21 May 2023 09:20
620
SİYASƏT
A- A+

Ölkəmizin inkişaf strategiyasını müəyyənləşdirən lider

 

Heydər Əliyev XX əsrin nadir şəxsiyyətlərindən biri olmaqla yanaşı, Azərbaycanın bütün dünya ölkələri ilə strateji tərəfdaşlığının təməlini qoymuş, uğurlu və tarazlaşdırılmış siyasətin bünövrəsini yaratmış, ölkəmizin gələcək inkişafının strategiyasını müəyyənləşdirmiş, XX əsrin reallıqlarında müstəqil və güclü Azərbaycan dövlətçiliyinin qurucusu və memarı olmuşdur.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinin böyük qürur hissi  ilə qeyd edilməsi xalqımızın ictimai-siyasi həyatında çox böyük əhəmiyyətə malik olan mühüm hadisədir. 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncamda deyilir: "Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur". Milli dövlətçilik və azərbaycançılıq fəlsəfəsini Azərbaycan mentaliteti ilə birləşdirən Heydər Əliyev özünün fenomenal siyasi keyfiyyətləri sayəsində bütün mütərəqqi qüvvələri müstəqilliyin qorunması ətrafında cəsarətlə birləşdirə bilmiş, xalqın və dövlətin demokratik dəyərlər qanunu ilə idarə edilməsinin zəngin məktəbini yaratmışdır. Bu məktəbin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası daxili və xarici siyasətdə böyük nailiyyətlər qazanmış, sosial, iqtisadi, mədəni və beynəlxalq sahədə fundamental müvəffəqiyyətlərə nail olmuş,  iqtisadi inkişaf sürətinə görə lider dövlətə çevrilmişdir. Prezident İlham Əliyevin dediyi kimi, 1993-2003-cü illərdə 10 il ərzində görülmüş işlər bir əsr ərzində görülmüş işlərə bərabərdir. Məhz Heydər Əliyevin böyük fəaliyyəti nəticəsində Azərbaycan dövləti qurulmuş və dövlətçilik prinsipləri inkişaf etdirilmişdir. 
Heydər Əliyev şəxsiyyəti ümumxalq zəkası ilə ayrılmaz bir vəhdətdə, vahid bir ideyada birləşmişdir. Böyük rəhbər Azərbaycan xalqının bütün yaradıcılıq potensialını müstəqillik ideyalarında birləşdirən və bu müstəqilliyi daha da möhkəmləndirən Ümummilli Lider səviyyəsinə yüksəlmişdir. 
Son iki əsrin qovşağında Azərbaycanda baş verən köklü dəyişikliklər ölkəmizin gələcək inkişafını müəyyənləşdirən başlıca amillərdən biri oldu. Bu illərdə Azərbaycan müstəqillik qazanmaqla yanaşı, özünün ərazi bütövlüyünü itirməklə də üz-üzə qaldı. Hələ 1988-ci ildən başlayaraq erməni millətçi şovinistlərinin uydurduğu Qarabağ problemi getdikcə dərinləşərək qanlı faciələr törədilməsi ilə nəticələndi. Belə bir vaxtda erməni təcavüzünün qarşısını almaq üçün və müstəqillik uğrunda genişlənən azadlıq hərəkatı səkkiz milyonluq Azərbaycan xalqını ayağa qaldırdı və onun qarşısına yeni tarixi vəzifələr qoydu. Azərbaycanı müstəqil görmək arzusu ilə yaşayan xalqımız özünün azadlıq mübarizəsini daha da genişləndirdi və nəticədə dövlət müstəqilliyini bərpa edə bildi. Bu, xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı prinsipial mübarizəsində qazandığı parlaq nailiyyət və böyük tarixi qələbə idi. Beləliklə, 1991-ci il oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız özünün müstəqilliyini yenidən qazandı. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, müstəqil Azərbaycan Respublikası bizim ən böyük tarixi nailiyyətimizdir və Azərbaycanın müstəqilliyi daimidir, dönməzdir, əbədidir.
