08 Fevral 2024 09:00
1113
SİYASƏT
A- A+

İlham Əliyevin zəfər mandatı

 

Azərbaycanın yeni tarixi dövrü ümummilli etimadın təntənəsi ilə başlayır

 

"İlkin nəticələrə görə, seçicilərin 92 faizinin səsini qazanan İlham Heydər oğlu Əliyev seçki birincisidir" - bu rəsmi məlumat dünənlə bu günü biri-birinə bağlayan gecənin həyəcanına milyonların sevincini qatdı...
Azərbaycan xalqı Xilaskar Liderinə olan inamını növbəti dəfə rəsmiləşdirdi, ona qarşıdakı 7 il üçün ümummilli etimadın yeni mandatını - ZƏFƏR MANDATI verdi!

 

Zəfər Komandanına ümummilli dəstək

 

Xalqın yüksək fəallığı, mütləq dəstəyi ilə baş tutan prezident seçkisi artıq tarixə qovuşdu. Və eyni zamanda tariximizin növbəti şanlı səhifəsinin ilk sətirlərinə, dövlət quruculuğunun yeni inkişaf, nailiyyət salnaməsinin başlanğıcına çevrildi.
Ötəngünkü səsvermə sıradan bir siyasi aksiya deyildi. Onun mahiyyətində dövlətin və millətin sabahı ilə bağlı olan əlahiddə məqamlar, yeni intibah, zəfər yolunun aydın məramları, ən əsası isə məhz Azərbaycanın özü, taleyi, müstəqilliyi dayanırdı.
Bu, Bütöv Azərbaycanda keçirilən ilk seçki idi!
Bu, iki əsrlik münaqişəyə son qoyan Zəfərin ilk seçkisi idi!
Bu, Müzəffər Ali Baş Komandanın qüdrətinin təcəssümü olan Xankəndidə baş tutan ilk seçki idi! 
Əslində, Azərbaycan vətəndaşı 7 fevral seçkisinə təkcə Prezident seçkisi kimi yanaşmırdı!
Bu, həm də müəyyən mənada ümumxalq referendumu idi!
Bu, Heydər Əliyev siyasi kursuna, İlham Əliyev missiyasına xalqın növbəti etimad səsverməsi idi!
Eyni zamanda xalqın öz Prezidentinə və iqtidarına inamını, güvənini bir daha rəsmi şəkildə müəyyənləşdirən seçki idi!
Növbəti islahatlar kursunu, yeni tarixi dövrün başlanğıcını bəyan edən və gələcəyə daha çevik, modern, səmərəli idarəçilik modeli ilə addımlayan İlham Əliyevin siyasətinə xalqın güvən səviyyəsini dəqiqləşdirən rəy sorğusu idi!
Bu, Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanda İlham Əliyevin fəaliyyəti sayəsində zəfər qazanan, normal yaşayış, güzəran quran, daha xoş sabahına əmin olan, özünə və dövlətinə güvənən milyonların öz xilaskarlarına minnətdarlıq, inam aksiyası idi!
Bu, özünü siyasi səhnədə hərdən büruzə verən xaos, böhran kabusuna, onun daşıyıcılarına və xarici havadarlarına xalqın sonuncu qətiyyətli "yox"u idi!

 

Ali Rəhbərə millətin Ali İradəsi

 

