01 Dekabr 2023 09:10
1319
SİYASƏT
A- A+

“İLHAM ƏLİYEV bizə cənnəti qaytardı"

 

Qədim elin yeni sakinləri - zabuxlular doğma yurda qayıdışın sevincini yaşayırlar

 

Yolumuz Şərqi Zəngəzura, Böyük Qayıdışın rəmzi, işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq və abadlıq işlərinin simvolu hesab ediləcək qədər möhtəşəm görünən Laçınadır…
Müzəffər Azərbaycan Ordusunun gücü, Azərbaycan Prezidentinin uğurlu siyasəti və dəmir iradəsi sayəsində düşmən əsarətindən xilas edilən Laçının azadlığa qovuşduğu  gün illərlə yurd həsrəti çəkib, doğma yurdlarına qayıdan insanların sevincini bölməyin, xoşbəxtliyini görməyin bir ayrı gözəlliyi var…
1992-ci ilin mayında ermənilər qırıcı təyyarələrlə aramsız bombardman etdikləri Laçını işğal etmək üçün ilk növbədə Zabuxa əl qoydular. Ağır döyüş texnikalarını, tanklarını, toplarını, ölümsaçan dəhşətli "qrad" qurğularını Laçının giriş qapısı - Qarabağın açarı olan Zabuxa cəmləyib Laçını atəşə tutdular. Laçının işğal olunması bütövlükdə Qarabağın taleyini həll edirdi…
Bu gün isə ölümsaçan güllə yağışı altında doğma yurdlarından canlarını götürüb çıxan laçınlıların hər gün doğma torpaqlarına qayıdışı xəbərini alırıq…
Ulularımız birinə xeyir-dua verəndə "birin min olsun" deyiblər. Aqillərimiz "Torpağı qorumasan, əkib-becərməyə dəyməz, becərməyəcəksənsə, qorumağa dəyməz" söyləyiblər... 
Müstəqilliyimizin ilk dövründə düşmən və onun havadarlarından nə torpağımızı qoruya bildik, nə də əkib-becərməyə imkan verdilər… 
Qarabağın giriş qapısı, təbii istehkamlarla zəngin, coğrafi cəhətdən olduqca strateji əhəmiyyət kəsb edən Laçın Azərbaycanın müstəqilliyini istəməyən xarici dövlətlərin siyasi maraqlarının, hakimiyyət uğrunda mübarizə aparan demokratiya dəllallarının ambisiyalarının qurbanı oldu… 
O dəhşətli günlərdə ölümdən xilas ola bilən zabuxlulara Allah da bərəkətini əsirgəmədi. Zabuxluların "biri min oldu". Uşaqkən Zabuxu tərk edən indi böyük bir ailə ilə dönür Zabuxa... Ailəsi, övladı olanlar daha da ürüyüb artıblar. Nəvə-nəticə sahibi olublar...
Bu gün sevinclə, fərəhlə el evinə qayıdır... 
Bu həsrətin ömrü nə az, nə çox - düz 31 il 3 ay 10 gün çəkdi... 
Dünən əli Allaha çatmayıb imdad edən zabuxlular ağızları "şükür" dolu kəlamlarla qayıdırlar yurdlarına... "Allahım, ölmədik bu günü də gördük", "Bundan sonra ölsəm, dərdsiz ölərəm", "Şükürlər olsun, bu günü də gördük" deyir zabuxlular… 
Dillərindən "Yaşa, var ol, Prezidentim", "Göydə Allah, yerdə Prezidentimiz bizə bu xoşbəxtliyi yaşadır", "Allah şəhidlərimizə rəhmət, qazilərimizə ömür, əsgərlərimizə cansağlığı versin" duaları əskik olmur zabuxluların.
Ermənistanın Gorus rayonunun Dığ kəndi ilə Zabuxu sərhəd zolağı, Laçın şəhəri ilə 10 kilometrlik bir məsafə ayırır. Düşmən işğaldan sonra kənddə azərbaycanlılara məxsus nə vardısa, hamısını dağıdıb məhv etmiş, daha sonra dünyanın müxtəlif yerlərində yaşayan erməniləri qanunsuz olaraq strateji əhmiyyətli Zabux kəndində məskunlaşdırmışdılar. Üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq, Zabuxda qanunsuz məskunlaşan ermənilər 2022-ci ilin avqustunda kəndi tərk ediblər.
Günün ikinci yarısında Laçına çatıb Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu nümayəndəliyində qeydiyyata düşdük və gəlişimizin məqsədi barədə məlumat verdikdən sonra  Zabux kəndinə getmək niyyətində olduğumuzu bildirdik. Bəri başdan qeyd edək ki, cəmi 9 ayda Laçın şəhərində və Zabux kəndində aparılan quruculuq işlərini, kənddə yaradılan abadlığı görməyən onları təsəvvür edə bilməz. Görən də bu ucqar dağ kəndində möcüzə baş verdiyini zənn edər.
Gözəlliklər diyarı, həsrətin bitdiyi, xoşbəxtliyin ünvanı, yurda qayıdışın möhtəşəmlik simvolu Zabuxdayıq... 
Uca dağların yaşıl yamaclarında məskən salan Zabuxu möcüzələr adasına da bənzətmək olar, xoşbəxtlik diyarına da… Hətta insan əli ilə yaranan cənnətə də…
Biz Zabuxa çatanda artıq günəş dağların arxasına çəkilib öz yerini bədirlənmiş aya təslim edirdi. Axşamlar bir ayrı mənzərəsi olur Zabuxun. Sıra ilə düzülmüş evlərin işıqları  dağların yaxasına səpələnmiş ulduza bənzəyir... Küçələrdə gülüş səsi eşidilir, evlərdən musiqi səsi gəlir...
Ruhun cismə qovuşduğu, nəyin möcüzə, nəyin gerçək olduğu bilinməyən bir məkanda, Zabuxdayıq…

