Ələt Azad İqtisadi Zonasının (AFEZ) yaradılmasını Azərbaycanda neft-qaz sektorundan sonra iqtisadi sferada həyata keçirilən ən möhtəşəm layihə də hesab etmək olar.
Cəmi 3 il əvvəl yaradılmasına başlanılan bu Azad İqtisadi Zonanın fəaliyyəti tezliklə Azərbaycan iqtisadiyyatına əlavə güc qatacaq. Çünki burada ölkəmizin yeni iqtisadi uğurlarının etibarlı təməlləri qoyulur...
İlham Əliyev təcrübəsi və qətiyyəti
AFEZ-in yaradılması ilk gündən Prezident İlham Əliyevin təcrübəsinə və siyasi iradəsinə söykənir. Cənab İlham Əliyev xarici neft şirkətləri ilə aparılmış danışıqlarda, neft kontraktlarının hazırlanmasında iştirak etmiş şəxs kimi enerji siyasəti sahəsində böyük təcrübəyə malikdir. Ələt Azad İqtisadi Zonası üçün xarakterik olan prinsiplər isə Azərbaycanda ilk dəfə enerji sahəsində tətbiq olunub.
Bu barədə danışan Valeh Ələsgərovun sözlərinə görə, söhbət Azad İqtisadi Zonanın eksterritoriallığından və onu idarə edən qurumun müstəqilliyi prinsiplərindən gedir: "Eksterritoriallıq və idarəedici qurumun müstəqilliyi prinsiplərinin Azərbaycanda hələ illər öncə neft müqavilələrinin icrası zamanı tətbiqinə başlanılıb. Ona görə indiyə kimi imzalanmış bütün neft müqavilələrində nəzərdə tutulmuş məsələlərin icrasına uzun illər lazım olmadı. Azərbaycanda bu sahədə mütərəqqi təcrübəni yaradanların başında dayanan faktiki olaraq cənab İlham Əliyevdir. Bu gün isə həmin təcrübə Ələt Azad İqtisadi Zonasının yaradılmasında və inkişaf etdirilməsində əsas rol oynayır. Prezident İlham Əliyev bu sahədə qanunvericiliyi, eksterritoriallıq məsələlərini, idarəetmənin prinsiplərini və bütün bunların ölkəyə gətirəcək faydalarını dərindən bilən rəhbərdir".
Beləliklə, Ələt Azad İqtisadi Zonasını yaradarkən Azərbaycanın istinad mənbələri yalnız dünyadakı mükəmməl analoqlar deyil. Əsas istinad ünvanı həm də Azərbaycanın neft siyasətidir, idarə edən qurumun müstəqilliyidir, eksterritoriallıq prinsiplərinin gözlənildiyi Bakı-Tbilisi-Ceyhan, "Cənub qaz dəhlizi" kimi enerji infrastrukturlarıdır. Bu prinsiplər olmasaydı, sözügedən layihələrlə bağlı bəlkə də bugünkü uğurlarımızı qazana bilməzdik.
Bütün bunlarla yanaşı, Azərbaycanda xüsusi sənaye zonalarının, sənaye parklarının və məhəllələrinin yaradılması kimi də mütərəqqi bir təcrübə var və bu da müvafiq təcrübəmizin formalaşmasında mühüm rol oynamışdır.
AFEZ-in əsas məqsədi yüksək əlavə dəyər yaradan və ixracyönümlü məhsul istehsal edən müəssisələri cəlb etməkdir
Artıq AFEZ-də dərman preparatları, alüminium və polad kompozit panelləri, mərkəzdənqaçma elektrik dalma nasoslarının istehsalı üzrə müəssisələrin inşaat işlərinə başlayıblar. Burada iş qurmaq istəyən şirkətlərin sayı isə kifayət qədər çoxdur. Amma Valeh Ələsgərov deyir ki, müraciət edənlər çox olsa da, AFEZ-in əsas məqsədi yüksək əlavə dəyər yaradan və ixrac yönümlü məhsul istehsal edən müəssisələri zonaya cəlb etməkdir, heç kimə etiraz edilmir, amma hər bir müraciət dərindən araşdırılır: "Xarici ölkələrdəki bəzi azad iqtisadi zonalarda 500-600 hektar ərazidə 6 mindən artıq "müəssisə" fəaliyyət göstərir və kirayə götürülmüş çox kiçik sahədə təmir, xırda məhsul istehsalı və sairə kimi işlərlə məşğul olurlar. Lakin bizə belə iş lazım deyil. Müraciət edən investorların hamısı ilə müqavilə bağlasaydıq, indi AFEZ-də azı 50-60 şirkət çalışırdı. Amma bunun nə əhəmiyyəti olacaqdı? Bizim üçün əsas odur ki, yüksək əlavə dəyərli ixrac yönümlü məhsul istehsal edilsin. O cümlədən məqsədimiz ölkəyə yeni texnologiyaların, yeni idarəetmə üsullarının, yeni təcrübələrin gətirilməsidir, yeni iş yerlərinin açılmasıdır. Biz Ələt Azad İqtisadi Zonasının təməlini indidən necə qoysaq, elə də gedəcək".
