28 Mart 2024 08:00
23343
SİYASƏT
A- A+

Ötən dövrün yekunu, yeni dövrün vəzifələri

 

Yerinə yetirilmiş milli ideya - ərazi bütövlüyünün bərpası

 

SÖZÜNÜN SAHİBİ

Xoşbəxt o xalqdır ki, sözübütöv, sözünün sahibi olan rəhbəri var.
Azərbaycan xalqının bu məsələdə bəxti gətirib.
Bütün dünya bilir ki, cənab İlham Əliyev dediyini edəndir, sözü ilə imzası eyni gücə malikdir.
Bu halda deyilən söz "vəd" xarakteri daşımır!
Əgər Prezident İlham Əliyev Azərbaycan xalqı qarşısında çıxışı zamanı növbəti dövr ərzində görüləcək işlərdən danışırsa, deməli, biz həmin işlərin, deyilənlərin real həyatda, göstərilən müddətdə təcəssümünün şahidi olacağıq!
18 aprel 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra cənab İlham Əliyev Milli Məclisdə keçirilən andiçmə mərasimindəki çıxışında növbəti dövrdə görəcəyi işlər barədə Azərbaycan xalqını ətraflı məlumatlandırmışdı.
"Vəd verdi" ifadəsini qəsdən işlətmirik...
Çünki deyilənlər hökmən icra olunacaqdırsa, artıq bu vəd sayılmır, irəlicədən bəyan edilir, məlumat verilir.
Prezident İlham Əliyevin 6 il öncəki çıxışına yenidən nəzər saldıqda deyilənlərin artıqlaması ilə yerinə yetirildiyinə şahid oluruq. 
***
Prezident seçkiləri seçki günü səsvermə məntəqəsinə gedərək, sadəcə, hansısa namizədə səs vermək üçün qutuya bülleten atmaq deyil!
Əslində, səsvermə yolu ilə insanlar dövlətin və xalqın növbəti illər ərzində taleyinə münasibətlərini bildirmiş olurlar:
Hansı namizəd qalib gəlsə, dövlət daha yaxşı inkişaf edəcək, qarşıda duran vəzifələr uğurla həll ediləcək, xalqın rifahı yüksələcək, sabitlik və əmin-amanlıq təmin olunacaqdır.
Yəni xalq onun arzu və istəklərini gerçəkləşdirəcək namizədə səs verir, bununla həm fərdi, həm də vətəndaşlıq borcunu yerinə yetirir.
2018-ci ildəki andiçmə mərasimində nitqinə xalqa təşəkkürlə başlayan cənab İlham Əliyev bundan sonra da xalqa sədaqətlə xidmət edəcəyini bəyan etmişdi:
"Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm".
Prezident İlham Əliyev verdiyi sözə əməl etdimi?
Bu sualın bir sözlə ifadə olunacaq cavabı var:
- Artıqlaması ilə!
Açması isə yığcam şəkildə söyləsək belədir:
- Prezident İlham Əliyev nəinki tarixinin ən qüdrətli Azərbaycanını yaratdı, həm də torpaqları erməni işğalçılarından birdəfəlik təmizlədi, ölkənin ərazi bütövlüyünü, suverenliyini və Konstitusiya əsaslarını bərpa etdi!
İlham Əliyev buna necə nail oldu?
İkinci iqtibası gətiririk: "Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən Ulu Öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur".
Cənab İlham Əliyevin söylədiyi bu fikirlərdə bütün həqiqətlər ən böyük dolğunluğu ilə öz əksini tapmışdır:
* Bəli, Azərbaycanın müstəqilliyi ona görə dönməzliyə və əbədiliyə çevrilib ki, biz Heydər Əliyev yolu ilə gedirik!
* Azərbaycan ona görə inkişafdadır ki, ona görə qarşıya qoyduğu bütün iqtisadi hədəflərə çatır ki, biz Heydər Əliyev yolu ilə gedirik!
* Azərbaycan ona görə yüksək beynəlxalq nüfuz sahibinə çevrilib, Cənubi Qafqazın ən güclü dövləti və söz sahibi olub ki, biz Heydər Əliyev yolu ilə gedirik!
* Azərbaycan ona görə güclü ordu quraraq torpaqlarını işğaldan azad etdi ki, xalq və dövlət daim Heydər Əliyev siyasi kursuna sadiq qaldı.
Zaman da sübut etdi ki, bu, yeganə həqiqi, daim qələbəyə çatdıran, xalqın və dövlətin maraqlarını təmin edən kursdur!
Alternativsiz, dəyişməz, dönməz, ən doğru kursdur!

