20 Noyabr 2022 02:08
616
SİYASƏT
A- A+

Qüdrətli Azərbaycanın qüdrətli partiyası

 

Noyabr ayının 21-də Azərbaycan siyasi palitrasının avanqardı, ölkəmizin və regionun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü tamam olur. Hesab edirik ki, YAP-ın yubileyi təkcə bu partiyada birləşən yüzminlərlə siyasi həmfikirlərimiz üçün deyil, bütövlükdə ölkəmizin ictimai-siyasi tarixində mühüm əhəmiyyət kəsb edən hadisədir. Çünki Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində uğurlu və şərəfli yol keçərək, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində, sosial-iqtisadi inkişafında, ölkəmizdə demokratik siyasi sistemin güclənməsində, vətəndaş həmrəyliyi və milli birliyin təmin olunmasında, həmçinin ən müxtəlif sahələrdə əldə olunan misilsiz nailiyyətlərdə özünəməxsus rol oynamışdır.

 

Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğmuşdur

 

Biz Yeni Azərbaycan Partiyasının zamanın təxirəsalınmaz tələbindən irəli gələrək ümumxalq partiyası kimi yaradıldığını qeyd edərkən, o dövrün ictimai-siyasi mühitinə istinad edirik. Bildiyimiz kimi, müstəqilliyinin bərpasının ilk illərində Azərbaycanda ciddi xaos və böhran baş vermiş, ölkəmizin müstəqilliyi böyük təhlükələr qarşısında qalmışdı. Ölkənin iqtisadiyyatı tamamilə dağıdılmış, bütün iqtisadi sistem iflic edilmiş, siyasi qrupların hakimiyyət uğrunda mübarizəsi vətəndaş qarşıdurmasına rəvac vermişdi. Digər tərəfdən, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti daha da genişlənmiş, ərazilərimiz bir-birinin ardınca düşmən işğalına məruz qalmışdı. Cəmiyyətdə ictimai münasibətlər normal məcrasından çıxmış, bütün sahələrdə gərginlik baş qaldırmış, əhalinin sosial durumu gündən-günə daha da ağırlaşmışdı.
Belə bir şəraitdə Azərbaycan xalqı öz xilasını görkəmli dövlət xadimi, təcrübəli siyasətçi və böyük azərbaycanlı Heydər Əliyevin simasında görmüş, yalnız Onun ölkəmizi bu ağır vəziyyətdən xilas edə biləcəyinə sonsuz inamını ortaya qoymuşdur. Bu məqsədlə ölkəmizin gələcək taleyini düşünən bir qrup ziyalı - "91-lər" xalqımızın istəklərini ifadə edərək, Ulu Öndər Heydər Əliyevə "Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir", - deyə müraciət ünvanlamışdır. Onlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü irəli sürmüş, bu məqsədlə Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşmişdilər. Ümummilli Lider Heydər Əliyev isə 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Yeni Azərbaycan Partiyasının yaradılmasının obyektiv zərurətdən doğduğunu bəyan etmişdir.
Hamımızın yaxşı xatirindədir ki, Yeni Azərbaycan Partiyasının yaradılması prosesi çox çətinliklə həyata keçirilmişdir. Həmin dövrdə hakimiyyətdə olan qüvvələr YAP-ın yaranmasının qarşısını almaq üçün hər cür təxribatlara əl atmış, bu təşəbbüsə qoşulan ziyalılarımıza qarşı təzyiqlər olmuşdur. Siyasi hakimiyyət Yeni Azərbaycan Partiyasının  təsis konfransının Bakıda keçirilməsinə imkan verməmiş, tədbir Naxçıvanda baş tutmuşdur. Beləliklə, 1992-ci ilin 21 noyabr tarixində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası təsis olunmuşdur. 
Ulu Öndər Heydər Əliyev ölkəmizdə mövcud olan ictimai-siyasi prosesləri çox dəqiq təhlil edərək, həmin dövrdə Azərbaycanda siyasi sistemi irəli aparacaq, normal, sivil münasibətlərin yaranmasına xidmət edəcək siyasi təşkilatın olmadığını görürdü. Ona görə də Ümummilli Lider "91-lər"in müraciətinə tarixi cavabında "Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər", - deyə vurğulamışdı. Yeni Azərbaycan Partiyası yaradılarkən qarşısına Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti quruculuğu ilə yanaşı, siyasi mühitin saflaşmasına və milli mənafelərə xidmət edən siyasi təşkilatların həyata vəsiqə almasına da öncüllük etmək missiyasını qoydu və Yeni Azərbaycan Partiyası siyasi sistemimizə yeni mədəniyyət və demokratik ənənələr gətirdi. Bu dəyərlər o zamana qədər siyasi mübarizəni dağıdıcılıq, hakimiyyətə gəlmək və hakimiyyətdə qalmaq uğrunda bütün qeyri-qanuni vasitələrə əl atan qüvvələrin nümayiş etdirdiyi destruktiv davranış formalarından kəskin fərqlənərək, milli birliyi, vəhdəti, ölkə qanunvericiliyinə və xalqımızın mənəvi dəyərlərinə uyğun fəaliyyəti özündə əxz etdirirdi. YAP müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətəndaş həmrəyliyi, sosial ədalət və bu kimi digər mühüm prioritetləri özünün əsas fəaliyyət prinsipləri olaraq elan etmiş, dövlətimizin həyata keçirdiyi tədbirlərə mühüm töhfələr vermişdir. Yarandıqdan qısa vaxt sonra Azərbaycan xalqının Ulu Öndərə dərin inam və etimadı sayəsində Yeni Azərbaycan Partiyasına ictimai maraq gündən-günə daha da genişlənmiş, respublikanın bütün bölgələrində onun yerli təşkilatları yaranmış və YAP siyasi palitranın ən güclü təşkilatı kimi özünü təsdiq etmişdir. Heydər Əliyev ideyalarına, Ulu Öndərin müəyyənləşdirdiyi prinsiplərə sadiqlik partiyamızın uğurlarının təməlində duran əsas amillərdən biridir.

