Milli marağı siyasət, dəyərləri isə tarixi
inkişaf formalaşdırır. Lakin qloballaşma
dövründə şahidi olduğumuz sürətli inkişaf bəzən milli dəyərlərə zidd ideologiyaların
yayılmasına gətirib çıxarır. Bu səbəbdən milli dəyərləri qorumaq və təbliğ etmək
öz aktuallığını qoruyub saxlamaqdadır. Məqalənin əhatə etdiyi mövzunu daha da açmaq
üçün bir neçə məqama aydınlıq gətirmək yaxşı olar.
Dəyər nədir? Dəyər inandığımız, onun üçün
yaşadığımız və ömrümüzün sonunadək özümüzlə daşıdığımız mənəvi qida və maddi nəsnədir.
Dəyərləri qorumaq niyə vacibdir? Dəyərlər
fərdlərin bir-birinə münasibətində seçiminə, eləcə də seçimlərin mühakimə edilməsinə
bələdçilik edən əsas vasitədir. Eyni zamanda, başqalarına qarşı davranış və hisslərimizə
təsir edir.
Hansı amillər dəyərlərin formalaşmasında
mühüm rol oynayır? Ailə, məktəblər, ibadət yerləri, cəmiyyət, mədəni irs, iş yeri,
siyasi görüşlər və kütləvi informasiya vasitələri dəyərlərin formalaşmasında mühüm
rol oynayır.
Dəyərlər özlüyündə iki hissəyə bölünür: universal
və milli dəyərlər. Səmimiyyət, hörmət, ədalət, bərabərlik, çalışqanlıq, həmrəylik,
məsuliyyət, intizam və s. universal dəyərlər hesab olunur. Milli dəyərlərə isə xalqın
adət-ənənəsi, dil, din, atributlar, qəhrəmanlıq, vərdişlər, musiqi, incəsənət, teatr,
ailə, milli mətbəx və s. daxildir. Nəsillər
arasında dəyərlərə loyallığın davamlılığını təmin və təbliğ etmək məqsədilə həm
fərd və cəmiyyət, həm də dövlət tərəfindən gözlənilməli olan beş əsas meyara diqqət
yetirək.
1. Ardıcıllıq (consistency): fərdin cəmiyyət,
cəmiyyətin dövlət, dövlətin həm fərd və cəmiyyət qarşısında fikir, söz və hərəkətlərinin
üst-üstə düşməsi, ümumi rifah üçün müəyyən və dəyişməz olaraq qalması nəzərdə tutulur;
2. Dözümlülük (tolerantlıq): bu isə bir fərdin
və ya cəmiyyətin malik olduğu keyfiyyətdir. Bu keyfiyyət bizə imkan verir ki, fərqli
düşünən, fərqli geyinən və davranan insanlarla eyni çətir altında yaşayaq və işləyək
- hətta onların həyat tərzlərini bəyənməsək belə;
3. Ədalət: başqasına qarşı dürüst olmaq,
mövcud resursların hər kəsin bərabər olacağı şəkildə bölünməsi, qərəzsizlik və s.
kimi meyarlara ciddi əməl edilməsidir;
4. Səmimiyyət: mənəvi dəyərlərə və prinsiplərə
qarşı dəyişməz mövqe göstərmək sözügedən anlayışın açıqlaması kimi çıxış edə bilər.
Burada əsas məqam ondan ibarətdir ki, istər fərdlər arasında münasibət, istər fərdlə
cəmiyyət arasında münasibət, istərsə də cəmiyyətlə dövlət arasında münasibət açıq
dialoqa əsaslanmalıdır;
5. Etimad və ya inam: qarşılıqlı münasibətdə
gözlənilən nəticə və ya hərəkət.
Qeyd olunan meyarların Azərbaycanda fərd,
cəmiyyət və dövlət tərəfindən necə izlənildiyinə nəzər salaq. Belə ki, ölkənin etnik
və mədəni xəritəsinə baxdıqda dil, din, mədəniyyət baxımında müxtəlif olan bir coğrafiyada
müsəlman, xristian və yəhudinin, türk, avar,
udin, ləzgi, talış, kürd, tat, saxur və s. ilə
bir çətir altında dinc birgəyaşayışın yüksək səviyyədə inkişafına şahid oluruq.
Bəs bunun səbəbi nədir? Buna onlarla səbəb göstərmək mümkündür. Bunlardan biri etnik
amildir. Xalqımızın mütləq əksəriyyətini təşkil edən türklərdə kimlik iyerarxiyasının
əsas mərtəbələrindən biri əxlaq anlayışıdır. "İgidlik, qoçaqlıq, mərdlik və comərdlik
kimi əxlaqi xüsusiyyətlərə böyük önəm verən türklər xəyanəti, yalanı bağışlamaz,
dürüst, xeyirxah və mərhəmətli insanı yüksək qiymətləndirərdilər. Onlara görə, bu
əxlaqi keyfiyyətlərə malik insan hansı dinə və mədəniyyətə mənsub olmasından asılı
olmayaraq hörmətə layiqdir” (Gündüz İsmayılov. "Tolerantlıq: Bildiklərimiz və bilmədiklərimiz”).
Nəticədə dəyərə çevrilən tolerantlığı, hörməti,
loyallığı, qarşılıqlı anlaşmanı, səmimiyyəti qorumaq Azərbaycan dövlətinin ümdə
vəzifəsinə çevrilmişdir. Nümunə kimi Azərbaycan Respublikasının Milli Təhlükəsizlik
Konsepsiyasında qeyd edilmiş "dünya azərbaycanlılarının bölüşdüyü dəyərlərə əsaslanan
milli özünəməxsusluğun və həmrəyliyin möhkəmləndirilməsi; Azərbaycan xalqının mədəni-tarixi
irsinin və mənəvi dəyərlərinin qorunması, eləcə də ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi,
dilinin, özünüdərk, vətənpərvərlik və milli iftixar hissinin, intellektual potensialının
inkişaf etdirilməsi”, habelə milli və dini
tolerantlıq mühitinin qorunmasına dair bəndlərini göstərmək olar.
Milli maraqdan doğan siyasət diktə etdi ki,
cəmiyyətin sahib olduğu həm universal, həm də milli dəyərləri qorumaq siyasi iradədə
də öz əksini tapsın. Həmin siyasətin təzahürü kimi 2016-cı ilin Prezident İlham
Əliyev tərəfindən "Multikulturalizm ili” və 2017-ci ilin isə "İslam Həmrəyliyi ili”
elan edilməsini, həmçinin ölkəmizdə fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman
dini icmaların maddi-texniki bazasının gücləndirilməsi, onların fəaliyyətlərinin
dəstəklənməsi məqsədilə dövlət başçısı tərəfindən təkcə 2019-cu ildə ümumilikdə
3,2 milyon manat maliyyə yardımının ayrılmasını göstərmək olar.
Dövlət tərəfindən bu sahədə atılan mühüm
addımlardan biri də institusional bazanın yaradılması olmuşdur. Belə ki, Prezident
İlham Əliyevin 10 oktyabr 2017-ci il fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılmışdır. Fonda mənəvi
dəyərlərin qorunması, onların araşdırılması və gənclər arasında geniş təbliği tapşırılmışdır.
Bütün sadalananlar fəxrlə deməyə əsas verir ki, Azərbaycan nadir ölkələrdəndir ki,
burada ümummilli dəyərlərin milli maraqlar kontekstində təzahürünü həm siyasi iradədə,
həm normativ-hüquqi aktlarda, həm də idarəetmə sistemində görmək mümkündür.
Rəfi QURBANOV,
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı
direktorunun müavini