28 Mart 2023 01:13
1547
SİYASƏT
A- A+

Qalibin məğlublara yeganə şərti

 

Müzəffər Ali Baş Komandan İlham Əliyev kapitulyant ölkəyə sonuncu  xəbərdarlığını etdi

 

Müzəffər Ali Baş Komandan İlham Əliyev Novruz bayramı münasibəti ilə  Azərbaycan xalqına növbəti müraciətini etdi.

Həm də məğlub, kapitulyant Hayastana  və onun havadarlarına sonuncu xəbərdarlığını edərək son sözünü söylədi!

Üstəlik, Baş Sərkərdəmiz qalib görkəmi, məğrur duruşu, vüqarlı baxışı, sıxılmış "dəmir yumruğ"u, qətiyyətli səsi, özünəməxsus məntiqi və təkzibolunmaz faktları ilə ağlı  çaşanlara yerlərini göstərərək meydan oxudu!

Üç  cəbhədə - müharibə, diplomatiya və informasiya meydanında düşməni ağır  məğlubiyyətə uğradaraq qarşısında diz çökdürən Müzəffər Ali Baş Komandanımıza necə də yaraşırdı bu şahanə duruş, sərt və qəti mövqe nümayişi!

Artıq bütün dünya Azərbaycan Prezidentini sözü ilə əməli bir olan dövlət başçısı kimi tanıyır.

Hamı şahiddir ki, İlham Əliyev dediyini edir!

Odur ki,  cənab İlham Əliyevin  növbəti dəfə dediklərini və etdiyi xəbərdarlıqları da  qəbul etmək zorundadırlar!

***

Gah Rusiyaya qarşı "xalqın etirazı"nı təşkil edən, gah da ona yalvaran, Qərbdə özünə yeni ağa axtaran, İranla  cici-bacı olan,  böyük bacısı Fransanın əli ilə beynəlxalq təşkilatlarda məsələ qaldıraraq dəstək axtaran, "konyak diplomatiyası"nı yenidən işə salaraq korrupsiyalaşmış  Avropa  Parlamentində qərarlar qəbul etdirən  Hayastan sülh müqaviləsini imzalamaqdan boyun qaçırır.

Üç ilə yaxın zaman keçməsinə baxmayaraq, 10 noyabr 2020-ci il tarixli  üçtərəfli Bəyanatın maddələrinin birinə də sonadək əməl etməyib.

Halbuki müharibənin dayandırılması, danışıqlara başlanaraq sülh müqaviləsi imzalanması üçün neçə dövlət başçısının zəhləsini tökərək dayanmadan zənglər etmiş,  neçə prezidentin dabanını yalamış, yalvar-yaxarla Azərbaycanın dövlət başçısına minnətçi salmışdı.

Xeyli xahiş-minnətdən sonra Prezident İlham Əliyevin irəli sürdüyü bütün şərtlərin əks olunduğu sülh müqaviləsinin bağlanacağı təqdirdə hərbi əməliyyatları dayandırmağa razılaşmışdı.

Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycanın dövlət başçısı İlham Əliyev  aşkarda, televiziya kameraları qarşısında, məğlub və miskin erməni baş naziri Paşinyan isə  gizlində, gözə görünmədən üçtərəfli Bəyanatı imzaladılar.

Əlbəttə, kimsə öz adına, imzasına əhəmiyyət verməyə bilər.

Azərbaycan Prezidenti İlham Əliyevin isə sözü ilə əməli birdir və sonadək daha neçə dəfə təsdiqlənmiş birgə bəyanatların bütün bəndlərinin tam şəkildə  icrasında  israrlıdır!

Görünür,  Paşinyanın  ya ağlı çaşıb,  ya da yaddaşı itib:

* Sanki İkinci Qarabağ müharibəsində uzun illər "məğlubedilməz" adlandırdıqları  ordularının məhv edildiyini unudub! 

* Sanki  itkilərinin tam sayı barədə hələ də  xalqa dəqiq  informasiya verməkdən  necə çəkindiyini xatırlamır!

* Sanki on bir min əsgər və zabitinin  silahını ataraq fərari kimi qaçdığını yaddan çıxarıb!

* Sanki Ağdam, Laçın və Kəlbəcər kimi möhkəmləndirilmiş, xüsusi istehkam,  səngər və atəş nöqtələri, mina sahələri ilə qorunan rayonları bir güllə belə atmadan məcbur olub  geri qaytardığından xəbəri yoxdur!

