23 Dekabr 2022 01:57
1229
SİYASƏT
A- A+

Qlobal miqyaslı Lider

 

İnsan cəmiyyətinin inkişafı bütün dövrlərdə Lider amili ilə bağlı olub. Toplumun özünü dərki, hədəflərinin müəyyənləşdirilməsi, birgəyaşayış qaydalarını seçməsi və birgə maraqlar naminə səfərbər olunması Liderin üzərinə düşən vəzifələrin yalnız bir hissəsidir. 
Lakin onun rolu və tarixi missiyası miqyas etibarilə daha geniş, mahiyyət baxımından daha əhəmiyyətli olması ilə seçilir. Xalqların, ölkələrin, dövlətlərin tarixini dahi şəxsiyyətlər olan liderlərin həyatı və fəaliyyətindən ayrılıqda təsəvvür etmək mümkün deyil. Azərbaycanın şərəfli tarixinin müəllifləri olmuş dahi şəxsiyyətlərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin Liderliyinin miqyası və möhtəşəm nəticələri nəinki xalqımızın qürur mənbəyi, habelə müasir dünyanın diqqətəlayiq siyasi fenomeni kimi qəbul olunmaqdadır.

 

Möhtəşəm inkişaf illəri

 

Ötən əsrin 90-cı illərinin sonu - XXI əsrin əvvəllərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan artıq müstəqil dövlətini qurmuş, etibarlı sabitliyi təmin etmiş, iqtisadi dirçəlişə təkan verən islahatları uğurla həyata keçirmişdi. Əsrin neft müqaviləsi imzalanmış və Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri inşa edilmişdi, neft müqavilələri ilə nəzərdə tutulan ilk neftin dünya bazarına çıxarılmasına isə sayılı günlər qalmışdı. Azərbaycanın yeni inkişaf mərhələsinə daxil olduğunu sübuta yetirən bütün əlamətlər yetişmişdi. Gənc ölkəni yeni gələcək gözləyirdi və o, əfsanəvi gələcəyinə doğru həlledici sıçrayışını etməyə hazırlaşırdı.
Ölkəmizin yeni böyük inkişaf mərhələsinə keçidi ilə 2003-cü ilin prezident seçkilərinin eyni vaxta təsadüf etməsi, düşünürəm ki, dərin simvolik məna yükü daşıyır. Heydər Əliyevin titanik səyləri və müdrikliyinin nəticəsi olan möhtəşəm inkişaf fundamenti üzərində yeni iqtisadi və sosial sıçrayış haqqının Ulu Öndərin siyasi varisinin adına yazılması talenin və xalqın hökmünə verilmişdi. Sevindirici haldır ki, 10 ildən sonra xalqın növbəti seçimi Azərbaycanın indiki yüksəlişinə meydan açdı, ölkə möhtəşəm inkişaf illərinə daxil oldu.
Azərbaycanın son 30 illik tarixinin 1993-2003-cü illəri sabitliyin qərarlaşması, müstəqil dövlətçiliyin qurulması və gələcək iqtisadi inkişafın təməlinin yaradılması dövrü kimi səciyyələnirsə, 2003-cü ildən sonra başlayan dövr bir qayda olaraq möhtəşəm yüksəliş illəri adlandırılır. 2003-cü ildən etibarən müşahidə edilən sürətli inkişafın ən parlaq ifadəsi Azərbaycan iqtisadiyyatının illərlə davam edən ikirəqəmli yüksəlişi sayılır. Cəmi bir neçə il ərzində ölkənin iqtisadiyyatı üç dəfədən çox artdı, Azərbaycan beynəlxalq hesabatlarda ən dinamik iqtisadiyyatı olan ölkə reytinqi qazandı. Möhtəşəm iqtisadi yüksəlişin əsasını təşkil edən başlıca amillərdən biri dünya bazarına çıxarılan karbohidrogen ehtiyatları ilə əlaqədardırsa, digər fundamental bünövrə qeyri-neft sahəsində baş verən canlanma hesab edilə bilər. 