 

Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol

 

1993-cü il iyun ayının 15-də Ulu Öndər Heydər Əliyevin Ali Sovetin Sədri seçilməsi ilə Azərbaycanın dövlət müstəqilliyinin xilası başlandı. Milli Qurtuluş Günü kimi xarakterizə etdiyimiz bu tarixdən etibarən Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycanda hərc-mərclik, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, sabitlik bərpa olundu. 1993-cü il oktyabr ayının 
3-də keçirilən prezident seçkilərində Ulu Öndər Heydər Əliyev xalqımızın mütləq əksəriyyətinin səsini qazanaraq prezident seçildi. Ümummilli Liderin rəhbərliyi ilə qısa müddətdə yeni demokratik dövlət quruculuğu prosesinə, bütün sahələri əhatə edən genişmiqyaslı islahatlara start verildi. Azərbaycanın bu gün əldə etdiyi uğurların təməlində dayanan yeni neft strategiyası həyata keçirilməyə başlandı, Azərbaycan Respublikasının Konstitusiyası hazırlandı və qəbul olundu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Təbii ki, Yeni Azərbaycan Partiyası bu prosesdə mühüm rol oynamışdır. YAP cəmiyyətin vahid amal və dövlətçilik ideyası ətrafında səfərbər olunmasında, xalqın sarsılmaz birliyinin təmin olunmasında, o cümlədən islahatların həyata keçirilməsində üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirmişdir.
Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi təsis edilmişdir. O dövrün siyasi hakimiyyətinin təzyiqlərinə, YAP-ın fəaliyyətinə yaradılan bütün qeyri-qanuni maneələrə baxmayaraq, partiyamız Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə təşkilatlanaraq, siyasi sistemin əsas güc mərkəzinə çevrilməyə nail olmuşdur. Ümummilli Liderin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ilə Yeni Azərbaycan Partiyası həm də iqtidar partiyası mövqeyinə yüksəlmişdir. Bununla YAP Azərbaycanda sivil yolla mübarizə aparmaq, hakimiyyətə gəlmək örnəyi nümayiş etdirmiş, demokratik nümunə yaratmışdır. Partologiya tarixində çox nadir rast gəlinən hallardan biridir ki, bir siyasi təşkilat yaradılandan altı ay sonra iqtidar partiyasına çevrilə bilsin. Bu, Yeni Azərbaycan Partiyasının qələbələr salnaməsi olan 30 illik şərəfli tarixinin ilk böyük qələbəsi olmuşdur. Sonrakı illərdə YAP ölkəmizdə keçirilən bütün seçkilərdə qələbə qazanaraq, siyasi arenadakı mövqeyini daha da möhkəmləndirmişdir və bu gün partiyamız ictimai rəydə haqlı olaraq, qələbələr partiyası kimi xarakterizə olunur. 

