06 Iyun 2024 08:00
630
SİYASƏT
A- A+

İLHAM ƏLİYEV Azərbaycanı

 

Ümumavropa enerji təhlükəsizliyinin əsas təminatçılarındandır

 

Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın qazandığı böyük uğurlardan biri də Avropanın enerji təminatında mühüm rol oynamasıdır. 
Azərbaycanın gələcək uğurlarının zəmanəti olan qlobal enerji layihələri bu gün Avropanın enerji xəritəsini tamamilə dəyişib. 
Açıq dənizlərə çıxışa malik olmasa da, Azərbaycan artıq mühüm nəqliyyat-tranzit şəbəkəsini yaradıb. 
Azərbaycan tərəfdaşları ilə birgə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft-qaz kəməri çəkməklə yeni rekordlara imza atıb. 
İki il öncə, 2022-ci il iyulun 18-də "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair" Anlaşma Memorandumunun imzalanması da bir daha təsdiqlədi ki, Avropanın bu gün Azərbaycan qazına böyük ehtiyacı var. 
Əlbəttə ki, bütün bunlar dünyanın geosiyasi və geoiqtisadi gündəmini düzgün qiymətləndirən, tam müstəqil siyasət yürüdərək sözünün sahibi, etibarlı tərəfdaş olduğunu isbatlayan İlham Əliyevin qlobal təşəbbüsləri sayəsində reallaşıb. 
Azərbaycan Prezidentinin zamanında uzaqgörənliklə reallaşdırdığı  infrastrukturlar hesabına ölkəmiz bu gün faktiki olaraq Avropa üçün çox cazibədar enerji təchizatçısı rolunda çıxış etməkdədir. 

 

"Əsrin müqaviləsi"nin 30-cu ilində yeni təməlqoymalar

 

Bakı Enerji Həftəsi və bu çərçivədə 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılışı, İlham Əliyevin ölkəmizin mövcud enerji layihələri, potensialı və gələcək planları barədə verdiyi məlumatlarla dünya bir daha Azərbaycanın enerji imkanları, bu sahədə nəyə qadir olduğuna şahidlik etdi. 
Xatırladaq ki, Xəzər Neft və Qaz Sərgisi otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayıb. O vaxtdan bəri bu tədbir daha böyük tədbirə çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini - neft, qaz, kəşfiyyat və hasilat, emal, nəqliyyatı və "yaşıl enerji"ni əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir.
Hər dəfə olduğu kimi, budəfəki Bakı Enerji Həftəsi də çox mühüm hadisələrlə tarixə yazıldı. Məhz "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümündə Neftçala, Biləsuvar Günəş-Elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək-Elektrik Stansiyasının təməlləri qoyuldu. Yəni Azərbaycanın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin 30-cu ilində, vaxtilə Şahdəniz layihəsi böyük enerji strategiyasının əsasını qoyduğu kimi, 4 iyun 2024-cü ildə əsası qoyulan layihələr də bərpaolunan enerji sahəsində yeni eranın başlanğıcı oldu.
Azərbaycanın enerji potensialını və ümumilikdə ölkəmizin iqtisadi imkanlarını dünyaya təqdim edən İlham Əliyev bir daha bəyan etdi ki, bir vaxtlar təbii qazı idxal edən Azərbaycanın bu gün qaz ixracı getdikcə artır, çox güman ki, bu il bu rəqəm 24 milyard kubmetrdən artıq olacaq. Bu gün 8 ölkə Azərbaycandan qaz alır. 
Prezident bu ilin martın 1-də Bakıda, "Gülüstan" sarayında "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında Avropa İttifaqının energetika məsələləri üzrə komissarı, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının həmsədri, xanım Kadri Simsonun çıxışını xatırladı. Həmin toplantıda komissar həqiqətləri açıqlayaraq demişdi ki, Avropada bəziləri "Cənub qaz dəhlizi"nin artıq başa çatmış bir missiya olduğunu və buna daha çox diqqət yetirilməməsini düşünürmüş. Ancaq o və başqaları hesab edirmiş ki, Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığın genişləndirilməsi üçün güclü potensial var: "Artıq dediyim kimi, biz ötən il sizin məhz Panavropa təchizatına çevrildiyinizi gördük və bu baxımdan, əslində, bu həcmlərin artırılması üzərində işləyirik. Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq". 
Bu gün məhz reallıqlar göstərir ki, qaz axını Avropaya "Cənub qaz dəhlizi"ndən gedir və 2021-ci illə müqayisədə bu, 46 faiz çoxdur. 2023-cü ildə Avropa İttifaqı Azərbaycandan 11 milyard kubmetr sabit və təhlükəsiz şəkildə qaz təchizatını qəbul edib və Avropa İttifaqının üzv dövlətləri və genişlənməyə namizəd olan ölkələr bu qazın alınmasında maraqlıdırlar. 
Üç ay öncə söylənən fikirlər bir daha Bakı Enerji Həftəsi çərçivəsində keçirilən mərasimdə təsdiqləndi. İlham Əliyev bəyan etdi ki, Azərbaycan qaz təchizatının coğrafiyasını artıracaq. Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycanın təbii qazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazası gedir.

