15 Sentyabr 2023 10:29
5195
Təhsil
A- A+

Dövlətin qayğısı sayəsində yeni təhsil müəssisələrinin coğrafiyası genişləndirilir

 

Prezident İlham Əliyevin ölkənin təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi və ümumilikdə təhsil sisteminin təkmilləşdirilməsi məqsədilə 21 avqust 2004-cü ildə imzaladığı fərmana əsasən ölkəmizdə sentyabrın 15-i "Bilik Günü" elan edilib. Hər il olduğu kimi, bu il də paytaxt Bakıdan tutmuş respublikamızın ən ucqar şəhər, rayon, qəsəbə və kəndlərində təhsil müəssisələrində bu mötəbər gün böyük təntənə ilə qeyd edilir. 
Payızın bir az sərin, arabir də yağışlı və çiskinli günlərini özündə yaşadan bayram ovqatlı yeni tədris ilinin ilk günü erməni işğalından azad olunmuş Qarabağ bölgəsində - Ağalıda, Füzulidə, Laçında, Zabuxda, Cocuq Mərcanlıda, Şuşada, Ağdam rayonu Baharlı-1 qəsəbə tam orta məktəbində və digər yerlərdə yeni inşa edilmiş müasir tipli məktəblərdə keçirilən "Bilik Günü" öz rəngarəngliyi ilə iştirakçıların yaddaşına əbədi həkk olunacaq. 
Füzuli şəhərində Özbəkistanın dövlət büdcəsi hesabına inşa edilmiş -  açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyevanın iştirak etdikləri orta məktəbdə bu gün əsl bayram ovqatı yaşanır.  
Üç hektar ərazidə inşa edilən, özbək xalqının tanınmış simalarından olan Mirzə Uluqbəyin adını daşıyan 1 nömrəli tam orta məktəb iki mərtəbədən və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana var. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və tədbirlər keçirilməsi üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Laçın rayonunda əsaslı təmirdən sonra açılışında iştirak etdikləri 
2 nömrəli tam orta məktəb də könülləri oxşayır. 
Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın tədbirlər planı  çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda çalınan ilk məktəb zənglərinin sevincini yaşayan uşaqların xoşbəxt anlarını görmək böyük bəxtiyarlıqdır. 
Məlumata görə, bölgədə fəaliyyətdə olan 
6 məktəbdə 94  müəllim çalışacaq, 780 şagird təhsil alacaq. Xatırladaq ki, bu, son deyil, Böyük qayıdışın uğurlu qədəmləri sayəsində qaçqın və keçmiş məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıtdıqca şagirdlərin də, müəllimlərin də, məktəblərin də sayı artacaq.   
Hər il olduğu kimi, cari təhsil ilində də respublikamızın bir çox şəhər, qəsəbə və kəndində Heydər Əliyev Fondunun dəstəyi ilə dünya standartlarına uyğun məktəblər inşa edilib, məktəbəqədər müəssisələr istifadəyə verilib. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində son illərdə ölkəmizdə müasir tələblərə cavab verən 400-ə yaxın məktəb binası tikilib və yenidən qurulub, həmçinin 40-a yaxın uşaq evi və internat məktəbi əsaslı təmir və bərpa olunub, lazımi avadanlıqla təchiz edilib. Fondun dəstəyi ilə əyani tədris vəsaitləri çap edilib. Ölkə ərazisində təhsil infrastrukturunun yenilənməsi davamlı səciyyə daşıyır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında" Sərəncamına uyğun olaraq bölgələrdə modul tipli yeni məktəb binalarının inşası da gündəmdə olmuşdur.