AFEZ həm də respublikamızın yerli şirkətləri üçün əsas ixrac bazarlarından biri olacaq. Məsələn, azad zonada polietilendən məhsul istehsal edən müəssisə materialı Sumqayıtdakı yerli müəssisədən alacaq. Ələt Azad İqtisadi Zonasında hazırda inşaat işlərinə başlayan müəssisələrdən birinə hər il böyük həcmdə kabel lazım olacaq və yenə də onu yerli zavoddan alacaq. O cümlədən yerli şirkətlərdən alüminium, əhəng daşı və digər inşaat məhsulları alınacaq. Deməli, yerli şirkətlər öz məhsullarını AFEZ-də fəaliyyət göstərən müəssisələrə satacaqlar. Yəni bu, zəncirvari şəkildə həm Azərbaycanda yerli istehsalı gücləndirəcək, stimullaşdıracaq, həm də müəssisələr üçün yeni əməkdaşlıq imkanları yaradacaq.
Beləliklə, Ələt Azad İqtisadi Zonası Azərbaycanın əsas iqtisadiyyatını buraya bağlayacaq və respublikamızda hətta bu gün olmayan yerli istehsal sahələrinin yaranmasını stimullaşdıracaqdır. Yerli iş adamları istehsal edəcəkləri məhsulları Ələt Azad İqtisadi Zonasında alan real müəssisələrin olduğunu bildikdə, o zaman onlar istehsala daha böyük sərmayə yatıracaqlar. Bu da həm istehsalın artımına, həm yeni iş yerlərinin açılmasına, həm də bütövlükdə ölkə üzrə ÜDM-in həcminin çoxalmasına yol açacaq.
Ələtdə elektrik avtomobilləri, elektrik avtobusları, smartfonlar istehsal ediləcək
Qanunvericiliyə əsasən, əsas iqtisadiyyatdan Ələt Azad İqtisadi Zonasına nə satılırsa, ixrac sayılır. Demək, Azərbaycan müəssisəsi AFEZ-ə məhsul satanda əlavə dəyər vergisi və gömrük rüsumu ödəməyəcək. Ələt Azad İqtisadi Zonasından isə Azərbaycana satılan hər şey idxaldır və əlavə dəyər vergisi və gömrük rüsumu ödəniləcək. Deməli, AFEZ-dən Azərbaycanın əsas iqtisadiyyatına satılan məhsulun üstünlüyü yoxdur, amma əsas iqtisadiyyatından AFEZ-ə satılan məhsulun üstünlüyü var. Burada da məqsəd əsas iqtisadiyyatımızda istehsala dəstək olmaqdır.
AFEZ-də xarici şirkətlər qarşısında qoyulan əsas şərtlərdən biri də odur ki, istehsal edilən məhsulların 75 faizdən çoxu xarici dövlətlərə ixrac edilməlidir. Çünki onların istehsalı əsas iqtisadiyyatdakı yerli istehsala maneə yaratmamalıdır. AFEZ-də istehsal olunan məhsullar "Made in Azerbaijan" brendi ilə ixrac olunacaq.
Yaxın vaxtlarda AFEZ-in sahəsi bir neçə dəfə artırılacaq və təxminən 5200 hektarı əhatə edəcək. Bunun bir hissəsində ən ağır tonnajlı təyyarələri qəbul edə biləcək karqo hava limanı inşa ediləcək. Artıq bu istiqamətdə işlərə başlanılıb və hava limanının 2026-cı ilin I rübündə fəaliyyətə başlayacağı gözlənilir. İllik yükaşırma gücü ilkin mərhələdə 500 min ton, daha sonra isə 1,5 mln. tona qədər artacağı planlaşdırılan hava limanı, ilk növbədə, Azad İqtisadi Zonada fəaliyyət göstərən müəssisələrin yüklərinin hava nəqliyyatı vasitəsilə daşınmasını təmin edəcək, eyni zamanda digər şəxslərə də xidmət göstərəcək. Hava limanının istifadəyə verilməsindən sonra AFEZ-ə müraciət edən şirkətlərin sayı daha da artacaq.
AFEZ-də fəaliyyət göstərəcək müəssisələrin nəqliyyat və logistika xidmətləri üzrə ehtiyaclarını qarşılamaq üçün bu ərazidə iki ədəd nəqliyyat-logistika mərkəzinin qurulması nəzərdə tutulmuşdur. Onlardan biri 5 hektar ərazidə yerləşən, illik 500 min ton yükaşırma gücünə malik avtomobil yolları üzrə daşımaları təmin edəcək nəqliyyat-logistika mərkəzidir. Digər nəqliyyat-logistika mərkəzi isə dəmir yolu üzrə daşımaları təmin edəcək.