Pirallahıdan Zabuxa, Astaradan Kəlbəcərə, Qusardan Ağdama, Naxçıvandan Laçına, Zaqataladan Xocavəndədək hər yerdə, ən əsası isə Xocalıda, Şuşada, Xankəndidə hamı seçki məntəqələrinə axışırdı… 
Kütləviliyin rəqəm göstəricisi nə qədər böyük olsa da, onun mənəvi mahiyyəti qarşısında çox kiçik görünürdü…
Ötən 30 il ərzində bütün seçkilərə "Azad Qarabağ" duası ilə qatılan 1 milyona yaxın həmvətənlimiz bu dəfəki seçkiyə artıq "məcburi köçkün" statusundan qurtulmağın qüruru, sevinci və minnətdarlığı ilə gedirdi…
Ali Rəhbərə milləti öz Ali İradəsini nümayiş etdirirdi… 
Məmləkətin dörd bir yanından insanlar seçki məntəqələrinə qalib dövlətin vətəndaşı kimi iftixar hissi ilə daxil olur, oranı Xilaskarlarına əbədi ehtiramlarının ödənməsi duyğusu ilə fəxrlə tərk edirdilər…
"Xankəndidə seçki məntəqələri qarşısında növbə yaranmışdı"… "Şuşada yüksək seçici fəallığı müşahidə olundu"… "Kəlbəcərdə seçicilər həvəslə səs verirdilər"… "Laçında sakinlər yaradılan seçki şəraitindən razılıq edirlər"…
Azərbaycan vətəndaşları üçün bu xəbərlər Şuşa, Xocalı, Xankəndi zəfərinin müjdəsi qədər əzəmətli və müqəddəs idi…
10 milyonluq yurdun 60 milyonluq həmvətən qəlbi dünən Azərbaycanla döyünürdü, Azərbaycan üçün döyünürdü...

 

İstiqlalımızın bayraqdarı

 

7 fevral Azərbaycanın yeni tarixinin ən məsuliyyətli seçim anı, xalqın isə müdriklik sınağı idi. Azərbaycan bu seçimdən də, bu sınaqdan da məsuliyyətlə, müdrikliklə, şərəflə çıxdı və dünyanı öz nailiyyətləri ilə heyran qoyan məmləkətin bəşəriyyəti öz bacarığı, qabiliyyəti ilə həmişə heyrətləndirəcək bir millət olduğunu nümayiş etdirdi.
Xalq ona möhtəşəm Zəfər bəxş edən liderinə, istiqlalımızın bayraqdarına, tarixin ən möhtəşəm Azərbaycanını yaradan İlham Əliyevə qarşıdakı 7 il üçün xeyir-duasını, dəstəyini verdi...
Dünən İlham Əliyev seçicilərin maksimum etimadını qazandı. Onu da etiraf edək ki, İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti olmasını təmin edən amillərdən biri də onun xeyirxahlıq, himayədarlıq siyasətində əsas yardımçısı olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyətidir. "Birinci şəxs-birinci xanım" tandemi Azərbaycanda mərhəmətin və xeyirxahlığın ən ali səviyyəsini, xalqın inam və etimad ünvanını təşkil edir.
Dünənki möhtəşəm seçki zəfərində istisnasız olaraq, Mehriban xanım Əliyevanın da mühüm töhfəsi, əlahiddə iştirakı vardı!
Bu gündən Azərbaycanda yeni tarixi mərhələ başlayır. Bu mərhələni də uğurla gedəcəyimizə, Azərbaycanı daha qüdrətli, müstəqilliyimizi daha dönməz edəcəyimizə əsla şübhə yoxdur.
Çünki dövlətimizin təminatçısı, istiqlalımızın bayraqdarı İlham Əliyev artıq dünya gündəminə daha güclü ümummilli dəstəklə, daha böyük etimadla, Bütöv Azərbaycanla qədəm qoyur!..
Prezident İlham Əliyevin qazandığı qələbə əslində, hər birimizin qələbəsidir!
Bu zəfər bizim qarşıdakı nailiyyətlərimizin müjdəçisi, daha xoşbəxt gələcəyin, güclü və qüdrətli Azərbaycanın rəhnidir!
Prezident İlham Əliyev 20 il ərzində Azərbaycana sədaqətlə xidmət etdi və qarşıdakı yeddi ildə ölkəyə rəhbərlik etmək haqqını da halallıqla qazandı!
Demək, bu missiyaya, bu siyasətə, bu kursa zaval yoxdur!..
Seçimin mübarək, Azərbaycan!..

İxtiyar HÜSEYNLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video