09 Dekabr 2023 09:34
559
SİYASƏT
A- A+

Azərbaycanın repatriasiya nümunəsi

 

Məcburi köçkünlərin doğma el-obalarına dönüşü ən mütərəqqi şəkildə təmin edilir

 

Azərbaycan xalqı, hər bir azərbaycanlı bu gün yalnız müasir deyil, son bir neçə əsrlik dövlətçilik tariximizin ən şərəfli və qürurlu günlərinə şahidlik edir. Çünki son bir əsrdə ilk dəfə olaraq ölkəmizin ərazi bütövlüyünü təmin etmişik. Son bir neçə əsrdə birinci dəfə olaraq işğal altındakı torpaqlarımızın azad edilməsinə nail olmuşuq. Buna qədər isə həm 19-cu əsrdə, həm 20-ci əsrdə yalnız itirmişik, əzilmişik, əsarət altında yaşamışıq, öz torpaqlarımızda məcburi köçkünə, qaçqına çevrilmişik.
Bütün bunlar barədə düşünərkən, yenə də tarixə ekskurs etməli oluruq və görürük ki, bu gün ucalan milli qürurumuzun təməlində 30 il əvvəl Azərbaycanda başlanan Heydər Əliyev siyasəti dayanır. Bu siyasətin ötən 20 ildə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə və qətiyyətli davam etdirilməsinin nəticəsi olaraq Azərbaycan artıq xeyli müddətdir ki, öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Ötən 20 ilin ən böyük həqiqəti odur ki, Prezident İlham Əliyev Azərbaycanı ildən-ilə öz inkişafının yeni mərhələlərinə yüksəltdikcə, torpaqlarımızın işğaldan azad edilməsi üçün də etibarlı təməllər və möhkəm zəmin formalaşdırdı.
Beləliklə, İlham Əliyevin müdrik rəhbərliyi və qətiyyətli siyasətinin nəticəsində torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz təmin olundu. İndi Azərbaycan dövlətinin prioriteti və Prezident İlham Əliyevin dediyi kimi, milli  ideyamız işğaldan azad edilmiş ərazilərimizin bərpası, məcburi köçkünlərin öz doğma el-obalarına dönüşünün təmin edilməsidir.

 

4 min nəfərdən çox vətəndaşımız doğma yurduna qayıdıb

 

2022-ci ilin yayından ötən müddət ərzində respublikamızda 4 min nəfərdən çox vətəndaşımız işğaldan azad ediləndən sonra yenidən qurulan şəhər və kəndlərdə daimi yaşamağa başlayıb. Məcburi köçkünlərin ilk olaraq Zəngilan rayonunun Ağalı kəndində məskunlaşması ilə başlanan geri dönüşləri göstərir ki, bu proses ən mütərəqqi şəkildə həyata keçirilir.  Bununla Azərbaycan repatriasiya sahəsində də yeni nümunələr ortaya qoyur.
Əslində, repatriasiya bir şəxsin doğma ölkəsinə qaytarılmasına deyilir. Dünyada repatriasiya ilə bağlı nümunələr çoxdur. Xatırladım ki, BMT təsis edildiyi gündən repatriasiya problemi, öz ərazilərindən və ya öz ölkələrindən köçkün və qaçqın düşmüş insanların geri qayıdış prosesi istər beynəlxalq hüquqda, istər dövlətlərarası münasibətlərdə hər zaman diqqət mərkəzində olmuşdur. 
Lakin istənilən halda söhbət insanın doğulduğu, böyüdüyü, yaşadığı, lakin müharibə nəticəsində qaçqın və köçkün düşdüyü bir coğrafi məkana qayıdışından gedir. Bu qayıdış xaricdən də ola bilər, ölkə daxilindən də. Azərbaycana gəldikdə, Ermənistanın Qarabağ bölgəsini və ətraf rayonlarımızı işğal etməsi nəticəsində 30 ilə yaxın doğma evlərindən köçkün düşmüş vətəndaşlarımız torpaqlarımızın azad edilməsindən sonra həyatlarının ən böyük arzusuna çatıblar və mərhələli şəkildə Qarabağ və Şərqi Zəngəzura qayıdırlar.
Məlum olduğu kimi, Azərbaycan dövləti hələ Vətən müharibəsinə qədər məcburi köçkünlərin, habelə tarixi Azərbaycan torpaqları olan indiki Ermənistandan didərgin salınmış soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün bütün imkanlarını səfərbər edib.  Respublikamızın müxtəlif yerlərində bu məqsədlə 100-dən artıq qəsəbə və şəhərcik salınıb. Ulu Öndər Heydər Əliyevin bu sahədə müəyyən etdiyi kursu davam etdirən Prezident İlham Əliyev 2003-cü ildən sonra qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi ilə bağlı 70-dən çox fərman və sərəncam imzalayıb. 
2007-ci ildə Azərbaycanda sonuncu çadır şəhərciyi ləğv edilib. Cənab İlham Əliyev 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirərkən bir dənə də olsun çadır düşərgəsinin qalmayacağını bəyan etmişdi. Beləliklə, Azərbaycanda mövcud olmuş 12 çadır düşərgəsinin 2001-ci ildən başlayan ləğvi prosesi 2007-ci ilin sonunda başa çatdırılıb.
Bütün bunlar vaxtilə Nazirlər Kabinetində şöbə müdiri vəzifəsində çalışdığım və Milli Məclisdə fəaliyyət göstərdiyim illərə təsadüf etdiyindən həm Ulu Öndərimiz Heydər Əliyevin, həm möhtərəm Prezidentimiz İlham Əliyevin qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına nə qədər böyük diqqətlə yanaşmalarının şahidi olmuşam.