***
Müstəqilliyinin ilk illərində həqiqi rəhbərindən ayrı düşən Azərbaycan xalqı böyük təlatümlərlə, kataklizmlərlə rastlaşdı.
Hətta müstəqilliyini itirmək, bir dövlət kimi məhvə uğrayaraq əvvəlki kimi kiçik xanlıqlara parçalanmaq astanasınadək gəldi.
Yalnız Ulu Öndər Heydər Əliyevin qayıdışı, yenidən ölkə rəhbərliyinin sükanı arxasına keçməsi gənc müstəqil dövləti real bəlalardan qurtardı!
Lakin təhlükə tam sovuşmamışdı, düşmənlərimiz yeni planlar quraraq icrasına start vermişlər.
İki dəfə - 4 oktyabr 1994-cü və 13-18 mart 1995-ci illərdə dövlət çevrilişinə cəhdlər törədildi, dövlətə qarşı silah qaldıranlar oldu.
Amma Ulu Öndər Heydər Əliyev əvvəlki prezidentlər kimi öz postunu tərk etmədi, şəxsi şücaət və qəhrəmanlıq nümunəsi göstərərək xalqa müraciət etdi, insanları dövlətin və dövlətçiliyin müdafiəsinə səslədi.
Həqiqi rəhbərinin çağırışına biganə qalmayan xalq meydanlara axışaraq onunla birgə olduğunu nümayiş etdirdi.
Beləliklə, Xalq-Heydər, Heydər-Xalq birliyi hər cür təhlükəyə, xain xislətlilərin mənfur niyyətlərinə qalib gələrək öz qüdrətini göstərdi.
Xalqına arxalanan Ulu Öndər Heydər Əliyev ölkədə sabitlik və asayiş yaratmaq üçün qətiyyətli addımlar atdı:
* Müxtəlif partiyalara və qruplara mənsub qeyri-qanuni silahlı dəstələr ləğv edildi;
* Əhalidəki külli miqdarda qanunsuz silah-sursat yığıldı;
* Anarxiya və özbaşınalıqlara son qoyuldu;
* Hüquqi dövlət quruculuğuna start verildi;
* Azərbaycanın müasir inkişafının sarsılmaz təməlləri qoyuldu!
***
Azərbaycanın zəngin təbii sərvətləri, əlverişli coğrafi mövqeyi həmişə çoxlarının ağzını sulandırıb.
Həm imperiyasevər qüvvələr, həm də Cənubi Qafqaza burun soxmaq istəyən dövlətlər daim müxtəlif məkrli üsullardan istifadə edib, ölkəmizin daxili işinə qarışmaqdan ötrü məqam gəzib, bəhanələr axtarıblar.
Xüsusən də artıq tarixin arxivinə atılmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən istifadəyə çalışmış, problemi həll etməyə deyil, daim aktiv formada saxlamağa, ondan bəhrələnərək ölkəmizə müxtəlif təsir və təzyiq göstərməyə can atıblar.
Cənab İlham Əliyev xatırlanan nitqində: "Biz daxili risklərin hamısını aradan qaldırdıq, xarici risklərdən isə özümüzü qoruya bilmişik, bu gün də qoruyuruq, əminəm ki, bundan sonra da qoruyacağıq" söyləyərkən məhz belə məqamları nəzərdə tuturdu.
Müasir dövrdə güclü dövlətlər tərəfindən digər dövlətlərin daxili işinə müdaxilə, araya qarışıqlıq salaraq hakimiyyət dəyişikliyinə nail olunması, ölkə daxilindəki özlərinə sərf edən partiya və insanların hakimiyyətə gətirilməsi adi və sınanmış haldır.
Ölkələr daxilində çaxnaşma və başıpozuqluqlar yaradan "rəngli inqilablar", "baharlar" da məhz bu məqsədə xidmət edir.
Yaxın və Orta Şərqdə, hətta Cənubi Qafqazda "ərəb baharları" və "rəngli inqilablar"ın hansı fəsadlar törətdiyinə bütün dünya şahiddir.
Dövlətlərin bir çoxu hələ də guya ölkəyə "demokratiya" gətirəcək bu inqilabların ağır nəticələrindən yaxa qurtara bilməmiş, uzun illər boyu inkişafdan geri qalmışlar.
İlham Əliyev birinci dəfə Prezident seçilərkən daxildəki xəyanətkarlar və "5-ci kolon" üzvləri, xaricdən dəstəklənən satqınlar belə bir ssenari ilə toqquşma və çevriliş yaratmağa can atdılar.
Lakin xalqımızın müdrikliyi, Heydər Əliyev siyasi kursuna sədaqəti və cənab İlham Əliyevin inamlı və qətiyyətli addımları sayəsində xain qəsdlərin qarşısı qətiyyətlə alındı.
Ölkəmizdə və onun sərvətlərində gözü olanlar da anladılar ki, Azərbaycan artıq güclü və etibarlı əllərdədir!
***
"Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir".
Bəli, yürüdülən düzgün siyasət və xalqın dəstəyi çoxlarının murdar niyyətlərini ürəyində qoydu.

44 günlük Zəfər müharibəsindən sonra yaranmış yeni reallıqlar, Azərbaycanın öz gücü ilə torpaqlarını erməni işğalından azad etməsi yaxın qonşularımızı və uzaqdakı düşmənlərimizi razı salmadı.
Müharibə dövrü Ermənistana silah-sursat daşınmasına kömək göstərən, habelə ATƏT-in Minsk qrupunun üzvləri kimi münaqişənin həllindən razı qalmaq əvəzinə şoka düşən və düşmənə dəstək vermək üçün dəridən-qabıqdan çıxan Fransa və ABŞ sülh müqaviləsinin imzalanmasına hər vəchlə mane olmağa çalışırlar.
Ermənistandakı revanşist qüvvələri həvəsləndirən, onlara silah-sursat, maliyyə və siyasi-diplomatik baxımdan dəstək verən bu iki dövlət Cənubi Qafqazda möhkəm daimi sülh və əmin-amanlığın yaranmasında qətiyyən maraqlı deyillər.
Çünki bu halda Cənubi Qafqaza burun soxmaq imkanlarını itirəcəklərini yaxşı anlayırlar.
Fransa və ABŞ-nin məqsədi isə Rusiyanı bu bölgədən çıxararaq onun yerini tutmaqdır.