Azərbaycanın müstəqillik aktı qəbul edildikdən sonra qarşıda hələ çətin və mürəkkəb vəzifələr dururdu. Bir tərəfdən erməni təcavüzü genişlənir, torpaqlarımız işğal edilir, digər tərəfdən ölkə daxilində hakimiyyət uğrunda siyasi çəkişmələr güclənir və nəticədə xalq ağır itkilər verirdi. Azərbaycanın belə ağır vaxtında müxtəlif bölgələrdə yaranan silahlı qruplar ölkəni parçalamaq, hakimiyyəti ələ keçirmək niyyəti ilə çıxışlar və qiyamlar etməyə çalışdılar. Azərbaycan çox çətin dilemma qarşısında qalmışdı. 1990-cı illərin əvvəllərində ölkə iqtisadi, siyasi və hərbi  böhran içərisində idi, dərinləşməkdə olan çəkişmələr və hakimiyyət böhranı ölkəni iflic vəziyyətə salmışdı. Dünya azərbaycanlılarının II qurultayında (mart-2006) Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, bütövlükdə Azərbaycan dövlətinin taleyi sual altında idi. 
Ölkədə dərin və təhlükəli ictimai, siyasi və iqtisadi böhran yaranmışdı. Həmin dövrün ətraflı təhlilini verən Ümummilli Lider Heydər Əliyev demişdir: "… Vəziyyət elə təhlükəli xarakter almışdı ki, 1991-ci ildə yaranmış müstəqil dövlətimiz qəsdən və yaxud səriştəsizlikdən yaranan idarəsizlik nəticəsində real itirilmək təhlükəsi ilə üz-üzə qalmışdı. Beləliklə, 1991-1993-cü illər Azərbaycanın müstəqillik tarixində nəinki itirilmiş illər hesab olunur, həm də bu illərdə Azərbaycan "ölüm ya olum" dilemması qarşısında qalmışdı". Azərbaycan xalqının belə ağır və çətin vaxtında hamının diqqəti o zaman Naxçıvan Ali Sovetinin Sədri vəzifəsində çalışan Heydər Əliyevə yönəldi. Çünki xalqı belə ağır vəziyyətdən qurtara bilən yeganə dünyəvi şəxsiyyət ancaq və ancaq Heydər Əliyev ola bilərdi. Azərbaycan xalqının təkidli tələbi ilə Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya gəldi, iyunun 15-də Respublika Ali Sovetinin (indiki Milli Məclis) Sədri seçildi. Həmin gün Azərbaycan xalqının şərəfli tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.  Heydər Əliyev ümumxalq səsverməsi yolu ilə 1993-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçildi.
Azərbaycan xalqının tarixində yeni bir dövr başlandı. Milli Məclisin 1997-ci il 27 iyun tarixli iclasında 15 İyun günü "Milli Qurtuluş Günü" elan edildi.
Dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən Heydər Əliyev ölkəmizin daxili və xarici siyasət proqramını hazırladı, dağıdılmış iqtisadiyyatın bərpası və inkişaf etdirilməsinin strategiyasını müəyyənləşdirdi, azad bazar iqtisadiyyatına doğru dərin və əhatəli sosial-iqtisadi, siyasi və mədəni islahatlar kursunu inkişaf etdirdi. Prezident Heydər Əliyev qısa zamanda ölkənin sosial-iqtisadi, siyasi və mədəni inkişafının elmi cəhətdən əsaslandırılmış proqramını hazırladı. Dünyanın inkişaf proqramından və təcrübəsindən istifadə edərək, milli iqtisadiyyatın inkişafının spesifik cəhətləri, xüsusiyyətləri və milli mentalitetimizə uyğun bütün parametrlər nəzərə alınaraq, yeni-yeni layihələr və dövlət proqramları hazırlandı. Ölkəmizin inkişaf dövrü başlandı. 
