24 Fevral 2024 08:10
1153
SİYASƏT
A- A+

Dünyaya örnək olan Azərbaycan-Türkiyə münasibətləri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqın böyük etmadını qazanaraq növbəti dəfə dövlət başçısı seçildikdən sonra ilk rəsmi səfərini məhz Tükiyə Cümhuriyyətinə etməsi bir daha Azərbaycan və Türkiyə qardaşlığının tarixi ifadəsi oldu. Artıq onilliklərdir ki, belə rəsmi səfərlər, ölkələrimiz arasındakı münasibətlərin qürur doğuran xoş ənənəsinə çevrilib. 
Azərbaycan və Türkiyə qarşılıqlı əməkdaşlığının yüksək səviyyəsi hər iki ölkə üçün son dərəcə mühüm əhəmiyyəti ilə şərtlənir. Azərbaycan və Türkiyə Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində müttəfiq, strateji tərəfdaş olan, güclü iqtisadi, mədəni əlaqələrə malik iki ölkədir. Bu səfər proqramı çərçivəsində dövlət başçılarının səsləndirdikləri bəyanatlar, gələcəyə strateji baxışı əks etdirən fikirlər münasibətlərin ən yüksək həddinin, ikitərəfli əlaqələrin hazırkı yüksək səviyyəsinin məntiqi nəticəsidir. 

 

Qarşılıqlı güvən

 

Türkiyə Azərbaycanın müstəqilliyini tanımış ilk dövlətdir. 1992-ci ilin yanvarından isə ölkələrimiz arasında diplomatik münasibətlərin təməli qoyulub və həmin ilin avqustunda Azərbaycanın Türkiyədə səfirliyi fəaliyyətə başlayıb. Sonrakı illərdə - 1993-cü ildə Azərbaycanın İstanbulda, 2004-cü ildə Qarsda baş konsulluqları təsis edilib. Türkiyənin hazırda Azərbaycanın digər böyük şəhərlərindən Gəncədə və Naxçıvanda da baş konsulluqları fəaliyyətdədir. 
Azərbaycan və Türkiyə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində dostluq və əməkdaşlıq münasibətlərinin ən yüksək nümunəsini ortaya qoyur. Ölkələrimizin təşəbbüsü və yaxından iştirakı ilə reallaşdırılan irimiqyaslı layihələr təkcə Azərbaycan və Türkiyənin deyil, ümumilikdə regionun inkişafında həlledici rol oynayır. 
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi meqalayihələr qardaş ölkələrlə yanaşı, bütün bölgənin inkişafına mühüm töhfələr verir. 
Azərbaycan və Türkiyənin beynəlxalq və regional təşkilatlar, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində koordinasiyalı fəaliyyəti, bir-birinə qarşılıqlı dəstəyi parlaq bir örnəkdir. Azərbaycan-Türkiyə əlaqələrinin belə yüksək inkişafı regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına güclü təminat yaradır. Bu münasibətlər, həmçinin türkdilli ölkələr və xalqlar arasında birliyin və əməkdaşlığın gücləndirilməsini şərtləndirən ən mühüm amillərdən birinə çevrilib.
Əlbəttə, hazırda bütün dünyaya nümunə olan Azərbaycan və Türkiyə münasibətlərinin bu səviyyəyə gəlib çatmasında ortaq tarixi köklərin, iqtisadi əlaqələrin, dövlət maraqlarının, gələcəyə birgə baxışın təsiri də əhəmiyyətlidir. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı şəxsi dostluq və qardaşlıq münasibətləri bu əlaqələrin daha da möhkəmlənməsi və inkişafını şərtləndirən əsas amillərdəndir. 
Çünki müasir dünyamızın reallıqları göstərir ki, mədəniyyət ümumiliyi, sosial-iqtisadi əlaqələr, tarixi köklər iki ölkənin bir-biri ilə yaxın münasibətləri üçün o qədər də həlledici faktor deyil. Azərbaycan və Türkiyə liderlərinin bir-birinə olan güvən və etibarı, regiona, ümumən dünyaya sülh və rifah arzusu ölkələrimiz arasındakı münasibətləri hər kəs üçün örnək səviyyəyə yetirib. Fakt ondan ibarətdir ki, bu gün bütün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət yoxdur və belə birgəliyi təsəvvür etmək də mümkün deyil. Bu doğmalıq dövlət siyasətinin ən üst məqamından tutmuş hər bir cəmiyyət üzvünün münasibətinə qədər geniş bir sferanı əhatə edir. Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün də önəmli amilə çevrilib.
 

Tarixin sınağından çıxmış strateji müttəfiqlik

 