Lakin İlham Əliyevin özünün dəfələrlə və açıq şəkildə bəyan etdiyi kimi, Azərbaycan bu oyunlara getməmiş, Cənubi Qafqazın müharibə və əbədi münaqişə ocağına çevrilməsinə imkan verməmiş, uzaqgörən və balanslı siyasət yeridərək hər tərəfə öz yerini göstərmişdir!
***
Prezident İlham Əliyevin uğur və nailiyyətlərinin əsas təminatçısı Azərbaycan xalqıdır.
Xalq İlham Əliyevin apardığı siyasəti dərindən anlayır, gördüyü işləri bəyənir və daim ona dəstək verir.

Xalqın rəhbərinə inamından və sevgisindən doğan bu birlik bütün mənfur planları puça çıxarır.
44 günlük Zəfər müharibəsi dövründə Ermənistan "dost"larının və "məsləhətçi"lərinin fitvası ilə Azərbaycanın cəbhə xəttindən uzaqlarda yerləşən Gəncə, Tərtər, Bərdə, Goranboya ballistik raketlərlə zərbələr endirdi, qadağan olunmuş fosforlu və kassetli bombalardan istifadə etdi.
Məqsəd əhali arasında qorxu, təlaş və çaxnaşma yaratmaq, sabitliyin pozulmasına nail olmaq, iqtidarla xalq arasında ziddiyyət yaradaraq bu narazılığı cəbhə bölgəsinə, döyüş meydanına daşımaq idi.
Lakin öz rəhbərinə inanan və daim onun arxasında möhkəm dayanan Azərbaycan xalqı heç bir fitnə-fəsada, alçaq oyunlara uymadı.
Əksinə, bütün nifrətini düşmənə və onun havadarlarına yönəldərək müharibədə qalib gəlməkdən ötrü əlindən gələn köməyi əsirgəmədi!
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə yaranmış xalq-iqtidar birliyi bu gün də davam edir, hər dəfə sınaqlardan möhkəmlənmiş halda çıxır!
Artıq Azərbaycanda sabitliyi pozmağa qadir heç bir qüvvə yoxdur!
Nə ölkə daxilində, nə də xaricində!

***
"Demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir və seçkilər, onun nəticələri bunu bir daha təsdiqləyir".
Bəli, Azərbaycan demokratiya və sərbəst bazar iqtisadiyyatı yolunu öz istəyi ilə seçib və yeni Konstitusiyanın qəbuluna səs verməklə bu istəyini rəsmiləşdirmişdir.
Ölkədə bütün demokratik təsisatlar formalaşıb, vətəndaş cəmiyyəti yaranıb, söz və mətbuat azadlığı, fikir plüralizmi tam təmin edilib.
Dünyanın bir çox ölkəsində rast gəlinməyən fakt:
Milli Məclisə sonuncu seçkilərdən sonra nəinki ali qanunverici orqanda müxalifət partiyaları gen-bol təmsil olunmuş, üstəlik, bir sıra komitələrin sədr və müavin vəzifələrinə müxalifət partiyalarının başçıları seçilmişlər.

Ən böyük uğurumuz isə ümummilli məsələlərdə iqtidar və müxalifət partiyalarının eyni mövqedən - dövlət maraqları mövqeyindən çıxış etmələridir.
Azərbaycan Vətən savaşı aparanda, torpaqlarını erməni təcavüzkarlarından təmizləyəndə müxalifət partiyaları (antimilli qüvvələrin cəmləşdiyi bir neçə partiya istisna olmaqla) müharibəyə dəstəklərini bildirdilər, hərbi əməliyyatlar zəfərlə başa çatdıqda isə Müzəffər Ali Baş Komandan İlham Əliyevi bu münasibətlə təbrik etdilər.

Demokratiyanın ən mühüm şərtlərindən biri söz və mətbuat azadlığıdır. Artıq bu sahədə heç bir problem yoxdur - jurnalistlər istədikləri mövzuda, istədikləri şəkildə yaza bilirlər.
Azərbaycan həm də o nadir ölkələrdəndir ki, dövlət başçıları jurnalistlərin gizli səsverməsi yolu ilə keçirilən "Jurnalistlərin dostu" mükafatına dəfələrlə layiq görülmüşlər.
Bütün bunlar dövlətin azad sözə, mətbuata davamlı qayğısı və dəstəyinin təzahürüdür.
Dövlət başçısı İlham Əliyev jurnalistlərə daim açıqdır.
O, baş verən hadisələr barədə mətbuata sistemli şəkildə bəyanat, açıqlama və müsahibələr verir, yerli və xarici jurnalistlərin suallarını cavablandırır və beləliklə, jurnalistlərin peşə fəaliyyətlərini uğurla yerinə yetirmələrinə prezident dəstəyi göstərir.

