24 Aprel 2024 08:20
198
SİYASƏT
A- A+

Şanlı qələbə silsiləsində yeni mərhələ

 

4 kəndin qaytarılması sərhədlərin real delimitasiyası prosesinin bünövrəsini qoydu

 

"Aprelin 19-da Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya üzrə dövlət komissiyalarının 8-ci iclasında tarixi qərar qəbul edilib. Bir güllə belə atılmadan Ermənistan tərəfi 1990-cı illərin əvvəllərindən işğal altında saxladığı Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılmasına razılıq verib". 
Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib. Deputat bunu sözün həqiqi mənasında mühüm hadisə hesab edib. Onun sözlərinə görə, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun və "dəmir yumruğ"a çevrilmiş xalqımızın qazandığı tarixi Zəfər ərazi bütövlüyümüzü təmin etdi. Bundan sonra 2023-cü ilin sentyabr ayında birgünlük lokal antiterror tədbirləri nəticəsində Qarabağda separatizmin kökü kəsildi, cinayətkarlar ağ bayraq qaldırdılar. Özlərinin qondarma qurumunu buraxmış elan etdilər, eyni zamanda Qarabağda yaşayan ermənilər könüllü şəkildə bu əraziləri tərk etdilər. Həmin vaxtdan etibarən Azərbaycanın suverenliyi tam və qəti şəkildə təmin edildi. Bunun ardınca Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində Rusiya sülhməramlı qüvvələrinin vaxtından əvvəl Qarabağ iqtisadi rayonundan çıxarılmasına başlanıldı. Əldə olunmuş razılıq Qarabağ üzərində suverenliyin tam bərpa edilməsi və Rusiya sülhməramlı kontingentinin ölkə ərazisindən çıxması mühüm qələbələr silsiləsində yeni mərhələ oldu: "Bir daha şahidi olduq ki, cənab Prezidentin irəli sürdüyü tələblər təmin edilir, qurduğu planlar  dövlətimizin milli maraqlarına tam uyğun həyata keçirilir".
Deputat qeyd edib ki, bütün bunların hər biri tarixi hadisələrdir, Azərbaycan tarixinə qızıl hərflərlə yazıla biləcək proseslərdir: "İndi də Ermənistan tərəfi bütün bu reallıqlar fonunda işğal altında saxladığı 4 kəndin geri qaytarılmasına razılıq verib. Bu hadisə sərhədlərin real delimitasiyası prosesinin bünövrəsini qoydu və onun ilk addımı məhz Qazax rayonunda atıldı. Çünki Azərbaycan delimitasiyanın konkret olaraq strateji əhəmiyyət kəsb edən bu ərazidən başlanılmasını israrla tələb edirdi və buna nail oldu. Bu həm də beynəlxalq aləmdəki anti-Azərbaycan dairələrin məkrli siyasətinin iflasa uğraması kimi dəyərləndirilə bilər. Eyni zamanda bu uğur sapı özümüzdən olan baltaların, milli dönüklərin indiyədək verdiyi bütün proqnozları alt-üst etdi". 
K.Bayramov vurğulayıb ki, xüsusilə Fransanın timsalında Ermənistanın silahlandırıldığı, Azərbaycana qarşı revanşizmə çağırıldığı göz önündədir. Ermənistan siyasi liderinə Brüssel görüşündə vədlər vermişdilər. Amma Ermənistanın baş naziri fərqindədir ki, Azərbaycan son dərəcə güclüdür, bizimlə hərbi rəqabətə girmək siyasi ağılsızlıqdır. Ona görə də vəziyyəti düzgün qiymətləndirərək bu addımı atdılar. 
Deputat hesab edir ki, Qazaxın işğal altında olan digər 3 kəndinin və Naxçıvanın Kərki kəndinin də geri qaytarılması zaman məsələsidir. "Çox yaxın zamanda biz buna da şahidlik edəcəyik. Başqa cür ola da bilməz. Azərbaycanın heç kimin torpağında gözü yoxdur, biz öz torpaqlarımızı istəyirik. İndiki halda Ermənistan siyasi rəhbərliyi düzgün qərar qəbul edib və fərqindədir ki, Azərbaycan bir qarış torpağının belə işğal altında qalmasına imkan verməyəcək. Prezident İlham Əliyev bu reallığı öz qətiyyətli və prinsipial addımları ilə təsdiqləyib və dünya bundan xəbərdardır. Dövlət başçısı xəbərdarlıq etmişdi ki, könüllü şəkildə, xoşluqla işğal altındakı kəndlərimiz geri qaytarılmalıdır. Geri qaytarılmasa, bunun bütün məsuliyyəti Ermənistanın, eyni zamanda onlara havadarlıq edənlərin üzərinə düşəcək. Nəticə göz qabağındadır", - deyə o əlavə edib.
Deputat qeyd edib ki, bununla Azərbaycanın guya Ermənistana hücuma və müharibəyə hazırlaşması ilə bağlı Fransanın və kollektiv Qərbin apardığı təbliğat darmadağın edildi. Artıq hamıya bəllidir ki, bu ittihamlar ölkəmizə qarşı yönəlmiş və reallıqla heç bir əlaqəsi olmayan çirkin oyunun və qarayaxma kampaniyasının tərkib hissəsidir.  Son bir neçə gündə baş verən və hər iki ölkə üçün müsbət xarakter daşıyan hadisələr Prezident İlham Əliyevin çoxdan söylədiyi fikirləri təsdiq etdi - Cənubi Qafqaz regionunda davamlı sülhün və etibarlı təhlükəsizliyin təmin edilməsi Ermənistanın Azərbaycanla vasitəçisiz, havadarsız birbaşa dialoqun və təmasların davam etdirilməsindən keçir. Zaman da göstərdi ki, bu, alternativi olmayan yoldur.
Deputat vurğulayıb ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə bu ilin fevral ayında keçirilən növbədənkənar prezident seçkilərində təsadüfən səs verməmişdi. Bu gün xalq öz Müzəffər Prezidenti ilə fəxr edir, qürur duyur. Xalqımız fərqindədir ki, sözügedən tarixi addımların bir müəllifi var, o da  tarixi şəxsiyyət olan Prezident İlham Əliyevdir. 

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video