03 Fevral 2023 01:23
671
Mədəniyyət
A- A+

Nurlu şəxsiyyət

 

Dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Bu il aprelin 28-də akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu əlamətdar tarixlə bağlı ötən il noyabrın 3-də "Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncam imzalayıb. 
Sərəncamda akademikin zəngin mənəvi irsinə layiqli qiymət verilib. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərlərinə, elmi təşəbbüslərinə, pedaqoji fəaliyyətinə, respublikamızda yüksəkixtisaslı kadrların hazırlanmasındakı xidmətlərinə xüsusi diqqət yönəlib. 
Zərifə Əliyevanın fəaliyyəti geniş və zəngindir. Xeyirxahlığına, yüksək intellektinə, diqqət və qayğısına görə hamının hörmət və məhəbbətini qazanmış bu insan ilk növbədə əsl ziyalı, işıqlı, nurlu şəxsiyyət idi. Sözün həqiqi mənasında bu böyük ziyalının insanlara bəxş etdiyi nur mənəvi paklığından, intellektinin kamilliyindən, şəxsiyyət ucalığından və bütövlüyündən qidalanmışdır.

 

100 illik ömür tarixi

 

Aradan ötən bu 100 il mənalı həyat yolu, peşə fəaliyyəti və elmi yaradıcılığı ilə mənəviyyat, kamillik, müdriklik örnəyinə çevrilmiş nurlu bir şəxsiyyətin ömür tarixidir. Belə şəxsiyyətlərimizin xatirəsini yaşatmaq, onların ömür salnaməsini yeni nəsillərə tanıtmaq çox əhəmiyyətlidir. Çünki belə insanlar nəsillərə örnəkdirlər. Onların da bu insanlardan öyrənəcəyi çox dəyərlər var. Hər bir insanın dünyaya gəldiyi zaman məkan, böyüdüyü ailə mühiti onun gələcəyində mühüm rol oynayır. Zərifə xanım Əliyeva da bu baxımdan istisna deyil. 
Böyük alim 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində, zəmanəsinin görkəmli ictimai-siyasi, dövlət  xadimlərindən olan Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Bu ailədəki səmimiyyət, dəyərlərə yüksək ehtiram belə bir mühitdə böyüyən övladlar üçün böyük bir məktəb idi. Onlar vətəndaşlıq ruhunun daşıyıcısı olan atalarının, Azərbaycan qadını adının bütün gözəl cəhətlərini şəxsiyyətində cəmləşdirmiş anaları Leyla xanımın tərbiyəsini alırdılar. 
Əziz Əliyevin evi həm də mənəviyyat məbədi idi. Onun dostluq etdiyi böyük şəxsiyyətlər, zəmanəsinin görkəmli elm, mədəniyyət, incəsənət xadimləri tez-tez bu evdə qonaq olar, dövrün mədəni inkişaf proseslərini müəyyən edən müzakirələr aparar, ali ziyalılıq dəyərlərini paylaşar, bu sağlam düşüncə mühitindən Əziz Əliyevin ailə ocağında böyüyən uşaqların da hafizələrinə işıq düşərdi.        

 

Göz həkimi

 

Zərifə xanım orta məktəbin sonuncu siniflərində oxuyarkən artıq həkimliyi seçmişdi. İkinci Dünya müharibəsinin ən qaynar vaxtları idi. Bakıdakı bir çox binanı hospitala çevirmişdilər. Bu hospitallarda cəbhə bölgəsindən gətirilmiş yaralılar müalicə olunurdu. Zərifə Əliyeva dərsdən sonra digər məktəb yoldaşları ilə evlərinin yaxınlığındakı hospitala gedər, tibbi heyətə kömək göstərməyə çalışar, yaralı hərbçilərin adından ailələrinə məktublar yazardı. 
O dövrdən düşüncələrində həkimlik haqqında aydın münasibət formalaşmış, insanların həyatını xilas edən bu sənət  gənc qız üçün dünyanın ən müqəddəs peşəsinə çevrilmişdi. Zərifə xanım 1942-ci ildə orta məktəbi müvəffəqiyyətlə tamamlayıb Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinin tələbəsi oldu. Fitri istedadı, dərin zəkası, geniş dünyagörüşü, yüksək mədəni səviyyəsi ilə elə ali təhsilin ilk illərindən institutun nümunəvi tələbələrindən biri kimi tanındı. Onun maraq dairəsi təbabət elminin hüdudlarını aşırdı. Tibb elmi qədər ədəbiyyata, fəlsəfəyə, musiqiyə və başqa sahələrə də sevgisi böyük idi. Bu maraq Əziz Əliyevin ailə mühitindən gəlirdi. 
İnstitutda ixtisas seçimi zamanı Zərifə Əliyeva göz həkimliyini seçdi. Bu da o dövrdə traxoma xəstəliyinin bütün dünyada və Azərbaycanda tüğyan etməsindən irəli gəlirdi. Ümumdünya Səhiyyə Təşkilatının ötən əsrin 40-cı illərinin sonlarına dair hesabatına görə, həmin dövrdə bütün dünyada 400 milyona qədər insan traxoma xəstəliyinə tutulmuşdu və effektiv müalicə üsulları olmadığından onlardan 80 milyonu dünya işığına həsrət qalmışdı. Azərbaycanın çoxlu sayda göl və bataqlıqlar olan bölgələrində, o cümlədən aran zonalarında bu xəstəlik daha geniş yayılmışdı. Tibb elmi bu xəstəliklə mübarizə üçün bütün gücünü səfərbərliyə alır, traxomaya qarşı effektv vasitələrin tapılması məqsədilə tədqiqatlar genişlənirdi. Zərifə Əliyeva da insanlara maksimum faydalı olmağa çalışırdı. Ona görə də özünü oftalmologiya sahəsində sınamağa qərar vermişdi.

 

Onun elmi araşdırmalarının mövzusunu həyat özü diktə edirdi

 

Zərifə xanım 1947-ci ildə Azərbaycan Tibb Universitetini müvəffəqiyyətlə başa vurandan sonra müvafiq ixtisas üzrə bilik və bacarıqlarını təkmilləşdirmək üçün həmin illərdə bu istiqamətdə elmi araşdırmaların mərkəzləşdiyi Moskvaya yollandı. Moskvadakı Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçdi. Buradakı ikiillik kurs onun həkimlik və alimlik taleyində çox böyük rol oynadı. 1949-cu ildə ixtisasartırma kursunu uğurla başa vurub, peşəkar imkanlarını təkmilləşdirib Azərbaycana qayıtdı. 1949-cu ildən Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başladı. 1950-ci ildə aspiranturaya daxil olaraq praktik həkim fəaliyyəti ilə yanaşı, elmi axtarışlara da başladı. O, müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olur, traxoma xəstəliyinin müalicəsinə isə xüsusi diqqət ayırırdı. 
Gənc alim həkim həmkarları ilə birgə traxomanın geniş yayıldığı bölgələrə gedir, xəstələrin müalicəsi ilə məşğul olur, bu xəstəlikdən qorunmaq üçün əhali arasında maarifləndirmə işləri aparırdı. Tədqiqatçı traxoma ilə effektiv mübarizə üçün kompleks tədbirlər planı da hazırlamışdı. Bu plan xəstəliyin diaqnostikası, müalicəsi və profilaktika üsullarının tətbiqini əhatə edirdi. Gənc alim elmi tədqiqatlarını davam etdirir, traxoma bəlasını aradan qaldırmaq üçün təsirli həllər axtarırdı. Zərifə Əliyeva traxomanın müalicəsində o illərin ən güclü antibiotiklərindən sayılan "Sintomisin"dən isifadə etməklə mühüm bir yeniliyə imza atır, bununla minlərlə insanın gözünün nurunu qorumuş olur. O, əldə etdiyi elmi nəticələri 1959-cu ildə "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyasında ümumiləşdirib uğurla müdafiə edir. Bu elmi nailiyyətinə görə tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görülür. Beləliklə, Zərifə xanımın təklif etdiyi müalicə metodunun bütün ölkə ərazisində geniş tətbiqinə başlanılır. Tibb elminin ondan sonrakı illərdə bu xəstəliyi, demək olar ki, tam məğlub edə bilməsində Zərifə Əliyevanın böyük xidmətləri var.   

