07 Dekabr 2023 09:40
305
SİYASƏT
A- A+

ABŞ səhvini anlamalıdır

 

Ceyms O'Braynın Azərbaycana göndərilməsi təsadüfi sayılmamalıdır

 

"Əslində, Azərbaycan-ABŞ əlaqələri strateji tərəfdaşlıq münasibətlərinə yüksəlib. Lakin son zamanlar Amerika öz tərəfdaşına münasibətdə qərəzli mövqe ortaya qoyur. Strateji tərəfdaşlıq münasibətlərinə adekvat olmayan davranış sərgiləyir". 
Milli Məclisin deputatı Elman Nəsirov "Azərbaycan" qəzetinə açıqlamasında deyib ki, ABŞ Azərbaycana qarşı çoxlu ittihamlar irəli sürür və yüksək səviyyədə təmasları qadağan edir. Azərbaycanı 907-ci düzəlişin bərpası ilə hədələyir və bu prosesdə həm ABŞ Konqresi, həm də Dövlət Departamenti sinxron addımlar atırlar. Azərbaycan dövləti, siyasi hakimiyyəti, əslində, ABŞ-nin bu təzyiqləri qarşılığında öz prinsipial mövqeyini ortaya qoydu və bildirdi ki, hadisələrin, proseslərin mənfi ssenari üzrə inkişafına görə bütün məsuliyyət rəsmi Vaşinqtonun üzərinə düşəcək. Azərbaycan öz növbəsində Amerika Birləşmiş Ştatları ilə yüksək təmasların kəsilməsi ilə bağlı mövqeyini bəyan edib. Görünür, Amerikada Cənubi Qafqazın xəritəsini bir daha nəzərdən keçiriblər və Azərbaycanın hansı coğrafiyada yerləşməsi, regionda lider dövlət olması ölkəmizlə münasibətlərin korlanmasının rəsmi Vaşinqton üçün hansı baş ağrıları gətirə biləcəyini hesablayıblar. Elə buna görə də Dövlət Departamentindən Ceyms O'Braynın Azərbaycana göndərilməsi təsadüfi sayılmamalıdır. 
Deputat bildirib ki, anti-Azərbaycan bəyanatlarının əsas müəlliflərindən biri olan ABŞ Dövlət katibinin köməkçisinin Bakıya gəlməsi, Prezident İlham Əliyevlə görüşüb  ikitərəfli münasibətlərdəki anlaşılmaz məsələlərin yumşaldılması bu səfərin əsas niyyətlərindən biridir: "Eyni zamanda Birləşmiş Ştatlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və sülh müqaviləsinin imzalanması prosesində estafeti ələ almaq istəyir. Çünki Azərbaycanla yüksəksəviyyəli təmasların kəsilməsi ilə bağlı bəyanatının ardınca rəsmi Bakı Vaşinqtonda keçiriləcək xarici işlər nazirlərinin görüşündən imtina etdi. Bu, o deməkdir ki, ABŞ səhv qərarları ilə Vaşinqtonun tənzimlənmə prosesində əsas mərkəzlərdən birinə çevrilmək şansının üstündən xətt çəkib". 
E.Nəsirov düşünür ki, Ağ Ev bunu bərpa etmək üçün canfəşanlıq edir. Yeri gəlmişkən, son günlər ABŞ-nin regionla bağlı siyasəti xeyli fəallaşıb. C.O'Braynın Azərbaycana göndərilməsi, dövlət katibinin köməkçisinin müavini Coş Hukun Gürcüstana getməsi, həmçinin Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın isə Vaşinqtona danışıqlara getməsi bu məsələdə intensivliyin olduğunu göstərir. Deputat hesab edir ki, görüşlər, xüsusilə dövlət katibinin köməkçisinin Azərbaycana səfəri, aparılan danışıqlar nəticə etibarilə iki dövlət arasındakı anlaşılmazlıqların aradan qaldırılmasına xidmət göstərəcək: "Müəyyən mənada korlanmış münasibətlərin bərpası istiqamətində addımlar atılması istisna deyil. Amma hər halda Azərbaycanın dəyişməz mövqeyi var, bu qarşı tərəfin diqqətinə çatdırılıb və bundan sonra da çatdırılacaq ki, biz sülh istəyirik. Regionda proseslərin ədalətlə, beynəlxalq hüquq əsasında tənzimlənməsinin tərəfdarıyıq. Heç kim bizimlə diktə ilə danışa bilməz. Təcavüzkarı kənara qoyub Azərbaycanı hədələmək niyyətinə düşənlər yanılırlar". 

Ə.QARDAŞXANOVA, 
"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video