23 Fevral 2024 08:05
1187
SİYASƏT
A- A+
Zəfər seçkisi və yeni çağırışlar

Zəfər seçkisi və yeni çağırışlar

 

Fevralın 7-də keçirilən prezident seçkiləri və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin möhtəşəm qələbəsi müasir Azərbaycan tarixinin siyasi palitrasının ayrı-ayrı çalarlarını və inkişaf tendensiyalarının öyrənilməsini zəruri edir. 
Tarixə ekskursiya edək. Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən müasir Azərbaycanın dövlətçilik ənənələrinin əsasını  müstəqillik və milli birlik ideyası təşkil  edir. Bu ideyaların həyata keçirilməsinin nəzəri ideoloji konsepsiyasının hazırlanması elə bir ağır siyasi şəraitdə baş vermişdir ki, onların həyata vəsiqə almasını məhz Heydər Əliyev kimi dahi siyasətçi yarada bilərdi. Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə gəldiyi dönəmə nəzər yetirdikdə gözlərimizin önündə yaranan mənzərənin nə qədər acı gerçəklikləri ifadə etdiyini görmək çətin deyil. Böyük dövlət adamı Heydər Əliyev məhz belə bir siyasi şəraitdə müasir Azərbaycanın dövlətçilik ənənələrini formalaşdırmağa nail oldu. 
Heydər Əliyevin yaratdığı konsepsiyanın ideoloji əsasını müstəqillik və milli həmrəylik təşkil edirdisə, siyasi əsası demokratiya və siyasi plüralizmə bağlı idi. Torpaqlarının 20 faizi işğal olunmuş və bir milyon məcburi köçkünü olan bir ölkədə doğru siyasi-ideoloji dövlət nəzəriyyəsini formalaşdırmağa yalnız Heydər Əliyev dühası nail ola bilərdi. Bu, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidməti idi. Ulu Öndərin bu xidmətlər sırasında uğurlu siyasi varisi kimi İlham Əliyevi Azərbaycan siyasətinə bəxş etməsi isə xalqımıza ən böyük hədiyyə və Tanrının lütfü idi. 
 Cənab İlham Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın həyatında yeni dövrün başlanğıcını qoydu. Ulu Öndər Heydər Əliyevlə birlikdə formalaşmasında iştirak etdiyi  siyasi dəyərlər sistemini qorumaq və daha da inkişaf etdirmək missiyası İlham Əliyevin üzərinə düşdü. Heydər Əliyev tərəfindən yaradılan bütün siyasi dəyərlər sistemi ötən dövrdə uğurla qorunaraq daha da inkişaf etdirildi. 
Prezident İlham Əliyevin iyirmiillik hakimiyyəti dönəmində ən böyük qələbəmiz Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasıdır. Ötən ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri ilə erməni separatizminə son qoyulması, Xankəndidə, Xocalıda Azərbaycan bayrağının dalğalanması, Xankəndidə hərbi paradın keçirilməsi möhtəşəm qələbəmizin təntənəsi oldu. 
Otuz il ərzində özlərini qalib kimi aparan, qondarma "respublika" quran, Azərbaycan xalqı ilə ultimatum dilində danışan  separatçılar həbs edildilər və hazırda Azərbaycan həbsxanalarında saxlanılırlar.     

 

Bütöv Azərbaycanda keçirilən  ilk seçki 

 

Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması,  Qarabağ ərazisindən erməni separatçılarının çıxarılması, şübhəsiz ki, ermənilərin xarici havadarlarını narahat etməyə bilməzdi. Xüsusilə Qarabağdan könüllü çıxan erməni mülki əhalisinin Fransanın canfəşanlığı ilə guya soyqırımına məruz qalması haqqında qaldırılan hay-küy sabun köpüyü kimi bir anda dağılıb getdi. Yüz illərlə xristian güc mərkəzlərinin alətinə çevrilmiş ermənilərin Azərbaycan xalqı və onun  qalib sərkərdəsinin iradəsi  qarşısında məğlub olması Fransanın isterikasına səbəb oldu. Təzyiq vasitəsilə nələrisə dəyişməyə yönəlik cəhdlər etsələr də, heç bir nəticə vermədi. 
Prezident İlham Əliyevin 7 dekabr 2023-cü il tarixli sərəncamı ilə Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərar verildi. İctimai rəydə İlham Əliyevin qəti qələbə qazanacağına olan yüksək inama baxmayaraq, seçki marafonuna digər namizədlər də qoşuldular. Bu isə Azərbaycanda siyasi mühitin nə qədər şəffaf və demokratik olduğunun göstəricisidir. 
Seçki prosesində bütün namizədlərə hər cür şərait yaradıldı. Seçkinin ilkin nəticələri elan edildikdən sonra seçki yarışında iştirak etmiş bütün namizədlər qalib İlham Əliyevi təbrik etdilər. Eyni zamanda onunla fikir mübadiləsi apardılar. Bu, Azərbaycanın siyasi həyatında  dialoq mühitinin siyasi plüralizmin nə qədər vacib komponentə çevrilməsinin nümunəsidir.   
Fevralın 13-də Mərkəzi Seçki Komissiyası yekun nəticələri Konstitusiya Məhkəməsinə təqdim etdi. Həmin gün Konstitusiya Məhkəməsi prezident seçkilərinin yekunlarının təsdiq və rəsmən elan olunmasına dair qərar qəbul etdi. Konstitusiya Məhkəməsinin qərarı ilə MSK-nın yekun protokoluna əsasən, İlham Əliyevin 92,12 faiz səslə prezident seçkilərində qalib olması təsdiq edildi.  
Fevralın 14-də cənab İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirildi. Qalib ölkənin qalib Prezidenti proqram xarakterli çıxışında ölkənin strateji hədəflərini,  xarici siyasət strategiyasını və digər sahələrdə yeni prioritetləri müəyyənləşdirdi. Ölkə əhalisi Prezidentin bu çıxışını diqqətlə və böyük ruh yüksəkliyi ilə izlədi. Cənab Prezident andiçmə mərasimindəki çıxışında yeni istiqamətlər müəyyənləşdirdi. Bunlar ordu quruculuğunun və müdafiə  potensialının gücləndirilməsi, o cümlədən Xüsusi Təyinatlı Qüvvələrin və "Komando" silahlı birləşmələrinin kontingentinin daha da artırılması, xarici siyasət prioritetlərinin və əsas istiqamətlərinin müəyyən edilməsi, türk dünyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq və regional təsisatlarla əməkdaşlığın inkişafı, peşəkar insan ehtiyatlarının daha da  gücləndirilməsi, "yaşıl iqtisadiyyat", bərpaolunan enerji,  neft-qaz, nəqliyyat sahələrində yeni hədəflərdir. 

 

İlham ƏLİYEV: "Vacib vəzifələrdən biri texnoloji inkişafımızdır"

 