***
"Bizim dünyadakı mövqelərimiz möhkəmlənir, Azərbaycan çox müsbət beynəlxalq reputasiyaya malik olan bir ölkədir. Bizə qarşı dünya birliyi tərəfindən böyük rəğbət, dəstək var, biz bunu hiss edirik və əldə edilmiş nəticələr, qəbul edilmiş qərarlar bunu bir daha təsdiqləyir".
Cənab İlham Əliyevin 2018-ci il prezident seçkilərindən sonra andiçmə mərasimində səsləndirdiyi bu fikirlərin nə qədər həqiqət olduğunun sonrakı dövrlərdə, habelə Zəfər müharibəsi və müharibədən keçən müddət ərzində dönə-dönə şahidinə çevrildik:
* Bəli, Azərbaycan dünyada müsbət və müasir imicə malikdir!
* Azərbaycanın mövqeləri möhkəm və sarsılmazdır!
* Azərbaycan bir sıra gərəkli və faydalı beynəlxalq layihələrin müəllifidir!
* Azərbaycan beynəlxalq qurum və təşkilatlarda fəal iştirak edir, faydalı təklif və təşəbbüslər irəli sürür, hamıya və hər kəsə mənfəət götürmək imkanı yaradır.
Bütün bunların hamısı Prezident İlham Əliyevin irəlicədən dəqiqliklə hesablanmış, vaxtında reallaşdırılmış layihələri sayəsində baş verir.
* Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkiləndə onun maliyyələşdirilməsi üçün Ermənistandan keçməsi şərtini irəli sürdülər.
İlham Əliyev bundan qətiyyətlə imtina etdi.
Azərbaycan layihəni öz imkanları hesabına maliyyələşdirdi!
* Bakı-Tbilisi-Qars dəmir yolu xətti çəkiləndə də eyni hal müşahidə olundu.
Yenə İlham Əliyev geri durmadı, güzəştə getmədi və bu nəhəng layihəni də daxili imkanlar vasitəsilə həyata keçirdi.
İlham Əliyevin təşəbbüsü və iradəsi sayəsində 3500 kilometr uzunluğu olan "Cənub qaz dəhlizi" də reallaşdı.
* O zaman heç kəsin ağlına belə gəlməzdi ki, Rusiya ilə Ukrayna kimi iki qardaş ölkə müharibə edər.
* Heç kəs inanmazdı ki, müharibə bu qədər uzanar, ABŞ və Qərbi Avropa dövlətləri tərəfindən Rusiyaya qarşı geniş sanksiyalar tətbiq olunar.
* Heç bir ekspert proqnoz etməzdi ki, Avropa İttifaqı rus qazından imtina edər və təbii qazın idxalı üçün başqa mənbə axtarar.
Sanki İlham Əliyev bütün bunların hamısını hamıdan yaxşı bilirmiş!
"Cənub qaz dəhlizi"nin istismara buraxılması ilə yanaşı, Avropanın Azərbaycan qazına ciddi ehtiyacı yarandı!
Bu gün qaz bazarında Azərbaycan ən etibarlı tərəfdaş kimi tanınır.

Özü Avropa İttifaqının üzvü olmasa da (heç bu barədə düşünmür də), Avropa İttifaqına daxil olan 8 ölkə ilə ikitərəfli müqavilələri vardır və öz öhdəliklərinə dəqiqliklə əməl edir.
Bütün bu ölkələr Azərbaycanın çox müsbət beynəlxalq reputasiyasına inanırlar, onunla yeni-yeni müqavilələr imzalayırlar!
Torpaqlarını düşmən işğalından azad edən Azərbaycan həmin ərazilərdə "yaşıl enerji" istehsalını da qaydaya salır.
Xəzər dənizində, Abşeronda, Qobustan və Neftçalada da bərpaolunan enerji istehsalı üçün əsaslı işlər görülür, böyük məbləğdə xarici investisiyalar yatırılır.
Tezliklə Qara dənizin dibi ilə "yaşıl enerji" daşıyan xəttin çəkilişinə başlanılacaqdır.

Son dövrlərdə İlham Əliyev tərəfindən atılan addımlar və görülən işlər sayəsində dünya birliyi tərəfindən Azərbaycana böyük rəğbət və dəstək yaranmışdır.
İlham Əliyevin Azərbaycanı daha heç bir təhdiddən, təsir və təzyiq cəhdlərindən qorxmur.

Yalnız öz maraqlarına uyğun işlər görərək siyasət yürüdür.
Bu gün Azərbaycan dünyaya, xüsusən Qərbi Avropaya daha çox gərəkdir.
İşlək layihələri, hamının kəskin ehtiyac duyduğu təbii qazı və "yaşıl enerji"si ilə!

