21 Fevral 2024 09:24
765
Mədəniyyət
A- A+

Heydər Əliyev Fondunun təşəbbüsü ilə...

 

Tullantıdan yaradılan möcüzə

 

Üç ilə qədər ömür sürən tırtıldan qısa zamanda elə müxtəlif növ zərif kəpənəklər əmələ gəlir ki, gözəllikləri ilə insanı valeh edir. Bu möhtəşəm çevrilmə təbiətin möcüzəsidir...
Lakin Tanrının yaratdığı ən güclü canlı varlıq olan insan da zəkası sayəsində belə möcüzələr yaratmaq bacarığına sahibdir. Müasir dünyamızda buna aid saysız-hesabsız nümunələr göstərmək olar.  Elə baş çəkdiyimiz məkanı simvolizə edən bir çevrilmə də kəpənəyin yaradılışı qədər maraqlı və heyrətamizdir. Amma bu möcüzə insan əməyinin məhsuludur. Söhbət "Tullantıdan Sənətə" muzeyindən gedir...
Bu muzeydə bütün eksponatlar nə qədər təəccübləndirici olsa da, tullantılardan hazırlanıb. Bəli, burada tullantının sənətə çevrilməsi ilə nəticələnən möhtəşəm işin şahidi olduq. 

 

180-nə qədər müxtəlif sənət əsəri

 

Ətraf mühitin qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə son illər Azərbaycanda bir çox layihə həyata keçirilir. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən Bakı və Abşeron yarımadasının ekoloji durumunun sağlamlaşdırılmasına xidmət edən tədbirlər planı da təsdiqlənib.  Planda tullantıların düzgün idarə edilməsi daxil olmaqla, ətraf mühitin mövcud vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş bütün əsas fəaliyyət istiqamətləri öz əksini tapıb. 2008-ci ildə Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi üçün "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti təsis edilib. Beləliklə, qurum 2009-cu ildən paytaxtda tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun quraraq, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində fəaliyyətə başlayıb. "Təmiz Şəhər" tərəfindən bərk məişət tullantılarının çeşidlənməsi, yandırılması, Böyükşor gölünün ekoloji bərpası kimi bir çox mühüm layihə həyata keçirilir. Möhtəşəm layihələr arasında kiçikdən-böyüyə hər kəsin diqqətini çəkən isə 2015-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yaradılan "Tullantıdan Sənətə" muzeyidir.
Bilirik ki, gündəlik məişətdə istifadə olunan plastik qablar, sellofanlar, batareyalar torpaqda həll olmayan təbiət üçün ciddi çirkləndiricilərdir. Bu baxımdan tullantıların düzgün idarə edilməsi bizi həm bu günün, həm də gələcəyin təhlükələrindən qoruyur. 
Azərbaycanda 2012-ci ildən keçirilən beynəlxalq "Tullantıdan Sənətə" sərgisi də bu xüsusda böyük maarifləndirici əhəmiyyətə malikdir. Dünyanın müxtəlif ölkələrində, Azərbaycan da daxil olmaqla, sənətkarların hazırladıqları əsərlər sərgidə nümayiş olunduqdan sonra "Tullantıdan Sənətə" muzeyi təşkil olunub. 
Muzeydə hazırda tullantıdan istifadə edilərək yaradılan 180-nə qədər müxtəlif sənət əsəri nümayiş olunur. Bu əsərlər sərgilər keçirildikcə yeniləri ilə əvəzlənə bilir. Muzeyə girərkən diqqəti cəlb edən bütün portretlər, fiqurlar, müxtəlif əşyalar plastik su qabları, sellofan, uşaq arabası, oyuncaq, maşın hissələri, siqaret kötükləri, disklər, mismarlardan, bir sözlə, lazımsız hesab edilən saysız-hesabsız tullantılardan düzəldilib. Elə həm yerli, həm də xarici turistlərin diqqətini cəlb edən də eksponatların tullantıdan hazırlanmasıdır. 

 

"Plastik insanlar", "Dövr", "Həyat"...

 

Muzeyin hər iki mərtəbəsində sərgilənən əsərdən-əsərə keçdikcə insanı təəccübləndirən sənətkarların müxtəlif əl işləri ilə rastlaşırıq. Hər birinin özünəməxsus adı var.  Qeyd edək ki, sərgiyə əsərlərini təqdim edənlər arasında həvəskar yaradıcı insanlar da yer alır. 
"Səssizliyin səsi"ni göstərən  amerikalı sənətkar  lifli pambıq və kartondan heykəl hazırlayıb. Kağızdan hazırlanmış 3D ölçülü əsəri isə Nərmin Abdullayeva Nəsiminin yaradıcılığından bəhrələnərək onun qəzəllərindəki Dilbərə həsr edib və o, "Dilbərim" adlanır. Digər sənətkarımızın "Dövr" adlanan əl işi isə insan və təbiətin vəhdətini nümayiş etdirir. Əsərdə insanın təbiətsiz, təbiətin də insansız mövcud ola bilməyəcəyi göstərilir. 
Türkiyəli sənətkar Sebahat Yıldırım isə şüşə qırıqlarını sənət əsərinə çevirib. "Həyat" əsəri şüşə tullantıları ilə "Saf həyat instinkti" şüarı ilə yenidən canlanır. Muzeydə amerikalı Tess Feliks tərəfindən hazırlanan dahi bəstəkarımız Qara Qarayevin portreti də xüsusilə diqqət çəkir. 
Plastik tullantıların ətraf mühitimizi çirkləndirdiyi bir dövrdə pakistanlı Xəlil Çistinin yaratdığı "Plastik insanlar" əsərinin də dərin mənası var. Sənətkar polietilen paketlərdən dərdi, əzabı və iztirabı özündə əks etdirən heykəltaraşlıq nümunələri yaradıb. 