Qeyd etdiyimiz kimi, bir sıra məhsulların istehsalı üzrə müəssisələrin yaradılması işlərinə artıq başlanılıb. AFEZ-də həmçinin yüksək texnoloji məhsullar istehsal edən şirkətlər də çalışacaqlar. Artıq xarici şirkətlər tərəfindən böyük data mərkəzinin yaradılması, elektrik avtomobilləri, elektrik avtobusları, smartfonlar istehsal edən müəssisələrin fəaliyyəti üçün layihələr üzərində iş gedir. O cümlədən "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti ilə Hindistan şirkəti arasında Ələtdə süni almazların istehsalı müəssisəsinin yaradılmasına dair razılığa gəlinib.
AFEZ-də, o cümlədən sənaye və tibbi-məişət filtrlərinin hazırlanmasında istifadə olunan plastik saplar, alüminium içki bankaları, mərmər, ağac döşəmələr və örtüklər də istehsal ediləcək.
Təbii ki, hər bir zavod və müəssisənin ekologiyaya təsirləri olur. AFEZ-də bu məsələlər ilk gündən diqqət mərkəzindədir və şirkətlər qarşısında qoyulmuş şərtlərdən biri də budur ki, ekoloji normaların təmin edilməsi ən yüksək standartlara uyğun olmalıdır.
Ələt Azad İqtisadi Zonasını idarə edən qurumun inzibati binası ilə də yaxından tanış olduq. Burada həm qurumun əməkdaşları, həm də xarici şirkətlərin nümayəndələri üçün yaradılmış mükəmməl iş şəraiti yüksək təqdirəlayiqdir.
İnzibati binanın pəncərəsindən AFEZ-də yaradılan müəssisələrdə aparılan inşaat işləri, habelə müraciət edən şirkətlər üçün qaydaya salınmış və bütün kommunikasiyalarla təmin edilmiş torpaq sahələri və Ələtdən keçən yollar görünür…
2021-ci il iyulun 1-də AFEZ-in təməlqoyma mərasimində Prezident İlham Əliyev demişdi: "Əminəm, biz görəcəyik ki, bax burada göstərilən mənzərə həyatda öz əksini tapacaq. Çünki bu günə qədər bütün təşəbbüslərimiz, bütün planlarımız həyatda öz əksini tapıb. Elə bir təşəbbüs olmayıb ki, o, reallığa çevrilməsin. Ən çətin layihələr, transmilli layihələr, çox çətin geosiyasi vəziyyətdə həyata keçirdiyimiz layihələr uğurla başa çatıb. Bunları sadalamağa ehtiyac yoxdur, hər kəs bilir söhbət nədən gedir. Ona görə, bu zonanın yaradılması, əminəm ki, uğurumuzun növbəti addımı olacaqdır".
Dövlət başçısının bu sözləri sürətlə reallaşdırılmaqdadır və AFEZ ötən qısa müddətdə nail olduğu göstəricilərlə uğurların növbəti addımı kimi özünü təsdiq edir.
AFEZ-dən ən yüksək təəssüratlarla ayrılırıq. Bura gələnə qədər AFEZ barədə təsəvvürlərimiz demək olar ki, Ələtdən o yana keçmişdi. Lakin tanışlıqdan sonra Ələt Azad İqtisadi Zonasının Azərbaycan iqtisadiyyatındakı yeri və rolu ilə bağlı təsəvvürlərimiz tamamilə yeniləndi. "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin üzərində, olduqca strateji coğrafi ərazidə yerləşən AFEZ-də yaradılan əlverişli şərait, o cümlədən unikal qanunvericilik bazasının, maliyyə və qeyri-maliyyə imtiyazları paketinin olması Ələt Azad İqtisadi Zonasını regional investisiya mərkəzinə çevirəcək.
AFEZ-in fəaliyyəti Azərbaycanın əsas iqtisadiyyatının inkişafına geniş imkanlar açacaq, onun şaxələndirilmiş və ixrac yönümlü iqtisadiyyata çevrilməsinə və qeyri-neft sektorunun iqtisadiyyatda rolunun gücləndirilməsinə xidmət edəcək. Gömrük və vergidən azad olduqları üçün AFEZ-in məhsulları Azərbaycanda ucuz qiymətə satılacaq. AFEZ-in fəaliyyəti yeni sosial imkanların yaranması baxımından ölkəmiz üçün faydalı olacaq.
Bütün bunların nəticəsi kimi Azərbaycanda adambaşına düşən ÜDM-də artım baş verəcək. Ən əsası, təcrübədə uğur qazanmış Şennon və Sinqapurdakı idarəetmə prinsiplərinin tətbiq olunduğu AFEZ Azərbaycanın Ələtdən dünyaya açılan qapısı olacaq.
Çox tezliklə deyəcəyik: "İndi bütün yollar Ələtdən keçir..."
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"