29 Mart 2024 08:00
16426
SİYASƏT
A- A+

Sülhün yolu Azərbaycanla əməkdaşlıqdan keçir

 

Təəssüf ki, Qərbin avantüraları Ermənistanı hərbi qarşıdurma meydanına çevirir

 

Ermənistanın Qərb-Rusiya qarşıdurmasının ünvanına çevrilməsi artıq reallıqdır. Ermənistanın baş naziri, ABŞ Dövlət katibi və Avropa Komissiyasının prezidenti arasında aprelin 5-də keçirilməsi nəzərdə tutulan konfransdan sonra isə bu ölkə böyük güclərin ayaqları altında əzilə bilər. Başqa cür desək, Ermənistan Ukraynanın taleyini yaşamağa çox yaxındır. 

 

İlham ƏLİYEV: "Bundan sonra hər kəs bizimlə hesablaşmalıdır"

 

Öncə onu qeyd edək ki, belə bir konfransın keçirilməsi barədə qərar regiondakı sülh prosesi ilə ziddiyyət təşkil etməklə yanaşı, Qərbin erməni təəssübkeşliyinin göstəricisidir.  O Qərb ki, Azərbaycan torpaqlarının işğal altında olduğu illərdə bir dəfə də olsun Ermənistana təzyiq göstərmədi. Nə Brüssel, nə Vaşinqton Azərbaycanın beynəlxalq hüquqla təsbit edilmiş ərazilərinin azad olunmasını, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsini Ermənistandan tələb etdilər.
Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən sonra Qərbin böyük canfəşanlıqla Ermənistanın müdafiəsinə qalxması ikiüzlülükdən və riyakarlıqdan başqa bir şey deyil. Görünən odur ki, bu siyasi dairələr Azərbaycanın öz milli haqqını təmin etməsi ilə heç cür barışa bilmirlər. Əgər belə olmasaydı, 44 günlük müharibədən sonra Qərb Qarabağda "Kosovo variantı"nı hazırlamaq fikrinə düşməzdi. Buna görə 3 il ərzində "Humanitar fəlakət" bəhanəsi ilə Azərbaycana və şəxsən Prezident İlham Əliyevə qarşı təzyiq kampaniyası apardılar. Bu məkrli kampaniyada hər yola əl atsalar da, Azərbaycana və onun Prezidentinə məğlub oldular.
İndi isə Qərb belə bir konfrans təşkil etməklə regiondakı sülh prosesinə qarşı çıxır. Bu konfransla bağlı yayılan məlumatlardan biri də  Ermənistanın baş naziri, ABŞ Dövlət katibi və Avropa Komissiyasının prezidenti arasında Ermənistan üçün təhlükəsizlik zəmanətinə dair sənədin imzalanmasının planlaşdırılmasıdır.  Belə bir sənədin imzalanmasının regiondakı sülh prosesinə qarşı yönəldiyi aydındır. Bu kimi addımlar xüsusən Ermənistandakı revanşist çağırışları daha da gücləndirə bilər. Azərbaycan Xarici İşlər Nazirliyindən də bildirildiyi kimi, Ermənistandakı revanşist əhvali-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-nin Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər. Bu halda Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti Aİ və ABŞ bölüşəcəklər. Tarix isə  sübut edir ki, bu cür illüziyalar sonunda Ermənistana baha başa gəlib. Prezident İlham Əliyevin dediyi kimi, hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq: "Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq". 

 

Qərblə imzalayacağı sənəd Ermənistana yaxşı heç nə vəd etmir

 

Lakin ABŞ və Avropa İttifaqının planlaşdırdığı təhlükəsizlik zəmanətinə dair sənədin imzalanmasında əsas məqsəd başqadır. Belə ki, Qərb belə bir sənədin imzalanmasına nail olmaqla Ermənistanı özünün anti-Rusiya avantürasına cəlb etmək niyyəti güdür. 
Söhbət ondan gedir ki, Rusiya ilə münasibətləri tarixboyu görünməmiş dərəcədə kəskinləşən Qərb koalisiyası Kremlə qarşı mübarizədə yeni platsdarm axtarışındadır. Son dövrlərdə Rusiya ilə münasibətlərində sərinlik yaşanan Ermənistan isə bu baxımdan Qərbin əlinə düşən fürsətdir. Ehtimal olunur ki, ABŞ və Avropa İttifaqı Ukrayna ilə Qərb ölkələri arasında imzalanan ikitərəfli sazişlər kimi Ermənistana təhlükəsizlik zəmanətləri vermək üçün pakt imzalamağa hazırlaşır.
Buna qədər isə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fonunda ənənəvi müttəfiqi olan Rusiya ilə hərbi əməkdaşlıqdan faktiki olaraq imtina etməsi, əslində, bu prosesin Qərbin planı əsasında icra olunmasından xəbər verir. Bu, Rusiyanı Ukraynanın ardınca indi də Cənubi Qafqazdan və daha sonra isə Mərkəzi Asiyadan sıxışdırıb çıxartmaq planının işə salınmasıdır. Belə ki, Qərblə İrəvan arasında istənilən məzmunlu hərbi zəmanət sənədinin imzalanmasından sonra Ermənistan KTMT-ni tərk etməlidir.  Həmçinin belə bir sənədin imzalanması o deməkdir ki, Ermənistan Rusiyadan Gümrüdəki 102-ci bazanın çıxarılmasını tələb etməlidir.  
Məntiqlə proseslərin bu şəkildə cərəyan etməsindən sonra Ermənistandakı Rusiya hərbçiləri bu ölkəni tərk edəcəklər. Lakin bunun nə dərəcədə real olduğunu tarix göstərəcək. Aydındır ki, belə bir hadisə baş verərsə, Ermənistan vasitəsilə Rusiyanın maraqlarına böyük zərbə vurulacaq. Rusiyanın isə belə situasiyalarda necə davrandığı Ukraynada baş verənlərin fonunda məlumdur. Odur ki, Ermənistanın Rusiyanın maraqlarına qarşı olan fəaliyyətinin nəticəsini proqnozlaşdırmaq çətin deyil.
Belə bir sənədin imzalanması İranın da ciddi reaksiyasına səbəb olacaq. Çünki Ermənistanla təhlükəsizlik zəmanəti sənədinin imzalanması ABŞ hərbçilərinin daha bir coğrafiyadan İran sərhədlərinə yaxınlaşması və İran üçün yeni təhdidin meydana çıxması deməkdir. Bu baxımdan İran qarşıdurma yaşadığı ABŞ-nin hərbçilərinin Ermənistanda yerləşməsini birmənalı şəkildə özünə təhdid olaraq qəbul edəcək. Yəqin ki, bunun fonunda İran xüsusilə 44 günlük müharibədən sonra qucaq açdığı, dəstək verdiyi Ermənistanın əsl simasını görəcək.
ABŞ başda olmaqla Qərb dövlətləri bütün dünyada, o cümlədən də Cənubi Qafqazda vəziyyəti mümkün qədər gərginləşdirmək, ənənəvi rəqiblərinə qarşı yeni münaqişə ocaqları yaratmaq yolunu tutublar. Ermənistan bu ssenaridə vasitədir və hadisələrin inkişaf edəcəyi təqdirdə onun Ukrayna və ya Livana çevriləcəyi şübhə doğurmur. Ermənistanın təhlükəsizlik zəmanəti adı altında Qərblə hansısa hərbi sənəd imzalamağa hazırlaşması bu ölkəyə heç bir halda yaxşı nəsə vəd edə bilməz.  Moskva bu plana mütləq cavab verəcək və bu, özünü çox gözlətməyəcək.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video