02 Fevral 2024 09:00
11690
SİYASƏT
A- A+

Gənc nəslin inkişafı dövlətimizin prioritetlərindən biridir

 

Gənc nəslə diqqət və qayğı, onlar üçün inkişaf mühitinin yaradılması hər bir dövlətin başlıca vəzifələrindəndir. Bunun müqabilində gənclərin də mühüm vəzifələrindən biri mənsub olduqları cəmiyyətin, dövlətin, tərəqqisinə töhfə vermək, özlərini layiqli vətəndaş kimi yetişdirmək və daim vətəndaşlıq məsuliyyəti daşımaqdır. Gənclik gələcəkdir, hər bir cəmiyyətin sabahı onun bugünkü böyüməkdə olan nəslinin dünyagörüşündən, dəyərlərə bağlılığından, inkişaf səviyyəsindən asılı olacaq. 
Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının gəncliyi qarşısında duran vəzifələri kifayət qədər dəqiq və konkret şəkildə müəyyənləşdirmişdi: "Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır". 

 

Ən doğru yol

 

Bu böyük dövlət adamı Azərbaycanı gənclər ölkəsi adlandırır, ardıcıl diqqət və qayğısı ilə onların timsalında ümumən ölkəmizin gələcəyinə yol açırdı. 1993-cü ildə Azərbaycanın ağır böhranlarla üzləşdiyi o təlatümlü günlərdə Ulu Öndərin xalqın təkidli tələbi ilə ali hakimiyyət rəhbərliyinə qayıdışı gənclərimiz üçün də qurtuluş yolunun başlanğıcı oldu. Ümummilli Lider bu dövrə qədər ayrı-ayrı siyasi qrupların öz əllərində alətə çevirmək istədikləri, çirkin siyasi oyunlarına vasitə etdikləri Azərbaycan gəncliyinə sahib çıxdı. Onlara ən doğru yolu - demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətini, təhsil alıb, oxuyub, öyrənib, özlərini yetişdirmək səmtini göstərdi. Cəmiyyətin digər sosial təbəqələri kimi gənclərimizi də vahid amal uğrunda səfərbər etdi. Gənclərlə iş sahəsində institusional boşluqları aradan qaldırdı, bu istiqamətdə təkmil qanunvericilik bazasının formalaşmasına müvəffəq oldu. Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Ümummilli Liderin bu sahədə imzaladığı bir çox sənəd, atdığı addımlar, ən əsası isə özünün gənclərə münasibətdə başqaları üçün də yaratdığı nümunə respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait formalaşdırdı, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyənləşdirdi. 2 fevral 1997-ci il tarixdə imzalanmış müvafiq sərəncama əsasən, hər il 2 fevral gününün Azərbaycanda Gənclər Günü kimi qeyd olunması da bu siyasətin Azərbaycan gəncliyinin inkişafına xoş bir töhfəsidir. Bir faktı xüsusi vurğulayaq ki, respublikamız həmin vaxtdan etibarən MDB məkanında və Şərqi Avropa ölkələri arasında Gənclər Gününü dövlət səviyyəsində təntənəli şəkildə qeyd etməyə başlayan ilk ölkə oldu. 
Ulu Öndərin hələ sovet Azərbaycanına rəhbərliyi dövründən bu sahədə formalaşdırılan müsbət ənənələr müstəqillik illərində də davam və inkişaf etdirildi. O cümlədən xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə tələbələrin göndərilməsi məsələsinə xüsusi diqqət ayrıldı, dövlətimizin maddi cəhətdən imkansız vaxtlarında da bu məqsəd üçün vəsait əsirgənmədi. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq üçün Ümummilli Liderin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşməsi, onlara "Prezident təqaüdü"nün verilməsi barədə qərarı, istedadlı gənclərin "Qızıl kitabı"nın hazırlanması bu böyük dövlət xadiminin gənclərə, onların təhsili və fərdi inkişafına diqqətinin bariz nümunəsidir. Həmçinin 1996-cı ildən başlayaraq Azərbaycanda gənclərin forumlarının keçirilməsi xoş bir dövlətçilik ənənəsi oldu.
1999-cu il iyulun 29-da imzalanmış "Dövlət gənclər siyasəti haqqında" fərman gənclərin inkişafında xüsusi rol oynamışdır. Bu fərman əsasında Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənmiş, Gənclər və İdman Nazirliyinin nəzdində gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradılmışdır. 2002-ci il aprelin 9-da isə "Gənclər siyasəti haqqında" qanun qəbul edilmişdir. Bu qanunla ölkəmizdə gənclər siyasətinin məqsədləri, prinsipləri, istiqamətləri, təşkilati-hüquqi əsasları müəyyənləşdirilmiş, bu sahədə yaranan münasibətlərin tənzimlənməsindən ötrü hüquqi əsaslar formalaşdırılmışdır. 
Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi də Ümummilli Liderin müəllifi olduğu azərbaycançılıq ideologiyasında mühüm yer tuturdu. "Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir" - Heydər Əliyev deyirdi.