* Sanki  indi  əməl etmək istəmədiyi sülh müqaviləsinin bağlanması üçün kimlərə nə qədər  yalvardığını,  özünü alçaltdığını yaddaşından silib! 

Xam xəyallara düşüb:

* Elə zənn edir ki, İrandan, Hindistandan aldığı silahlar, gətirdiyi muzdlular sayəsində  yenidən güclənərək Azərbaycana üstün gələcək.

* Elə bilir ki, kimsə gəlib onun əvəzində döyüşəcək,  öləcək, Qarabağı alıb təzədən ona verəcək.

* Elə fikirləşir ki, haralardasa,  hansı yollasa, kiminsə vasitəsi ilə (yaxud diasporun pulu) çıxartdırdığı qərarlar nəyisə dəyişəcək,  Azərbaycanın mövqeyinə və iradəsinə  təsir edəcək.

AY-HAY!

Elə bu ağılla torpaqları vaxtında  qaytarmadınız ki, indi  çaş-baş vəziyyətdə  qalmısınız.

Şübhəsiz, Azərbaycan Prezidentinin Novruz bayramı münasibətilə Talış kəndindən etdiyi müraciəti  hamınız eşitmisiniz!

İndi isə  yadda möhkəm saxlayın:

Azərbaycan qalib ölkədir!

* Güclü ordusu, ən yeni və müasir  silahları var!

* Güclü  iqtisadiyyata, yüksək beynəlxalq nüfuza malikdir!

* II Qarabağ müharibəsindən sonra  ordusunu yenidən silahlandırıb, sərhəddə müasir hərbi şəhərciklər salıb,  yeni komando qüvvələri hazırlayıb və onlara  müntəzəm  təlimlər keçir!

* Ölkənin müdafiə sənayesi yeni silahlar (sizin hələ görmədiyiniz və "dadına baxmadığınız")  istehsalını qaydaya salıb!

* Dövlət başçısı son sözünü və qəti mövqeyini bildirib, kimsə onu iradəsindən heç zaman döndərə bilməz!

* "Dəmir yumruq" artıq hazır vəziyyətdədir,  əzicilik qabiliyyəti isə  həmişəkindən də  yüksəkdir!

Bütün bunları yaddaşları təzələmək üçün söylədik!

***

Azərbaycan  ona görə səbir edib gözləmir ki, guya,  kimdənsə, yaxud  nədənsə qorxur.

ƏSLA!

Azərbaycan  zəruri və vacib saydığı işləri görür və bir an belə  dayanmır!

Əslində, zaman Azərbaycanın xeyrinə  işləyir!

Buyurun, baxın:

* Qeyd etdiyimiz kimi, ordu  əvvəlkindən də qüdrətli vəziyyətə gətirilib;

*  Qarabağın və Şərqi Zəngəzurun  bərpası və dirçəldilməsi prosesi yüksək  sürətlə gedir;

* Böyük  qayıdış proqramına uyğun olaraq nəzərdə tutulan bütün işlər  planlı qaydada görülür,  məcburi köçkünlər hissə-hissə geri dönürlər;

* Yeni yollar çəkilir, dəmir yolu xətti salınır,  ilin bütün fəsillərində  Laçın və Kəlbəcərə rahat gediş-gəlişi təmin etmək üçün  dağların altından tunellər qazılır;

* Çayların qarşısı kəsilərək süni göllər yaradılır, elektrik stansiyaları tikilir, suvarma kanalları çəkilir və təmir olunur;

* "Smart"  tipli yaşayış məntəqələri inşa olunur, məktəblər,  uşaq bağçaları açılır,  geri  qayıdanlar üçün  iş yerləri yaradılır;

* Zəngəzur dəhlizinə aparan avtomobil yolunun  70, dəmir yolunun  isə 40 faizi artıq hazırdır;

* Şuşada, Ağdamda,  Füzulidə, Cəbrayılda, Zəngilanda,  Qubadlıda,  Xocavənddə planauyğun şəkildə bərpa və tikinti işləri aparılır;

*  Azərbaycan  etibarlı sözü,  təbii qazı və «yaşıl enerji»si ilə Avropaya  əvəzsiz tərəfdaş olduğunu daim və  dönmədən sübut edir, yeni-yeni müqavilələr bağlayır, iqtisadi imkanlarını genişləndirir,  siyasi nüfuzunu yüksəldir!