***
"Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində beynəlxalq təşkilatların dəstəyini tam qazana bilmişik, Ermənistanın işğalçı siyasətini ifşa etmişik. Nail ola bilmişik ki, Ermənistan bu gün bütün regional layihələrdən təcrid edilmiş vəziyyətdədir. BMT Təhlükəsizlik Şurasının qətnamələri münaqişənin həlli üçün əsas bazadır, hüquqi bazadır. Dünyaya bir daha sübut edə bilmişik ki, biz haqlıyıq".
Əslində, İlham Əliyevin o dövrdə verdiyi bu açıqlama Qarabağ probleminin hərbi yolla həllinə keçid barədə xəbərdarlıq da sayıla bilərdi.
Azərbaycanın dövlət başçısı prezidentliyi dövründə öz çıxış və bəyanatlarında münaqişənin hərbi yolla həllinə keçidin istisna edilmədiyini daim vurğulayırdı.
Ermənistanın dostları və havadarları isə buna inanmır, Azərbaycanın belə bir cəsarətdə bulunacağını ağıllarına belə gətirmirdilər.
Həm də öz imkanlarına güvənərək hərbi variantın qarşısını alacaqlarına əmin idilər.

İlham Əliyev isə düşünülmüş, hesablanmış addımlarını bir-birinin ardınca atır, yeni ordu quruculuğu, onun ən müasir silahlarla silahlandırılması, təlimlər keçilməsi ilə sistemli şəkildə məşğul olurdu.
Üstəlik:
* Ermənistan daim təcrid vəziyyətində saxlanılır;
* Onun işğalçı siyasəti ifşa olunur;
* Hücum diplomatiyası tətbiq edilərək dünya erməniliyinə qarşı mübarizə gücləndirilir;
* Beynəlxalq qurum və təşkilatlarda ardıcıl iş aparılır, Azərbaycan özünə yeni dostlar və tərəfdaşlar qazanırdı.
İlham Əliyevin tarixi nitqindən daha bir neçə seçmə məqamı diqqətə çəkirik:
* "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın".
* "Bizim Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyimiz Azərbaycan xalqı tərəfindən dəstəklənir. Biz bu siyasətdən dönməyəcəyik, bundan sonrakı illərdə də işğalçını bütün işlərdən, regional işlərdən təcrid edəcəyik, onları ifşa edəcəyik". 
* "Gələcək illərdə isə bizim gücümüz daha da artacaq. Çünki bu gün reallaşan böyük təşəbbüslər, layihələr bizim gücümüzü daha da artıracaqdır".
* "Eyni zamanda biz yaxşı bilirik və bunu tarix, yaxın tarix və bölgədə gedən proseslər göstərir ki, bir çox hallarda beynəlxalq hüquq normaları işləmir. Kim güclüdür, o da haqlıdır. Biz bunu dəfələrlə görmüşük, bu gün də görürük. Demək olar ki, son 15 il ərzində beynəlxalq davranış qaydaları dəyişdi, beynəlxalq hüquq normaları arxa plana keçdi. Güc amili daha önəm qazandı. Bu, reallıqdır. Biz real həyatda yaşayırıq və reallıqla hesablaşmalıyıq".

Ən nəhayət daha bir cümlə:
"Bu reallıq bir də onu göstərir ki, bizim ordu quruculuğu ilə bağlı apardığımız siyasət yeganə düzgün siyasətdir".
Bir daha qeyd edirik:
İlham Əliyev bütün bu fikirləri hələ 18 aprel 2018-ci ildə söyləmişdir!
Daha sonra icra etmişdir!
Ən nəhayət, bugünkü reallığı yaratmışdır!

 

YENİ DÖVRÜN HƏDƏFLƏRİ

 

"Bizim hərbi qələbəmiz Azərbaycan xalqının gücünü, yenilməz ruhunu göstərir. Onu göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Bunu göstərir ki, biz öz torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq".
Çox böyük müdriklik və uzaqgörənliklə söylənilən sözlərdır.
Həm də mövcud reallığı dərindən əks etdirirdi.
Vətənsiz erməni öz ağlı ilə düşünürdü ki, həmsədr dövlətlərin dəstəyi ilə mənasız sülh danışıqlarını əbədiliyə qədər uzadacaqdır.
Beləliklə, Azərbaycanda Qarabağı görməyən yeni nəsil dünyaya gələcəkdir.
Belə bir nəsil isə Qarabağ uğrunda heç vaxt müharibə etməyəcək və torpaq erməniyə qalacaqdır. 
Yalnız qaraçılar kimi dünyaya səpələnmiş millət bu sayaq mühakimə yürüdərdi.
Və öz düşündüyünə də inanardı...

Azərbaycan xalqı isə torpağa bağlıdır, hər gün, hər saat Vətən uğrunda şəhid olmağa hazırdır.
Üstəlik, dövlət heç zaman torpağı unutmaq, torpağı yağıya güzəştə getmək barədə düşünməyib və belə bir siyasət yürütməyib!
Əksinə, məhz Milli Olimpiya Komitəsinin prezidenti kimi cənab İlham Əliyev yeni nəslin tərbiyəsində də öz sözünü söylədi.
Yeni, vətənpərvər, fiziki cəhətdən güclü, mənəviyyatca saf və sağlam gənclər nəsli tərbiyələndirdi.