Prezident İlham Əliyev müdafiə sənayesinin inkişafına və texnoloji yeniliklərin vacibliyinə toxunaraq bildirdi: "Vacib vəzifələrdən biri texnoloji inkişafımızdır. Bu gün istər sənaye inkişafı sahəsində, istər hərbi sənaye kompleksi sahəsində və ümumiyyətlə, hərbi sahədə texnoloji inkişaf və üstünlük böyük əhəmiyyət daşıyır. İkinci Qarabağ müharibəsi zamanı hər kəs bunu gördü, antiterror əməliyyatı zamanı da. Təbii ki, Qələbəmizin əsas amili Azərbaycan döyüşçüsüdür. Düşməni məhv edən və bayrağı azad edilmiş torpaqlara sancan insandır, əsgərdir, zabitdir. Ancaq texniki vasitələr az rol oynamır. Biz texniki vasitələr hesabına İkinci Qarabağ müharibəsindən minimum itkilərlə çıxmışıq. Ona görə texnoloji inkişafla bağlı hədəflər müəyyən edildi, bütün aidiyyəti qurumlara tapşırıqlar verildi və bu iş, əlbəttə ki, böyük bir səfərbərlik tələb edən işdir. Sadəcə olaraq, dövlət siyasəti burada yetərli deyil. Biz, əlbəttə ki, yeni texnologiyaları alırıq, texnoloji inkişafa böyük dəstək veririk, ancaq burada vacib məsələlərdən biri kadr hazırlığıdır". 
Cənab Prezident insan faktorunun ən ucada dayandığını önə çəkərək kadr ehtiyatlarının nə dərəcədə əhəmiyyətli olduğunu qeyd edir. 
Hələ 2007-ci ildə Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş Azərbaycan  Respublikasının  Milli   Təhlükəsizlik  Konsepsiyasının Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər adlanan 3-cü bölməsində  peşəkar insan ehtiyatlarının çatışmazlığı göstərilmişdir. Konsepsiyada qeyd edilirdi ki, peşəkar milli işçi qüvvəsinin və idarəetmə sektorunun inkişafı üçün zəruri olan bütün səviyyələrdə təlim və tədrisin təmin edilməsinə qadir olan mütərəqqi təhsil sisteminin inkişafındakı və idarə edilməsindəki uğursuzluq Azərbaycan Respublikasının inkişafına uzaq perspektivdə mənfi təsir göstərə bilər. 
Prezident İlham Əliyevin peşəkar insan ehtiyatları məsələsinə bir daha andiçmə mərasimində toxunması təsadüfi deyil. Problemə sistematik və konseptual yanaşma cənab Prezidentin məsələlərə  baxışının  xarakterik xüsusiyyətidir. Prezident bildirir ki,  kadr hazırlığı olmadan heç bir texnoloji yenilik kifayət etməyəcək. Sonra isə Prezident problemin həlli ilə bağlı görülən işlərdən danışaraq qeyd edir: "Son müddət ərzində bir neçə min Azərbaycan gənci treninqlərdən keçib, xüsusi proqramlardan keçib. Texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi - bütün bunlar bizim gündəlik həyatımızın əlamətlərinə çevrilməlidir. Dövlət qurumları, özəl sektor və cəmiyyətin bütün digər seqmentləri buna hazır olmalıdırlar. Əks təqdirdə, biz geridə qalacağıq. Biz isə geridə qala bilmərik".  

 

Bizim ailəmiz türk dünyasıdır

 

