Ermənistanın 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribat Azərbaycanın öz torpaqlarının azad edilməsi uğrunda əks-əməliyyatlara başlamasına səbəb oldu. 44 gün davam edən və tariximizə Vətən müharibəsi kimi həkk olunan bu savaş Azərbaycan ictimaiyyətinin torpaqlarımızın azad olunması ilə bağlı gözləntilərini reallığa çevirdi.
Cəbhənin elə bir istiqaməti olmadı ki, qoşunlarımız hücumda ləngisinlər. Elə bir cəbhə xətti olmadı ki, düşmənin müdafiə mövqelərinin yarılması mümkün olmasın. Noyabrın 10-da rəsmiləşən tariximizin şanlı zəfərini Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusunun şəxsi heyəti, əsgərlərimiz, zabitlərimiz, gizirlərimiz qazandılar. Hansı hərbi vasitələrdən istifadə etmələrindən asılı olmayaraq, bu qələbə sevincini xalqımıza hərbçilərimiz yaşatdılar. Onlar döyüş meydanlarında böyük rəşadət və şücaət, misilsiz qəhrəmanlıq göstərdilər. Eyni zamanda Vətən müharibəsi göstərdi ki, xalqımız onu ümdə arzularına qovuşduran rəhbərinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşib. Beləliklə, İlham Əliyevin yenilməz siyasi iradə və qətiyyəti, ordumuzun gücü və xalqımızın öz rəhbəri ətrafında bir amal uğrunda səfərbərliyi Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini şərtləndirən əsas amillər oldu.
Dövlət-Ordu-Xalq birliyi savaşda qələbəmizin təmin edilməsində, itirilmiş torpaqlarımızın işğaldan azad olunmasında həlledici rol oynadı. Vətən müharibəsinin başlandığı ilk günlərdən xalqımız, ayrı-ayrı vətəndaşlarımız, xeyirxah insanlar ordumuza, zabit və əsgərlərimizə dəstəklərini nümayiş etdirməklə, onlardan maddi kömək və qayğılarını əsirgəmədilər. Belə xeyirxah insanlardan biri də Hacıqabul şəhər sakini hacı İltifat Bəşirovdur. Çalışdığı “Qədir Xum” iaşə müəssisəsinin müdiri olaraq Hacı İltifat Bəşirov Vətən müharibəsinin başlandığı ilk günlərdən etibarən ordumuzun əsgərlərinə, zabitlərinə maddi və mənəvi kömək göstərməyə başlayıb. Hacıqabul şəhər sakinləri onun xeyirxahlığından, xüsusən 44 günlük Vətən müharibəsi zamanı hərbçilərimizə, əsgər oğullarımıza etdiyi köməkliklər, xeyriyyəçilik əməlləri haqqında ağızdolusu danışır, onun bir nümunə olduğunu qeyd edirlər. Xalqımız üçün həyəcanlı və qürurverici olan Ali Baş Komandanımızın əmri və rəhbərliyi ilə aparılan Ordumuzun əks-hücum əməliyyatları, şiddətli döyüşlər zamanı Hacı İltifat Bəşirov işçilərinə tapşırıb ki, hərbi formada kimsə qapıdan içəri girsə, məbləğindən asılı olmayaraq - paltar, ayaqqabı, siqaret və s. nə istəsələr verin, özünüz də bildirin: “Haqqınız ödənilib, yaxşı yol sizə!” Çox sevindirici və həqiqətən örnək göstəriləcək bir haldır ki, bu cür insanlar var. Vətənin dar günündə bu cür səxavətli və xeyriyyəçi oğulların heç də az olmadığının şahidi olduq və buna yüzlərlə misal göstərmək olar. Atalar yaxşı deyiblər ki, dünya yaxşıların çiyinlərində fırlanır.
Nazim ZEYNALOV,
“Hacıqabul” qəzetinin müxbiri