Heydər Əliyev Fondunun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı sayəsində ümumtəhsil məktəblərinin təmir-tikinti işləri intensiv şəkildə həyata keçirilib. Müasir texnologiyaya əsaslanan təhsil infrastrukturu yaradılıb, təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi və maddi-texniki bazasının gücləndirilməsi istiqamətində səmərəli işlər görülüb. Bir sıra məktəblər əsaslı təmir edilib, ehtiyac olan ərazilərdə yeni məktəb binaları və tədris korpusları inşa edilib, mühəndis-kommunikasiya işləri həyata keçirilib. 50 ümumi təhsil məktəbində, 30 məktəbəqədər təhsil müəssisəsində cari təmir işləri aparılıb, həmçinin 1 məktəbdə və 5 məktəbəqədər təhsil müəssisəsində əsaslı təmir işləri yüksək keyfiyyətlə başa çatdırılıb, 3 ümumi təhsil müəssisəsində isə əsaslı təmir-tikinti işlərinin görülməsi nəzərdə tutulur. Görünən odur ki, dövlət başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı sayəsində təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına və tədrisin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət göstərilir.
Bu yüksəlişin bir nümunəsi də bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılışında iştirak etdiyi Abşeron rayonu, Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin yeni binasıdır. İki min şagird yerlik bu məktəbin layihəsi Xırdalan şəhərinin ərazisindəki təhsil ocaqlarında şagird sıxlığı nəzərə alınaraq dövlət başçısının tapşırığına əsasən icra olunub.
Ən müasir avadanlıqla təchiz olunan yeni binada 74 sinif, 6 informatika otağı, məktəbəqədər 2 hazırlıq otağı, 8 otaqdan ibarət STEAM Mərkəzi, 2 idman zalı, 2 əmək otağı, hərbi hazırlıq, xarici dil, musiqi, rəsm, tibb otaqları, fizika və biologiya kabinetləri, kimya laboratoriyası, kitabxana, yeməkxana və 400 nəfərlik akt zalı yaradılıb.
STEAM layihəsi birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-2020-ci tədris ilinin əvvəlindən məktəblərimizdə tətbiq edilir. STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə aşılamaqla yanaşı, onlara mühəndislik səriştələri öyrədir.
Bu məktəbin STEAM Mərkəzi də elektron lövhələr, kompüterlər, 3D printerlər, müvafiq öyrədici qurğular, elektron komponentlər və dəftərxana ləvazimatları ilə təmin olunub. Burada həmçinin mühəndis emalatxanası, kiçikyaşlı uşaqlar üçün zona, təlim və robototexnika otaqları var.
Naxçıvan, Gəncə, Sumqayıt, eləcə də Bakı şəhəri, habelə onun kənd və qəsəbələrində məktəbəqədər və ümumtəhsil məktəblərinin sayı artırılmış,  təhsil infrastrukturu möhkəmləndirilmiş,  maddi-texniki bazası gücləndirilmişdir. Hazırda Bakı şəhəri və onun ətraf qəsəbələrində 344 məktəbəqədər təhsil müəssisəsi, 310 ümumtəhsil, 3 xüsusi tipli ümumi orta məktəb, 5 əyani-qiyabi axşam məktəbi fəaliyyət göstərir. Yeni tədris ilində məktəbəqədər təhsil müəssisələrində 34.995 uşağın təlim-tərbiyəsi ilə 4. 375 tərbiyəçi-müəllim məşğul olacaq. 447.962 şagirdin oxuyacağı ümumtəhsil məktəblərində 28.410 müəllim çalışacaq.
Uşaqların intellektual, fiziki və psixoloji inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətlərinin üzə çıxarılmasını, sağlamlıqlarının qorunmasını, estetik tərbiyəsini təmin etmək məqsədilə 278 paytaxt məktəbində yaradılmış 1073 məktəbəhazırlıq qruplarına təxminən 26.603 beşyaşlı cəlb olunub. 2023-2024-cü tədris ili üzrə 44.200 şagirdin birinci sinfə elektron qeydiyyatı həyata keçirilib. Onlardan 43.876 şagird ümumtəhsil məktəblərində, 324 şagird isə lisey və gimnaziyalarda oxuyacaqlar.
Bu gün - sentyabrın 15-də ilk zəngin sədaları altında 135 min uşaq birinci sinfə gedəcək, 114 min 484 uşaq məktəbəqədər təhsilə cəlb olunacaq, ümumiyyətlə,  ölkəmizin ümumtəhsil məktəblərində 1.600 şagird təhsil alacaq.
Müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Təhsildəki nailiyyətlər ölkələrin inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Son illərdə ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək üçün təhsil islahatlarını uğurla davam etdirir. 

Rəhman SALMANLI, 
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video