 

Tullantıdan hazırlanan əsərlərin dili ilə...

 

Müxtəlif ekoloji problemləri özündə əks etdirən, insanlara mesaj verən əsərlərdən çox danışmaq olar. Çünki hər biri təbiəti qorumağı, tullantıların doğru idarə edilməsini, ətraf mühitə dəyən zərərin minimuma endirilməsini, dahi şəxslərin yaradıcılığını ehtiva etməklə sənətin incəliklərini özündə cəmləşdirir.
Hər kəsin marağına səbəb olan muzey hər gün səhər saat 09:00-dan 18:00-a kimi fəaliyyət göstərir. Muzeydə həm rusdilli, həm də ingilisdilli bələdçilər var ki, onlar da muzey ziyarətçilərini əsərlər, muzeyin fəaliyyəti, məqsədi barədə məlumatlandırırlar.
Bizi müşayiət edən bələdçi Nuriyyə Sultanova bildirir ki, muzeyi ziyarət edənlərin sayı yaz və yay aylarında daha çox olur. Bəzən gündə 800-1000 nəfər bu incəsənət məkanına baş çəkir. Eyni zamanda məktəblilərin ekskursiyalarına da tez-tez rast gəlinir. Onun sözlərinə görə, əsərlər həm xarici, həm də yerli turistlərin marağına səbəb olur. Muzeyin şəhər mərkəzindən kənarda - Qala qəsəbəsində yerləşməsinə, yolun uzun olmasına baxmayaraq, böyük marağın qarşısını ala bilmir. Ziyarətçilər yay, qış demədən muzeyə baş çəkirlər.
Bələdçi xanım qeyd edir ki, sərgilərdə indiyədək 45 ölkədən 180-ə yaxın sənətkar iştirak edib. Həmin şəxslər Azərbaycana dəvət olunurlar və onlara ayrılmış xüsusi poliqonda müəyyən vaxt ərzində əl işlərini hazırlayırlar. Yaratdıqları sərgidə bir həftə nümayiş olunduqdan sonra isə onlar "Tullantıdan Sənətə" muzeyinə təhvil verilir. 
N.Sultanova deyir ki, əsərlərin hazırlandığı materiallar arasında həm bərk, həm də yumşaq tullantılar olur: "Məsələn, plastik tullantılardan dəniz canlıları hazırlanıb ki, bu da həmin tullantılardan ən çox su heyvanlarının zərər çəkdiyinə diqqəti çəkir". 
Qeyd edək ki, pandemiya dövründə kütləvi təbdirlərin keçirilməsinə məhdudiyyətlər qoyulduğundan bir neçə ildir baş tutmayan "Tullantıdan Sənətə" sərgisinin bu il keçiriləcəyi gözlənilir. 

 

Kəpənək effekti...

 

Muzeyi gəzdiyimiz zaman diqqəti cəlb edən hissələrdən biri də dahi şairimiz İmadəddin Nəsimiyə həsr olunan guşədir. Bələdçi qeyd edir ki, bu guşə 2019-cu ildə yaradılıb və "Nəsimi ili"nə həsr olunub. Burada Nəsiminin portretləri, onun əsərlərini canlandıran əl işləri sərgilənir. 
N.Sultanova Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Təmiz Şəhər" ASC tərəfindən Abşeron ərazisinin tarixi yerlərindən olan Qala qəsəbəsində bərk məişət tullantılarının müasir üsullarla idarə olunması məqsədilə baş tutan pilot layihədən də söz açdı. "Layihə çərçivəsində ekoloji problemlərə əhalinin diqqətini çəkmək üçün maarifləndirmə tədbirləri görülüb. "Tullantıdan Sənətə" sərgiləri də pilot layihə əsasında aparılan maarifləndirmə işlərindən biridir. Bu baxımdan muzey ümumilikdə maarifləndirici xarakter daşıyır", - deyə bələdçi vurğulayır. 
Yenidən yaradılışı təcəssüm etdirən kəpənək müxtəlif tullantılardan hazırlanan incə, zərif əl işlərinin yer aldığı bu muzeyin rəmzidir. Sərgilənən hər bir əsər birgünlük həşəratın kövrək qanadlarını xatırladır - toxunsan qırılacaqlar kimi... 
Qaldı ki tullantılara - onlara təbiətdə qalaraq tırtıl kimi uzunömürlü zərərverici, yoxsa gözəlliyi ilə arxasıyca aparan kəpənək kimi don geydirmək bizim təbiətə olan sevgimizə əsaslanan seçimimizdir. 
Unutmayaq ki, hər kəsin elə evinin içindən başlayaraq tullantıları çeşidləmək kimi təbiəti qorumaq naminə etdiyi ən kiçik işlər belə kəpənək effekti yaradaraq böyük və uğurlu nəticələrə səbəb ola bilər.

Əsmər QARDAŞXANOVA,
İlham BABAYEV (foto),
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video