İlham Əliyevin 2003-cü ilin prezident seçkilərində bəyan etdiyi proqramda yer alan 5 ildə 600 min yeni iş yerinin yaradılması konsepsiyası ölkədə genişmiqyaslı sosial layihənin əsasını təşkil etməklə bərabər, həm də iqtisadi inkişafın ciddi şəkildə stimullaşdırılması effektini təmin etdi.
Möhtəşəm iqtisadi inkişafın başlıca qayəsi neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində ölkəyə daxil olan böyük maliyyə vəsaitlərinin ən səmərəli şəkildə istifadəsində ifadə olunurdu. Yaranan yeni imkanlardan daha faydalı şəkildə istifadə edilməsini nəzərdə tutan strategiya işlənib hazırlanmadan gələcəyin güclü və firavan Azərbaycanının qurulması təmin edilə bilməzdi. Məmnunluq hissi ilə qeyd edilməlidir ki, Prezident İlham Əliyev böyük neft pullarından həm iqtisadi, həm də sosial baxımdan ən səmərəli şəkildə istifadə edilməsinin optimal konsepsiyasını hazırlamağa müvəffəq oldu.
Ölkənin qədəm qoyduğu XXI əsrin əvvəllərində Azərbaycan iqtisadiyyatının yeni inkişaf mərhələsinə keçməsi onun gələcək tərəqqisinin zəruri şərti kimi qəbul olunurdu. Yuxarıda qeyd edilən 5 ildə 600 min iş yerinin açılması proqramı həmin zərurətin dərk edilməsinin aydın ifadəsi sayıla bilər və sayılmalıdır. Lakin aydın şəkildə dərk edilən digər həqiqət ondan ibarət idi ki, bəyan edilən proqramın yerinə yetirilməsi əsaslı infrastruktur layihələri olmadan baş tuta bilməzdi. Enerji sisteminin yenidən qurulması, nəqliyyat sektorunun inkişafı, yol-kommunikasiya sahəsində genişmiqyaslı layihələrin reallaşdırılması, iqtisadiyyatın canlandırılması üçün lazım olan digər proqramların işlənib hazırlanması bu baxımdan tarixi əhəmiyyət kəsb edirdi. Beləliklə, yeni əsrin ilk onilliyində neft strategiyasının yaratdığı geniş imkanlar düşünülmüş iqtisadi yüksəliş strategiyasının sayəsində çoxşaxəli sosial-iqtisadi inkişaf mənzərəsinin meydana gəlməsində özünün təcəssümünü tapmış oldu.
Vurğulanması faydalı olan digər həqiqət odur ki, neft gəlirləri və infrastruktur layihələri dərin sosial layihələrin həyata keçirilməsinə zəmin yaratmışdı və çox qısa zaman içərisində insanların yaşayış səviyyəsinin ciddi şəkildə yüksəlməsi aydın müşahidə edilirdi. Maaşların hiss olunan dərəcədə artırılması, sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsi, səhiyyənin inkişafı, mənzil inşaatının miqyaslarının genişləndirilməsi və sair sosial inkişafın ümumi mənzərəsini formalaşdıran addımların heç də tam siyahısı deyil. Beynəlxalq reytinq mərkəzlərinin əksəriyyətinin və çoxsaylı ekspertlərin Azərbaycanı dünyanın ən uğurlu gənc dövləti kimi qiymətləndirməsi ölkəmizin XXI əsrin ilk onilliklərində Prezident İlham Əliyevin rəhbərliyi altında sıçrayışlı inkişafının ifadəsi sayıla bilər. 
Bugünkü Azərbaycanı və onun möhtəşəm inkişafını nə ötən əsrin 90-cı illərinin ikinci yarısına təsadüf edən sosial-iqtisadi proseslərdən, nə də XXI əsrin ilk illərində qazanılan uğurlardan ayrılıqda təsəvvür etmək mümkündür. Düzgün yanaşma yalnız o həqiqətin dərk edilməsi sayılmalıdır ki, sözügedən inkişaf illəri və onların yekunları ölkəmizin mövcud durumunun formalaşmasının etibarlı əsası rolunu oynamışdır və bir sıra hallarda hazırda da oynamaqdadır. 