 

31 il 3 ay 10 gündən sonra Zabuxda…

 

Evlərdən birinə yaxnlaşıb  səslənirik:
- Ay ev yiyəsi, ay ev yiyəsi…
Küçə qapısında dayanıb çağırdığımız ev sahibi bizi çox gözlətmir. Qapını açan nur üzlü, ahıl bir kişi köhnə tanışları kimi bizi qarşılayıb evə keçməyimizi xahiş edir. Təəccübümüzü görən ev sahibi mehribanlıqla dillənir:
- Allaha şükürlər olsun, daha Azərbaycanda düşmən qalmayıb. Bilirəm ki, bu vaxtı qapımı Allah qonağı döyər, dost açar. Allah ömür versin Prezidentimizə ki, bizə bu cür şərait yaradıb. Qonaq qarşılamaq üçün artıq hər cür şəraitimiz var. 
Tanışlıq zamanı "Azərbaycan" qəzetinin əməkdaşları olduğumuzu bildiririk. Ev sahibi də özünü təqdim edir:
- Allahverdi Əşrəf oğlu Əliyev. 
Allahverdi kişi söhbətə körpü salır:
- O qədər sevincli, fərəhli günümüzdə qapımı açmısınız ki… Bu axşam mənim əziz qonağımsınız. Sinəm doludur. Amma keçmişi xatırlayıb heç o günlərə bir də qayıtmaq istəmirəm. Çox dəhşətli idi. Güllə yağışının altından bizi sağ çıxaran Allah bizə bu möcüzəni də göstərdi, daha arzulayası heç nəyim qalmayıb. Buradan çıxanda hara gedəcəyimizi, hansı çadırın altına girəcəyimizi, kimin qapısını döyəcəyimizi bilmirdik. Bircə onu arzulayırdıq ki, kimsə qapısını üzümüzə açsın, başımızın üstündə bir örtüyü olan yer göstərsin. Həyata olan inamımız, yaşamağa olan gümanımız tam itmişdi… Ağlımıza gəlməyən başımıza gəlmişdi. Kimimiz, kimsəmiz yox idi, sahibsiz idik…

 

"Vur deyənimiz də var, vuranımız da…"

 