İyirminci yüzilliyin üçdəbiri qədər ölkəmizi idarə edən bu dahi şəxsiyyət qısa zaman kəsiyində nəinki Azərbaycanı dünyaya tanıtdıra bildi, habelə Azərbaycan sivilizasiyalı dövlətlər bərabərliyinə yüksələ bildi. İstər sovet dövründə, istərsə də müstəqilliyimiz illərində Azərbaycan sosial-iqtisadi, siyasi, mədəni, elm və təhsil sahələrində fundamental nailiyyətlər qazandı, demokratik dəyərlərə malik yüksək göstəricilər əldə etdi. 
Heydər Əliyev Azərbaycan dövlətçiliyinin bütöv bir təlimini və onun inkişaf strategiyasının uğurlu istiqamətlərini yaratdı. Ulu Öndərin ecazkar gücü və qüdrətli təşkilatçılığı ilə müstəqillik ideyaları sovet dövründə də  parlaq və şəfəqlənən ideala çevrilmiş, sanki gələcək azadlıq mübarizəsinin konturlarını müəyyənləşdirmişdir. 
İlham Əliyevin imzaladığı sərəncamda deyildiyi kimi, 1970-ci illərdə Ulu Öndərin "atdığı qətiyyətli addımlar müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir". Heydər Əliyev bəşər həyatının ən yüksək zirvəsindən insan azadlığını və müstəqilliyi tanrı vergisi kimi müqəddəs bilmiş, hələ vaxtında, yəni ötən əsrin 70-ci illərində keçmişlə gələcəyi bir-birinə bağlayan və bir-birini tamamlayan qırılmaz vasitə kimi əlaqələndirmə körpüsü yaratmış və beləliklə, Azərbaycan xalqının vahidliyini düşünərək tərəqqinin inkişaf istiqamətlərini və müstəqillik yollarını müəyyən etmişdir.  
Heydər Əliyev tərəfindən yaradılmış yeni dövlətçilik strukturları daxili mahiyyətinə və vəzifələrinə görə bəşəri məzmun daşıyır və elmi baxımdan daha dolğun və daha düzgün istiqamətləndirilmişdir ki, bugünkü uğurlarımız və nailiyyətlərimiz də həmin köklərə və həmin mənbələrə söykənir. Hazırda dünyanın bir çox dövlət xadimi onu yüksək  qiymətləndirir.
Böyük rəhbər 1993-cü ilin oktyabrında 98,8 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Andiçmə mərasimində çıxış edən Prezident Heydər Əliyev qarşıda böyük və mürəkkəb vəzifələrin dayandığını və onların həlli yollarının istiqamətlərini, bir sözlə, müstəqil dövlətimizin daxili və xarici siyasətinin konseptual vəzifələrini konkret müəyyənləşdirdi. Andiçmə mərasimində dedi: "Əlimi Azərbaycan Respublikasının Konstitusiyasına və "Qurani-Kərimə" basaraq and içirəm ki, biliyimi, təcrübəmi, qüvvəmi Azərbaycan xalqının, Azərbaycan Respublikasının rifahına həsr edəcəyəm, xalqımızın milli-mənəvi ənənələrinə daim sadiq olacaq və bu ənənələrin bərqərar olmasına təminat yaradacağam". 
Heydər Əliyevin ictimai-siyasi və dövlətçilik fəaliyyəti, onun proqram xarakterli çıxışları, nitq və məruzələri çağdaş tariximizi sistemli-müqayisəli formada öyrənmək baxımından çox qiymətli bir məxəzdir və zəngin tarixi mənbədir.
Apardığımız tədqiqatlar və araşdırmalar nəticəsində aydın olur ki, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə köklü islahatlar aparıldı və  fundamental əhəmiyyətə malik olan tədbirlər həyata keçirildi. 
