19 Aprel 2024 09:00
988
CƏMİYYƏT
A- A+

Gözəlliklər məskəni, qəhrəmanlar diyarı

 

Lənkəranı artıq Azərbaycan mirvarisi hesab etmək olar

 

"Cənub mirvarisi" Lənkəran - şəninə nə qədər şeirlər yazılıb, nəğmələr bəstələnib. Hüsnünü görənlər heyran olub sənə. Bir də qonağın olmağı arzulayıb ürəyində. İstəyib bir tərəfdən yamyaşıl dağlar, digər bir tərəfdən mavigözlü Xəzərlə əhatə olunan təkrarsız mənzərələrini, ətirli limon, naringi, portağal bağlarını, yamyaşıl çay plantasiyalarını, flora və faunası ilə zəngin olan Hirkan Milli Parkını bir də görüb seyr etsin, qonaqpərvər insanların və ziyalılarınla görüşüb həmsöhbət olsun, limonlu çayından içsin, dadlı-ləzzətli süfrənin ləvəngisindən, plovundan dadsın.
Böyük Yaradanın sənə bəxş etdiyi sərvətlərindir bunlar. Lakin bunların hamısının başı sənin Vətən, torpaq qədri bilən qeyrətli övladlarındır. Onlar hər yerdə, hər zaman lənkəranlı adını uca tutmağa, ona layiq olmağa çalışırlar. Saysız-hesabsız nəsillər gəlib, yaşayıb, köç edib qoynunda. Hər biri də özündən sonra bir nişanə, yadigar qoyub gedib. Onlarca abidələrin, daş kitabələrin, qalaların da onların - o igid sələflərin bu günümüzə gəlib çıxan əmanətləridir. 
Lənkəran xanının yaşadığı sarayda bu gün rayon Tarix-Diyarşünüslıq Muzeyi fəaliyyət göstərir. Əsaslı təmirdən sonra əvvəlki görkəmini alan muzeydə Lənkəranın tarixinə dair toplanmış sənədlər, qiymətli əşyalar, eksponatlar bu diyarın qədimliyini, zəngin keçmişə, adət-ənənələrə malik olduğunu əks etdirir. Muzeydəki xatirə kitabında xarici ölkələrdən təşrif gətirən ali qonaqların, görkəmli dövlət adamlarının, şair və yazıçıların, digər məşhur şəxslərin Lənkəran haqqında yazdıqları sözləri, xoş ifadələri oxuduqca qürur hissi keçirirsən. Onlardan biri rus xalqının böyük şairi Nikolay Tixonovun bu diyarı "Cənub mirvarisi" adlandırdığı məşhur kəlamdır. 
Lakin tarixin müəyyən dönəmlərində Lənkəran da bir çox çətinlik və əzab-əziyyətlərlə qarşılaşmışdır. Ağıllı, müdrik, uzaqgörən kişilərinin qətiyyətli mövqeyi, iradəsi sayəsində problemlər həll edilmiş, hər iş yoluna qoyulmuşdur. SSRİ-nin süqutundan sonra da belə olmuşdur. Bəzi separatçı ünsürlər Lənkəranın adına, şöhrətinə xələl gətirmək istəsələr də, bu, baş tutmadı. Zamanın gərdişini başa düşən rayon ağsaqqalları, ziyalıları buna yol vermədilər. Böyük siyasətçi Heydər Əliyevin yenidən respublika rəhbərliyinə gəlməsi üçün haqq səslərini ucaltdılar. 1993-cü il iyunun 15-i ölkəmizin həyatında dönüş günü oldu. Ulu Öndər Azərbaycanı dağılmaq, məhv olmaq təhlükəsindən xilas etdi. Problemlər addım-addım həllini tapdı, nəticədə sabitlik yarandı, ardınca bütün sahələrdə islahatlar başladı, dövlətin maddi imkanı artdıqca regionlar da inkişaf etdi. Bu, 2004-cü ildən başlayaraq İlham Əliyevin sərəncamları ilə təsdiqlənən 5 illik 4 regional inkişaf dövlət proqramı sayəsində mümkün oldu. 
Həmin inkişafdan Lənkərana da pay düşdü. Rayonda yeni istehsal sahələri yaradıldı, yollar təmir olundu, qaz, işıq, su problemləri həll edildi, sahibkarlığın inkişafı ön sıraya çəkildi, dövlət tərəfindən verilən subsidiyalar, güzəştli kreditlər aqrar sahədə ciddi dönüş yaratdı, illərlə istifadəsiz qalan çay plantasiyalarına, sitrus meyvə bağlarına yeni can verildi, eyni zamanda əlavə plantasiyalar və bağlar salındı, çay, meyvə emalı müəssisələri fəaliyyətə başladı.  Bütün bunlar isə əhalinin gün-güzəranının, sosial vəziyyətinin yaxşılaşmasına səbəb oldu.  