Azərbaycanın ərazi bütövlüyünün, dövlət suverenliyinin təmin olunması ilə başa çatan 44 günlük Vətən müharibəsi ölkələrimiz arasındakı münasibətlərdə yeni bir tarixi salnaməyə çevrildi. Qardaş Türkiyə haqq savaşımızın hər anında Azərbaycanın yanında idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsən özünün hərbi əməliyyatların ilk saatlarında Azərbaycana açıq, dəqiq və birmənalı dəstəyini ifadə etməsi xalqımıza böyük ruh verdi. Əsgər və zabitlərimizin döyüş qüdrətini daha da yüksəltdi. Türkiyə kimi qlobal proseslərə əhəmiyyətli təsir imkanlarına malik güclü bir dövlətin yanımızda olması, hərtərəfli dəstəyini bəyan etməsi işğalçı Ermənistanın havadarlarına da yerlərini göstərdi. Azərbaycanla təhdid dili ilə danışmaq istəyənlər, müharibəyə müdaxilə etmək fikrinə düşənlər qarşılarında Türkiyəni də görərək dayanmalı oldular. Belə bir birgəlik "dəmir yumruğ"a çevrildi. Bu tarixi Qələbəmizin rəmzi kimi tarixə yazılan Zəfər paradında da Azərbaycan və Türkiyə prezidentləri yanaşı durdular. Öz çıxışlarında xalqlarımızın və ölkələrimizin qardaşlığının sarsılmazlığı barədə çox əhəmiyyətli və aydın bəyanatlar səsləndirdilər. Bu, bütün dünyaya dəqiq mesajlar idi. Azərbaycan və Türkiyə prezidentlərinin Zəfər paradındakı tarixi çıxışları qələbəmizə daha da möhtəşəmlik gətirdi. 
2021-ci ilin 15 iyununda isə bu möhtəşəmlik iki ölkənin daha bir tarixi addımı ilə davam etdi. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmin tarixdə Qələbəmizin simvollarından olan Şuşa şəhərində "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nə imza atdılar. 
Tarixə "Şuşa Bəyannaməsi" kimi həkk olunmuş bu mühüm sənəd iki qardaş ölkə arasındakı münasibətlərin tamamilə yeni bir mərhələsidir. "Şuşa Bəyannaməsi" Azəbraycan və Türkiyənin strateji müttəfiqlik münasibətlərini rəsmi səviyyədə təsbit etdi. Bu sənəddə öz əksini tapan strateji müttəfiqlik məsələləri iki qardaş dövlət arasında bütün sahələrdə sıx əməkdaşlığı, habelə təhlükəsizlik və müdafiə sahələrində qarşılıqlı yardım prinsiplərini əhatə edir. 
Azərbaycan Prezidenti İlham Əliyev qardaş ölkədə verdiyi bəyanatda xüsusi vurğulayıb: "Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və təbii ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək". O cümlədən, Türkiyə ilə Azərbaycanı və Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin (Zəngəzur dəhlizi) açılması və onun davamı olaraq Naxçıvan-Qars dəmir yolunun inşası iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsində mühüm rol oynayacaqdır. Azərbaycan və Türkiyə arasındakı əlaqələrin daha da möhkəmlənməsində, regionumuzda sabitliyin və təhlükəsizliyin qorunub saxlanmasında "Şuşa Bəyannaməsi"nin müstəsna rolu var. Bu sənəd gələcəkdə də bölgəmizdə daimi sülh və inkişafa xidmət edəcək. 
Azərbaycan da hər zaman qardaş Türkiyənin yanındadır. Qardaş ölkənin sevinci sevincimiz, kədəri kədərimizdir. Ötən ilin fevralında ölkəmizin Türkiyədə dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasında göstərdiyi qardaşlıq dəstəyi, cəmiyyətimizin yüksək həmrəyliyi bunun bir nümunəsi idi.

 

Doğma bir ailənin üzvü - Türk dünyası

 

"Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır" - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimindəki çıxışı zamanı bu məqamı xüsusi vurğuladı. 
Bu gün Azərbaycan və Türkiyə ümumən türk dünyasının mərkəzinə çevrilir. Başqa türkdilli ölkələri də bu münasibətlər ətrafında bir araya gətirir. Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərinə malikdir və aparılan bu siyasət bu qurumu gücləndirməkdədir. Yaxın gələcək üçün bu təşkilat potensial qlobal güc kimi çox böyük perspektivlər ortaya qoyur. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın da doğma bir ailənin üzvü kimi daxil olduğu Türk dünyasının gələcəyini belə görür: "Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik".
Azərbaycan və Türkiyənin qarşılıqlı səyləri buna xidmət edərək türk dövlətlərinin bu təşkilat çərçivəsində sıx birliyini daha da gücləndirir, Türk Dövlətləri Təşkilatının qlobal önəmini, miqyasını və rolunu yüksəldir. Asiya ilə Avropanı birləşdirən trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin davamı olan Orta dəhliz ideyasının reallaşmasına doğru atılan addımlar türk dünyasının beynəlxalq məkana inteqrasiyası ilə yanaşı, olduqca güclü iqtisadi potensialı özündə ehtiva edir.
Bu gün iki ölkə arasında hərbi sahədə əməkdaşlıq əlaqələri də inkişaf edir, Azərbaycanla Türkiyənin birgə ordu quruculuğu istiqamətində atdığı addımlar möhtəşəm nəticələr verir. Azərbaycan Prezidentinin bir neçə gün əvvəl Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində silahlanmaya yeni qəbul edilən "Akıncı" hücum PUA-larının uçuşunu Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktarın iştirakı ilə izləməsi bunun bir təzahürü oldu.   
Azərbaycan və Türkiyə təhsil, texnologiyalar sahəsində də əməkdaşlıq əlaqələrini gücləndirir. Cənab İlham Əliyevin qardaş ölkəyə rəsmi səfəri zamanı "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu"nun imzalanması, bu sənəd çərçivəsində Türkiyə-Azərbaycan Universitetinin yaradılmasının nəzərdə tutulması böyük nailiyyətlərə yol açacaqdır.
Məlum olduğu kimi, bu il ölkəmiz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29 tədbirinə evsahibliyi edəcək. Azərbaycan və Türkiyə COP29 çərçivəsində də fəal əməkdaşlıq edir və birgəliyimizin gücü ilə dünyamız üçün sülh, təhlükəsiz inkişaf dəyərləri yaradır. 

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video