Öncə onu demək lazımdır ki, böyük dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyevin birinci dəfə Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə fundamental nailiyyətlər qazanıldı. Həmin illərdə respublikada 250-dən çox zavod, fabrik və digər sənaye müəssisələri, o cümlədən Mingəçevir və Şamxor SES-lərı, Bakı kondisioner zavodu, Sumqayıt kompressorlar zavodu, Gəncədə xalça zavodu, qənnadı zavodu, çini-saxsı qablar zavodu, Əli-Bayramlı məişət cihazları zavodu, Bakıda neft emal zavodu, neft maşınqayırma zavodu, ELOU-AVT üzən qurğusu, Naxçıvanda, Balakəndə, Zaqatalada və Xankəndidə aeroportlar, Bakıda yeni təyyarə limanı, Yevlax-Balakən və Ağdam-Xankəndi dəmir yolları, Bakı metrosunun 2-ci növbəsi, Bakıda 7 mikrorayon, Badamdar, Əhmədli, Hövsan yaşayış kompleksləri və digər sənaye müəssisələri tikilib istifadəyə verildi. Heydər Əliyevin göstərişi ilə Azərbaycanda 6 yeni ali məktəb, C.Naxçıvanski adına hərbi məktəb, çoxlu təhsil müəssisələri yaradıldı, milli yaddaş və milli özünüdərk ideyaları inkişaf etdirildi. Nizami, Nəsimi, Gəncə, Babək adına rayonlar yaradıldı.
1978-ci ildə qəbul edilən Azərbaycan SSR-in yeni Konstitusiyasında 15 sovet respublikası içərisində yeganə olaraq Azərbaycan dili rəsmi dövlət dili kimi Konstitusiyaya daxil edildi.
Nizami, Əcəmi, Nəsimi, Tusi, Vaqif, Aşıq Ələsgər, Aşıq Alı, Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Hüseyn Cavid və başqalarının təntənəli yubileyləri keçirildi. Taqanroqda, Sevastopolda milli diviziyaların şərəfinə abidələr ucaldıldı. Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində 350 adda sənaye məhsulu dünyanın 65 ölkəsinə ixrac edilirdi. Bütün bunlara görə, 1969-1982-ci illər Azərbaycan tarixində dönüş mərhələsi adlanır. Həmin illərdə Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafında böyük nailiyyətlər qazanıldı. 
Heydər Əliyev 1990-cı ilin iyununda Bakıya, oradan da Naxçıvana gəldi, 1991-ci ilin sentyabrından Azərbaycan xalqının qurtuluş hərəkatı başlandı və bu qurtuluş hərəkatına başçılıq etməyə başladı. Naxçıvana rəhbərlik etdiyi illərdə Heydər Əliyevin təşəbbüsü ilə  muxtar respublikanın adından "sovet sosialist" sözləri çıxarıldı, "Ali Sovet", "Ali Məclis" adlandırıldı, ADR-in üçrəngli bayrağı ilk dəfə Naxçıvan MR-in dövlət bayrağı kimi qəbul edildi, Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, SSRİ-nin saxlanılması barədə referendumdan imtina edildi, 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verildi,  dünya azərbaycanlılarının həmrəylik gününün qeyd olunması barədə tarixi qərar qəbul edildi. Bu cəsarətli addımların atılması Naxçıvanı qurtuluş mücadiləsinin önünə çıxardı və Heydər Əliyevə ümumxalq məhəbbəti daha da artdı. Azərbaycan xalqı aydın şəkildə dərk etdi ki, ölkəni bu xaosdan qurtara bilən yeganə şəxsiyyət və dövlət rəhbəri ancaq və ancaq Heydər Əliyev ola bilər. 
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası ilə əldə edilən nailiyyətlər və doxsanıncı illərin  əvvəllərində ölkədə yaranmış dərin siyasi hakimiyyət böhranı, Dağlıq Qarabağ və Ermənistan-Azərbaycan müharibəsi, erməni millətçi silahlı birləşmələri tərəfindən torpaqlarımızın işğalı dövlət müstəqilliyimizin taleyini təhlükə qarşısında qoydu. Belə ağır və mürəkkəb vaxtda Azərbaycan xalqının təkidli xahişi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu və dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində Heydər Əliyevin hərtərəfli fəaliyyəti daha da genişləndi, qətiyyətli və prinsipial uğurlar əldə edildi. "Heydər Əliyev hakimiyyətə gəlməsi ilə dövlətçilik institutunun əsl simasını özünə qaytardı, xalqın dövlətçilik barədə təsəvvürləri tamamilə dəyişdi".