Allahverdi kişi deyir ki, bir arzumuz vardı - bu torpaqları bir də  görə bilək. Şükürlər olsun, ordumuzun gücü, Prezidentimizin hünəri ilə sahibi olduğumuz yurdumuza qayıtdıq. İndi  bilirik ki, arxamızda duran qüdrətli dövlətimiz, qayğımızı çəkən Prezidentimiz, həm vur  deyənimiz, həm də vur deyəndə vuran ordumuz var:
- Gedəndə üstüaçıq maşınlarla tərk etmişdik Zabuxu. Qayıdanda bilirdik ki, daha tanımadığımız adamların qapısını döyüb sığınacaq istəməyəcəyik. Öz evimizin qapısını açıb, işığını yandırıb, öz ocağımızda yaşayacağıq... 
Fərqli bir dönüş idi. Dövlətin ayırdığı lüks maşınlarla, polisimizin, hərbçilərimizin müşayiəti ilə gülə-gülə, sevinclə qayıtdıq bizim üçün yaradılmış bu cənnətə. Bu gözəlliyi təsəvvür edə bilməzdik. Hər rahatlığı olan evimizin olmasını xəyal belə etmirdik. Dövlətimizin qayğısı, Prezidentimizin bizə olan diqqəti nəticəsində bu möcüzəyə sahib olmuşuq. Həm də qürurluyuq. Ordumuzun gücünə inanırıq. Evimizdə yatanda düşünürəm ki, bizdən öndə bizi qoruyan qüdrətli Azərbaycan Ordusunun əsgərləri durub,  təhlükəsizliyimizi qoruyur.
Allahverdi kişi qarşı tərəfdə dağın başında yanan işığı göstərib dedi ki, görünən dağın başında yanan işıq sərhədçilərimizin durduğu postdur: "Dığ kəndi ilə bizi sərhəd zolağı ayırır. Bir zamanlar başımıza od ələyən, nəfəsimizi çəkməyə belə imkan verməyən  ermənilər indi qorxusundan nəfəslərini çəkə bilmirlər. Bunun qüruru bizə bəs edir. Bu ordunu quran, bizi bu torpaqlara qaytaran, bizə bu qüruru yaşadan dövlətimizin başçısına "Yaşa, var ol, Prezidentim!" deyirik".

 

Qəribə nənənin qəribə taleyi…

 