Andiçmə mərasimində xarici siyasətlə bağlı çox mühüm strategiya müəyyənləşdirən Prezident yolumuzun türk xalqlarının və dövlətlərinin dostluğundan və əməkdaşlığından  keçdiyini bildirdi. İlham Əliyev dedi: "Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır".
Tarixə nəzər salaq. Türk dünyasının yeni inkişaf strategiyasının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, İlham Əliyev tərəfindən isə ən yüksək inkişaf mərhələsinə çatdırılmışdır. Bunun üçün bütün imkanlar səfərbər olunmuşdur.  Təsadüfi deyil ki, Prezident İlham Əliyevin apardığı bu iş türk dövlətləri başçıları tərəfindən yüksək qiymətləndirilmiş və İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif edilmişdir.  Ali Orden Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim olunmuşdur. Türkdilli Ölkələrin Dövlət Başçıları Şurasının bununla bağlı qəbul etdiyi qərarda deyilir: "Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə zati-aliləri İlham Əliyevin böyük şərəflə "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir".
Orden təqdim edilərkən R.T.Ərdoğanın Prezident İlham Əliyevə Müzəffər Ali Baş Komandan deyə müraciət etməsi hər bir azərbaycanlının qəlbində fərəh və qürur hissi yaratmışdır. 
Ümummilli Lider Heydər Əliyev hələ  1990-cı illərin əvvəllərində demişdir: "Mən bu gün, həqiqətən, qeyd etmək istəyirəm ki, bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayıb, bir-birimizlə daha sıx əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik". Bu fikirlər türk xalqlarının gələcək inkişaf strategiyasının leytmotivinə çevrildi. Heydər Əliyev Azərbaycanın türk dünyası, xüsusilə müstəqil türk dövlətləri ilə əlaqələrinin gələcək inkişaf proqramını verərək, birgə fəaliyyətin perspektivlərini belə müəyyənləşdirmişdir: türk xalqlarının iqtisadi, siyasi problemlərinin həlli məsələlərində türk dünyasının imkanlarından səmərəli istifadə etmək, türk xalqlarının inteqrasiyasının intensivliyini təmin etmək və türk dünyasının beynəlxalq nüfuzunun daha da gücləndirilməsinə çalışmaq və beynəlxalq birlik qarşısında ümumi mövqe nümayiş etdirmək.
Heydər Əliyevin məqsədi türk xalqlarını vahid təsisat altında birləşdirmək idi. Bu arzu cənab İlham Əliyevin gərgin fəaliyyəti ilə gerçəkləşdi. Türk Dövlətləri Təşkilatının gələcəkdə dünyanın siyasi səhnəsində mühüm güc mərkəzlərindən birinə çevriləcəyi perspektivinə inanmamaq mümkün deyil.
Türk dövlətlərinin bir təsisat ətrafında birləşdirilməsi ideyası qədim ideoloji köklərə malikdir. Hələ əsrin əvvəllərində türk dünyasının nəhəng fikir adamları İsmayıl bəy Qaspralı, Əli bəy Huseynzadə, Sədri Maksudi, Yusif bəy Akçuralı, Əhməd bəy Ağaoğlu və başqaları tərəfindən bu ideyalar inkişaf etdirilmiş və bütün türk coğrafiyasını əhatə etmişdir. Sovetlər dönəmində isə turançılıq və pantürkizm ideyalarının daşıyıcısı olduqları üçün on minlərlə ziyalılar təqib edilmiş, repressiyaya məruz qalmış, qətlə yetirilmiş və sürgün edilmişdir. Lakin bu ideyalar hər bir türk övladının qəlbində yaşamışdır. Sovetlər birliyində yaşayan türk xalqları müstəqillik əldə etdikdən sonra artıq bu ideyalar siyasi-mənəvi, iqtisadi-sosial kontekstdə gerçəkləşmə istiqaməti aldı. Türk xalqlarının siyasi, iqtisadi, mənəvi gücünün bir təsisat altında birləşdirilməsi müasir tariximizin bir parçası olmaqla şahidlik etdiyimiz gerçəkliklərdir.
Türk Dövlətləri Təşkilatının formalaşması vaxtilə türkdilli ölkələrin zirvə toplantıları çərçivəsində inkişaf etməklə başlamışdır. Sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adlı qurumun yaradılması ideyası ilk dəfə 2006-cı ildə Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilmişdir. Bu ideyanın gerçəkləşməsində Prezident İlham Əliyevin müstəsna xidmətlərinin olması danılmazdır. Məhz sözügedən qurumun təsis edilməsi ilə bağlı ilk toplantının Naxçıvanda keçirilməsi də təsadüfi deyil. 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlətlərinin iştirakı ilə tarixi bir addım atıldı. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi imzalandı. Türk dünyasının və türk xalqlarının inteqrasiyasının təmin olunmasında bu qurumun təsis edilməsi çox böyük addım oldu. 