 

Böyük islahatların nəticələri

 

Qlobal inkişafın başlıca meyillərindən biri milli iqtisadiyyatlar arasında rəqabətin davamlı olaraq dərinləşməsində ifadə olunur. Dünya ictimai tərəqqinin yeni fazasına xas olan dinamizmin birbaşa təsiri altında yaşamaq zorundadır. Dövlətlərin sərvətlərinin və insanların həyat keyfiyyətini yaxşılaşdırmağın başlıca mənbəyini müasir texnologiyalar təşkil etməyə başlamışdır. Buna uyğun olaraq dövlətlərarası iqtisadi rəqabət mübarizəsinin mərkəzində əhəmiyyətli tektonik dəyişikliklər müşahidə olunmaqdadır. İslahatların yeni mərhələsi, iqtisadi və sosial idarəçilik metodlarının təkmilləşdirilməsi öz aktuallığını nəinki qoruyub saxlayır, hətta onun daha da artması müşahidə olunur. Azərbaycanın beynəlxalq inteqrasiyasının obyektiv olaraq güclənməsi, qlobal iqtisadi rəqabət mübarizəsində iştirakçılıq səviyyəsinin dərinləşməsi onun iqtisadi və sosial islahatların yeni fazasına daxil olmasını qaçılmaz zərurətə çevirmişdir. Ölkəmizin yaşadığımız əsrin ikinci onilliyinin ortalarından başlayaraq hələ də davam etməkdə olan dərin, hərtərəfli islahatlar zolağına daxil olması hər şeydən əvvəl bu deyilənlərlə izah edilə bilər. 
Azərbaycanın müasir inkişaf mərhələsini səciyyələndirən yeni islahatlar dalğası hər şeydən əvvəl iqtisadi sektorun şaxələndirilməsi kimi aktual vəzifənin həllində təcəssümünü tapır. Zəngin karbohidrogen ehtiyatlarının ixracına əsaslanan iqtisadiyyatın öz yerini tədricən hazır məhsul ixracını nəzərdə tutan iqtisadiyyata təhvil verməsi şaxələnmə strategiyasının başlıca hədəfi və istiqaməti olaraq dərk edilməkdədir. Bir sıra ən müasir texnologiyalar əsasında neft və kimya məhsulları istehsal edən müəssisələrin meydana gəlməsi qeyd olunan strategiyanın uğurla həyata keçirilməsinin ilk, lakin böyük ümid verən cücərtiləridir. Hesab etmək olar ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası öz həyatının yeni dövrünə qədəm qoymaqdadır. Yaxın bir neçə onillikdə ölkəmizin neft sənayesinin mənzərəsini təyin edən parametrlərin satılan xammalda deyil, ixrac edilən hazır məhsulda ifadə olunmağına ümid etmək mümkündür. Sənayemizin dərin keyfiyyət dəyişiklikləri və dünya iqtisadiyyatında etibarlı yer tuta bilməsi də həmin vəzifənin uğurla icra edilməsindən asılı olacaqdır. Qlobal istiləşməyə qarşı mübarizənin getdikcə güclənməsi şəraitində zəngin karbohidrogen ehtiyatlarımızın ən faydalı şəkildə istifadəsinin daha səmərəli formasını təsəvvür etmək sadəcə olaraq mümkün deyil. 
Azərbaycanın coğrafi mövqeyinin iqtisadi amilə çevrilməsi islahatların indiki mərhələsinin ümidverici meyillərindən biri, bəlkə də birincilərindən biri hesab oluna bilər. Qeyd olunan konsepsiyanın faydalılıq əmsalı barəsində Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi və gətirdiyi iqtisadi dividendlər timsalında fikir yürütmək mümkündür. Azərbaycan hökumətinin portfelində beynəlxalq nəqliyyat-kommunikasiya layihələrinin siyahısının kifayət qədər geniş olması nəzərə alındıqda bu layihələrin iqtisadi səmərəsinin miqyasını təsəvvür etmək çətin deyildir. "Şimal-Cənub", "Qərb-Şərq" nəqliyyat dəhlizlərinin istifadəyə verilməsi, mövcud olan neft və qaz ixrac kəmərlərinə üçüncü dövlətlərin qoşulmaq ehtimallarının artması, Azərbaycanın Şərqlə Qərbin yeni tarixi şəraitdə ticarət əlaqələrinin genişlənməsinə imkan yaradan "Bir kəmər, bir yol" beynəlxalq kommunikasiya layihəsinə qoşulmaq şansının yüksək olması, Xəzər Dəniz Neft Terminalının yaradılması və bu kimi digər layihələr ölkə iqtisadiyyatının yeni mənzərəsinin ayrı-ayrı fraqmentləridir. 