2019 - 2023-cü illəri əhatə edən dördüncü regional inkişaf dövlət proqramı çərçivəsində, o cümlədən ötən il də Lənkəranda bir çox mühüm işlər görülmüşdür. Faktlara müraciət edək. Keçən il rayonda məhsul buraxılışı əvvəlki illərlə müqayisədə 5,6 faiz artmış, həmin sırada mühüm infrastruktur layihələri həyata keçirilmiş, sənayedə, kənd təsərrüfatında, tikintidə, yolların abadlaşdırılmasında xeyli işlər görülmüşdür. Həmçinin Lənkəran şəhərində "Laran" MMC Qənnadı fabrikinin tikintisini başa çatdıraraq istifadəyə vermiş, "Lənkəran Konserv" MMC-də ketçup və tomat, "Lənkəran Konserv" ASC-də tomat istehsalı üçün yeni avadanlıqlar quraşdırılmışdır. 
Aqrar sektora gəldikdə, keçən il rayon üzrə 543,7 hektar çay plantasiyasından 334,3 ton yaşıl çay, 945 hektar sitrus meyvə bağlarından 9 min 714 tondan çox məhsul əldə edilmişdir. Həmin məhsullar həm yerli bazarlara göndərilmiş, həm də xarici ölkələrə ixrac olunmuşdur. Sitrus meyvəçiliyində isə "Lenk Fruit" MMC-nin uğurları daha çox diqqətçəkəndir. MMC-də bağların ümumi ərazisi 150 hektardan çoxdur. Bağlarda qardaş Türkiyədən gətirilən 141 min sitrus meyvə ağacı əkilmişdir. Ümumi dəyəri 
10,7 milyon manat olan layihə üçün Sahibkarlığın İnkişafı Fondu tərəfindən müəssisəyə 1 milyon manat güzəştli kredit və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 148 min manat faizsiz kredit verilmişdir. Ən müasir aqrotexniki xidmətlərin göstərildiyi bağlarda damcı üsulu ilə müasir suvarma şəbəkələrindən istifadə olunur. Hazırda təsərrüfatda 110 hektar sahədə naringi və limon, 20 hektarda şaftalı, 5 hektarda nektarin və 7 hektarda giləmeyvə bağı mövcuddur. Yaxın gələcəkdə hər hektardan 30-40 ton məhsul əldə olunacağı gözlənilir. Ənənəvi sahə olan çəltikçiliyin inkişafı ilə bağlı görülən tədbirlər də nəticəsiz qalmamışdır. Keçən il çəltik əkilmiş 832,1 hektar sahədən 2 min 143,1 ton məhsul yığılmışdır. Paralel olaraq çiyələyə də maraq ildən-ilə artır. Bu, sahənin yaxşı qazanc verməsi ilə bağlıdır.  
Rayonda yerli əhəmiyyətli, eləcə də kəndarası avtomobil yollarının tikintisi, yenidən qurulması və əsaslı təmiri də davam edir. Təkcə ötən il Lənkəran şəhərinin 12 küçəsinə asfalt döşənmiş, habelə 55 kilometrlik Lənkəran-Lerik və 7 kilometrlik Hirkan-Mamusta-Siyavar avtomobil yolunun tikintisi başa çatdırılmışdır. Ötən dövr ərzində həmçinin Lənkəran və Liman şəhərlərinin daxili yollarına asfalt örtüyü döşənmiş, 36,6 kilometrlik Səpnəkəran-Baba Şürük-Kosalar-Kərgəlan-Lüvəsər-Bəlləbur-Qurumba kəndarası avtomobil yollarında əsaslı təmir işləri aparılmışdır. 
O ki qaldı elektrik enerjisi, təbii qaz və su ilə təchizata, ötən il rayon üzrə 20,3 min metr SİP kabel çəkilmiş, 1202 yeni SMART kart tipli sayğac quraşdırılmış, 11 yeni transformator məntəqəsi yaradılmış, 59 transformator gücü daha çox olanla əvəz edilmişdir. Əhalinin təbii qazla təchizatı sahəsində də xeyli işlər görülmüşdür. 340  yeni quraşdırılmış məişət qaz sayğacı və 363 SMART tipli sayğac istismara qəbul edilmiş, 2,8 min istismar müddəti bitmiş məişət qaz sayğacları yenisi ilə əvəzlənmiş, daxili imkanlar hesabına müxtəlif diametrli borularla ümumilikdə 10,3 min p/m qaz xətti çəkilmişdir. Dördüncü Dövlət Proqramı çərçivəsində rayon ərazisində 55,2 min p/m qazlaşdırma işi həyata keçirilmişdir. Ötən illər ərzində rayon əhalisinin içməli su təminatı da xeyli dərəcədə yaxşılaşmışdır. Belə ki, Lənkəran şəhərinin ayrı-ayrı küçə və məhəllələrinə yeni su xətləri çəkilmiş, bir çox primitiv qurğular və xətlər ləğv edilmişdir. Eyni zamanda əkinçilərin su təminatı ilə bağlı bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir ki, bu da məhsuldarlığa müsbət təsir göstərmişdir. 