 

Cocuq Mərcanlıdan başlayan Böyük qayıdış

 

2022-ci il noyabrın 16-da Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nı təsdiq etmişdir. Bu proqram Qarabağ və Şərqi Zəngəzura qayıdışla bağlı hədəflərin, qarşıya qoyulan vəzifələrin sistemli, uzlaşdırılmış və nəticə etbarilə effektiv şəkildə həyata keçirilməsi üçün yol xəritəsi olan mühüm sənəddir və görülən işlərin daha da sürətləndirilməsinə xidmət edir. 
Bu yerdə onu xatırlatmaq istərdim ki, Böyük qayıdış hələ Aprel zəfərindən sonra cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası və sakinlərin doğma evlərinə qayıdışı ilə başlayıb. Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ildə cəmi bir neçə aya bərpa olunan Cocuq Mərcanlı kəndində 24 illik fasilədən sonra həyat əvvəlkitək öz axarına qayıtdı. 24 illik yurd həsrətindən sonra Cocuq Mərcanlı sakinləri doğma el-obalarına qayıtdılar. Beləliklə, Böyük qayıdış Cocuq Mərcanlıdan başlanıldı. 
Prezident İlham Əliyevin tapşırığına əsasən Böyük qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri olan məscid də tikildi. Bu müqəddəs ocağın inşası işğalçı Ermənistana və beynəlxalq aləmə bir mesaj idi və bəyan edirdi ki, gün gələcək Şuşadakı məscid də bərpa ediləcək. Cocuq Mərcanlının bərpasından cəmi 3 il sonra həmin tarix də yetişdi və həm Şuşanın, həm də onun tarixi-mədəni və dini abidələrinin bərpasına başlanıldı.
Bu baxımdan artıq Vətən müharibəsindən sonra Cocuq Mərcanlının timsalında artıq Azərbaycan dövlətinin Böyük qayıdışın  həyata keçirilməsi, məcburi köçkünlərin repatriasiyası ilə bağlı təcrübəsi formalaşmışdı. 

 

Müfəssəl dövlət proqramı

 