İqtisadi idarəetmənin yeni formalarına meydan verilməsi, iqtisadiyyatın açıqlılığının daha yüksək pilləsi kimi nəzərdə tutulan azad iqtisadi zona rejiminin formalaşdırılması, sənaye parklarının açılması müasir iqtisadi islahatların daha bir formasını təşkil edir. İqtisadi inkişaf mexanizmlərinin bu yeni formaları xarici sərmayələrin cəlb edilməsindən tutmuş yüksəkkeyfiyyətli, rəqabətqabilliyyətli məhsul istehsalını nəzərdə tutan istehsal kooperasiyalarının meydana gəlməsinə təkan verməkdədir. Səmərəlilik əmsalı şübhə doğurmayan və sayı durmadan artmaqda olan aqrokomplekslər iqtisadi islahatların məhsulu olan yeni təsərrüfatların siyahısını uğurla tamamlamaqdadır. 
Dünyanın daha çox gələcək iqtisadi inkişaf trendini təşkil edən rəqəmsallaşma və ona əsaslanan texnologiyaların tətbiqinə rəvac verilməsi Azərbaycanda yeni islahatlar fazasının ən mühüm, ən perspektivli istiqaməti hesab olunur. Ölkəmizin süni peyk dövlətləri klubunda yer tutması, "ağıllı texnologiya"lara əsaslanan istehsal sahələrini inkişaf etdirməsi, günəş və külək enerjisi kimi bərpaolunan enerji növlərindən istifadəyə hazırlaşması və s. digər yüksəktexnologiyalı, süni intellektə əsaslanan iqtisadiyyat sahələrinin yaradılmasına böyük sərmayə yatırması texnoloji keçid mərhələsinin aydın görünən əlamətləridir. 
Yeni iqtisadi metodların tətbiq edilməsinə əsaslanan müasir iqtisadi islahatlar nəinki ölkəmizin iqtisadi mənzərəsini kökündən dəyişir, onun gələcəyinə etibarlı zəmin hazırlayır, həm də beynəlxalq reytinq mərkəzlərinin diqqətindən yan ötməmişdir. İndi Azərbaycan dünyanın ən çox islahatlar həyata keçirən ölkələrindən biri sayılır, onun təcrübəsi beynəlxalq səviyyədə təqdir edilir, bir sıra ölkələrdə öyrənilir və tətbiq olunur. Azərbaycanda Davos İqtisadi Forumunun regional şöbəsinin yaradılması, beşinci texnoloji inqilab məsələləri üzrə mərkəzin təsis edilməsi barədə qərarların qəbul edilməsi iqtisadi və texnoloji islahatlar sahəsində əldə edilən böyük uğurlara beynəlxalq səviyyədə verilən yüksək qiymətin bariz nümunələridir. 
İşğaldan azad olunan ərazilərin yenidən qurulması Azərbaycanın müasir həyatının yeni mərhələsi olmaqla yanaşı, eyni zamanda iqtisadiyyatın növbəti sınağı kimi qiymətləndirilə bilər. Ölkə ərazisinin səkkizdəbirinin (təxminən 13 faizinin) bütünlükdə yenidən qurulması, yüz minlərlə insanın yaşayışının təmin edilməsi nəhəng miqyasda maddi vəsait tələb edir. İlkin hesablamalara görə, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların normal həyat şəraitinin təmin edilməsi xərcləri bir neçə 10 milyard tələb edən qlobal layihə olacaqdır. Ərazinin erməni silahlılarının minalarından təmizlənməsinə xərclənməli olan vəsait də buraya əlavə edildikdə, Azərbaycan hökumətinin xərclərinin daha bir neçə 10 milyard artması qaçılmazdır. 
Qeyd edilənlərlə yanaşı, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması ölkə iqtisadiyyatının müasir texnologiyaların tətbiqinə hazırlıq dərəcəsinə özünəməxsus baxış kontekstində nəzərdən keçirilə bilər. İşğaldan azad edilmiş ərazilərdə ən müasir məskunlaşma formalarına cavab verən "ağıllı şəhər" və "ağıllı kənd"lərin salınması ən yeni texnologiyalardan istifadə edilməsi sayəsində mümkündür. Bu mənada Qarabağ ən qabaqcıl texnologiyaların həyata vəsiqə aldığı yeni iqtisadi modelin sınaqdan çıxarıldığı istehsalat meydanı rolunu oynayacaqdır. 
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın inamla yeni iqtisadi modelə və reallıqlara keçidi müşahidə olunmaqdadır. Bu keçidin zəruri məntiqi nəticəsinin ölkənin keyfiyyətcə yeni sosial reallıqlarının formalaşması, insanların həyatının köklü surətdə yaxşılaşması olacağına dərin inam mövcuddur. Deməli, Prezident İlham Əliyevin Azərbaycanının müasir mənzərəsinin fundamental ölçüsü iqtisadi keçid olmaqla yanaşı, həm də sosial keçid sayılmalıdır və sayılır. 

