10 May 2023 09:35
404
SİYASƏT
A- A+

Müstəqil dövlətçilik təliminin müəllifi

 

Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan reallığının meydana çıxardığı qüdrətli liderdir. 
Gənclik illərindən dövlət işlərində çalışması, xüsusən təhlükəsizlik orqanlarında fəaliyyət göstərməsi bu dahi şəxsiyyətin dövrün reallıqlarını dərindən görməsinə, siyasi sistemin mürəkkəb daxili mahiyyətini bütün gerçəklikləri ilə birlikdə qavrayıb mümkün ola biləcək ən münasib çıxış yolları tapmasına şərait yaratmışdır. Bu mənada Heydər Əliyevi Azərbaycan üçün zaman özü yaratmışdır. 
Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev ölkəmizin çoxəsrlik dövlətçilik ənənələrinin əsasında yetişib formalaşmış görkəmli dövlət xadimidir. Bu dahi şəxsiyyətin simasında Azərbaycan dövlətçilik tarixində mühüm yer tutan Atabəylər dövlətinin məharəti, Səfəvilər imperiyasının qüdrəti, Şirvanşahlar hakimiyyətinin siyasəti cəmləşmişdir. Azərbaycan xanlıqlarının nümayiş etdirdikləri milli qürur da Heydər Əliyevin şəxsiyyətində qabarıq surətdə özünü göstərən faktorlardandır. Xalqlar həbsxanası adlandırılan çar Rusiyası imperiyasının daxili mahiyyətinə dərindən bələd olduğu üçün Heydər Əliyev mərkəzdən "mərhəmət" gözləmədən rəhbərlik etdiyi respublikanın daxili imkanlar əsasında inkişaf etdirilməsi üçün nə mümkündürsə, hamısını etmişdir. Azərbaycan tarixinə müstəqillik kimi önəmli bir səhifə yazmış Xalq Cümhuriyyəti rəhbərlərinin Azərbaycan idealı da Heydər Əliyevin dövlətçilik təliminin əsas mahiyyətini və hədəflərini təşkil edir. Qırmızı terror bolşevik dövləti SSRİ-nin tərkibində olan digər xalqları əridib sıradan çıxarmaq siyasətinin qarşısında milli-mənəvi dəyərlərin dövlət siyasəti səviyyəsində yaşadılması və möhkəmləndirilməsi də möhtəşəm Heydər Əliyev obrazının ana xəttini müəyyən edir.
Məhz bu cəhəti - yəni Sovetlər İttifaqının mənsub olduğu xalqın tarixi keçmişini unutdurmaq və soy-kökündən ayırmaqla onun milli-mənəvi varlığını yox etmək siyasətinin görünən və görünməyən bütün tərəflərini dərindən dərk etməsi Heydər Əliyevin dövlətçilik təliminə milli istiqlal ideyasını gətirmişdir. O, hələ sovet hakimiyyəti illərində kommunist imperiyasının manqurtlaşdırma siyasətini və mövcud siyasi sistemin daxildən çökməkdə olduğunu hamıdan daha dərindən hiss etdiyi üçün xalqının milli şüurunu oyandırmaq və onu gələcək dövlət müstəqilliyinə hazırlamaq missiyasını qabaqcadan böyük bacarıqla həyata keçirmişdir. Məlum olduğu kimi, XX əsr sovet rəhbərlərinin əsas idealı mövcud sistemi qorumaqdan ibarət idi. Heydər Əliyev isə cəmiyyəti yeniləşdirməklə inkişaf etdirmək vəzifəsini həyata keçirmişdir. Qorbaçovsayağı kosmik dəyişmələrdən fərqli olaraq, Heydər Əliyevin mövcud sistem daxilində dəyişiklik uğrunda apardığı mübarizə nəticə etibarilə müstəqillik idealına xidmətə doğru yönəlmişdir. Bu mənada Heydər Əliyev təkcə Azərbaycanda deyil, keçmiş SSRİ miqyasında müstəqil dövlətçilik yaranması və intişar tapması ideyasının banisidir. Azərbaycanda keçən əsrin səksəninci illərinin axırlarında meydana çıxmış dövlət müstəqilliyi uğrunda mübarizə Heydər Əliyevin milli istiqlal konsepsiyasının işığında həyata keçirilmişdir. Bu uzaqgörən dahi şəxsiyyət Sovetlər İttifaqı dövründə formalaşdırdığı milli istiqlal idealını həm də qətiyyətlə ideyadan real həyata keçirmək vəzifəsini də gerçəkləşdirmişdir. Keçmiş sovet dövlətinin rəhbərləri arasında yeganə olaraq Heydər Əliyev həmin dövlətin hələ mövcud olduğu şəraitdə, 17 noyabr 1990-cı il tarixdə çağırılmış Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin sessiyasında sovet bayrağını siyasi səhnədən çıxararaq, əvəzində öz ölkəsinin milli dövlətçilik rəmzi olan unutdurulmuş tarixi bayrağını Kommunist Partiyasının regional mərkəzinin iqamətgahı üzərində ucaltmağa nail olmuşdur.
