08 Mart 2024 02:38
5910
Sərəncamlar
A- A+

Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqində elektrik mühərrikli nəqliyyat vasitələrinin rolunu nəzərə alaraq, dayanıqlı və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması daha təmiz və dayanıqlı nəqliyyat sisteminə keçidi sürətləndirmək üçün xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan elektrik nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsini, zəruri infrastrukturun inkişafını, habelə ümumi nəqliyyat sisteminə inteqrasiyanı təmin edən normativ hüquqi bazanın formalaşdırılması zəruridir. 
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi, Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilməsi, 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi bu sahədə aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin təzahürüdür. 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin və elektrik enerjisi doldurma məntəqələrinin əhatə dairəsinin genişləndirilməsi, həmin məntəqələrin yaradılması işlərinə sahibkarlıq subyektlərinin cəlb edilməsi məqsədilə normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası Energetika Nazirliyinin, "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin  və "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin təklifləri əsasında elektrik enerjisi doldurma məntəqələrinin quraşdırılması üçün yerləri bir ay müddətində müəyyən etsin; 
1.3. elektrik enerjisi doldurma məntəqələrinin quraşdırılması, zəruri infrastrukturun yaradılması, habelə həmin məntəqələrin dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvafiq tədbirlər görülməsini təmin etsin;
1.4. bu Sərəncamın 1.3-cü bəndində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin və "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin təklifləri əsasında cari ilin və növbəti ilin dövlət büdcəsindən müvafiq vəsait ayrılması üçün tədbirlər görsün;
1.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 mart 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video