 

İlham Əliyevin zəfəri və onun yaratdığı reallıqlar

 

Azərbaycanın dinamik inkişafı məntiqi olaraq ölkənin həyatının bütün sahələrində möhtəşəm dəyişikliklərlə müşayiət olunmaqda, dövlətin qüdrətinin və beynəlxalq nüfuzunun güclənməsinə etibarlı əsaslar yaratmaqdadır. "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" deyən Ulu Öndərin müdrik sözləri Azərbaycanın son illər ərzində müşahidə etdiyimiz ümumi və hərtərəfli yüksəlişində, müasirləşməsində və modernləşməsində özünün daha bir əyani təsdiqini tapır.
Ölkəmizin artan iqtisadi imkanlarının yaratdığı yeni reallıqlar sırasında ordumuzun güclənməsi, döyüş qabiliyyətinin artmasına səbəb olan müasir silah və sursatlarla təchiz edilməsi ayrıca vurğulanmağa layiqdir. Torpaqları uzunsürən işğal altında olan və münaqişəni danışıqlar, beynəlxalq hüquq çərçivəsində yoluna qoymaq cəhdləri uğursuzluğa düçar olan dövlətin ədalətin bərpası naminə ümid bəsləyəcəyi son ünvan ordusu, onun döyüş qabiliyyəti, döyüşçülərin mətanəti və qəhrəmanlığı olur. Ona görə də Prezident İlham Əliyevin Azərbaycanın artan iqtisadi imkanlarından faydalanmaq prioritetləri sırasında Silahlı Qüvvələrin əsas yerlərdən birini tutması həm daxili auditoriya, həm də xarici dairələr tərəfindən daim anlayışla qarşılanmışdır. Onun ölkənin hərbi büdcəsini qısa vaxtda təcavüzkar Ermənistanın dövlət büdcəsi səviyyəsinə çatdırmaq siyasətinin əsasını məhz bu amilin təşkil etdiyi şübhə doğurmur. 
Tarixi ədaləti bərpa etmək, ölkənin dövlət təhlükəsizliyinin etibarlı təminatını yaratmaq məqsədilə Silahlı Qüvvələrin döyüş qabiliyyətinin gücləndirilməsi siyasəti qısa vaxtda öz bəhrəsini verdi. Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında şərəfli yerə - 50-ci pilləyə yüksəldi. Ən başlıcası, haqqında danışdığımız strateji seçimin həyati doğruluğu özünü çox gözlətmədi. 2020-ci ilin 44 günlük qalibiyyətli müharibəsinin başlıca arqumentinin qəhrəman Azərbaycan Ordusu olması hamılıqla qəbul edilən gerçəklikdir. Aydındır ki, ölkə iqtisadiyyatının imkanları artırılmadan 30 illik işğala son qoyan qalibiyyətli müharibəni aparmağa qadir olan ordu da yaranmazdı.
Möhtəşəm qələbənin qazanılmasında şanlı Silahlı Qüvvələrin həlledici rolunu bir daha vurğulamaqla, Qarabağın işğaldan azad olunmasının əsaslarını təşkil edən digər amillərin də qeyd olunmasına ehtiyac var. Bu sırada hər şeydən öncə Prezident İlham Əliyevin sərkərdə qabiliyyəti, strateji qərarlar qəbul etmək məharəti, hərbi əməliyyatlar zamanı orduya bacarıqla rəhbərlik etmək istedadı dayanır. Görünən odur ki, Prezident İlham Əliyev addım-addım Azərbaycan Ordusunun döyüş qabiliyyətini artırmaqla yanaşı, qələbənin təmin edilməsində heç də az rol oynamayan daxili və beynəlxalq məqamın seçilməsi kimi həssas vəzifənin də öhdəsindən bacarıqla gələ bilmişdir. Prezident İlham Əliyevin tarixi qələbəni təmin edən hərbi strategiyasının xüsusi vurğulanmalı olan digər tərkib hissəsi qismində milli həmrəyliyin, xalqla ordunun sıx birliyinin təmin edilməsi göstərilməlidir. On minlərlə könüllünün müharibə dövründə cəbhəyə yollanması, böyük döyüş qəhrəmanlıqları nümayiş etdirməsi, əhalinin bütün təbəqələrinin hökumətin siyasətini və ordunu dəstəkləməsi zəfərin hərbi, siyasi və ideoloji mənbələri sırasında heç də sonuncu yeri tutmur. İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Qarabağın azadlığı yolunda canından keçməyə hazır olan və canından keçən vətəndaşlarımızın əksəriyyətinin 20-25 yaşda olması cəmiyyətimizin və müstəqil dövlətçiliyimizin daha bir keyfiyyətindən - gənclərimizin milli vətənpərvərlik tərbiyəsindən, xalqımızın mənəvi saflığından və ucalığından xəbər verir. 
Prezident İlham Əliyevin zəfəri Cənubi Qafqazda İlham Əliyev siyasətinin tarixi reallıqlarının formalaşması ilə müşayiət olunur. Postmüharibə dövrünün ən mühüm reallığının 30 il ərzində işğal altında qalan Qarabağın və Şərqi Zəngəzurun azad edilməsində təcəssüm tapdığını sübuta yetirməyə ehtiyac yoxdur. Söhbət ölkə ərazisinin təxminən 20 faizinin azad olunmasından, yüz minlərlə məcburi köçkünün statusunda dəyişikliklərin baş verilməsi ilə yanaşı, illərlə istifadəsiz qalan torpaqların kənd təsərrüfatı məqsədləri ilə işlənməsi imkanlarının meydana gəlməsindən gedir. Sadalananlara tarixi qələbənin Azərbaycan vətəndaşlarında yaratdığı milli qürur və iftixar hissi də əlavə oluna bilər və düşünürəm ki, əlavə olunmalıdır. Azərbaycanın qalib dövlət, azərbaycanlıların qəhrəman xalq statusunun təsdiqini tapması, heç şübhəsiz, postmüharibə dövrünün mənəvi-psixoloji reallığı adlandırılmağa layiqdir. 
Regionun hərbi-siyasi mənzərəsinin köklü surətdə dəyişməsi, yeni sülh və birgəyaşayış imkanlarının açılması, iqtisadi, ticarət, kommunikasiya əlaqələrinin fərqli parametrlərinin  meydana gəlməsi və s. amillər İkinci Qarabağ müharibəsinin Cənubi Qafqazın həyatına gətirdiyi reallıqların digər dəstini təşkil edir. Artıq Qafqazın və ətraf bölgələrin həyatı, bu günü və gələcəyi tamam fərqli gözləntilərə, ümid və arzulara istinad edir. Həyatın dinamikasının hiss olunan dərəcədə artması, gələcəyə daha nikbin baxışların formalaşması postmüharibə dövrünün simvolik  xarakteristikası sayıla bilər. Yaşadığımız bölgənin həyatının bütünlüklə yeni tarixi mərhələyə daxil olduğu aydın şəkildə müşahidə edilməkdədir. Güclü, iqtisadi qüdrəti durmadan artan Azərbaycan və onun Lideri İlham Əliyev bu tarixi mərhələnin mənzərəsini dizayn edən iki möhtəşəm amil sayılır. Həm bölgəmiz, həm də beynəlxalq icmanın bu reallığı dərk və qəbul etməsi Azərbaycanın əzəmətli tarixi nailiyyəti, möhtəşəm diplomatik qələbəsi hesab olunur. 