Heydər Əliyev 1990-cı ildə sovet dövlətinin paytaxtı Moskva şəhərindəki Azərbaycanın daimi nümayəndəliyindən 20 Yanvar faciəsinə görə SSRİ rəhbərlərini kəskin tənqid atəşinə tutan bəyanatlar səsləndirmişdir. O zamana qədər heç bir sovet rəhbəri belə bir addım atmağı bacarmamışdır.
Bu qətiyyətli addımı ilə Heydər Əliyev müttəfiq respublikalarda və o cümlədən Azərbaycanda milli hərəkat dalğasını genişləndirərək regiondan paytaxt səviyyəsinə çatdırmışdır.
Heydər Əliyev sovet hökumətinin hələ ortada olduğu vaxtda, 19 iyul 1991-ci ildə SSRİ Nazirlər Sovetinin partiya təşkilatına Komminist Partiyası sıralarından çıxmasını rəsmi şəkildə bəyan etməsi ilə həmin rejimin çökməsinə zərbə vuran yeganə dövlət xadimidir. SSRİ Nazirlər Sovetinin partiya təşkilatına Kommunist Partiyasının sıralarından çıxmaq haqqında yazdığı ərizədə ifadə olunan fikirlər onun siyasi sistemə nə qədər dərindən bələd olduğunu və rejimin çökməyə məhkum olduğunu qabaqcadan gördüyünü əyani surətdə nümayiş etdirir: "Mən kommunist ailəsində böyümüşəm və bütün şüurlu həyatım Kommunist Partiyası ilə bağlı olub. Kommunist Partiyasının ideallarına varlığımla inanmışam və onun planlarının həyata keçirilməsində fəal iştirak etmişəm. Lakin indi bütün bu inamlarım məhv olub. Yeniləşən partiya və respublikaların yeniləşən ittifaqı haqqındakı saysız-hesabsız bəyanatlar yenə də xalqı aldatmaqdır. Xalqa açıq və doğrusunu demək lazımdır ki, bizim ölkədə kommunizm eksperimenti, sosializm yolu özünü doğrultmadı. Zorakılıqla yaradılan və saxlanan respublikaların ittifaqı süquta uğramaqdadır.
Bu bəyanatdan sonra qarşıma çıxa biləcək çətinlikləri təsəvvür edir, hər cür hücumları və mənəvi zərbələri qabaqcadan görürəm.
Partiyanın keçdiyi yolun ətraflı təhlili məni yuxarıda bəyan etdiyim indiki mövqeyə (Kommunist Partiyası sıralarından çıxmağa  - İ.H.) gətirmişdir".
SSRİ-nin hələ tarix səhnəsində fəaliyyətini davam etdirdiyi dövrdə onu açıq şəkildə ittiham etmək və hakim partiyanın sıralarını tərk etmək, dünyanın iki böyük dövlətindən birinin bayrağını taxtdan salmaq cəsarəti və uzaqgörənliyi nümayiş etdirmiş Heydər Əliyev bütün bu addımları ilə SSRİ-nin mövcudluğuna ağır zərbələr vurmuşdur. Bununla Heydər Əliyev təkcə Azərbaycanda deyil, SSRİ-nin tərkibinə daxil olan digər müttəfiq respublikalarda da milli istiqlal hərəkatına bir ordudan çox xidmət etmişdir.
SSRİ kimi bir derjavanın dağılması üçün düşünülmüş cəsarətli addımlar atması ilə Heydər Əliyev ümumdünya tarixinin istiqamətinin dəyişdirilməsinə xidmət etmişdir. Bununla Heydər Əliyev dünyanın siyasi xəritəsinin yenidən şəkilləndirilməsinin mümkünlüyünü diqqət mərkəzinə çəkmişdir. Tarix ən qısa zamanda Heydər Əliyevin böyük siyasi uzaqgörənliklə və cəsarətlə ifadə etdiyi bəyanatların da nə qədər obyektiv qənaətlər olduğunu isbat etmişdir. Həmin tarixi bəyanatdan heç üç ay keçməmiş SSRİ-nin dağıldığı elan olunmuşdur.