Azərbaycanın xeyrinə işləyən zaman məğlub, vassal, alət dövlət olan  Hayastanın miskin vəziyyətini daha da dərinləşdirir,  ölkənin gələcəyini görməyən əhalinin bu  perspektivsiz  dövləti tərk etmələrini daha da sürətləndirir.

***

Ağılsız siyasət yürüdən Hayastanın öz təqsiri ucundan blokada vəziyyətində qalması  bir dövlət kimi onun sonunu yaxınlaşdırır.

İşğal dövründə təcrid vəziyyətində olsa da, xeyli gəlir mənbəyi də  vardı:

* Azərbaycanlı əhalinin dolu vəziyyətdə qoyub  çıxdığı evlərdəki  əmlak və əşyaları satıb pula çevirirdilər;

* Evləri terrorçu fars qardaşları ilə sökərək  dəmir, taxta materiallarını, mişar daşlarını İrandakı  tikinti materialları bazarında sataraq qazanırdılar;

* Azərbaycan  ərazisindəki   mis, qızıl,  gümüş, molibden mədənlərindəki  qiymətli metalları, habelə  tikinti materiallarını  yağmalayıb xaricə ötürürdülər;

* Meşələri, xüsusən oradakı qiymətli ağac növlərini qırıb inşaat materialları kimi satıb sovururdular;

* İşğal ərazilərindəki elektrik stansiyalarında istehsal olunan elektrik enerjisindən məişətdə və istehsalda istifadə etməklə qabaq düşürdülər;

* Azərbaycana məxsus hazır meyvə bağlarının və üzüm plantasiyalarının  məhsullarını, habelə  mədən sularını öz adları ilə dünya bazarına  çıxararaq satırdılar;

* Azərbaycan ərazisindəki çay və göllərin suyundan kənd təsərrüfatı məhsullarının istehsalında  gen-bol  istifadə edirdilər.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan xalqı öz sərvətlərinə  yenidən sahib çıxdı!

Blokadadan qurtula bilməyən Hayastan isə daha nə oğurlaya bilir, nə sata, nə də qazana.

Üstəlik, işsiz qalaraq dilənçi vəziyyətində yaşayan haylar sürətlə ölkəni tərk edirlər.

On bir min fərarisi olan, müharibə iştirakçıları və əlilləri  adam yerinə qoyulmayan bu dövlətdə yeni müharibə  qorxusu qarşısında başıpapaqlıların hamısı  qaçıb aradan çıxır.

Ordu  Anna Akopyanın  "sərkərdəliyi"  ilə  haxçiklərın  ümidinə qalır.

Belə bir vəziyyətdə  olan haylar, görəsən, kimə və nəyə  arxayın olub Azərbaycanı qəzəbləndirirlər.

Artıq qaçmağa  yerləri də  çox dardır.

***

Vaxt var idi elə güman edirdik ki, "Qarabağ problemi" BMT-nin 4 məlum qətnaməsi əsasında sülh yolu ilə həll ediləcək, məsələ beynəlxalq hüquqa uyğun olaraq AŞ PA-da, Aİ-nin Parlament Assambleyasında qəbul olunan qərarlarla  çözüləcək.

Dünyada ədalətin mövcudluğuna, beynəlxalq hüququn işlənməsinə inanırdıq, yaxud inanmaq istəyirdik.

İkili standartların mövcudluğunu hər an hiss etsək də, özümüzü o yerə qoymur,  "sülh yolu"ndan gözümüzü çəkmirdik.

Hərdən ermənipərəst qüvvələrin, ermənilərin ələ aldıqları Avropa Parlamenti deputatlarının qərəzli addım və  açıqlamalarından, erməni dəyirmanına su tökən çıxış və  addımlarından narahat olsaq da, yenə gözləyirdik.

Azərbaycanda mətbuat və söz azadlığının "boğulması", insan haqlarının "pozulması" ilə bağlı öz satqınlarımızın (5-ci kolonun) "arayış"ları əsasında  beynəlxalq qurum və təşkilatlar tərəfindən hazırlanan "hesabat"ları oxuyanda  qərəzi, yalanı açıq-aşkar görsək də, yenə özümüzə bəraət qazandırmağa can atır, əsl həqiqətin necə olduğunu  ermənipərəstlərə sübut etmək üçün xeyli çabalar göstərərdik.