 

Dünənin, bu günün və gələcəyin partiyası

 

Biz bilirik ki, hər bir inkişaf özlüyündə yeni şərtlər formalaşdırır. Cəmiyyətlərin inkişafı da yeni çağırışlar, yeni tələblər meydana çıxarır. Ona görə də bir siyasi təşkilatın uğurları, onun siyasi sistemdə mövqeyini qoruması və gücləndirməsi əhəmiyyətli dərəcədə öz fəaliyyətini dəyişən zamanın və yeni formalaşan şərtlərin tələblərinə uyğunlaşdırmasından asılıdır. Yeni Azərbaycan Partiyası 30 illik fəaliyyəti dövründə ictimai maraqlara uyğun fəaliyyət göstərməklə yanaşı, zamanın da nəbzini tutmuş, öz fəaliyyətini daim təkmilləşdirmişdir. Yeni Azərbaycan Partiyasının bu gün siyasi sistemimizin lokomotivi olmasını şərtləndirən mühüm amillərdən biri də məhz budur. 
Siyasi səhnəyə "Yeni, müstəqil Azərbaycan uğrunda" şüarı ilə ayaq basan YAP Ulu Öndər Heydər Əliyevin Azərbaycanı yenidən inşa etməsində, müasir, müstəqil dövlət quruculuğu prosesində fəal rol oynamışdır. Bununla yanaşı, YAP cəmiyyətə hər zaman yenilikləri təqdim edən siyasi təşkilat kimi özünü təsdiq etmişdir. Bu mənada partiyanın qurultaylarının və bu qurultayların qəbul etdiyi qərarların xüsusi əhəmiyyəti vardır. 1999-cu ildə keçirilən ilk qurultaydan bəri Yeni Azərbaycan Partiyasının təkcə üzvlərinin sıraları əhəmiyyətli dərəcədə genişlənməmiş, eyni zamanda YAP öz fəaliyyətini nəzərəçarpacaq dərəcədə yeniləmiş, daha da güclənərək nəinki ölkəmizin, eləcə də regionun ən böyük siyasi təşkilatına çevrilmişdir. Əlbəttə, burada ilk növbədə partiyamızın yaradıcısı Ulu Öndər Heydər Əliyevə Azərbaycan xalqının sonsuz etimadı və sevgisi başlıca faktor kimi çıxış etmişdir. Bununla yanaşı, partiyamızın inkişafına xidmət edən obyektiv və düzgün qərarların qəbul olunması  onun gücünü və nüfuzunu ildən-ilə artırmış, milli dövlətçilik naminə fəaliyyətinin daha da genişlənməsinə rəvac vermişdir. Xüsusilə möhtərəm Prezident İlham Əliyevin YAP-ın 1999-cu ildə keçirilən birinci qurultayında partiyanın Sədr müavini, 2001-ci ildə keçirilən ikinci qurultayında isə partiya Sədrinin birinci müavini seçilməsi partiyaya yeni nəfəs vermiş, partiyamızın sıralarının daha da genişlənməsini şərtləndirmişdir.
Beləliklə, 1993-2003-cü illər Azərbaycanın müstəqillik tarixinə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə dövlət müstəqilliyinin xilas edilməsi və qorunması, ölkəmizin inkişafının möhkəm təməllərinin yaradılması mərhələsi kimi daxil olmuşdur. Bu illər ərzində Yeni Azərbaycan Partiyası da Azərbaycanın inkişaf siyasətində mühüm rol oynamış, ölkəmizdə sabitliyin və vətəndaş həmrəyliyinin güclənməsinə müvafiq töhfələr vermiş, Heydər Əliyev siyasətinin və bu siyasi kursun xalqımıza qazandırdığı misilsiz nailiyyətlərin əsas təbliğatçısı olmuşdur.