Müstəqil dövlət quruculuğu istiqamətində də böyük uğurla sınaqdan çıxmış Heydər Əliyev təlimi mövcuddur. Daha doğrusu, Heydər Əliyev Azərbaycanda müstəqil dövlət qurmaq modelinin yaradıcısıdır. Müstəqil dövlətçiliyi süquta uğratmaq üçün məqsədli şəkildə ölkədə körükləndirilmiş vətəndaş müharibəsini qansız-qurbansız dayandırmağı bacarmaq və ölkədə yaşayan bütün xalqların siyasi həmrəyliyinə nail olmaq Heydər Əliyevin dövlətçilik təliminin əyani təzahürlərindən biridir.
Ermənistanla və onun havadarları ilə davam edən müharibəni dayandırmaq və atəşkəs rejiminə nail olmaq, müstəqil dövlətin ordusunu qurmaq Heydər Əliyevin Azərbaycan reallıqları əsasında formalaşdırdığı siyasətinin ən mühüm nəticələri sırasındadır.
Heydər Əliyev məkrli xarici qüvvələrin dəstəyi ilə yeni qurulmuş müstəqil respublikada real dövlət çevrilişi cəhdlərinin qarşısını almağı bacarmış qüdrətli liderdir. Dövlət çevrilişi cəhdlərini qətiyyətlə aradan qaldırmaqla Heydər Əliyev məkrli qüvvələrin planlarını pozmuşdur.
Xarici güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın əsas sərvəti olan neft və qazın dünya bazarlarına çıxarılması məqsədilə beynəlxalq birlik tərəfindən imzalanmış "Əsrin müqaviləsi" Heydər Əliyevin möhtəşəm əsəridir. Tarixə "Heydər Əliyev kontraktı" kimi daxil olmuş "Əsrin müqaviləsi" Azərbaycan Respublikasının iqtisadi strategiyasının əsasını təşkil etməklə bərabər, həm də ölkəmizə etibarlı dostlar və tərəfdaşlar qazandırmışdır.
Müstəqil respublikalara çevrilmiş postsovet ölkələrində ilk olaraq torpaq islahatlarına başlamaq və onu qısa müddətdə axıra çatdırmaq da Heydər Əliyevin adı ilə bağlı olan əhəmiyyətli dövlət tədbiridir. Keçmiş Sovetlər İttifaqından ayrılmış müstəqil respublikalar içərisində bazar iqtisadiyyatına keçid baxımından mühüm əhəmiyyətə malik olan torpaq islahatı ilk dəfə olaraq Azərbaycanda keçirilmişdir. Bu baxımdan görkəmli dövlət xadimi Heydər Əliyevin torpaq islahatı müstəqillik qazanmış yeni respublikalar üçün modelə çevrilmişdir. Bütün bunlara görə Azərbaycan Respublikasında xalq təsərrüfatının bütün sahələri üzrə planlı sosialist təsərrüfatından azad bazar iqtisadiyyatına keçid proseslərinin həyata keçirilməsi və inkişaf etdirilməsi Heydər Əliyevin müstəqil dövlətçilik istedadının real göstəricilərindəndir.
Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin modelini qurmuş və möhkəm siyasi-ideoloji əsaslarını yaratmışdır. Azərbaycan Respublikasının dövlət ideologiyası olan azərbaycançılıq təlimi Heydər Əliyev tərəfindən kəşf edilmişdir. Azərbaycan xalqı, Azərbaycan dili, azərbaycançılıq ideologiyası kimi anlayışlar ölkəmizin müstəqillik tarixində siyasi sabitliyə və vətəndaş həmrəyliyinə, ideya-mənəvi birliyə, tolerantlığa nail olmaq üçün Heydər Əliyevin müəyyən etdiyi düsturlardır. Heydər Əliyevin azərbaycançılıq və millətlərarası münasibətlər sahəsində sovet hakimiyyəti illərində əsasını qoyduğu ənənələr müstəqillik dövründə ümummilli idealların və dövlətçilik ideologiyasının formalaşdırılmasında mühüm rol oynamışdır. Buna görədir ki, Ulu Öndərin sovet dövründə ön mövqeyə çəkdiyi Azərbaycan idealı müstəqillik mərhələsinin dövlət ideologiyası səviyyəsinə yüksəlmişdir.
Heydər Əliyev - qeyri-adi yaddaşa, dəmir məntiqə, hərtərəfli biliklərə, geniş dünyagörüşə malik olan nadir dövlət xadimlərindən biri idi.