2021-ci il fevralın 2-də dövlətimizin başçısı "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiq edilməsi haqqında sərəncam imzalamışdır. Sərəncama əsasən, 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair reallaşdırılmalı olan 5 milli prioritetdən biri işğaldan azad olunmuş ərazilərə Böyük qayıdışdır. Sənəddə bununla bağlı deyilir: "Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışı təmin olunmalıdır. Bu Böyük qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır".
Sərəncama əsasən, milli prioritetlərə uyğun olaraq "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" hazırlanmış və 2022-ci il iyulun 22-də təsdiq edilmişdir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" isə "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə hazırlanmış və 16 noyabr 2022-ci il tarixdə dövlət başçısı tərəfindən təsdiq edilmişdir. 
İşğaldan azad olunmuş ərazilərin dayanıqlı məskunlaşması çərçivəsində Böyük Qayıdışa dair I Dövlət Proqramında qarşıya qoyulan məqsədlərə uyğun olaraq bu gün işğaldan azad edilmiş ərazilərdə yüksək standartlara cavab verən yaşayış məntəqələri, o cümlədən "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları əsasında müasir şəhərlər və kəndlər salınır, etibarlı su, elektrik, qaz, istilik təminatı, habelə, bərpaolunan enerji mənbələrindən istifadəyə əsaslanan "yaşıl" texnologiyaların tətbiqi ilə "yaşıl enerji" zonası yaradılır, qabaqcıl standartlara uyğun təhsil, səhiyyə, sosial xidmət, yol-nəqliyyat infrastrukturu qurulur. O cümlədən geri dönən vətəndaşlarımızın məşğulluq imkanları, insan kapitalının inkişaf etdirilməsi, sosial dəstək mexanizmlərinin geniş tətbiqi kimi məsələlər də diqqət mərkəzindədir və hər bir məqsəd birinci növbədə əhalinin layiqli həyat şəraitinin təmin olunmasına xidmət edir.
Bütün bu məsələlər əsas götürülməklə dövlətimizin ərazilərin bərpası və əhalinin qayıdışına dair baxışı və qarşıya qoyduğu hədəflər dövlət proqramının prioritet istiqamətlərini təşkil edir. Belə ki, dövlət proqramının tərtibi zamanı mütərəqqi beynəlxalq təcrübə, strateji inkişaf tendensiyaları nəzərə alınmaqla 6 prioritet məqsəd müəyyən edilib. Bu prioritetlər "Ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili", "Ərazilərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi və infrastrukturla təmini", "Əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması", "Ərazilərin inkişafına və reinteqrasiyasına dəstək göstərən strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulması", "Dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası", "Ərazilərdə ekoloji mühitin yaxşılaşdırılması və ekoloji təmiz texnologiyaların tətbiqi"dir. 
Bu prioritet məqsədlər təsdiq edir ki, məcburi köçkünlərin repatriasiyası kompleks məzmun daşımaqla, çoxsaylı tədbirlər sistemindən ibarətdir.
Onu da qeyd edim ki, dekabrın 6-da ADA Universitetində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" forumu Azərbaycanın bu istiqamətdə gördüyü işləri dünyaya çatdırmaq baxımından böyük əhəmiyyət kəsb etdi.
"Biz əlimizdən gələni edirik ki, keçmiş məcburi köçkünlər üçün ən yaxşı şərait yaradılsın. Onlar buna layiqdirlər, çünki onlar 30 il ərzində çətin şəraitdə yaşayıblar. Burada söhbət təkcə fiziki durumdan getmir. Söhbət 30 il ərzində doğma evlərindən məhrum edilmiş insanların psixoloji vəziyyətindən gedir. Onlar geri qayıtmaq vaxtını gözləyirdilər və bu gün biz əraziləri azad etdiyimiz üçün əlimizdən gələn hər şeyi edirik ki, prosesi sürətləndirək", - deyə Prezident İlham Əliyev forumda bildirmişdir. 

 

Ən müasir infrastrukturlar yaradılır

 