 

Qara qızıldan insan qızılına

 

Ümummilli Liderin müəyyənləşdirdiyi strateji inkişaf kursu hazırda bu istiqamətdə də böyük uğurla davam etdirilir. Dövlətimizin gənclərə dəstək və diqqəti sayəsində Azərbaycan gəncliyində öz gücünə, istedadına inam artıb. Onların potensialının gerçəkləşməsinə, vətənpərvər, savadlı, məsuliyyətli vətəndaşlar kimi yetişmələrinə, gənc ailələrin sosial təminatına yönələn tədbirlər Azərbaycan dövlətinin məqsədyönlü siyasətinin təzahürüdür. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti bu təbəqənin ictimai-siyasi həyatda rolunun artmasına, onların ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb.
2007-ci ilin "Gənclər ili" elan olunması ölkəmizin ictimai-siyasi, mədəni həyatında gənclərin fəallığını daha da yüksəltmiş, bu fəallığı dəstəkləyən bir çox mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən şəhər və rayonlarımızda "Gənclər evləri" yaradılmışdır.
Azərbaycanda insan kapitalının inkişafı, ölkəmizin malik olduğu təbii sərvətlərin intellektual sərvətə, qara qızılın insan qızılına çevrilməsi üçün bir sıra mühüm addımlar atılmış, o cümlədən gənclərin qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi genişlənmişdir. Bu məqsədlə qəbul olunmuş müvafiq dövlət proqramlarının icrası nəticəsində 5000-dən çox Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşdur. Dövlətin dəstəyi sayəsində gənclərin dünyanın 32 ölkəsinin 370-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə 200 milyon manat vəsait xərclənmişdir. Bu islahatların davamı kimi "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" təsdiqlənmişdir. Proqram çərçivəsində hər il 400 nəfərədək olmaqla, ümumilikdə 2000 nəfərədək vətəndaşımızın xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması nəzərdə tutulmuşdur. Ötən 2 il ərzində 146 bakalavriat, 571 magistratura səviyyəsində olmaqla, 717 nəfər tələbə təqaüd almaq hüququ qazanmışdır. 2023-2024-cü tədris ilində proqram çərçivəsində bakalavriat səviyyəsi üzrə 64, magistratura səviyyəsi üzrə 317 nəfər olmaqla, ümumən 381 nəfər xaricdə təhsil almaq hüququ əldə etmişdir. 
Ölkə rəhbərliyinin təşəbbüsü əsasında 2011-ci il dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu da yaradılmış, 2018-ci ildə fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılmışdır. Bu fondun əsas məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirməkdir. 
Azərbaycan gəncliyinə dövlət qayğısının daha bir parlaq nümunəsi də "Gənclər üçün Prezident Mükafatı"nın təsis olunmasıdır. 2013-cü il iyulun 2-də ölkədə ilk dəfə təsis edilmiş "Gənclər üçün Prezident Mükafatı" elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə  ildə bir dəfə 10000 (on min) manat məbləğində olmaqla verilir. 

 

Yüksəliş yolu

 