Heydər Əliyevin respublikaya rəhbərliyə başladığı ilk gündən əsas diqqət ölkə daxilində siyasi parçalanmanın və vətəndaş qarşıdurmasının qarşısının alınmasına, sakitliyə və sabitliyə, cəbhədə atəşkəsə nail olunmasına, sürətlə artmaqda olan inflyasiyanın qarşısının alınmasına, azad bazar iqtisadiyyatına doğru dərin sosial-iqtisadi, siyasi və mədəni islahatların həyata keçirilməsinə yönəldildi.
Qısa zaman kəsiyində Heydər Əliyevin çox böyük təşkilatçılığı və rəhbərliyi, məqsədyönlü siyasəti sayəsində Azərbaycan xalqının milli birliyi bərqərar oldu, ictimai, siyasi sabitlik bərpa olundu, hakimiyyət böhranı aradan qaldırıldı, əhəmiyyətli qərarlar və fərmanlar qəbul edildi, təsirli tədbirlər həyata keçirildi, müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi üçün əsaslı şərait yarandı.
Qısa zamanda Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının xarici siyasət strategiyasının konseptual, elmi əsasları yaradıldı, bütöv bir təlimin beynəlxalq münasibətlər sisteminə uyğunlaşdırılması istiqamətləri, prinsip və vəzifələri, düşünülmüş taktiki yolları, dünya dövlətləri ilə əlaqələrin yaxın və uzaq strategiyası müəyyənləşdirildi. Hazırlanan proqramda sülhsevərlik, mehriban qonşuluq və dinc yanaşı yaşamaq prinsipləri, başqasının daxili işlərinə qarışmamaq, qarşılıqlı faydalı əməkdaşlıq kimi yüksək bəşəri  dəyərlər öz əksini tapdı.
Prezident Heydər Əliyev dövlətimizin xarici siyasət proqramını belə müəyyənləşdirirdi: "Azərbaycan dövlətinin xarici siyasətinin başlıca prinsipləri beynəlxalq hüquq normaları ilə tənzimlənən dövlətlərarası münasibətlərə hörmət etməkdən, bütün dövlətlərin suveren hüquqlarına hörmətlə  yanaşmaqdan, bütün mübahisəli məsələləri sülh və danışıqlar yolu ilə həll etməkdən, qarşılıqlı əməkdaşlıq yaratmaqdan, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətləri aradan qaldırmaqdan  ibarətdir". Bununla da Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının xarici siyasət strategiyasının əsasları yaradıldı, bütöv bir təlimin beynəlxalq münasibətlər sisteminə uyğunlaşdırılan istiqamətləri, prinsip və vəzifələri, həyata keçirilməsinin elmi cəhətdən dərindən düşünülmüş taktiki yolları müəyyənləşdirildi ki, həmin demokratik prinsiplər onun dünyəvi əhəmiyyətini xeyli artırdı.
Təkcə bu faktı demək kifayətdir ki, Azərbaycan Respublikası bu dövrdə dünyanın təqribən 137 ölkəsi ilə diplomatik əlaqə qurmuşdur. Azərbaycanda 63 xarici dövlətin səfirlikləri fəaliyyət göstərirdi. Öz növbəsində Azərbaycanın 21 xarici ölkədə səfirliyi, daimi nümayəndəliyi və konsulluğu fəaliyyət göstərirdi.
Prezident İlham Əliyevin uğurlu diplomatik siyasəti nəticəsində hazırda Azərbaycanda dünyanın 66 dövlətinin səfirliyi, 4 baş konsulluğu, 3 fəxri konsulluğu, 22 beynəlxalq təşkilatın nümayəndəliyi fəaliyyət göstərir. Öz növbəsində ölkəmiz dünyanın 170-ə qədər ölkəsi ilə diplomatik münasibətlər yaratmışdır. Azərbaycanın dünyanın 59 ölkəsində səfirliyi, 9 baş konsulluğu, 5 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi, 15 fəxri konsulluğu fəaliyyət göstərir. 