 

Ölkəmizin və Yeni Azərbaycan Partiyasının inkişafında yeni mərhələ

 

2003-cü ildə Ulu Öndər Heydər Əliyevin layiqli varisi, onun dövlətçilik məktəbinin ən layiqli yetirməsi cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin inkişaf tarixində yeni mərhələnin əsasını qoymuşdur. Ali hakimiyyət kürsüsündə Heydər Əliyev siyasətini böyük müvəffəqiyyətlə davam etdirən möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurla inkişaf etmiş, yeni və müasir mərhələdə qarşısında duran bütün vəzifələri layiqincə yerinə yetirmişdir. Həyata keçirilən çoxşaxəli, səmərəli siyasət Azərbaycanın iqtisadi qüdrətinin artmasını təmin etmiş və Azərbaycan dünyada iqtisadiyyatı sürətlə inkişaf edən ölkələrdən birinə çevrilmişdir. Sosial sahədə, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər ölkəmizdə işsizliyin, yoxsulluğun səviyyəsinin minimuma enməsini, əhalinin gəlirlərinin əsaslı şəkildə artmasını təmin etmişdir. Ölkənin təhsil, mədəniyyət, səhiyyə, idman infrastrukturu tamamilə yenilənmiş və müasirləşdirilmişdir. 
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın neft strategiyası müasir mərhələdə möhtərəm Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə yerinə yetirilərək, yeni nəhəng enerji layihələri həyata keçirilmiş, Azərbaycan Avropanın enerji xəritəsini dəyişdirmişdir. Ölkəmizin yaratdığı nəhəng nəqliyyat habı daha geniş coğrafiyada kommunikasiya marşrutlarının və imkanlarının genişlənməsini və şaxələndirilməsini təmin etmişdir. Azərbaycan fəal xarici siyasət həyata keçirmiş, beynəlxalq mövqeləri möhkəmlənmiş, ölkəmiz BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və digər mühüm beynəlxalq təşkilatlara uğurla sədrlik etmişdir. Beləliklə, mürəkkəb bir regionda yerləşməsinə baxmayaraq, dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biri kimi xarakterizə olunan Azərbaycan bəzi dövlətlərin əsrlərboyu əldə edə bilmədiyi nailiyyətləri dövlətçilik baxımından çox qısa bir müddətdə qazanmışdır.
Qeyd etməliyik ki, bu dövr Yeni Azərbaycan Partiyasının həyatında da çox böyük uğurlarla zəngin olan yeni mərhələnin əsasının qoyulması ilə müşayiət olunmuş, 2005-ci ildə keçirilən üçüncü qurultayda möhtərəm Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının Sədri seçilməsi ilə YAP yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu illərdə Yeni Azərbaycan Partiyasının sıraları daha da genişlənmiş və bu gün 770 min nəfərdən çox üzvü olan böyük bir siyasi təşkilata çevrilmiş, onun beynəlxalq əlaqələri kifayət qədər güclənmiş, bir sıra ölkələrin siyasi partiyaları ilə geniş əlaqələr qurulmuş, beynəlxalq təşkilatlarda uğurla təmsilçilik həyata keçirilmişdir. 
Yeni Azərbaycan Partiyasının güclənməsində, ona ictimai marağın daha da artmasında əhəmiyyətli faktorlardan birinə də diqqət çəkmək lazımdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyasının 2013-cü ildə keçirilən V qurultayında partiyamızın Sədr müavini seçilməsi, 2021-ci ildə keçirilən VII qurultayda isə YAP Sədrinin birinci müavini təyin edilməsi Yeni Azərbaycan Partiyasının inkişaf tarixində vacib amillərdən biri kimi dəyərləndirilməlidir. Bildiyimiz kimi, hörmətli Mehriban xanım Əliyeva özünün çoxşaxəli fəaliyyəti ilə həm Azərbaycanın sosial-iqtisadi inkişafına, ölkəmizdə humanitar məsələlərin böyük uğurla həllinə, həm də Azərbaycan tarixinin, mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin dünyada təbliğ olunmasına müstəsna töhfələr verir. Təbiidir ki, onun misilsiz xidmətləri hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir. Bu gün hörmətli Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunması, onun partiya Sədrinin birinci müavini kimi fəaliyyəti həm də YAP-a cəmiyyətimizin etimadının, ona beynəlxalq marağın daha da artmasını təmin etmişdir.