 

Türkiyə, ABŞ və Aİ-dən İlham Əliyevin enerji siyasətinə tam dəstək

 

Bakı Enerji Həftəsi çərçivəsində reallaşan tədbirlər, yeni təməlqoymalar xüsusi əhəmiyyət kəsb edir. Özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsinin bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirməsi və bununla da diqqətin Azərbaycanın üzərinə cəmləşdirilməsi, xüsusən də tədbirdə 37 ölkədən 300-dək şirkətin iştirakı çox mühüm tarixi hadisədir. 
Xüsusən də Bakı Enerji Həftəsi ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, ABŞ Prezidenti Cozef Baydenin göndərdikləri məktublarda Azərbaycanla uğurlu əmakdaşlıq, İlham Əliyevin qlobal enerji layihələrinə verilən yüksək dəyər ölkəmizin artan nüfuzunun bariz təcəssümüdür. 
Qardaş ölkənin dövlət başçısı məktubunda qeyd edir ki, can Azərbaycan ilə yaxın münasibətlər bütün sahələrdə olduğu kimi, enerji sahəsində də güclüdür: "Uzun illərə əsaslanan və Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və TANAP kimi infrastruktur layihələri ilə taclandırdığımız əməkdaşlığımız təkcə Türkiyə və Azərbaycana fayda verməyib, bölgənin və Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfələr verib. Türkmənistan qazının ortaq səylərimizlə Türkiyəyə və Avropaya çatdırılması, TANAP-ın imkanlarının genişləndirilməsi artıq zaman məsələsidir. Bu sahələrdəki fəaliyyətlərimizin çox yaxında bəhrə verməsi, şübhəsiz, Türkiyə və Azərbaycanın daha bir ortaq uğuru olacaq".
ABŞ Prezidenti Cozef Bayden isə məktubunda qeyd edib ki, builki tədbirlər Bakının noyabr ayında həlledici COP29 tədbirinə evsahibliyi etməyə hazırlaşdığı dönəmdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan xüsusilə Avropada qlobal enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalır. Xəzər qazı getdikcə çoxsaylı ölkələrə ixrac edilir və bu da Avropa ölkələrinə enerji mənbələrinin şaxələndirilməsinə, kömürdən imtinanın sürətləndirilməsinə yardım edir: "Azərbaycan öz enerji tarixində yeni səhifə açarkən təmiz enerji və metan tullantılarının azaldılmasına artan diqqət və sadiqlik məndə məmnunluq doğurur. Xəzərin sahib olduğu əhəmiyyətli külək enerjisi potensialı Azərbaycanın təmiz enerji ixracının neft və qaz ixracını üstələyəcək gələcəyə gətirib çıxara bilər". Bu, ABŞ liderinin İlham Əliyevə bir həftə ərzində ünvanladığı ikinci məktubdur. Hər iki məktubdakı fikirlərlə Co Bayden İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı yeni reallıqları və regionda təhlükəsizliyin təminatı istiqamətində İlham Əliyevin atdığı bütün addımları təqdir edib.
Bir sözlə, Türkiyə və ABŞ liderlərinin, qlobal enerji şirkətlərinin Azərbaycana olan marağı, İlham Əliyevin enerji siyasətinə verilən yüksək dəyər, mövcud əməkdaşlığın daha da dərinləşməsi üçün irəli sürülən təşəbbüslər onu deməyə əsas verir ki, Azərbaycan artıq qlobal enerji aktorlarından birinə çevrilib. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video