Artıq öz işimizi özümüz həll etmişik!

Həm də ATƏT-in Minsk qrupunun vasitəçiliyi, "sülh danışıqları yolu ilə"  yox!

"Dəmir yumruq"la həll etmişik!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin yaratdığı  qüdrətli Azərbaycan Ordusu sayəsində həll etmişik!

Birliyimizlə, əsgər və zabitlərimizin rəşadəti ilə, şəhidlərimizin torpağa tökülən qızıl qanı ilə həll etmişik!

İndi kim harda hansı  "qərar"ı  çıxarmaq istəyirsə, qoy çıxarsın.

Qoy erməni diasporu Avropa  Parlamentində istədiyi qədər deputatı "konyak  diplomatiyası", korrupsiya və rüşvət yolu ilə  ələ alsın.

Qoy Ermənistan Avropadakı bütün "nəzarətçi"ləri yığaraq öz ərazisində  sərhəddə  yerləşdirsin, gecə-gündüz dayanmadan bizə "nəzarət"  etdirsin,  istədiyi qədər atəşkəsi pozsun.

* Artıq  Azərbaycan öz torpaqlarına qayıdıb!

* Artıq  Azərbaycan  öz ərazisinə özü nəzarət edir!

* Artıq  Azərbaycanı öz ordusu, öz əsgərləri qoruyur!

* Artıq Azərbaycanın razılığı olmadan heç bir ordu, heç bir nəzarətçi  onun ərazisinə ayaq basa bilməz!

* Artıq  Azərbaycanın təbii sərvətlərini  kimsə talayıb apara bilməz!

* Artıq  hər şey nəzarətdədir!

Hər məsələ zamanı çatan kimi həllini tapır!

Prezident İlham Əliyev nəyi, nə vaxt və necə edəcəyini hamıdan yaxşı bilir və edir də!

Azərbaycanı  əsəbiləşdirmək olmaz!

Azərbaycanla hesablaşmaq,  üçtərəfli Bəyanata  sözsüz əməl etmək lazımdır!

Sonra gec olacaq!

Necə ki məsələnin  «sülh yolu ilə həlli»  gecikdirildi!

Nəticədə  «dəmir yumruq" işə düşdü!

"Dəmir yumruğ"u qəzəbləndirmək olmaz!

***

Özünə yeni ağa axtaran Hayastan öz ərazisinə "mülki missiya" adı ilə  müşahidəçilər gətirdi.

Əvvəla, bu necə "mülki" missiyadır ki, onun üzvlərinin yarısını fransız jandarmasının,  o biri yarısını isə  alman hərbi polisinin keçmiş zabitləri təşkil edirlər?!

İkincisi, bu "mülki" müşahidəçilər  gələndən sonra niyə  Hayastan tərəfi  xeyli ürəklənib  və atəşkəsi tez-tez pozmağa başlayıb?

Üçüncüsü, "müşahidəçi"lər Azərbaycan tərəfinə baxdıqlarından, deyəsən, qulaqlarının dibində bizə sarı tuşlanan silahları "görmür",  atılan  güllələrin səsini  "eşitmirlər".

Yoxsa təkcə  biz tərəfdə "pozuntu"  axtarırlar?!

Müşahidəçiləri ermənilər çağırdıqları üçün onların dediklərini də  özləri eşidib əməl etməlidirlər.

Gələn gündən özlərini karlığa və korluğa qoyanların  rəyi və mövqeyinin bizim üçün heç bir əhəmiyyəti yoxdur!

Azərbaycan istəmədiyi istənilən "missiya"nı, yaxud "missiya daşıyıcısı"nı   qəbul etmir!

Azərbaycanın  qəbul etmədiklərinin isə axırı olmur!

* Necə ki ATƏT-in Minsk qrupu dağıldı!

* Necə ki qondarma  qurumun “dövlət naziri” yoxa çıxdı!

“Mülki missiya”  və onun təşkilatçıları  təkcə ATƏT-dən yox,  yaxın tarixdə baş verən “Vardanyan əhvalatı”ndan  da  özlərinə ciddi nəticə çıxarmalıdırlar!

***

Biz bundan sonra yalnız irəliyə gedəcəyik!