* Bu nəsil əvvəlcə dünya, Avropa birinciliklərində, beynəlxalq yarışlarda uğurlu çıxışlar etdi, saysız-hesabsız qələbələr qazandı, medallar aldı.
* Qalib kimi dövlət himnimizi səsləndirdi, üçrəngli bayrağımızı ucaltdı.
* Bu gənclər əvvəlcə idman arenalarında erməni idmançılarla qarşılaşdılar, onları təkbətək mübarizədə məğlub etdilər.
* Sonra isə bu qələbələrini döyüş meydanında dönə-dönə, daha yüksək səviyyədə təkrarladılar.
Müzəffər Ali Baş Komandanımız isə Zəfər bayrağımızı Qarabağın və Şərqi Zəngəzurun ən uca nöqtələrində dalğalandırdı!
* Prezidentimizin söylədiyi kimi, biz işğalla heç zaman barışmadıq!
* Biz Qarabağı, düşmən tapdağında qalan torpaqları heç zaman unutmadıq!
* Biz sülh danışıqları gedən müddətdə daim Vətən həsrəti ilə yaşadıq!
* Biz daim torpaqları işğaldan azad etmək barədə düşündük və hazırlaşdıq!
* Bunun üçün gücləndik, güclü olduq!
İlham Əliyev daim və dayanmadan ordu quruculuğu ilə məşğul oldu.
Dövləti inkişaf etdirdi, yeni layihələr reallaşdıraraq büdcəyə daha çox vəsait toplanmasına nail oldu!
Sonra o vəsaitlərin böyük bir qismi ordu quruculuğuna yönəldildi!

Yeni, ən müasir texnologiyalar əsasında hazırlanmış silahlar alındı, şəxsi heyətə dayanmadan təlimlər keçirildi, peşəkarlıqları durmadan artırıldı.
Dördgünlük Aprel müharibəsi yeni ordumuz üçün baş sınaq oldu!
Düşmən bundan nəticə çıxarıb ağıllanmadı.
Cocuq Mərcanlıya qayıdış Qarabağa dönüşün qaranquşu oldu!
Düşmən yenə sülhə gəlmədi, murdarlığından əl götürmədi.
Zaman isə Azərbaycanın xeyrinə işləyirdi!
Azərbaycan aparılan doğru və uzaqgörən siyasət sayəsində iqtisadi və hərbi cəhətdən güclənir, beynəlxalq nüfuzu yüksəlir, dostlarının sayı artırdı.

Havadarlarının dəstəyindən havalanan Ermənistanın yeni başçısı Paşinyan "Qarabağ Ermənistandır və nöqtə" - deməklə torpaqları heç vəchlə qaytarmayacaqlarını açıq şəkildə bəyan etdi.
Azərbaycan Prezidenti İlham Əliyev düşmən dövlətin bu bəyanatından məharətlə istifadə etdi!
Əvvəlcə "Valday" Beynəlxalq Diskussiya Klubunda Ermənistanın sülh danışıqlarını mənasız edən bu mövqeyini ifşa etdi.
"Qarabağ Azərbaycandır və nida işarəsi" deyərək işğalla heç zaman barışmayacağımızı təkcə Paşinyana deyil, onun kimi düşünənlərin hamısına çatdırdı.
Sonra Münxen Təhlükəsizlik Konfransının panel iclasında Paşinyanla debatda Qarabağın əzəli Azərbaycan torpağı olduğunu, ermənilərin buraya XIX əsrdə çar Rusiyası tərəfindən gətirilərək yerləşdirildiyini tarixi faktlarla sübut etdi.
Azərbaycanın qəti və prinsipial mövqeyini dünya ictimaiyyətinə çatdırdı.
Həm də sübut etdi ki, sülh danışıqlarından qaçan məhz işğalçı Ermənistandır!
Müzəffər Ali Baş Komandan İlham Əliyev sözlə dediklərini 44 günlük Zəfər müharibəsində əməli ilə sübuta yetirdi.
* Sübut etdi ki, Azərbaycan güclü dövlətdir və güclü orduya sahibdir!
* Sübut etdi ki, Azərbaycan xalqı, Azərbaycanın əsgər və zabitləri torpaqları çox qısa bir müddətdə işğaldan azad etməyə qadirdir!
* Sübut etdi ki, heç bir azərbaycanlı Qarabağı, işğal altındakı torpaqları unutmaz, lazım gəlsə, canı və qanı bahasına geri alar!
* Sübut etdi ki, Azərbaycan təkcə Ermənistana deyil, dünya erməniliyinə, Ermənistanın bütün müdafiəçilərinə və havadarlarına da qalib gəlmək qüdrətindədir!
***
"Bundan sonrakı illər ərzində Azərbaycan Avrasiyada çox önəmli enerji resurslarını dünya bazarlarına çıxaran ölkə kimi fəaliyyət göstərəcək. Əlbəttə, bizə əlavə gəlirlər gələcək ki, bu gəlirləri də biz ölkəmizin inkişafına yönəldəcəyik". 
İlham Əliyevin beş il öncə söylədiyi bu fikirlər də artıq öz yerini alıb!
Azərbaycan çox rahat şəkildə öz enerji resurslarını dünya bazarına çıxarır!