 

İnsanlara işıq verən böyük alim

 

1960-1967-ci illərdə Zərifə Əliyeva Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır, cərrahiyyə əməliyyatları aparır, xəstələrin müalicə və müayinəsi ilə məşğul olurdu. Eyni zamanda elmi fəaliyyətini də davam etdirir, göz xəstəlikləri sırasında xüsusi yer tutan qlaukoma xəstəliyinə qarşı effektiv həllər üzərində çalışır, tapıntılarını elmi nəşrlərdə dərc etdirirdi. Zərifə xanımın əsas fəaliyyət istiqamətlərindən biri də müxtəlif tibb müəssisələrindən təkmilləşdirmə kurslarına cəlb olunmuş dinləyici həkimlərlə pedaqoji işin aparılması idi. O, kursların fəaliyyətində yaxından iştirak edir, öz bilik və bacarıqlarını gənc həmkarlarına ötürürdü. 
Zərifə xanımın 1967-ci ildən sonrakı fəaliyyəti daha çox Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrası ilə bağlıdır. Həmin il o, bu kafedranın dosenti oldu. Sonrakı dövrlərdə isə professor kafedra müdiri vəzifəsində çalışdı. 1968-ci ildən görmə orqanının patologiyası məsələləri ilə məşğul olmağa başladı. Bu mövzu o dövrdə çox az tədqiq olunmuşdu. Ümumiyyətlə, Zərifə xanımın elmi araşdırmalarına diqqət yönəltdikdə onun az araşdırılmış sahələrə daha çox maraq göstərdiyini, bu sahələrdə Zərifə Əliyevanın elmi ardıcıllarına yol açdığını görürük. Onun məşğul olduğu elmi problemləri yerində tədqiq etməsi, yalnız nəzəri məlumatlarla kifayətlənmədən bilavasitə yerlərdən özünün faktlar toplaması, təcrübələr aparması, real fakt materialları üzərində çalışması bu görkəmli alimin fəaliyyətinin diqqətçəkən məqamlarındandır. Bu da Zərifə xanımın alim kimi fədakarlığından, elmi tədqiqatlara məsuliyyətlə yanaşmasından, insanlara real fayda vermək istəyindən irəli gəlirdi. 
O, elmi tədqiqat prosesində ölkənin əsas sənaye şəhərləri Bakı və Sumqayıtın bir sıra müəssisələrinə gedir, burada çalışan əməkdaşların gözlərini müalicə edir, laboratoriya şəraitində elmi təcrübələr aparırdı. Zərifə xanım genişmiqyaslı klinik və təcrübi tədqiqatları nəticəsində zərərli maddələrin görmə orqanına təsirinin əsas qanunauyğunluğunu aşkara çıxarmış, beləliklə, gələcəkdə on minlərlə insanın peşəsi ilə bağlı göz xəstəliklərinə tutulması riskinin qarşısını ala bilən həllər təqdim etmişdi. "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" adlı doktorluq dissertasiyasını o, 1976-cı ildə H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda uğurla müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi almışdır. Bu doktorluq dissertasiyası öz dövrünə görə və sonrakı zamanlarda da həmin mövzuda fundamental tədqiqat işlərindəndir.

 

"Yüksək etimad"

 

