım olan texniki avadanlıq və material tələbatı müəyyən edilib, həmçinin "Azərsu" ASC tərəfindən əlavə mühəndis-mütəxəssis heyəti, qəza-bərpa briqadası Şuşa şəhərinə ezam edilib.
Qəza-bərpa işlərinə cəlb olunmuş texnikaların maneəsiz hərəkəti üçün kəmərin marşrutu boyu mümkün olan yerlərdə istismar yolu salınıb, texnikaların hərəkətinin mümkün olmadığı yerlərə isə mal-materiallar əllə daşınaraq təmir işlərinə başlanılıb. Mürəkkəb relyefə malik ərazidə, meşə və dağ şəraitində magistral su kəmərinin qəzalı hissələri təmir edilib və Kiçik Kirs mənbəyində uzunluğu 9,4 km olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin qəzalı hissələrində bərpa işləri aparılıb. Qısa müddət ərzində Kiçik Kirs - Şuşa və Zarıslı - Şuşa magistral su kəmərlərinin qəzalı hissələri bərpa edilib. 2020-ci il noyabrın 25-də Kiçik Kirs, dekabrın 20-də isə Zarıslı mənbəyindən  şəhərə suyun verilməsi təmin olunub. Şəhərdaxili şəbəkədə tənzimləmə işləri aparılıb.  "Azərsu" ASC tərəfindən Şuşa şəhəri, Kəlbəcər, Laçın, Zəngilan rayonları və Hadrut qəsəbəsində fasiləsiz xidmət təşkil edilib.
Hazırda isə Şuşaya iki mənbədən - Zarıslı və Kirs dağının ətəyindən içməli su xətti çəkilib. Əvvəllər bu xətlər ayrı-ayrılıqda Şuşanı su ilə təmin edirdi. Ancaq sonradan nasosxana və təzyiqqırıcı inşa edildikdən sonra hər iki xətt bir məntəqədə birləşir və oradan şəhərə suyun verilməsi təmin edilir. Yəni şəhər 24 saat dayanıqlı içməli su ilə təmin olunur. Şəhərin daxilində 6 ədəd qazanxana tikilib və onların hamısı su ilə təchiz edilib. 
Şuşa şəhərinin içməli və tullantı su təchizatı sistemlərinin yenidən qurulmasının növbəti mərhələsində şəhərdaxili içməli və tullantı su şəbəkələrinin tamamilə yenidən qurulması, tullantı sutəmizləyici qurğunun inşası nəzərdə tutulur.
Hazırda "Azərsu" ASC tərəfindən Şuşa şəhərində fasiləsiz xidmət təşkil edilib. Xidmət briqadaları mənbələrdə, magistral kəmərlərdə və şəhərdaxili paylayıcı şəbəkələrdə yarana biləcək problemlərin operativ həlli məqsədilə fəaliyyət göstərir.

 

Şuşa möhtəşəm turizm mərkəzinə çevriləcək

 

Şuşa yenidən qurulur və daha möhtəşəm, daha əzəmətli olacaq. Şuşanın yenidən qurması isə İlham Əliyevin adı ilə sıx bağlıdır. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, böyük şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.
İllər öncə Ulu Öndər Heydər Əliyev Qarabağın tacı olan Şuşa şəhərinin hər bir azərbaycanlı üçün dəyərini qiymətləndirərkən demişdir ki, "Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur". Bu bir cümlə, Şuşanın bizim üçün nə dərəcədə dəyərli olduğunun böyük ifadəsi idi. 
28 illik həsrətdən sonra Şuşa azadlığına qovuşanda isə xilaskar İlham Əliyev Şuşanı belə qiymətləndirdi: "Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir".
Bütün bərpa işlərindən sonra təbiəti və memarlığı ilə gözəl olan şəhər həm də turizm mərkəzinə çevriləcək. Şuşada dalğalanan bayrağımız Rusiya sülhməramlılarının nəzarətində olduğu Xankəndidə yaşayan ermənlərə gözdağı verir, Yuxarı Gövhər ağa məscidinin minarəsindən səslənən azan səsi Şuşanı azadlığına qovuşduran şəhidlərimizin ölməz ruhunu şad edir. 

Rəşad BAXŞƏLİYEV,
Elçin CƏFƏROV,
"Azərbaycan"
Bakı-Şuşa-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video