Qonşuluqda yaşayan 82 yaşlı Zabux sakini Qəribə nənənin oğlu Vüqar Həsənovla da görüşüb söhbət etmək imkanımız oldu. Xatırladaq ki, Qəribə nənə avqustun 26-da  dövlətimizin başçısı ilə Zabuxda görüşü zamanı atalarını itirmiş nəvələrinə onunla qonşuluqda ev verilməsini xahiş etmişdi. 
Vüqar dedi ki, əvvəlcə bir məsələyə qəzetiniz vasitəsilə aydınlıq gətirmək istəyirəm: "1992-ci ilin o dəhşətli günlərində qardaşım, anam və mən Zabuxu ən sonda tərk edənlərdənik. Özümüzə Abşeron rayonunda sığınacaq tapmışdıq. Bu il avqustun 26-da Zabuxa dönən ilk 20 ailədən biri də bizim ailə oldu. Anam bizimlə - 5 nəfərlik ailə üzvümlə birlikdə yaşayır, tək yaşamır. Rəhmətə gedən qardaşımın  övladlarına da kəndimizdə ev verilirdi, amma bizdən bir qədər aralıda. Anam Prezidentimizdən xahiş etdi ki, onlara verilən ev bizimlə qonşu olsun ki, gözü nəvələrinin üstündə olsun. Bunu televiziyada eşidən sosial şəbəkə iştirakçıları, bəzi saytlar elə təqdim etdilər ki, guya 82 yaşlı qoca anam özünə bir ev aldıqdan sonra fürsətgirlik edib nəvələri üçün də dövlətimizin başçısından ev istəyib. Anamın 82 yaşı var. Dünyanın hər üzünü görüb. Deyir ki, bu illərdə hər cür rəhbər görmüşəm, haqqında eşitmişəm. Amma İlham Əliyev kimi sözübütöv, səmimi rəhbər görməmişəm. Prezidentimiz həm anamın arzularını gerçəkləşdirdi, torpaqlarımızı qaytardı, bizi ev-eşikli etdi, qaçqın, köçkün damğasını üstümüzdən götürdü, həm də anamın xahişini yerinə yetirərək qardaşım oğlu Rövşən Həsənovun 6 nəfərlik ailə üzvü ilə birlikdə bizimlə qonşu olması barədə arzunu gerçəkləşdirdi. İndi qardaşımın yadigarları qonşuluğumuzda yaşayırlar". 
Vüqar  bildirdi ki, dövlətimizin başçısı bizə xəyal etmədiyimiz xoşbəxtliyi bəxş etdi: "Hər yatıb-duranda, hər sabah açılanda Zabuxda olduğuma inanmıram. Elə zənn edirəm ki, mən yuxu görürəm… Bu inanılmaz işləri görən Prezidentimizə minnətdaram. Anlayıram ki, yalnız işləməklə, çalışmaqla dövlətimizin qayğısına cavab vermiş ola bilərəm. Öz təsərrüfatımı yaradacağam. Nə qədər ömrüm var Zabuxda yaşayıb, Zabuxda işləyəcəm".
Zabuxun başqa bir sakini - Məmmədov Ziyadxan Ədalət oğlunun da qonağı oluruq. Öyrənirik ki, Ziyadxan Zabuxu tərk edəndə 3 yaşı olub. Deyir ki, atası Laçın rayon Polis şöbəsinin əməkdaşı olub. Birinci Qarabağ savaşında, okyabrın 11-də Qoçazda şəhid olub: "Nə atamı, nə də kəndimizi xatırlaya bilirdim. Amma atamı da, Zabuxu da tez-tez yuxumda görürdüm. Bəzən xatırlamadığım Zabux üçün oturub hönkürtü ilə ağladığım anlar da olub. İndi də bunun gerçək olduğuna inana bilmirəm. Amma bu bir həqiqətdir ki, indi bizim öz cənnətimiz var. Bunu bizə Müzəffər Ali Baş Komandanımız ərmağan edib. İndi bizi xoşbəxt görən atamın ruhu azadlığı uğrunda qanını tökdüyü torpaqlarımızı azad görüb sevinir. İki övladım var. Atamın adını verdiyim oğlum Ədalət 5, Sirac isə 3 yaşındadır. Ədalət atamın adını daşıyan Zabux kənd məktəbində oxuyacaq. Bizim kimi ona "qaçqın", "köçkün" deyən olmayacaq. Görmədiyi, xatırlamadığı kəndi üçün ağlamayacaq. Hər şey mənə möcüzə kimi görünür. İndi kəndimizi birgünlük tərk edəndə darıxıram, özümü qərib hiss edirəm. İndi mənim yaşamağa öz evim var. Mən ev sahibi olmuşam".
Söhbətə Ziyadxanın ömür-gün yoldaşı Təranə Musayeva qoşulur:
- Ağcabədidə doğulmuşam. Məktəbdə müəllimlərimiz dərsdə deyəndə ki, bir gün torpaqlarımız qayıdacaq, düzü inanmağım gəlmirdi. Açığını deyim ki, böyüdükcə bu sözü eşidəndə əsəbləşirdim. İnana bilmirdim ki, biz bu günü görəcəyik. Şükürlər olsun ki, dövlətimizin başçısı bizə bu xoşbəxtliyi yaşatdı. İndi Laçındayıq - öz doğma yurdumuzda, evimizdəyik. Dil ədəbiyyat müəllimiyəm. Hələlik Laçın şəhər 2 nömrəli orta məktəbdə işləyirəm. Dekabrın 1-də yeni tikilən Zabux kənd orta məktəbi istifadəyə veriləcək, mən də fəaliyyətimi öz doğma kəndimizdə davam etdirəcəyəm. Xoşbəxtəm ki, uşaqlara ədəbi qəhrəmanlarımızdan çox əbədiləşən qəhrəmanlarımız haqqında danışmağa sözüm var. Biz qəhrəman xalqın, qalib xalqın müəllimləriyik. Bizə yenidən həyat verən, bizə bu xoşbəxtliyi yaşadan rəhbərimiz var.
Axşamdan xeyli keçməsinə baxmayaraq, bir qrup zabuxlu Zabuxun ağsaqqal, 81 yaşlı sakini Elbrus Əsədovun söhbətgahında samovar qoyub çay dəstgahı qurmuşdu. Elbrus kişi bizi də çay süfrəsinə dəvət etdi. Ömür-gün yoldaşı Gözəl xanımı göstərib dedi:
- Biz günümüzü görüb, dövranımızı sürmüşük. Gözəllə oturub söhbət edəndə bilirsiniz nəyi müzakirə edirdik? Harada dəfn olunacağımızı…Fikirləşirdik ki, bizdən sonra yalnız haradasa, yad bir yerdə məzarımız qalacaq. Amma gör Allah bizə nəyi qismət etdi, ölməmişdən əvvəl cənnətdə yaşamağı… Xırdalanda "Azərenerji"nin qarajında yaşayırdıq. Prezidentimiz bizi oradan çıxarıb saraya gətirib, əsl xan sarayına. Vallah, biz bunu xəyalımızdan belə keçirə biməzdik. Oğluma da ev veriblər. Daha heç bir dərdim, qayğım yoxdur. Bir ağsaqqal kimi haqqım var, təkcə öz adımdan yox, bütün zabuxlular adından Prezidentimizə buna görə "Çox sağ olun, var olun" deyim...

(Ardı var)

Elşən QƏNİYEV,
"Azərbaycan"

Bakı-Zabux-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video