Şəhid ailələrinin, qazilərin, şəhər əhalisinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, digər tikinti-quruculuq və abadlıq işləri də unudulmur. Keçən il məcburi köçkünlər üçün inşa edilən beşmərtəbəli yaşayış evi şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə verilmişdir. Bundan əlavə, Lənkəran şəhərində qəzalı vəziyyətdə olan 4 çoxmərtəbəli binada bərpa-gücləndirmə və əsaslı təmir işləri görülmüş, 1 çoxmərtəbəli bina isə tam qəzalı vəziyyətə düşdüyündən sökülərək yerində yenisi inşa edilmişdir. Lənkəran şəhər büdcəsi hesabına çoxmənzilli binaların fasadları rənglənmiş, girişlərinə plastik qapılar qoyulmuş, pilləkənlərə baxan pəncərələr dəyişdirilmişdir. Habelə 90 çoxmənzilli yaşayış binasının dam örtüyü dəyişdirilmiş, 2 binada 3 lift yenidən qurulmuşdur. 
Rayondakı Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən işsiz, xüsusilə əmək qabiliyyətli ünvanlı sosial yardım alan, habelə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin özünüməşğulluq proqramına cəlb olunması çərçivəsində keçən il 5,9 min nəfər işaxtaran kimi qeydiyyata alınmış, 3,4 min nəfərə işsiz statusu verilmiş, 880 nəfər işlə təmin olunmuşdur. 44 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb edilmişdir. 
Lənkərandan söz açıb, turizmə toxunmamaq mümkün deyil, xüsusən də turizmin inkişafı üçün ana təbiət Lənkərandan səxavətini əsirgəməyibsə. Bu sahədəki konkret faktlara keçək. "Carnaval" hotelində əsaslı təmir və genişləndirmə işləri aparılaraq o, "Mona hotel and cotteges" adı ilə yenidən fəaliyyətə başlamışdır. Sözügedən hotelin qarşısında müasir tələblərə cavab verən çimərlik də yaradılmışdır. İstisu qəsəbəsindəki "Starowoy hotel" də əsaslı təmir olunmuş, buradakı termal su vannalarında mühüm yeniliklər aparılmış, sağlamlıq ocağı öz xidmət sahələrini və imkanlarını genişləndirmişdir. Bunlardan əlavə, Haftoni qəsəbəsində "Dad House" restoranı nəzdində yeni 20 kotec, Daştatük kəndində ümumi sahəsi 1090 kvadratmetr olan üçmərtəbəli "Green Forest" istirahət mərkəzi turistlərin istifadəsinə verilmişdir. "Şəhərdən kəndə" layihəsi çərçivəsində aqroturizmin inkişafı üçün isə lazımi avadanlıqlar alınmış, habelə əyləncə guşəsi yaradılmışdır. Çay plantasiyalarına və sitrus meyvə bağlarına ekoturizm səyahəti üçün tədbirlər də həyata keçirilmişdir. "Yaşıl çay" fermer təsərrüfatında 22 nəfərlik "Nilado hotel"in və talış üslubunda hotel tipli kənd evlərinin tikilməsi başa çatdırılmışdır. Bunlarla bərabər, Rvo kəndində "Rivo Hille Resert Lankaran" hotel-restoran kompleksi, Lənkəran şəhəri Qala xiyabanı küçəsində "Salyut" hoteli, "Lankaran Sprinys Wellness Resort" (İstisu Sağlamlıq Mərkəzi), "Dəniz Hotel", "Restaurant" və "Hirkan Park Otel" hotel-restoran kompleksləri qapılarını turistlərin üzünə açmışdır.  
Ümumiyyətlə, Lənkərana gələndə hər dəfə bir yeniliklə rastlaşırsan. Şəhərin mərkəzində - Heydər Əliyevin adını daşıyan memorial parkın yanında sovet dövründən qalma və bu yaxınlaradək bərbad halda olan keçmiş zabitlər evi indi - təmir və yenidənqurmadan sonra başqa görkəm alaraq ətrafa gözəllik qatır. Şəhərin, habelə rayonun ayrı-ayrı qəsəbə və kəndlərində də quruculuq işləri səngimir. 

Seyran CAVADOV, 
 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video