Azərbaycan dünyada baş verən bütün prosesləri - həm də təkcə siyasi yox, ekoloji prosesləri də diqqətlə izləyir, lazımi nəticələr çıxarır və hadisələri uğurla qabaqlamağı da bacarır.
***
Dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçirildi.
Əvvəlkilərə bənzəməyən bir seçki!
Əvvəla,
bu dəfə səsvermə kampaniyası işğaldan azad edilən torpaqlar da daxil bütün ölkə ərazisində baş tutdu!
İkincisi, səsvermə günündə xalqın, xüsusən gənclərin çox böyük fəallığı müşahidə edildi.
Üçüncüsü, ən çox elektoratın iştirak etdiyi bir seçki kampaniyası baş tutdu!
Azərbaycan vətəndaşları sanki bu fəallıqları çox böyük fərqlə və üstünlüklə cənab İlham Əliyevə səs verməklə ona Qarabağ Zəfərinə görə minnətdarlıq duyğularını ifadə edirdilər!
Prezident İlham Əliyevin 14 fevral 2024-cü ildə Milli Məclisdə keçirilən inaqurasiya mərasimi də möhtəşəmliyi ilə yadda qaldı!
***
Əlini Azərbaycan Respublikasının Konstitusiyasının üzərinə qoyan İlham Əliyev: "Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!" - söylədi.
Sonra müqəddəs Qurani-Şərifə əl basaraq Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq olacağına, onları daim uca tutacağına and içdi.
Prezident İlham Əliyevin budəfəki inaqurasiya mərasimindəki nitqini yeni dövrün manifesti də adlandırmaq olar!
Dövlət başçısı əvvəlcə yığcam şəkildə əvvəlki dövrə yekun vurdu:
"2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik.
Verdiyim vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası idi. O vaxt və ondan sonrakı illərdə, o cümlədən 2018-ci ildə bax bu kürsüdən andiçmə mərasimində demişdim ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. O gündən cəmi 2 il yarım keçdi və Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir, 300-dən çox şəhər və kənd azad olunmuşdur, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edilmişdir. Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik".

Sonra isə yeni prezidentliyi dövründə görüləcək işlər, həyata keçiriləcək tədbirlər, aparılacaq islahatlar barədə yığcam, həm də dərin və aydın təsəvvür yaradan məlumat verdi.
Əslində, cənab İlham Əliyev yeni dövrün yeni vəzifələrindən danışdı:
"İndi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi".
Çox vacib bir məqam:

* Yeni vəzifələr və hədəflər ən əvvəl Azərbaycanın dünyadakı yerindən və mövqeyindən irəli gəlir.
* Azərbaycanın dünyadakı yüksək siyasi nüfuzundan qaynaqlanır.
* Ölkəmizin Cənubi Qafqazın iqtisadi cəhətdən ən güclü dövləti və söz sahibi olmasından doğur.
* Ən nəhayət, Azərbaycan dövlətinin və xalqının milli maraqlarının qorunmasından və onların təminindən irəli gəlir.
 BƏS YENİ HƏDƏFLƏR HANSILARDIR?
Cənab İlham Əliyev yeni hədəfləri bütövlükdə belə xarakterizə edir:
"Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik".
Azərbaycan 44 günlük Zəfər müharibəsində düşmən ordusunu darmadağın edərək ərazi bütövlüyünü və suverenliyini təmin etdi.
Lakin Ermənistan hələ də xülyalara qapılaraq, havadarlarına güvənərək ordusunu yenidən qurmağa çalışır, revanşist niyyətlərlə yaşayır, sülh müqaviləsini imzalamaqdan müxtəlif bəhanələrlə boyun qaçırır.
Bu vəziyyət Azərbaycanı daha güclü olmağa, ordunu daim ən yeni silahlarla silahlandıraraq ayaqda saxlamağa vadar edir.
İlk vəzifə də ölkənin müdafiə qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması sayılır.

Prezident İlham Əliyev görülən işlər barədə yığcam şəkildə dedi:
"Hesab edirəm ki, növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir".
Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılması, bu məqsədlə Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi də mühüm vəzifələrdən biridir.
Böyük Qayıdışla bağlı I Dövlət Proqramının imzalanması bu məsələnin planlı şəkildə icrasını şərtləndirir.
Bu iki məsələnin eyni əhəmiyyət daşıdığına işarə vuraraq İlham Əliyev dedi:
"Bizim dövlət büdcəmizdə bu gün də ən böyük xərclər hərbi xərclərdir və hərbi xərclərlə bərabər, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır".
Xarici siyasət məsələləri yenə də aktual olaraq qalır.
Azərbaycanın öz hədəflərinə çatmasında Prezident İlham Əliyevin yeritdiyi müdrik və uzaqgörən siyasətin mühüm rolu vardır.
BMT-nin Təhlükəsizlik Şurasına, Qoşulmama Hərəkatına sədrliyi dövründə cənab İlham Əliyev Azərbaycana böyük siyasi nüfuz qazandırdı.
Bu gün Azərbaycanın dostları, etibarlı tərəfdaş kimi onunla daim əməkdaşlıq etmək istəyənlər də çoxdur.
***
Növbəti dövr üçün müəyyən edilən bir neçə hədəf isə bilavasitə gənclərlə bağlıdır.
Azərbaycanda gənclər siyasətinin əsasını Ulu Öndər Heydər Əliyev qoymuşdur və o, bu gün də yaradıcılıqla davam etdirilir.

