09 Dekabr 2022 01:45
243
SİYASƏT
A- A+

Riyakar siyasət İranı uçuruma aparır

 

Azərbaycan İranla bağlı məsələlərə hər zaman xüsusi həssaslıqla yanaşıb. Və  ölkəmiz bu dövlətlə sıx əməkdaşlıq edib. Həmin siyasət, daha da əhatəli olmaqla, Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilməkdədir. Mehriban qonşuluq naminə bir sıra hallarda bu qonşu ölkə üçün güzəştlərə də gedilib. 
Azərbaycan dövləti heç bir zaman İranın milli mənafeyinə zərər vuracaq addım atmayıb, hətta İrana qarşı Qərbin sanksiyalarına baxmayaraq, bu ölkə ilə illər boyu fəal əməkdaşlıq əlaqələrini möhkəmlədib, birgə iqtisadi layihələr reallaşdırıb. Bu ölkə ilə həm ikitərəfli, həm regional təşkilatlar çərçivəsində enerji, nəqliyyat və s. sahələrdə geniş tədbirlər həyata keçirilib. Bu da təsadüfi deyil. Məlumdur ki, əhalisinin 40 milyon nəfəri azərbaycanlılardan ibarət olan bu ölkə ilə müstəqil Azərbaycan dövlətini həm də mədəni və mənəvi dəyərlər bağlayır. 
Lakin 2020-ci ilin 10 noyabr tarixində Azərbaycan Respublikasının qələbə ilə başa çatan Vətən  müharibəsindən sonra bu ölkənin Azərbaycana qarşı münasibəti  kəskin dəyişdi. Sağlam məntiqə görə Azərbaycanın qələbəsinə ən çox sevinən ölkələrdən biri məhz İran olmalıydı. Hətta qələbədən bir qədər sonra Azərbaycan Prezidenti İlham Əliyev Araz çayı üzərindəki qədim Xudafərin körpüsünün üstündən İrana dostluq mesajları göndərmişdi. Yəni İranın Ermənistana hərbi-siyasi dəstəyini dilə gətirməmiş, qonşu ölkəni yeni əməkdaşlığa səsləmişdi. Qonşu dövlət isə Qarabağ münaqişəsinin bitməsindən sonra Ermənistanla sülhün əldə edilməsini açıq-aşkar əngəlləyir, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni edir. Bu ölkə əhalisi içərisində böyük narahatlıqlar yaradır. 
İranın  qonşu olaraq Azərbaycana qarşı riyakar davranışı hər addımda özünü göstərir. 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, digər yandan  təcavüzkar Ermənistana dəstək verməsi sağlam məntiqə sığmır. İran rəsmi olaraq Ermənistanı təcavüzkar adlandırmamış, Azərbaycanın tarixi dini-mədəni abidələrinin dağılmasını, Ermənistanın əsassız ərazi iddialarını pisləməmiş, Xocalı soyqırımını tanımamış, hətta Xocalı faciəsi haqqında müzakirə belə keçirməmişdır. 
İranda yaşayan soydaşlarımıza münasibət də təəssüf doğurur. İranda azərbaycanlılarının milli hüquqları məsələsinə toxunan tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı dedi ki, İranda yaşayan azərbaycanlıların dəqiq sayı verilmir, hətta rəsmi statistik rəqəmlərdə həmişə bu say az göstərilir: " Xüsusilə də İranda əhalinin etnik tərkibi haqqında məlumatlar göstərilmir, azərbaycanlıların doğma dildə yazmaq, təhsil almaq məsələsi, milli hüquqları, milli kimliyi, ictimai-siyasi və iqtisadi vəziyyəti, yaşadığı şəhərlər, Azərbaycanın maddi-mədəni abidələri və s. həmişə dünya ictimaiyyətinin diqqətində olmuşdur. İran uğursuz xarici siyasəti və əsassız ambisiyaları səbəbindən son 40 ildə qatıldığı heç bir müharibədə qalib olmayıb, "himayə etdiyi müsəlman ölkəsini" xaosdan çıxara bilməyib, əmin-amanlıq, sabitlik yaratmayıb". Bunlar yaşadığımız dövrün reallıqlarıdır.
İranın azərbaycanlı əhalisi hətta ən elementar hüquqlardan belə amansızcasına məhrum edilib. Prezident İlham Əliyev Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə bu məsələni çıxışında xüsusi vurğulayaraq demişdir: "Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti öz ana dilində təhsil almaq imkanlarından məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları önəmli məsələdir... Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik".
İranda bütün təqib, təzyiq, həbs, işgəncə və hədələrə baxmayaraq, soydaşlarımızın milli qüruru sınmamış və bu günə qədər də davam edir. Sübhan Talıblı deyir: "Hər il Ana dilində təhsilin tələbi ilə xüsusi nümayişlər keçirilir, 21 Azərin (12 dekabr) ildönümü, Beynəxalq Ana dili Günü qeyd edilir. Hər il iyulun 6-sı Azərbaycanın qəhrəmanı Babək Xürrəminin doğum günü ilə əlaqədar Babək qalasına (Bəzz qalası, Qaradağ mahalının Kəleybər qəsəbəsi yaxınlığında yerləşən qala) yürüş təşkil edilir, icazə verilməməsinə və maneələrə baxmayaraq, Xocalı faciəsi ilə bağlı Tehrandakı Ermənistan səfirliyi önündə aksiyaların keçirilməsinə cəhdlər göstərilir. Müxtəlif hadisələrlə bağlı tədbirlər, mitinqlər, nümayişlər təşkil edilir. Soydaşlarımızın ana dili uğurunda mübarizə və mücadilələri sönməmiş, onlar bunu şəfərlə davam etdirirlər. Bütün bunlara görə soydaşlarımız təqib edilir, həbslərə atılır".
Siyasətçilərin dediklərinə görə, son günlərdə İran ordusunun 100 hərbçisi etirazlara qoşulduğuna görə həbs edilib. "Fars news" agentliyi bunların 115 nəfər olduğunu yazır. İran prezidenti, parlament sədri, məhkəmə hakimiyyətinin başçısı bu məlumatı əsassız elan etsələr də, bu, reallıqdır və get-gedə xalqın müxtəlif təbəqələrinin bu hərəkata qoşulması göz qabağındadır. 
Nə qədər gec deyil, İran hakimiyyəti xalqın tələbinə qulaq asıb onu yerinə yetirməlidir. Belə olmasa, İran uçuruma yuvarlanacaq, xalq isə haqqını əldə edəcək. O zaman daha indiki rejimə İranda yer qalmayacaq.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video