Qarabağın və Şərqi Zəngəzurun kənd və şəhərlərinin yenidən qurulması, insanların doğma yurdlarına qayıdışı, burada məşğulluğun təmin edilməsi və yeni istehsal sahələrinin yaradılması üçün ilk növbədə tələblərə cavab verən infrastruktur mövcud olmalıdır. Təsadüfi deyil ki, azad edilmiş ərazilərdə ilk yenidənqurma işləri də məhz infrastrukturların bərpasından, yolların salınmasından, elektrik xətlərinin çəkilməsindən başlayıb. 
Ötən 3 il müddətində Füzuli və Zəngilan beynəlxalq hava limanlarının, "Zəfər", "Tərtər-Çaylı-Suqovuşan-Talış", "Füzuli-Hadrut" yollarının, 16 su-elektrik stansiyasının, 12 elektrik yarımstansiyanın, yüzlərlə kilometrə çatan yüksəkgərginlikli elektrik verilişi xətlərinin inşası, Şuşa şəhərində 1 nömrəli tam orta məktəbin, Xarıbülbül, Qarabağ və Yasəmən hotellərinin, Şuşa Otel-Konqres Mərkəzinin, Laçın şəhərində 2 nömrəli tam orta məktəbin istifadəyə verilməsi göstərir ki, infrastrukturların yaradılması istiqamətində işlər olduqca sürətli və dinamik gedir. Bir məsələni də qeyd etməliyik ki, istifadəyə verilən hər bir infrastruktur obyektində innovativ yeniliklərə, müasir texnologiyaların tətbiqinə xüsusi diqqət ayrılır.
Hazırda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Əhmədbəyli-Füzuli-Şuşa, Talış-Tap Qaraqoyunlu-Qaşaltı sanatoriyası, Bərdə-Ağdam, Qubadlı-Eyvazlı, Qubadlı-Mahmudlu-Yazdüzü -Ermənistan sərhədi, Hadrut-Tuğ-Azıx mağarası, Xudafərin-Qubadlı-Laçın, Ağdam-Füzuli, Ağdam-Hindarx-Ağcabədi yollarının, Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmir yolu xətlərinin, Laçın Beynəlxalq Hava Limanının tikintisi davam edir. 
Tezliklə işğaldan azad edilən ərazilərdə tikilən su-elektrik stansiyalarının ümumi sayı 25-ə çatdırılacaq və onlardan 200 meqavata yaxın ekoloji cəhətdən təmiz, hidro "yaşıl enerji" istehsal etmək mümkün olacaq.
Dövlət proqramına əsasən, qarşıdakı illərdə azad edilmiş ərazilərdə yeni, o cümlədən rəqəmsal yarımstansiyaların şəbəkəsi genişləndiriləcək və bundan irəli gələrək elektrik verilişi xəttlərinin çəkilişi davam etdiriləcək.
Bütün bunlarla yanaşı, hazırda demək olar ki, bərpaolunan bütün şəhərlərdə məktəblər, xəstəxanalar, uşaq bağçaları və digər sosial və vətəndaşlara xidmət infrastrukturları yaradılır. 
Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının hərəkətə gətirilməsi və geri dönən vətəndaşların məşğulluğunun təmin edilməsi üçün azad edilmiş ərazilərdə iqtisadi subyektlərin yaradılması da dövlət tərəfindən təşviq olunur və İqtisadiyyat Nazirliyinin sahibkarlara dəstəyi ilə iri iqtisadi layihələr həyata keçirilir. 
İndiyə kimi bu məqsədlə "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının, Ağdam Sənaye Parkının, Laçın Aqro və Sənaye Parkının və Zəngilanda "Dost Aqropark"ın təməli qoyulub. 
İnfrastrukturla bağlı işlərin miqyası olduqca əhatəli və məzmunludur. Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, 2026-cı ilin sonuna qədər azad edilmiş ərazilərdə bu istiqamətdə xeyli layihələr yerinə yetiriləcək ki, bütün bunlar da öz evlərinə qayıdan vətəndaşlarımızın rahatlığına və rifahına uğurla xidmət edəcək.

 

Artıq 2 şəhər və 3 kənddə yaşayış var

 