Həmişə deyirlər ki, istedad milli sərvətdir. Bu gün isə deyirlər ki, elmi biliklərə əsaslanan, bacarıq və vərdişlərə malik milli kadr ehtiyatı cəmiyyətin böyük sərvətidir. Təbii ki, bu istedad öz-özünə bəhrə verə bilmir. Onun təhsil sistemində yetişdirilməsi, cilalanması, ona sosial qayğı göstərilməsi zəruridir. Modernləşdirmə konsepsiyasına əsasən, innovasion, idarəçilik səviyyəsi yüksək olan kadr potensialının yaradılması üçün xüsusi proqramların, layihələrin reallaşdırılması məqsədilə indiyədək dövlət əhəmiyyətli sənədlər imzalanıb. Bunlar ölkəni müasirləşməyə, insan kapitalını inkişaf etdirməyə, potensialının üzə çıxarılmasına yönəlmiş rəhbər sənədlərdir.
Bu gün ictimai mühitdə elmin və ziyalılığın, qabaqcıl texnologiyaların böyük əhəmiyyəti təbliğ edilir. Eyni zamanda cəmiyyətimizdə innovasion və texnoloji yeniləşmə zərurətinin irəli sürülməsi, peşəkar kadr ehtiyatının formalaşması dövlətimizin bu istiqamətdəki ardıcıl və qətiyyətli siyasi xəttidir. 
Bu baxımdan 2019-cu il 26 iyul tarixli sərəncamla təsis edilmiş "Yüksəliş" müsabiqəsi ölkəmizdə gəncliyin inkişafı üçün yeni bir mühit yaratmışdır. Əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsindən, dəstəklənməsindən, ölkədə kadr ehtiyatı bankının yaradılmasından ibarət olan bu müsabiqədə hər il minlərlə gəncimiz iştirak edir. Bu müsabiqə müasir dünyamızda rəqabətli kadr hazırlığı və insan kapitalının formalaşması sahəsində getdikcə yayılan faydalı inkişaf meyillərinin ölkəmizdə də özünə yer tutmasına mühüm təsir göstərir. Bunlar fəal öyrənmə, kommunikasiya, stresə davamlılıq, çeviklik və s. bu kimi fərdi bacarıqlardır. Müsabiqəyə qatılmış iştirakçılar özlərinin zəif və güclü tərəflərini öyrənir, bilik və bacarıqlarını təkmilləşdirmək imkanı qazanır, özünüinkişaf üçün rəqabətli mühitə düşürlər. Müsabiqə qalibləri ölkəmizdəki aparıcı dövlət və özəl qurumların rəhbərlərindən 1 il müddətində fərdi karyera inkişafı üçün mentorluq məsləhətləri alır, o cümlədən özünüinkişaf məqsədilə hər birinə ayrılmış 20.000 manat pul mükafatından yararlanmaq imkanı qazanırlar. Mentorluq proqramının ölkəmizdə yeni konsepsiya olduğunu nəzərə alsaq, bunun özü də "Yüksəliş" müsabiqəsinin cəmiyyət həyatına gətirdiyi mütərəqqi faydalardandır. Bundan əlavə, qaliblərin adları kadrların ehtiyat bankına əlavə olunur. Bu isə onlar üçün açılan yeni imkanlar, hədəflər və yüksəlişlər deməkdir. 
Bütün bunlara paralel olaraq ölkəmizin 55 şəhər və rayonunda Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) də fəaliyyətdədir. GİKM 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində fəaliyyətə başlayıb.  2019-cu il 1 oktyabr tarixli sərəncama əsasən təşkil edilmiş bu mərkəzlərin əsas missiyası şəhər və rayonlarımızda yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunmasıdır. 
Dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biri kimi ölkəmizdə könüllülük hərəkatı da inkişaf etdirilir. Gənclərin yaxından iştirakı ilə cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydaları təbliğ olunur, sosial faydalar, gənc nəsil üçün örnəklər formalaşdırılır. Eyni zamanda gənclərin öz potensiallarını reallaşdıra bilmələri, müasir dövrün zəruri bilik və bacarıqlarına yiyələnmələri, işgüzar əlaqələr qurmaları üçün imkanlar açılır. 
Ölkəmizdə könüllülük hərəkatının geniş vüsət almasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri misilsizdir. Mehriban xanımın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həm müvafiq dövlət qurumlarının, həm də Heydər Əliyev Fondunun fəaliyyəti çərçivəsində Azərbaycan gənclərinin fərdi və peşəkar inkişafı üçün çoxsaylı layihələr həyata keçirilir. Elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr reallaşdırılır. Gənclərin yaradıcı potensialının, bilik və bacarıqlarının üzə çıxarılmasına ardıcıl dəstək verilir. Uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə kömək göstərilir. 

 

Qalib gənclik

 

Azərbaycan dövlətinin həyata keçirdiyi gənclər siyasətinin, böyüməkdə olan nəslə aşılanan vətənpərvərlik tərbiyəsinin tarixi nəticəsi Vətən müharibəsindəki şanlı qələbəmizdə parlaq ifadəsini tapdı. Müstəqil, qüdrətli, qürur dolu tarixə, böyük nailiyyətlərə və aydın hədəflərə malik Azərbaycan ruhunda yetişdirilən gəncliyimiz  44 gün içində torpaqlarımızı azad etdi. Üçrəngli bayrağımızı Qarabağda, Şərqi Zəngəzurda ucaltdı. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların qəhrəmanlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Otuzillik həsrətdən sonra doğma yurdlarımıza qovuşduq. Azərbaycan gəncliyi bu şanlı qələbəni xalqımıza ərməğan etdi. Bu qələbənin verdiyi ruh, enerji, yaratdığı qəhrəmanlıq örnəkləri yeni nəsillərimizi daha da güclü, mətin, məqsədyönlü edəcək.
Vətən müharibəsi zamanı könüllü şəkildə orduya yazılaraq döyüşlərə can atan, qələbəmizə töhfə vermək üçün hər cür fədakarlığa hazır olan, həmçinin informasiya müharibəsində dövlətimizin, xalqımızın mənafelərini yüksək əzmlə müdafiə edərək bu cəbhədə də bizə üstünlük qazandıran gənclərimizin timsalında tarix Azərbaycanın nə qədər böyük gələcəyə sahib olduğunu bir daha təsdiqlədi. 
Dünyamızın yeni çağırışlarla əhatə olunduğu Dördüncü Sənaye İnqilabı dövründə Azərbaycan gəncliyi yenilikçi dünyagörüşü, inkişaf proseslərinə həssaslığı, tərəqqi meyillərini, innovativ düşüncə tərzini və vərdişləri mənimsəyərək cəmiyyət həyatına gətirmək həvəsi, ən əsası isə Vətən sevgisi ilə yurdumuzun inkişafına mühüm töhfələr verir, xalqımızın, dövlətimizin onlara olan inam və etimadını doğruldur. 

İradə ƏLİYEVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video