 

Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır 

 

Şübhə yoxdur ki, əldə olunan misilsiz nailiyyətlər silsiləsində 2020-ci ildə Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər dövlətçilik tariximizin ən böyük qələbələrindən biridir və xalqımızın çoxəsrlik tarixində öz şərəfli yerini almışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu Zəfər sayəsində Azərbaycan 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımızı azad edərək həm tarixi ədaləti, həm də ərazi bütövlüyümüzü bərpa etmiş, BMT Təhlükəsizlik Şurasının uzun illər ərzində kağız üzərində qalan qətnamələrini öz gücü, qüdrəti hesabına həyata keçirmişdir. Bu şanlı qələbə regionda yeni vəziyyət yaratmış, dövlətimiz qarşısında yeni vəzifələr müəyyənləşdirmişdir. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq, bərpa işləri həyata keçirilir, işğal dövründə tamamilə dağıdılmış şəhər və rayonlarımız, kəndlərimiz bərpa edilir, infrastruktur layihələri reallaşdırılır, yeni yollar çəkilir, hava limanları tikilir. Azərbaycan xalqının tarixi torpaqlarına Böyük qayıdışının əsası qoyulub və bu proses gələcəkdə daha sürətlə həyata keçiriləcək. Əminik ki, yaxın gələcəkdə bu ərazilər ölkəmizin dilbər guşələrindən birinə çevriləcək. Bu işlərdə cəmiyyətmizin hər bir üzvünün, o cümlədən Yeni Azərbaycan Partiyasının fəallarının da üzərinə həm böyük vəzifələr, həm də böyük məsuliyyət düşür.
Yeni Azərbaycan Partiyası təkcə ölkəmizin sosial-iqtisadi inkişafında mühüm rola malik deyil. YAP hakim partiya olaraq, Azərbaycanda siyasi islahatların da uğurla həyata keçirilməsinə öz töhfəsini verməkdədir. Bildiyimiz kimi, ölkəmizdə son dövrlərdə siyasi sahədə ciddi islahatlar aparılmış və siyasi dialoq mühiti əhəmiyyətli dərəcədə gücləndirilmişdir. Milli birliyin möhkəmləndirilməsi, dövlətçilik mənafelərinin qorunması baxımından vacib olan bu prosesdə YAP-ın fəallığı həm cəmiyyətimiz tərəfindən alqışlanır, həm də siyasi sistemin tərkib elementləri olan siyasi partiyalar Yeni Azərbaycan Partiyasının təşəbbüslərini təqdir edir.
Yeni Azərbaycan Partiyasını ümumxalq partiyası kimi xarakterizə etməyə imkan verən digər mühüm amil isə onun cəmiyyətin bütün təbəqələrindən olan sağlam düşüncəli, vətənpərvər insanları birləşdirməsidir. YAP-ın çoxminli üzvləri sırasında Azərbaycan dövlətçiliyi, cəmiyyəti qarşısında müəyyən xidmətlər göstərmiş dəyərli ziyalılar, tanınmış elm və mədəniyyət xadimləri, müxtəlif sahələrdə özlərini təsdiq etmiş təcrübəli insanlarla yanaşı, savadlı, bilikli, vətənpərvər gənclər də  kifayət qədər yer tutur. YAP bu cür gənclərə geniş meydan verir, onlara özlərini təsdiq etmək üçün imkanlar təklif edir.

Böyük məmnunluqla qeyd edə bilərik ki, tarixin ən qüdrətli Azərbaycanının ən qüdrətli partiyası olan Yeni Azərbaycan Partiyası yarandığı gündən Azərbaycan dövlətçiliyinə və xalqımıza ləyaqətlə xidmət edir. Bu gün isə yeni mərhələdə həm dövlətimizin, həm də partiyamızın qarşısında yeni vəzifələr dayanır. Və əminik ki, möhtərəm Prezident, partiyamızın Sədri cənab İlham Əliyevin dediyi kimi, Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.

Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video