"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında" Naxçıvan Sazişinin preambula hissəsində birgə fəaliyyətin əsas aspektləri öz əksini tapır. Sənəddə qeyd edilir ki, siyasi çoxqütblülük, iqtisadi və informasiya qlobalizasiyası proseslərinin inkişafı şəraitində regionda sülhün möhkəmləndirilməsini, təhlükəsizlik və sabitliyin təmin edilməsinə birgə töhfə verilməsini arzulayaraq, ümumi qurum çərçivəsində qarşılıqlı əlaqənin dövlətlər və onların xalqları arasında xoş qonşuluq, vahidləşmə və əməkdaşlıq üçün geniş potensialdan faydalanmağa şərait yaratdığını hesab edərək, Türkdilli Dövlətlərin Başçılarının Zirvə Toplantısında təsdiqini tapmış qarşılıqlı etimad, qarşılıqlı fayda, bərabərlik ruhu, qarşılıqlı məsləhətləşmələr və ümumi inkişafa yönəlmiş niyyətlərdən çıxış edərək, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüququn ümumi qəbul olunmuş prinsip və normalarına, o cümlədən suveren bərabərlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığına, həmçinin beynəlxalq sülh, təhlükəsizlik, xoş qonşuluq və dostluq münasibətlərinin inkişafının qorunmasına və dövlətlər arasında əməkdaşlıq prinsiplərinə sadiqliklərini əsas tuturlar.
Qurumun üzvlərinin sıraları da artmışdır. Vaxtilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlətləri tərəfindən təsis edilmiş bu quruma artıq Özbəkistan, Türkmənistan və Macarıstan da qoşulmaqla üzv dövlətlərin sayı 7-yə çatmışdır. Üzv dövlətlərin əhalisinin sayı 150 milyondan artıqdır, ərazisi 4 milyon kvadratkilometri əhatə edir.
Hətta türkdilli olmayan xalqlar və dövlətlər tərəfindən bu quruma üzv olmaqla bağlı fikirlər səsləndirilməsi bu təsisatın gələcəkdə böyük bir güc mərkəzinə çevrilməsi perspektivindən xəbər verir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsi isə siyasi əhəmiyyət daşıyır. Bir məsələni də qeyd etmək lazımdır ki, Türk Dövlətləri Təşkilatının üzvü olan dövlətlərin hər birinin digərləri ilə müxtəlif sahədə ikitərəfli münasibətləri mövcuddur. Lakin bu dövlətlərin bir təsisat altında birləşdirilməsi onların ümumtürk xalqlarının müxtəlif istiqamətlərdə birgə inkişaf strategiyasının müəyyən olunmasına səbəb olacaqdır.
Türk Dövlətləri Şurasının ilk təsis toplantısının məhz Naxçıvanda keçirilməsi də rəmzi xarakter daşıyırdı. Naxçıvan Muxtar Respublikası Türkiyə-Azərbaycan münasibətlərində Qars müqaviləsi kontekstində xüsusi əhəmiyyət daşıdığı kimi, Ali Baş Komandan cənab 
İlham Əliyevin Ali Orden aldığı son toplantı da təsadüfi deyil. Bu toplantı Türkiyədə - müstəqillik və demokratiya adasında keçirilmişdir. Həmin mərasimdə çıxış edən Prezident İlham Əliyev qurumun təsis toplantısındakı çıxışına istinad edir. Bu yaddaş xatırlatması təsadüfi xarakter daşımır. Cənab Prezident tarixi yaddaşı bir daha təzələyərək bu təşkilatın uzunmüddətli məqsədlər üçün qurulduğunu vurğulayır. Həmin toplantıda Prezident İlham Əliyevin çıxışını xatırlayaq. İlham Əliyev 3 oktyabr 2009-cu il tarixdə qurumun Naxçıvanda keçirilən təsis yığıncağında türk xalqlarının ortaq dəyərlərindən danışaraq bildirir: "Biz beynəlxalq təşkilatlarda əməkdaşlıq edirik. BMT-də, İslam Konfransı Təşkilatında, ATƏT-də və digər təşkilatlarda bizim ölkələrimiz bir-birinə həmişə dəstək verir və bu, belə də olmalıdır. Çünki bizi müştərək tarix birləşdirir, tarixi-mədəni köklər birləşdirir. Dünən bütün türkdilli ölkələrin istedadını və incəsənətini təmsil edən konsertdə səslənən mahnılar bir daha onu göstərir ki, bizim xalqlarımız bir-birinə nə qədər yaxındır. Biz öz işimizi bu möhkəm təməl üzərində qururuq. Bizim birliyimiz təkcə ölkələrimizi gücləndirmir, bizim birliyimiz böyük mənada regional əməkdaşlığın da çox vacib amilidir".
Prezident İlham Əliyev ilk toplantıda əməkdaşlığın istiqamətlərini müəyyən edərək bu fəaliyyətin spektrlərini göstərir və əməkdaşlıq istiqamətlərini dörd kateqoriyaya ayırır: iqtisadi və neft-qaz sənayesi, beynəlxalq münasibətlər, humanitar-mədəni və nəqliyyat-logistika məsələləri üzrə.
Andiçmə mərasimində türk dünyasının mənəvi siyasi və iqtisadi birliyi naminə irimiqyaslı işlər aparan Prezident bildirir: "Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayırıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayırıcı xətlərin əleyhinəyik. Biz hətta cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayırıcı xətləri açıq-aydın görürük. Belə olan halda bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Bizim ailəmiz türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik".
Xarici siyasət prioritetləri müəyyən edilərkən Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı ilə bağlı davamlı siyasət yürüdülməsini məqsədəuyğun hesab edir. 
Həmçinin cənab Prezident hesab edir ki,  II Qarabağ müharibəsi zamanı hər iki platformanın Azərbaycan dövlətinin və xalqının yanında olması bu münasibətlərdə sadiqlik nümunəsidir.   