Bir fakt da xüsusi qeyd olunmalıdır ki, Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun həyata keçirilməsində, milli dövlət strukturlarının yaradılmasında və formalaşmasında yeni Konstitusiyanın (1995-ci il) qəbul edilməsinin böyük əhəmiyyəti oldu. Milli Konstitusiyamızın qəbul olunması Azərbaycanda dövlət müstəqilliyinin daimi, əbədi olmasını bir daha dünyaya sübut  etdi, demokratik vətəndaş cəmiyyəti quruculuğuna, insanların azad və sərbəst yaşamalarına, insan haqları və hüquqlarının genişlənməsinə əlverişli şərait yaratdı. 
Müstəqil dövlətimizin Konstitusiyası Heydər Əliyevin şah əsəridir. 
Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olan "Əsrin müqaviləsi"nin imzalanması Heydər Əliyev dühasının və uzaqgörən diplomatiyasının böyük və tarixi qələbəsi, neft strategiyası siyasətinin  parlaq uğuru idi. Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə beynəlxalq əhəmiyyətə malik olan neft kontraktları haqqında 1994-cü il sentyabrın 20-də sazişlərin imzalanması müstəqil Azərbaycanı dünyanın nəhəng dövlətlərinin diqqət mərkəzinə gətirdi. İri dövlətlərin böyük neft şirkətləri tezliklə bu müqaviləyə qoşulmağa çalışdı. Azərbaycan neft sənayesinin inkişafına beynəlxalq sərmayələrin qoyulması çoxaldı. Azərbaycanın neft sənayesi sürətlə inkişaf etdi. Heydər Əliyevin rəhbərliyi ilə tezliklə Bakı-Novorossiysk və Bakı-Supsa kəmərləri çəkilib istifadəyə verildi. Bakı nefti Rusiyaya və Avropaya nəql edilməyə başlandı. Bununla yanaşı, Prezident Heydər Əliyev daha böyük beynəlxalq layihələrə imza atdı. 
 Məhz Heydər Əliyevin fəal və uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycan transmilli layihələrə qoşuldu, qlobal və regional layihələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin reallaşdırılmasına nail olundu. Azərbaycan Prezidenti İlham Əliyevin sözləri ilə desək, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri Heydər Əliyev siyasətinin qələbəsidir. 
Heydər Əliyev siyasətinin ən parlaq uğurlarından biri Azərbaycan xalqının milli mənəvi dəyərlərinin dirçəlişi və qorunub saxlanılması, böyük cəsarətlə milli söykökümüzə, tariximizə, ədəbiyyatımıza və mədəniyyətimizə, ana dilimizə və Vətən tariximizə verilən böyük qiymət və dəyərlərdir. Azərbaycan xalqının milli mənəvi dəyərlərinin qorunub saxlanılmasında və müasir dövrümüzdə yeni-yeni müsbət keyfiyyətlərlə daha da zənginləşdirilməsində, ağıllı və dərin, düşünülmüş diplomatik siyasətin həyata keçirilməsində Ulu Öndərin zəngin dövlətçilik təcrübəsinin çox böyük rolu və əhəmiyyəti olmuşdur. 