Heydər Əliyev xalqına və ölkəsinə etibarlı dostlar və strateji müttəfiqlər qazandırmağın dəqiq formullarını kəşf etmiş dahi şəxsiyyətdir. Çoxəsrlik tarixi ənənələrə malik olan Azərbaycan-Türkiyə münasibətləri Heydər Əliyevin "Bir millət - iki dövlət" düsturu ilə möhtəşəm birlik və həmrəylik səviyyəsinə qaldırılmışdır. "Bir millət - iki dövlət" formulu Azərbaycan-Türkiyə münasibətlərini ortaq tarixi köklərin dərk edilməsi müstəvisindən hərbi-siyasi müttəfiqlik mərhələsinə çatdırmışdır. Şuşa şəhərində 2020-ci ildə imzalanmış məşhur Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri hüquqi cəhətdən rəsmiləşdirilmişdir. Bu gün hərtərəfli şəkildə inkişaf etməkdə olan türk dövlətləri birliyi "Bir millət - iki dövlət" düsturunun böyük strateji imkanlara malik olduğunu nümayiş etdirir. Azərbaycan Respublikası Avropa Birliyi ölkələri və Şərq tərəfdaşlığı dövlətləri ilə də geniş və hərtərəfli əlaqələrə malikdir.
Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qüdrətli yaradıcısıdır. Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir. Dahi rəhbər müstəqil Azərbaycan dövlətinin əsaslarını yaratmış və gələcək sükançısını yetişdirib hazırlamışdır.
Seçilmiş sovet rəhbərlərindən yalnız Heydər Əliyev xalqının azadlığının və müstəqil dövlətinin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi naminə özünün layiqli siyasi varisini xalqımıza bəxş etmişdir. Beləliklə, Heydər Əliyev Azərbaycanda və dünyada müstəqil dövlətçilik modelinin müəllifidir. Heydər Əliyevin müstəqil dövlətçilik təlimi yeni dövlət müstəqilliyi qazanmış xalqlar və ölkələr üçün mükəmməl bir nümunədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqil Azərbaycanı inkişaf etməkdə olan ölkədən bütün istiqamətlər üzrə inkişaf etmiş dövlətlərin cərgəsinə doğru aparmaqla yeni tarixi epoxada öz erasını yaratmış qüdrətli liderdir.
Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan üzərində qazandığı tarixi zəfər Azərbaycanın çoxəsrlik tarixinin möhtəşəm qəhrəmanlıq dastanıdır.
İlham Əliyevin dünyada BMT-dən sonra ən böyük siyasi təşkilat olan Qoşulmama Hərəkatına liderlik etməsi Heydər Əliyevin sovet hakimiyyəti illərində Siyasi Büronun zirvəsini fəth etməsinin yeni tarixi şəraitdəki nümunəsidir.
Sovet hakimiyyəti dövründə Heydər Əliyevin həyata keçirdiyi elm, təhsil və mədəniyyət siyasəti müstəqillik illərində Ulu Öndər tərəfindən yeni tarixi şəraitin tələbləri səviyyəsinə qaldırılmışdır. Prezident İlham Əliyev hazırda humanitar siyasəti müstəqil dövlətin prioritet istiqamətlərindən biri səviyyəsində dönmədən inkişaf etdirməkdədir. Azərbaycan Milli Elmlər Akademiyası, Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı, Rəssamlar İttifaqı kimi ölkəmizin nüfuzlu yaradıcılıq təşkilatları böyük uğurla öz fəaliyyətlərini davam etdirməkdədirlər.
Mənsub olduğu xalqın tarixində və taleyində davamlı inkişafa nail olması və ideyalarının yaradılması Heydər Əliyevi Azərbaycan xalqının Ümummilli Lideri səviyyəsinə ucaltmışdır.
Ümummilli Liderlik - Heydər Əliyevin Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinə gətirdiyi yeni zirvədir.
Ümummilli Liderlik - dünya liderliyi miqyasında da fərqli və parlaq bir səhifədir. Heydər Əliyev dünya liderləri sırasında Ümummilli Liderlik miqyası nümayiş etdirən nadir tarixi şəxsiyyətlərdəndir.
Azərbaycan xalqı və müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin elan etdiyi "Heydər Əliyev İli"ni təntənəli surətdə bayram etməklə müstəqil dövlətçiliyin əbədiyyət qazanmasının şərəfini yaşayır.
Görkəmli dövlət xadimi Heydər Əliyev əbədiyyət qazanmış Ümummilli Lider kimi müstəqil dövlətçilik idealları və dərsləri ilə həm xalqının qəlbində, həm də Azərbaycan Respublikasının inkişafının hər addımında yaşamaqda davam edir.

İsa HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti,
Milli Məclisin deputatı, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video