 

İlham ƏLİYEV: "Biz dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq"

 

Prezident yeni dövrün başlandığını bildirərək müstəqil Azərbaycanın güclü dövlətə, müstəqil xarici siyasətə malik olduğunun beynəlxalq birlik tərəfindən qəbul edildiyini vurğulayır. COP29 kimi böyük platformaya Azərbaycanın evsahibliyi etməsinə toxunan Prezident bildirir: "Biz dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq, o cümlədən iqlim dəyişikliyi ilə əlaqədar. Nəzərə alsaq ki, COP29-un ev sahibi və sədri olacağıq, eyni zamanda dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq. Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq. Neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün öz dəstəyimizi göstəririk və göstərəcəyik. Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Biz geridə qalmayacağıq, biz heç vaxt müdafiə mövqeyində olmamışıq. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar".
Xarici amillərin təsirindən danışan Prezident Azərbaycan dövləti üçün heç bir təhlükə olmadığını söyləyərək deyir: "Mən Azərbaycan üçün hər hansı bir təhlükə, təhdid görmürəm. Ancaq nə üçün görmürəm, çünki bilirlər ki, bizim cavabımız amansız olacaq, sarsıdıcı olacaq və heç nəyə baxmadan o cavab veriləcək. Ona görə texnoloji inkişafa nail olmasaq, burada geniş, yəni bir neçə min yox, on minlərlə azərbaycanlı bu işdə olmasa, biz geridə qala bilərik. Ona görə hesab edirəm ki, bütün qurumlar və eyni zamanda cəmiyyət bunu da vəzifə kimi bilməlidir və görməlidir".

 

Seçkilərin qalibi Azərbaycan xalqı oldu

 