 

Azərbaycan Liderinin yeni təşəbbüsləri və hədəfləri

 

Azərbaycan Prezidentinin postmüharibə dövrü siyasəti yeni reallıqlar şəraitində ölkənin iqtisadi və sosial inkişafını, beynəlxalq iştirakçılığının və əlaqələrinin daha da genişləndirilməsini, təhlükəsizlik problemlərinin etibarlı əsaslarının yaradılmasını təmin etməyə istiqamətlənib. İkinci Qarabağ müharibəsinin zəfərlə başa çatması hökumətin prioritetləri sırasında işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasını, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün lazımi şəraitin yaradılmasını ön plana çəkmişdir. Bu sahədə həyata keçiriləcək tikinti, quruculuq, bərpa və abadlıq işlərinin miqyasının təsəvvür edilməyən dərəcədə zaman və maliyyə tutumlu olması obyektiv olaraq milli inkişaf strategiyasına baxışların yeni parametrlər kəsb etməsini də şərtləndirir. Qarabağ və Şərqi Zəngəzur ərazilərində üç beynəlxalq aeroportun tikilməsinin planlaşdırılması, qısa vaxtda ikisinin tikilib istifadəyə verilməsi bu qəbildən olan yeni yanaşma nümunəsidir. 
Qarabağın bərpa və yenidən qurulmasının postmüharibə Azərbaycanının reallıqlarını dünyaya təqdim etməsi və bu əsasda onun böyük iqtisadi və səfərbərlik imkanlarını nümayiş etdirməsi Prezidentin siyasətinin əsas hədəflərindən biri olaraq diqqəti cəlb etməkdədir. Bu halda söhbət sadəcə olaraq ağlasığmaz dağıntılara məruz qalmış şəhər və kəndlərin yalnız bərpa və yenidən qurulmasından deyil, ən müasir inşaat texnologiyaları əsasında şəhərsalma və məskunlaşmanın keyfiyyətcə fərqli modelinin yaradılmasından gedir. 
Azərbaycanın son onilliklər ərzində inkişafının yaratdığı müasir, dinamik inkişaf edən ölkə obrazı İkinci Qarabağ müharibəsinin faktiki yekunlarından sonra daha yüksək beynəlxalq etimad qazanmaqdadır. Dünyada ölkəmizin hörmət və nüfuzunun durmadan artması müşahidə olunmaqdadır. Tarixi qələbə eyni zamanda tarixi inkişaf motivasiyasında ciddi pozitiv dəyişikliklərlə müşayiət olunur. Bütün bunlar öz növbəsində məcmu halda Azərbaycanın sosial və iqtisadi inkişafının yeni pilləyə yüksəldilməsini, əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılmasını postmüharibə dövrünün vacib hədəfi səviyyəsinə qaldırır.    
Qeyd olunan hədəflərə çatmağın yeganə düzgün yolunun sosial-iqtisadi islahatların dərinləşməsindən və həyatın bütün sahələrinə sirayət etməsindən keçdiyi sübuta ehtiyacı olmayan aksiomdur. Daha müasir və məhsuldar əməyə əsaslanan iş yerlərinin yaradılması, məşğulluq səviyyəsinin yüksəldilməsi, texnoloji yeniliklərin stimullaşdırılması, xidmət sferasının genişləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılması əsasında həyat standartlarının yeni modelinin təsbit edilməsi və s. həyata keçirilən islahatların məntiqi yekununa çevrilməlidir. 