Əvvəldə qeyd etdiyim kimi, ötən ilin yayından etibarən azad edilmiş ərazilərdə məcburi köçkünlərin məskunlaşmasına başlanılıb. Belə ki, 2022-ci ilin iyul ayından Zəngilanın Ağalı kəndinə doğma sakinlərinin qayıdışı prosesi başlayıb. Artıq Ağalıda oturuşmuş və öz axarına düşmüş həyat var, kənd sakinlərinin yaşayış üçün bütün infrastruktur yaradılıb. Hazırda 175 ailənin və ya 871 nəfərin yaşadığı Ağalıda "ağıllı dövlət idarəçiliyi", "ağıllı infrastruktur" və xidmətlər, eyni zamanda "ağıllı təsərrüfat və biznes mühiti" yaradılıb. Kəndin enerjiyə olan tələbatı alternativ enerji mənbələrindən əldə edilir. Ağalıda 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası da tikilib. Burada poçt, "ASAN xidmət" və DOST, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzləri təsis olunub. Kənddə tikiş fabriki, tibb məntəqəsi, aptek, mağaza, kafe, mobil operator xidməti də fəaliyyət göstərir.
Talış Ağalıdan sonra məcburi köçkünlərin qayıtdıqları ikinci kənddir. 2023-cü ilin mart ayında Tərtərin Talış kəndinin sakinlərinin doğma yurda qayıdışı təmin olunub. İlkin mərhələdə kəndə 20 ailə qayıdıb. Hazırda kənddə 20 ailə və ya 90 nəfər sakin yaşayır. Kənddə sakinlərin yaşaması üçün əlverişli şərait yaradılıb. 
2023-cü ilin may ayında isə Laçın şəhərinin sakinləri 31 ildən sonra doğma evlərinə qayıdıblar. Azərbaycan Ordusunun nəzarətinə keçməsindən cəmi 9 ay sonra, 2023-cü ilin may ayında Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib. Cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub.  Bu gün Laçın şəhərində 363 ailə və ya 1389 nəfər sakin yaşayır. Bununla yanaşı, Laçın şəhərində bərpa və quruculuq işləri davam edir.  Birinci mərhələdə şəhərdə 4 min nəfərə yaxın sakinin yaşaması nəzərdə tutulur.
Laçının Zabux kəndi də doğma sakinlərini qarşılayan yaşayış məntəqələri sırasındadır. Hazırda Zabuxda 121 ailə və ya 475 nəfər sakin yaşayır. İlkin mərhələdə kənddə 223 ailə məskunlaşacaq.
İşğal dövründə ermənilərin tamamilə dağıtdığı və çoxsaylı minalar basdırdıqları Füzuli şəhəri də indi sürətlə yenidən qurulur. Füzuli şəhərinə 333 ailənin və ya 1186 nəfər sakinin qayıdışı təmin edilib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaq. Prezident İlham Əliyevin bu il oktyabrın 17-də Füzuli şəhər sakinləri ilə görüşdə qeyd etdiyi kimi, Böyük qayıdış proqramının birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda Füzuli rayonunda 22 min nəfər yaşayacaq.
Böyük qayıdış proqramına uyğun olaraq ümumilikdə 1012 ailənin (4012 nəfər) işğaldan azad olunmuş ərazilərə köçürülməsi təmin olunub. Cari ilin sonunadək əlavə olaraq 200-ə yaxın ailənin köçürülməsi gözlənilir. 
Hazırda Şuşa, Ağdam, Füzuli, Laçın, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər şəhərlərində, Şuşa rayounun Daşaltı kəndində, Xocavəndin Hadrut qəsəbəsində və Tuğ kəndində, Laçının Zabux kəndində bərpa və quruculuq işləri davam edir. Ermənilərin tamamilə dağıtdığı Ağdam, Füzuli, Laçın, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər şəhərləri yenidən qurulur. Bu il  ərzində bəzi şəhərlərdə ilk yaşayış məhəllələrinin tikinti işlərinin başa çatması gözlənilir. 
Sözügedən şəhər və kəndlərlə yanaşı, Füzuli rayonunun Dövlətyarlı, Pirəhmədli, Dədəli kəndləri, Qarğabazar, Cuvarlı və Qoçəhmədli kəndlərinin, Cəbrayıl rayonunun Xudafərin qəsəbəsinin, Şükürbəyli və Horovlu  kəndlərinin, Laçın rayonunun Güləbird, Şəlvə kəndlərinin və Qorçu qəsəbəsinin, Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin, Qubadlı rayonunun Xanlıq və Mahrızlı kəndlərinin, Kəlbəcər rayonunun Yanşaq, Zallar və Zar kəndlərinin, Zəngilanın Cahangirbəyli kəndinin də təməlləri qoyulub. O cümlədən işğaldan ilk azad edilən Suqovuşanda bərpa və quruculuq işləri aparılmaqdadır. "Ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları əsasında bərpa edilən şəhər və kəndlərimiz ən müasir və əlçatan infrastrukturlara malik olacaq. 