Milli söykökümüzə qayıtmaq, milli şüurun dirçəlməsində tariximizin "ağ" və "qara ləkələri"nin silinməsi, tarixi ədalətin bərpa olunması və obyektiv həqiqətlərin üzə çıxarılması  istiqamətində Ümummilli Liderin cəsarətli siyasəti və qəbul etdiyi təsirli dövlət qərarları Azərbaycan tarixinin öyrənilməsi üçün böyük əhəmiyyətə malik olan sənədlərdir. Heydər Əliyevin azərbaycanlı əhalinin 1948-1953-cü illərdə Ermənistan SSR-dən doğma dədə-baba yurdlarından və torpaqlarından zorakılıqla deportasiya edilməsi haqqında 1997-ci il 18 dekabr tarixli və 31 Mart azərbaycanlıların soyqırımı haqqında 1998-ci il 26 mart tarixli imzaladığı fərmanlar sözün əsl mənasında xalqımızın tarixinə olan qayğı,  diqqət və hörmətdir, tarixi ədalətin və sovet imperiyası dövründə unudulmuş tariximizin və yaddaşımızın bərpasıdır, o tarixi cinayətlərə verilən hüquqi-siyasi qiymətdir. Həmin fərmanlar tarixçi və ictimaiyyətçi alimlərimizə aydın və konkret istiqamətlər verdi və hadisələrin tədqiqinə və araşdırılmasına əsaslı şərait yaratdı. Heydər Əliyev demişdir: "Bizim xalqımızın böyük və möhtəşəm tarixi var, böyük dövlətçilik tariximiz var. Biz tariximizlə fəxr edə bilərik". 
Ümummilli Lider çox gözəl bilirdi ki, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, dərinləşməkdə olan Dağlıq Qarabağ hadisələrini ədalətlə həll etmək, erməni işğalçıları tərəfindən zəbt  olunmuş torpaqlarımızı azad etmək üçün müasir standartlara cavab verə bilən güclü  Silahlı Qüvvələr lazımdır. Bu məqsədlə ordu quruculuğunda köklü islahatların aparılması zəruri idi. 1990-cı illərin əvvəllərində Azərbaycan Ordusu pərakəndə halda və könüllü hərbi birləşmələrdən ibarət idi və mərkəzə bəzən tabe olmurdu. Belə bir şəraitdə könüllü hərbi birləşmələri buraxmaq, mərkəzləşdirilmiş ordu yaratmaq və onu komplektləşdirmək, əlbəttə, çox çətin idi və vaxt tələb edirdi. Ancaq böyük dövlətçilik təcrübəsinə, yüksək təşkilatçılıq qabiliyyətinə və  dəmir iradəyə malik olan Ümummilli Lider qısa zaman kəsiyində Silahlı Qüvvələrin yaradılmasına, onun döyüş texnikası və müasir dünyəvi silahlarla təchiz və təmin olunmasına, siyasi və təşkilati cəhətdən möhkəmləndirilməsinə nail oldu. Şəxsən özünün diqqətində və nəzarətində saxladığı ordu quruculuğu məsələsi ilə əlaqədar hərbi hissələrə getdi, döyüş cəbhələrində oldu, əsgər və zabitlərlə görüşdü, generalları dinlədi, mütəxəssis təkliflərini dəyərləndirdi və dünya təcrübəsindən istifadə edərək NATO və Türkiyə Silahlı Qüvvələrinin nümunəsində Azərbaycanın güclü Silahlı Qüvvələrini yarada bildi ki, bu gün biz öz milli ordumuzla fəxr edirik. Danılmaz faktdır ki, müasir Azərbaycan Ordusunun yaradılmasının və onun formalaşdırılmasının memarı Ümummilli Lider Heydər Əliyevdir.
Prezident İlham Əliyevin dediyi kimi, müasir Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Məhz güclü Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsi zamanı parlaq qələbə ilə 30 illik işğala son qoydu, Azərbaycanın ərazi bütövlüyünü təmin etdi.  Çağdaş tariximizin ictimai-siyasi və dövlətçilik təcrübəsinin varislik əlaqəsi baxımından araşdırılması bir daha onu sübut edir ki, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində bəzi yarımçıq qalmış problemlər Prezident İlham Əliyev tərəfindən uğurla həll edilmiş, Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş köklü islahatlar kursu qətiyyətlə davam etdirilmişdir. Müstəqil Azərbaycanın daxili və xarici siyasət kursunda qazanılmış fundamental uğurlar dediklərimizə sanballı sübutdur.  

NURU MƏMMƏDOV, 
BDU-nun Azərbaycan tarixi kafedrasının professoru, tarix elmləri doktoru, Əməkdar müəllim

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video