Azərbaycanın əsas hədəflərindən biri "yaşıl enerji"yə keçiddir. Milli Məclisdə çıxışında Prezident İlham Əliyev "yaşıl iqtisadiyyat"ın ən vacib komponenti olan bərpaolunan enerji məsələsini də prioritet məsələ kimi önə çəkərək deyir: "Digər vacib vəzifələrdən biri bərpaolunan enerji ilə bağlıdır. Burada da biz ön sıralardayıq, artıq işlərə start verildi. Bizim planlarımıza görə 2030-cu ilin sonuna qədər Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji növləri, yeni enerji növləri yaradılmalıdır, əsasən günəş, külək və hidro-su elektrik stansiyaları" .
Cənab Prezident elektrik enerjisinin böyük hissəsinin bərpaolunan enerji hesabına istehsal ediləcəyini bildirərək, bunun  iqlim dəyişikliyi məsələlərinə də  töhfə olacağını qeyd edir. Prezident bərpaolunan enerji növləri ilə bağlı  hədəflərimizi göstərir və nəzərdə tutulan layihələrin  xarici investorlar tərəfindən icra edildiyini diqqətə çatdırır. Artıq bu sahədə xarici investorların rəqabət prosesinin şahidi olduğumuzu söyləyən Prezident deyir: "O qədər çox ölkə Azərbaycanda bu sahəyə vəsait qoymaq istəyir ki, bizim bu qədər imkanımız hələ ki, yoxdur. Halbuki Dünya Bankının qolu olan Beynəlxalq Maliyyə Korporasiyası təkcə dənizdə külək potensialımızı 157 min meqavat səviyyəsində təsbit edib".
Dövlət başçısı təbii qazla bağlı məlumat verərək,  artıq səkkiz ölkəyə təbii qaz ixrac edildiyini,  əsas tələbatın isə  Avropa İttifaqı məkanı olduğunu bəyan edib.  İlham Əliyev bildirir: "Bizdən xahiş edənlərin sayı artır ki, biz kömək edək. Bax, bizə edilən xahişlər bu məqsədi daşıyır. Biz isə etibarlı tərəfdaş kimi həmişə ehtiyacı olanlara kömək etməyə hazırıq və bu köməyi göstəririk, bu da qiymətləndirilir. Düzdür, hər zaman qiymətləndirilməsə də, prinsip etibarilə bu vəziyyət bizi qane edir".
Qalib ölkənin qalib Prezidentinə səs verməklə, etimad göstərməklə bütövlükdə  seçkilərin qalibi Azərbaycan xalqı oldu. Azərbaycan xalqı aydın gələcəyə güclü dövlət və güclü liderlə gedir. Yolumuz açıq olsun!   

Sadiq QURBANOV,                              
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ceyhun Bayramov: COP29 çərçivəsində əldə olunmuş razılıqlar iqlim dəyişikliyi ilə mübarizədə vacib dönüş nöqtəsidir  

14:44
03 Dekabr

Prezident İlham Əliyev El-Salvadorun ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

14:41
03 Dekabr

Prezident İlham Əliyev Mavritaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

13:21
03 Dekabr

Azərbaycan Mərkəzi və Şərqi Avropa regional qrupuna sədr və COP16 Bürosuna üzv seçilib  

13:20
03 Dekabr

Sabah hava şəraiti əsasən yağmursuz olacaq

13:19
03 Dekabr

Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Ankarada Atatürkün məqbərəsini və Heydər Əliyev parkını ziyarət edib  

13:12
03 Dekabr

Noyabr ayında Azərbaycanın dövlət sərhədini pozduqlarına görə 27 nəfər saxlanılıb

13:11
03 Dekabr

Gələn ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsi Milli Məclisdə ikinci oxunuşda qəbul edilib  

13:10
03 Dekabr

Sumqayıtda yaşayış binasındakı partlayış zamanı xəsarət alan 6 nəfər tibb müəssisələrinə təxliyə olunub  

12:49
03 Dekabr

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bir sıra qərar qəbul edilib  

12:48
03 Dekabr

Sumqayıtda yaşayış binasında partlayış baş verib, sakinlər təxliyə edilib YENİLƏNİB

11:49
03 Dekabr

Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi davam edir  

11:06
03 Dekabr

Prezident İlham Əliyev Yəmənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

11:04
03 Dekabr

Hesabat: Niyə Ermənistanın müasir ərazilərində azərbaycanlılar yoxdur?

11:01
03 Dekabr

ABA sədri: Fiziki şəxslərin əmanətlərinin dollarlaşma əmsalı 1,8 faiz azalıb  

10:54
03 Dekabr

Sumqayıtda baş verən partlayışlarla bağlı araşdırma aparılır  

10:49
03 Dekabr

Faktiki hava: Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir  

10:49
03 Dekabr

Qubanın Qırız kəndində qar örtüyünün hündürlüyü 12 santimetr olub  

10:48
03 Dekabr

DİN: Ötən gün 20 cinayətin üstü açılıb

10:42
03 Dekabr

Azərbaycan-BƏƏ strateji tərfdaşlığı artıq öz bəhrəsini verir  

10:17
03 Dekabr

Abbas Abbasov BMT-də Afrika əsilli xalqların hüquqları üzrə ekspertlər işçi qrupunun 35-ci sessiyasında iştirak edib  

09:46
03 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!