 

2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evinə qayıdacaq

 

Bunlar indiyə qədər bərpa işləri aparılan və ya təməlləri qoyulan yaşayış məntəqələridir və göründüyü kimi, keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışlarını təmin etmək üçün hər bir rayon üzrə kənd və qəsəbələrin bərpası həyata keçirilir. Əlbəttə, ki, azad edilmiş ərazilərin bərpası yalnız evlərin tikintisi ilə məhdudlaşa bilməz. Ona görə bu gün Qarabağ və Şərqi Zəngəzurda həm də infrastrukturlar yenidən qurulur, iqtisadi fəaliyyət sahələri yaradılır, ermənilərin məhv etdiyi təbiətimiz bərpa edilir. 
2023-cü ilin sonuna az qalıb. Amma həm bu il, həm də bütövlükdə, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərinin miqyası kifayət qədər əhatəli və böyükmiqyaslıdır. Gələn ilin dövlət büdcəsi ilə bağlı müzakirələrdə səsləndirildiyi kimi, bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzurun bərpasına son 3 ildə ayrılmış vəsaitlərin həcmi 12 milyard manata çatacaq.
Prezident İlham Əliyev müxtəlif tədbirlər çərçivəsində və işğaldan azad edilmiş rayonlara səfərlər zamanı həmin ərazilərin bərpası və görüləcək işlər barədə ictimaiyyətə müfəssəl məlumatlar verir. Noyabrın 24-də Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə bu mövzuya toxunan Prezident İlham Əliyev deyib: "Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər Böyük qayıdış proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq".

 

Qərbi Azərbaycana qayıdış tarixi ədalətin bərpası olacaq

 

Ərazi bütövlüyünü təmin edən dövlətimizin bu gün əsas milli hədəflərindən biri də tarixi torpaqlarımız olan indiki Ermənistan ərazilərindən zorla didərgin salınmış soydaşlarımızın hüquqlarının təmin olunması, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata keçirilməsi ilə tarixi ədalətin bərpasıdır. Prezident İlham Əliyev bununla bağlı deyib: "Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün tam haqlı olaraq bu mövzunu beynəlxalq arenaya çıxarmışıq. Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, onların hüququdur. Bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Bunu sülh yolu ilə etmək istəyirik. Əminəm ki, buna nail olacağıq. Çünki bu gün, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır".
Prezident İlham Əliyevin ötən ilin dekabr ayında Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə səslənən fikirlər də bir daha təsdiqlədi ki, növbəti hədəfimiz Qərbi Azərbaycanadır.
Məlum olduğu kimi, XX əsr boyu, azərbaycanlılar mərhələli şəkildə -  1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə tarixi torpaqlarımız olan indiki Ermənistan ərazisindən zorla çıxarılmış, etnik təmizləməyə məruz qalmışlar. Soydaşlarımızın vaxtilə mütləq əksəriyyət təşkil etdikləri indiki Ermənistan ərazisindən tamamilə çıxarılması 1991-ci ildə başa çatmışdır. Müasir tariximizdə Azərbaycan ilk dəfə qaçqın problemi ilə soydaşlarımızın Qərbi Azərbaycandan zorla çıxarılması ilə üzləşmişdir. 
Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına əsasən, qarşıda dayanan əsas məqsəd və prinsiplər indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşmanın əldə edilməsi, geriyə qayıtma prosesinin müvafiq təhlükəsizlik, humanitar, sosial-iqtisadi yardım proqramları ilə təminat altına alınması, beynəlxalq nəzarət altında yenidənqurma və barışıq tədbirlərinin həyata keçirilməsi yolu ilə, geriyə qayıtmış insanların davamlı reabilitasiya və re-inteqrasiyasının təmin edilməsidir.
Bütövlükdə Qayıdış Konsepsiyasının məramı Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz ata-baba yurdlarına sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə qayıdışlarına nail olunmasıdır. Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan qarşısında dayanan bütün hədəf və məqsədlərə çatmağı bacaran dövlətdir.  Bu baxımdan inanırıq ki, Qərbi Azərbaycandan zorla çıxarılmış, qaçqın düşmüş soydaşlarımızın doğma torpaqlarına geri dönüşü, hüquqi terminologiya ilə ifadə etsək, repatriasiyası layiqincə təmin olunacaq. 

Hadi RƏCƏBLİ,
siyasi elmlər doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video