03 Mart 2024 08:00
13916
İQTİSADİYYAT
A- A+

Mavi yanacaqdan "yaşıl enerji"yə

 

Qaz ixracını artırmağın yollarından biri daha çox bərpaolunan enerji istehsal etməkdir

 

İllər keçdikcə Azərbaycanın enerji layihələrinə maraq azalmır, əksinə, artır. Bunu "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları bir daha təsdiq etdi.
Toplantıda Albaniyanın Baş naziri Edi Ramanın, Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun iştirak etməsi, Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkənin, 6 beynəlxalq təşkilatın, 44 şirkətin təmsil olunması özü-özlüyündə çox söz deyir. Belə ki, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının hər toplantısı sıradan bir tədbir deyil, bir il ərzində layihə daxilində görülmüş işlərə yenidən nəzər salmaq, gələcək işləri planlaşdırmaq baxımından çox önəmlidir. Budəfəki tədbir də həmin məqsədi daşıyırdı. Prezident İlham Əliyev toplantıdakı çıxışında bu barədə belə dedi: "Məşvərət Şurasının ötən illərdəki toplantıları zamanı biz həmişə enerji təhlükəsizliyi məsələlərini müzakirə etmişik. Azərbaycanın burada mövqeyi hər zaman ardıcıl olub - biz bunu hər bir ölkənin milli təhlükəsizlik məsələsi hesab edirik. Biz şaxələndirmə haqqında danışarkən mövqeyimiz hər zaman dəyişməz olub və bu gün də belədir - şaxələndirmə yalnız marşrutlara deyil, həm də mənbələrə şamil edilməlidir. Bu gün Avrasiyadakı geosiyasi vəziyyət məhz bizim gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Azərbaycana gəldikdə "Cənub qaz dəhlizi" tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrut - interkonnektorlar əlavə edilib. Azərbaycan qazı yeni mənbədir. Yəni biz burada, bu formatda, təşəbbüskarı olduğumuz bu layihədə enerjinin şaxələndirilməsi məsələlərinin tam şəkildə əhatə edildiyini görürük. Burada, "Gülüstan" sarayında sonuncu - bir il əvvəlki görüşümüzdən bu yana bir neçə mühüm hadisə baş verib. Bildiyiniz kimi, adətən Məşvərət Şurasının toplantıları zamanı bu qrup görülmüş işləri və qarşıda duran məsələlərin həlli baxımından görüləcək əlavə tədbirləri nəzərdən keçirir. Ən başlıcası isə atılacaq birgə addımları planlaşdırır".
 Beləliklə, keçənilki toplantıdan bəri baş vermiş mühüm hadisələrdən bir neçəsini yada salaq. Xəzər dənizinin Azərbaycan sektorundakı "Abşeron" qaz-kondensat yatağından hasilata başlandı. Bu, "Şahdəniz"dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi deməkdir. "Abşeron" gələcək şaxələndirmə layihələrimizin resurs bazasını təşkil edəcək. Layihənin ilk fazası artıq təsdiq olunub. Orada illik hasilatın 1,5 milyard kubmetr həcmində olması gözlənilir. İkinci faza ilə bağlı razılıq əldə edildikdən sonra daha 4-5 milyard kubmetr həcm əlavə ediləcək ki, onun da böyük əksəriyyəti beynəlxalq bazarlara nəql olunacaq.
 Biz eləcə də "Azəri-Çıraq-Günəşli" blokunun dərin laylarından, "Ümid" yatağının işlənməsinin ikinci fazasından mavi yanacaq gözləyirik. Beləliklə, "Cənub qaz dəhlizi" Avropaya yeni mənbədən və yeni marşrutla mavi yanacaq çatdıran 3500 kilometrlik ixrac xəttidir. 