Postmüharibə dövrünün səciyyəvi xüsusiyyətləri Prezident İlham Əliyevin regional və beynəlxalq təşəbbüslərinin intensivləşməsi və miqyaslarının əhəmiyyətli dərəcədə genişlənməsi ilə diqqəti cəlb edir. Azərbaycanın beynəlxalq kommunikasiya qovşağına çevrilməsi məqsədilə reallaşdırılan çoxşaxəli layihələr artıq ilk bəhrələrini verir və yaxın zamanlarda regionda nəhəng nəqliyyat habının meydana gələcəyinə şübhə yoxdur. 
Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan neft strategiyasının yeni tarixi şəraitdə davamı kimi əlavə neft və qaz ixrac kəmərlərinin çəkilməsi, Avropanın üzləşdiyi enerji böhranından xilas olmaq üçün Azərbaycana müraciətlərin artması və bu sahədə ölkəmizin atdığı addımlar İlham Əliyevin regional və dünya siyasətində diqqəti cəlb edən təşəbbüslərinin əyani nümunələridir. 
Ölkəmizin postmüharibə dövrü təşəbbüslərinin böyük hissəsi regionda sülh və təhlükəsizlik problemləri ilə əlaqədardır. Ermənistanın sülh danışıqlarından hər vəchlə qaçmağa çalışması, müxtəlif təxribatlara əl atması və digər qeyri-konstruktiv hərəkətləri sülh və təhlükəsizlik məsələsinin aktuallığını artırır. Davamlı sülhün təmin olunmasında hazırkı şəraitdə qarşılıqlı etimad və əməkdaşlığın rolunun artırılması zərurəti daha böyük əhəmiyyət kəsb edir. Sülhə nail olmaq naminə postmüharibə dövrünün itirilmiş iki ilinin ən qısa vaxta kompensasiyası da haqqında söhbət gedən təşəbbüslərin mühüm hədəfinə çevrilməlidir. 
Məmnunluq hissi ilə qeyd edilməlidir ki, Prezident İlham Əliyevin təşəbbüsləri getdikcə daha çox tərəfdar qazanır, beynəlxalq və regional əməkdaşlığa töhfəsinin artması aydın şəkildə dərk və müşahidə edilir. Avropa məkanında Prezident İlham Əliyevin şəxsiyyətinə və apardığı siyasətə marağın yüksəlməsi günümüzün qürur yaradan gerçəyidir. Sevindirici haldır ki, onun özünə və təşəbbüslərinə beynəlxalq diqqət və hörmətin artması Azərbaycan Respublikasının qlobal nüfuzunun yüksəlməsinin ciddi amilinə çevrilmişdir. 
Müstəqil Azərbaycan Respublikasının müasir beynəlxalq münasibətlərin ən aktual aktorlarından biri kimi qəbul edilməsi, onun Lideri Prezident İlham Əliyevin isə dövrümüzün siyasi liderləri sırasında böyük hörmət və etimad qazanması ölkəmizin hazırkı mövcudluğunun ayrılmaz tərkib hissəsidir. Xalqımızın bu günə qədərki uğurları kimi, gələcək perspektivləri də həmin amillərlə birbaşa əlaqədardır.  

Əli ƏHMƏDOV,
Yeni Azərbaycan Partiyası Sədrinin müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video