Zərifə xanım bacarıqlı elm təşkilatçısı kimi də nümunə yaradırdı. 1977-ci ildə Bakıda Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu məhz Zərifə xanım Əliyevanın təklifi və təşkilatçılığı ilə keçirilmişdi. Plenum uğurla baş tutmuş, Azərbaycanın evsahibliyi etdiyi tədbir ümumən ittifaq misqyasında müsbət mənada böyük əks-səda yaratmışdı. 1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda milli oftalmologiya məktəbimizin ilk tədqiqat mərkəzi kimi göz xəstəlikləri ilə bağlı xüsusi laboratoriyanın yaradılması, Bakı Məişət Kondisionerləri Zavodunda bu laboratoriyanın tədqiqat bazasının formalaşdırılması da Zərifə xanımın həmin plenumda irəli sürdüyü təklif əsasında mümkün olmuşdu. Bu laboratoriyada həm elmi tədqiqat işləri aparılır, həm də göz xəstəliklərinin müalicəsi ilə məşğul olurdular. Akademikin kəşf etdiyi görmə aparatı da göz xəstəliklərinin kompleks diaqnostikası və erkən cərrahi müalicə üsullarının tətbiqinə geniş imkanlar yaradırdı. Onun "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərləri, müəllifi olduğu 12 monoqrafiyası, hazırladığı dərslik və dərs vəsaitləri, 150-yə yaxın elmi işi, 1 ixtira və 12 səmərələşdirici təklifi dünya tibb elminə sanballı töhfələrdir.
Zərifə xanım Əliyeva elmi xidmətlərinə və pedaqoji kadrların hazırlanmasındakı fəaliyyətinə görə 1980-ci ildə Əməkdar elm xadimi fəxri adını almış, 1981-ci ildə alimin "Şin istehsalında gözün peşə patologiyası" monoqrafiyası oftalmologiya sahəsində ən yüksək mükafata -  SSRİ Tibb Elmləri Akademiyası tərəfindən akademik M.İ.Averbax adına mükafata layiq görülmüşdü. 1983-cü ildə görkəmli alim tibb elmindəki böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. 
Könül verdiyi həkimlik peşəsinə hər zaman müqəddəs dəyər kimi yanaşan Zərifə xanımın fəaliyyətinin mühüm bir istiqaməti də məhz həkimlik etikası ilə bağlı idi. Alimin qələmə aldığı "Yüksək etimad" kitabı bütün dövrlərdə əsl həkim kimi yetişmək istəyən, insanların inamını qazanmağa can atan, sənətini, "Hippokrat andı"nı uca tutan hər bir həkimin oxumalı və oxuyub əməl etməli olduğu kitabdır.

 

Sülh uğrunda

 

Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, Moskvada nəşr olunan "Vestnik oftalmoloqa" jurnalının redaksiya heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin üzvü idi. Zərifə xanım sülhü insanın missiyası sayır və deyirdi: "Elə şeylər var ki, biz onları tarixin soyuq məhkəməsinə saxlaya bilmərik, onlar haqqında indi danışmalı və qiymət verməliyik. Sülh uğrunda mübarizə bizim missiyamız, borcumuzdur. Bu həm də bütün elm və mədəniyyət xadimlərinin və ilk növbədə ziyalıların işidir. Çünki Yer üzündə sülhü qorumaq insanların firavan həyatını, tələbatını təmin etmək və onların xoşbəxt olmaq hüququnu qorumaq deməkdir. Eyni zamanda təfəkkürə və xeyirxahlığa xidmət etməkdən böyük xoşbəxtlik yoxdur". 
Zərifə xanım Əliyeva bütün bu elmi-ictimai fəaliyyətləri ilə yanaşı, həm də vəfalı ömür-gün yoldaşı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ən yaxın silahdaşı, Vətən üçün layiqli övladlar böyütmüş ləyaqətli Ana idi. Bu gün  müstəqil dövlətimizi tarixinin ən qüdrətli mərhələsinə yüksəltmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətənə sevgisi həm də Zərifə xanımdan gəlir. 
"...Zərifə xanım yüksək davranış meyarlarına malik idi. İnsanlara münasibətdə səmimiyyət, xeyirxahlıq, eyni zamanda yüksək mədəniyyət, alicənablıq - bütün bu gözəl amillər onda birləşmişdi. Zərifə xanım əsl ziyalı idi, Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirmişdi, onları təcəssüm etdirirdi.
...Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur" - bu, dövlət rəhbərimizin onu böyüdüb boya-başa çatdırmış Ana haqqında fikirləridir. Bu il ömür tarixinin 100-cü zirvəsinə ucalan Zərifə xanım Əliyevanın arzuları, amalları Azərbaycan Prezidentinin Vətən üçün gördüyü işlərdə yaşayır, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yerinə yetirdiyi nəcib missiyada davam edir. Azərbaycan adına bəşəriyyətə verilən hər töhfə bizə Zərifə xanımın gülümsər çöhrəsini xatırladır. 

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video