Prezident İlham Əliyev hələ bir neçə il bundan əvvəl demişdi ki, "Cənub qaz dəhlizi" layihəsi sona çatıb, ancaq bizim görəcəyimiz işlər çoxdur. Belə ki, Azərbaycandan qaz idxal etmək istəyən ölkələrin sayı getdikcə artır. İndi Gürcüstan və Türkiyədən başqa daha altı ölkə - Bolqarıstan, Yunanıstan, İtaliya, Rumıniya, Macarıstan və Serbiya da Azərbaycandan mavi yanacaq alır. Yeni çağırışlar qarşısında Avropada Azərbaycan qazına tələbatın artması və bu ehtiyacın ödənilməsi kompleks tədbirlərin görülməsini gündəmə gətirib. Bunlardan biri də müvafiq ixrac infrastukturunun yaradılmasıdır. Başqa sözlə, "Cənub qaz dəhlizi" genişləndirilməli və şaxələndirilməlidir.
Ötən il bu sahədə də önəmli addlmlar atıldı. Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirildi. Prezident İlham Əliyev bu hadisəni yüksək dəyərləndirir: "Növbəti nailiyyət hesab etdiyim bir hadisə Azərbaycanın daha iki ölkə - Macarıstana və Serbiyaya qaz nəql etməsi oldu. Beləliklə, bizim Avropaya qaz təchizatımızın coğrafiyası genişlənmiş oldu. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində ilk növbədə "Cənub qaz dəhlizi" layihəsi dayanır. İkincisi isə onlar bizə Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcəkdir. Azərbaycan qazına olan mövcud tələbat var, ixtiyarımızda mənbələr var və nəqliyyat marşrutlarımız yerindədir. Yeri gəlmişkən, onu da deyim ki, ötən il ərzində türkiyəli dostlarımızla fəal kommunikasiya nəticəsində biz Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığına gəldik. Bu isə şaxələndirmə layihəsi daxilində növbəti şaxələndirmə deməkdir. Daha artıq alternativlər və seçimlər ola bilər. Çünki onların hər biri enerjinin şaxələndirilməsi, enerji təhlükəsizliyinin maksimum səmərəliliklə təmin olunması kimi vahid məqsədə xidmət edir. Hesab edirəm ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Əminəm ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur".
Qaz ixracının artırılmasının daha bir yolu da var. Bu, "yaşıl enerji" sayəsində əldə ediləcək. Belə ki, bərpaolunan enerji mənbələrimiz indi elektrik enerjisi istehsalına yönəldilən təbii qaza daha çox qənaət etməyə imkan verəcək. 
Azərbaycan bu istiqamətdə də irəliyə doğru uğurlu addımlar atıb. İşğaldan azad olunmuş ərazilər, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan edilib. Keçən ilin nailiyyətləri sırasında Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə tikilən "Qaradağ" Günəş-Elektrik Stansiyasının istifadəyə verilməsi xüsusi əhəmiyyət daşıyır. Bir neçə bərpaolunan enerji layihələri isə tikinti, qiymətləndirmə və layihələndirmə mərhələlərindədir.  
Prezidentimiz bərpaolunan enerji ehtiyatları baxımından nəhəng pontensialımızın olduğunu və "Qara Dəniz Yaşıl Kabel" layihəsi ilə Avropaya "yaşıl enerji" nəql edəcəyimizi vurğulayıb. Qənaət ediləcək mavi yanacağın isə "Cənub qaz dəhlizi"nə əlavə bir töhfə olacağını deyib. Çünki qaz və bərpaolunan enerji layihələri, əslində, bir-birini tamamlayır.
Təsadüfi deyil ki, artıq ikinci ildir "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclası ilə yanaşı, "Yaşıl Enerji" Məşvərət Şurasının da iclası keçirilir. Azərbaycanın COP29-a evsahibliyi etməyə hazırlaşdığı, bütün dünyanın nəzərlərinin getdikcə Bakıya sarı daha çox yönəldiyi bir məqamda bütün bunların önəmi birə-beş artır.

 Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video