Bu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləridir!

Elə gedirik də!

HƏM DƏ:

* Bizə qarşı törədilən bütün bədxahlıqlara  və düşmənçilik hərəkətlərinə baxmadan!

* İranın və Fransanın düşmənçilik  əməllərinə əhəmiyyət vermədən!

* Guya,  bizə sanksiya  tətbiq ediləcəyi barədə  eyhamlardan  çəkinib qorxmadan!

* "Konyak diplomatiyası"nın korrupsiyalaşmış  "uğur"larını  heçə saymadan!

Düşməndən qat-qat güclü olduğumuzu dərk edərək ədalətin və beynəlxalq hüququn tərəfimizdə olduğuna  arxalanaraq,  Ulu Tanrıya, ordumuzun gücünə, dostlarımızın sədaqətinə, Müzəffər Ali Baş Komandanımızın qətiyyət və  uzaqgörənliyinə,  hadisələri qabaqlamaq  məharətinə güvənərək, yumruq kimi birləşərək gedirik!

Əgər Hayastan 29 min  kvadratkilometrlik  ərazidə rahat yaşamaq istəyirsə:

* Ağlını başına yığmalı və xam xəyallara qapılmamalıdır!

* Revanşıst xülyalardan, Azərbaycana qarşı ərazi iddialarından dərhal əl çəkməlidir!

* Kimlərəsə arxalanaraq özgə ağzı ilə  hürməməlidir!

* Avropa Parlamenti  kimi  korrupsiyalaşmış  qurumun qəbul etdiyi boş kağız-kuğuza,  baxıcı-müşahidəçiyə   güvənməklə  nəyəsə ümid  bəsləməməlidir!

* Kiminsə gəlib onun yerinə  döyüşərək,  ölərək yenidən  Qarabağı  Hayastana  qaytaracağına heç bir  ümid bəsləməməlidir!

* Azərbaycanın nə vaxtsa zəifləyəcəyi, əlinə fürsət düşəcəyi və  qisas alacağı kimi  sərsəm yuxularının  çin çıxacağına  sadəlövhcəsinə inanmamalıdır!

* Ən əsası daim hazır vəziyyətdə  gözləyən "dəmir yumruğ"u  unutmamalıdır!

Onun  nicatının  bircə yolu var:

İmzaladığı bəyanatın  şərtlərini tez bir zamanda  yerinə yetirməlidir!

***

"Dəmir yumruğ"u ilə yeni reallıqlar yaradan,  erməni ordusunu məhv edərək Azərbaycan torpaqlarından  qovan Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşmən qarşısında bir şərti var:

"Ermənistanın 29 min kvadratkilometrlik ərazidə rahat yaşaması üçün bir şərt var - bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi  imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır. Ancaq o təqdirdə onlar 29 min kvadratkilometrlik ərazidə,  - hansı ki indi onlar ancaq bunu istəyirlər, - rahat yaşaya bilərlər".

Əgər Hayastan rəhbərliyi bu dəfə də kiməsə, yaxud nəyəsə güvənərək sülhdən yayınsa, ərazi iddialarını davam etdirsə, İkinci Qarabağ müharibəsindən  betərini alacaqdır!

Bəli, Azərbaycanın yalnız bir şərti var!

Bircə şərti!

Bütün şərtlərinin danışıqsız yerinə yetirilməsi şərti!

Sonra gec olar!

***

PS. Novruz bayramı şənlikləri başa çatmamış Müzəffər Ali Baş Komandan İlham Əliyev  dediyini etdi!

Bir güllə atıb,  bir damcı qan tökmədən  ordumuz  Laçın yoluna  alternativ olan torpaq yolu  nəzarətinə götürdü!

Beləliklə, həm ermənilərin gizlincə silahlanmalarının, həm də Hayastana xəlvəti  gediş-gəlişin qarşısı alındı!

Üstəlik,  RSK-ni  erməniyə vaxtaşırı  qulluq göstərmək  "əziyyəti"ndən də qurtardı!

Həm də bir daha yüksək peşəkarlığını və  hazırlıq vəziyyətini nümayiş etdirdi!

Bəli, Müzəffər Ali Baş Komandan İlham Əliyev heç zaman  sözü havayı  söyləmir!

Dedisə, deməli, edəcəkdir!

Bu da sözlə əməlin birliyinə daha bir nümunə!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video