12 Fevral 2024 09:20
305
İQTİSADİYYAT
A- A+

Özəl sektorun ölkə iqtisadiyyatında özəl yeri var

 

Sahibkarlar bu mövqelərinin daha da möhkəmlənməsinə səs verdilər

 

Fevralın 7-də xalqın yekdil səsi ilə İlham Əliyev yenidən Azərbaycan Prezidenti seçildi. Bu, cənab İlham Əliyevin dövlət başçısı kimi indiyədək apardığı siyasətə xalqın bütün təbəqələri tərəfindən verilən qiymət idi. 
Digər peşə sahibləri kimi, sahibkarlar da seçkidə mütəşəkkil iştirak etdilər. Özəl sektorun nümayəndələrinin bu fəallığı təsadüfi deyildi. Bu yerdə yaxın tarixə qısa nəzər salaq. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra ilk illər çətin iqtisadi böhranla üzləşmişdi. Əhalinin yaşayışı aşağı düşmüş, iqtisadi fəallığı məlum səbəblərdən zəifləmişdi. Belə vəziyyətdən xilas olmaq üçün uzun və ağrılı yol keçmək lazım idi. Həmin yollardan biri də ölkədə özəl sektorun təşəkkül tapmasına və inkişafına yaşıl işıq yandırmaq idi. Amma bu, asan deyildi. Sovetlər birliyindən bizə inzibati amirlik üsulu miras qalmışdı. Bazar iqtisadiyyatı yolunu tutan ölkəmiz həmin köhnə yolla irəliləyə bilməzdi. Odur ki, Ulu Öndər Heydər Əliyev keçmiş sovetlər birliyində ilk dəfə olaraq geniş iqtisadi islahatların aparılmasına start verdi. Bunun üçün yeni qanunlar qəbul olundu, mütərəqqi təcrübələr tətbiq edildi. Beləliklə, ölkədə tədricən özəl sektor formalaşmağa başladı.
Prezident İlham Əliyev ölkəyə rəhbərlik etməyə başlayandan isə sahibkarlığın inkişafı özünün yeni dövrünə qədəm qoydu. Özəl sektorun inkişafı üçün dövlət dəstəyi daha da artırıldı, yeni fəaliyyətə başlayan sahibkarlara güzəştli şərtlərlə kreditlər verilməklə onların ilkin sərmayə əldə etməsinə imkan yaradıldı. Biznesə dövlət qurumlarının müdaxiləsini azaltmaq üçün bir çox qanuna əlavələr olundu və ən başlıcası, özəl sektor subyektlərində əsassız yoxlamalara son qoyuldu. Bundan əlavə, sahibkarların hüquqları qanunla qarant altına alındı, bir çox sahədə lisenziyaların verilməsi ləğv edildi, lisenziya alınması məcburi olan sahələrdə isə bu prosedurlar sadələşdirildi. Bütün bunlardan sonra sahibkarlar  özlərini güvəndə hiss etdilər və ölkə iqtisadiyyatının inkişafında fəal iştirak etməyə başladılar. Bu gün isə Azərbaycanın iş adamları xarici ölkələrdə də çoxsaylı layihələr reallaşdırırlar. 
Ölkə üzrə özəl sektorun vəziyyəti barədə son statistikaya baxaq.  Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ötən il ölkə üzrə qoyulan ümumi sərmayənin 43,9 faizi qeyri-dövlət sektoruna məxsus olub və həmin dövrdə sənayedə qeyri-dövlət sektorunun payı 84,5 faizə çatıb. Bu rəqəmlər bir daha ölkə iqtisadiyyatında özəl sektorun rolunun nə qədər önəmli olduğunu göstərir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sözügedən sahə ilə bağlı icra edilən iqtisadi islahatlar dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən də yüksək qiymətləndirilir. Biznes və investisiya mühitinin əlverilşli olduğunu xarakterizə edən Dünya Bankının və "Doing Business" hesabatının 2008-ci və 2018-ci illərdəki nəşrlərində Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan edilib. 2019-cu ildə isə ölkəmiz ən çox islahat aparan ölkə kimi 190 dövlət arasında 28-ci olub. Qurumun sonuncu hesabatına əsasən, Azərbaycan biznesə başlama indikatoruna görə dünyada 9-cu, kreditlərin əldə olunmasına görə 1-ci sırada dayanıb. Bu da son deyil. Beynəlxalq aləmdə ən nüfuzlu təşkilat sayılan Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatının sonuncu reytinq nəşrində Azərbaycan dünyada reytinq üzrə ən yüksək artım tempinə (11 pillə irəliləyiş) malik ölkə olaraq 58-ci yerdə qərarlaşıb. Hesabata əsasən, Azərbaycan uzunmüddətli strategiya üzrə dünyada 10-cu yerdə, Prezident İlham Əliyevin islahatlara sadiqliyi sayəsində isə 5-ci olub. Dünya İqtisadi Forumunun digər nüfuzlu hesabatı olan "İnklüziv İnkişaf İndeksi"nin sonuncu nəşrinə əsasən, Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında 3-cü yerə yüksəlib. Sözsüz ki, bütün bu uğurlar Prezident İlham Əliyevin apardığı iqtisadi islahatlar və sahibkarlığın inkişafına göstərdiyi dəstək sayəsində mümkün olub.
Biznes mühitinin yaxşılaşdırılması və qeyri-neft sektorunda sahibkarlığın inkişafı sahəsində görülən tədbirlərin nəticəsində ölkəmizdə iqtisadi aktivliyin bərpası sahibkarlıq subyektlərinin, buna uyğun olaraq yeni iş yerlərinin artımı ilə müşayiət olunur. Odur ki, son illər özəl bölmənin qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarında payı 74 faizi ötüb. İqtisadi artım həmçinin işgüzar aktivliyin və sahibkarların sayının ildən-ilə artmasına səbəb olub. Əgər 2002-ci ildə ölkədə 180 minə yaxın sahibkarlıq subyekti fəaliyyət göstərirdisə, 2023-cü ilin əvvəlinə qeydiyyatda olan vergi ödəyicilərinin sayı 1,4 milyondan çox olub, aktiv vergi ödəyicilərinin sayı isə 712 min nəfərə çatıb.  
Sahibkarlığın inkişafına dövlət dəstəyi sayəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərin verilməsi davam edir. Bu yerdə onu da qeyd edək ki, dövlət büdcəsinə əlavə yük yaratmadan güzəştli kreditlərin verilməsi  kreditləşdirmədən geri dönən vəsaitlər hesabına təmin olunur. Məlumat üçün bildirək ki, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən indiyəcən iqtisadiyyata güzəştli kredit dəstəyi çərçivəsində sahibkarlıq subyektlərinin 42,7 min investisiya layihəsinin maliyyələşdirilməsinə 2,8 milyard manat güzəştli kreditlər verilib. Maliyyələşdirilmiş layihələr hesabına 178 mindən çox yeni iş yerinin açılması imkanı yaranıb ki, bunun da 80 faizdən çoxu regionların payına düşüb. Güzəştli kreditlərdən yararlanan sahibkarlıq subyektlərinin də 75 faizi regionlarda fəaliyyət göstərənlər olub. Bu iki rəqəm isə regionların inkişafına həm də özəl sektorun hesabına nail olmaq məqsədindən xəbər verir.  

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video