Dövlət başçısı daim gənclərə xüsusi qayğı və diqqət göstərir.
Neft kapitalının insan kapitalına çevrilməsi siyasəti, gənclərin dövlət hesabına xaricdə təhsilə göndərilmələri, ölkədə idmanın inkişafı və ona yaradılan şərait dediklərimizin təsdiqidir.
Azərbaycan gəncləri bu etimadı daim doğruldurlar!
Bu gün Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır, hər il idmançılarımız Avropa, dünya birinciliklərində, müxtəlif beynəlxalq idman yarışlarında uğurla çıxış edərək yüksək nəticələr qazanırlar.
Məhz bu cür igid gənclərimiz sayəsində ordumuz düşməni məğlub edərək ərazilərimizdən birdəfəlik qovdu!
Yeni dövrün yeni vəzifəsini isə İlham Əliyev belə ifadə etdi:
"Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir".
Qarşıya qoyulan vacib məsələlərdən biri də texnoloji inkişafdır.
Bu, həm sənayeni, həm də hərbi-sənaye kompleksini əhatə edir.

Burada da əsas məqamlardan biri kadr hazırlığıdır:
"Ancaq kadr hazırlığı olmadan heç bir texnoloji yenilik kifayət etməyəcək. Son müddət ərzində bir neçə min Azərbaycan gənci treninqlərdən keçib, xüsusi proqramlardan keçib. Texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi - bütün bunlar bizim gündəlik həyatımızın əlamətlərinə çevrilməlidir".
Azərbaycançılıq ideologiyasına sədaqət, milli birliyin daim möhkəmləndirilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, şəhid ailələrinə, müharibə veteranlarına qayğı, onların ev, mənzillərlə təmini yenə də diqqət mərkəzində saxlanılacaqdır.
***
İnkişafının yeni mərhələsinə qədəm qoyan Azərbaycan köhnə-yeni hədəflərinə doğru inamla addımlayır.
Sistemli qaydada keçmiş məcburi köçkün ailələri doğma yurda, dövlətin saldığı müasir qəsəbələrə qayıdır, təzə mənzillərdə həyatlarını davam etdirirlər.
Təkcə cari ildə bu məqsədlə dövlət büdcəsindən 4 milyard manat vəsait ayrılıb!
İlin sonunadək işğaldan azad edilmiş 25 yaşayış məntəqəsinə ümumilikdə 5171 ailənin (20 min nəfərdən çox əhalinin) köçürülməsi nəzərdə tutulub.
Bu ərazilərdə "yaşıl enerji" potensialının yaradılması məqsədilə 122 MVt gücündə 17 su-elektrik stansiyası yenidən qurulub, tikilib və ya bərpa edilib, 73 MVt gücündə 9 SES tikintisi isə davam edir.
2030-cu ilin sonunadək Azərbaycanda 5 min meqavata yaxın bərpaedilən enerji istehsalına nail olunması da yeni hədəflər sırasındadır.
Azərbaycan yeritdiyi siyasət və iqtisadi potensialı ilə dünyanın diqqətini özünə cəlb etməkdədir.
* 68 ölkədən 400-dək qonağın olduğu "Parçalanmış dünyanın bərpası" devizi ilə keçirilən XI Qlobal Bakı Forumunda 40-dan çox hazırkı, həmçinin sabiq dövlət və hökumət başçıları iştirak etdi.
* NATO-nun Baş katibi Yens Stoltenberq mart ayında ölkəmizə rəsmi səfərə gəldi, Azərbaycanı NATO-nun "vacib və dəyərli tərəfdaşı" adlandırdı.
* BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (buraya 198 ölkə üzvdür) ölkəmizdə keçiriləcək 29-cu sessiyasına (Cop29) geniş hazırlıq işləri davam edir.
* Azərbaycan Qara dənizin altı ilə çəkiləcək kabel vasitəsilə Avropaya "yaşıl enerji" ixracına ciddi hazırlıq görür.
Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin və xalqımızın yeni hədəflərə çataraq qarşıdakı vəzifələri uğurla həyata keçirəcəyinə Azərbaycan xalqı möhkəm əmindir.
Bu gün keçmiş məcburi köçkünlər dövlətin onlar üçün inşa etdiyi müasir tipli şəhərcikləri, rahat mənzillərini tərk edərək doğma yurd-yuvalarına dönürlər.
Orada onları gözləyən, buradakından da gözəl şəraiti olan evlərə, "ağıllı" şəhər və qəsəbələrə qayıdırlar!
Bunları dövlət öz hesabına tikib-quraraq vətəndaşına ərməğan edir!
Qarabağ və Şərqi Zəngəzur isə yeni növrağına başlayır!

Burada inşa olunan hər bir ev, bina, qurğu, məktəb, uşaq bağçası, sənaye məhəlləsi yenidir, mükəmməldir!
Prezident kimi and içərək yenidən dövlət başçısı kimi fəaliyyətə başlayan cənab İlham Əliyevin nitqinin sonunda söylədikləri tam əsaslarla bu günümüzə də şamil edilə bilər:
"Biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var". 
"Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yaşayırıq. Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar".

Əminik ki, bu belə də olacaqdır!
Çünki xalqımızın Heydər Əliyev siyasi kursuna sadiq olan, bizi qələbədən-qələbəyə çatdıran İlham Əliyev kimi müdrik rəhbəri, hər bir düşmənə, mənfur niyyətlilərə qalib gəlməyə imkan verən milli birliyimiz, xalqın Prezidentə daimi, möhkəm və sarsılmaz dəstəyi vardır!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video