16 Aprel 2024 17:12
787
PARLAMENT
A- A+

Daha beş qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

 

Aprelin 16-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli gündəliyə birinci oxunuşda 5 məsələnin daxil edildiyini söyləyib.

O, layihənin beynəlxalq təcrübəyə əsasən hazırlandığını, ölkə Konstitusiyasına, bu sahədə qoşulduğumuz konvensiyalara uyğun olduğunu deyib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri Rəşad İsmayılov birinci məsələ - “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, dəniz akvatoriyasında tökmə torpaq üzərində tikinti obyektlərinin inşası, o cümlədən yaşayış binalarının tikintisi son dövrlərdə dünyada geniş vüsət alıb. Bununla əlaqədar olaraq Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması məsələsinin aktuallığı və müvafiq qanun layihəsinin hazırlanması zərurəti qeyd edilib.

Bildirilib ki, layihədə Xəzər dənizinin Azərbaycana aid hissəsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud səpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqla yaradılan torpaq sahəsi süni torpaq sahəsi olaraq qeyd edilir. Sənəddə süni torpaq sahələrinin yaradılma formaları və süni torpaq sahələrinin yaradılmasına dair ümumi tələblər, süni torpaq sahəsinin yaradılması üçün müraciət və müraciətə baxılması qaydaları öz əksini tapıb.

Komitə üzvü Nurlan Həsənov məsələ ilə bağlı çıxışında dənizdə süni torpaq sahələrinin yaradılması və bunun müxtəlif istifadə məqsədləri ilə bağlı beynəlxalq təcrübədə mövcud olan nümunələr barədə danışıb.

Məsələ ətrafında aparılan müzakirələrdə deputatlar fikirlərini, qeyd və təkliflərini söyləyiblər. Rəşad İsmayılov səsləndirilən fikirlərə münasibət bildirib.

Sonra “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi təqdim edilib. Qeyd olunub ki, “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”da dövlət qulluğunda institusional islahatlar aparılması məqsədilə dövlət qulluğu və onun xüsusi növləri, dövlət orqanlarının kateqoriya və iyerarxiyası, struktur bölmələrinin növləri və yaradılması qaydası, dövlət qulluğu vəzifələrinin növləri, təsnifatları, vəzifə adları ilə bağlı bir sıra anlayışların təhlil edilməsi, mütərəqqi sistemin qurulması üçün kompleks təkliflərin hazırlanması nəzərdə tutulur.

Sənəddə qanunun 8.1.3-cü maddəsinə 2-ci kateqoriya dövlət orqanları sırasına Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi əlavə edilir. Habelə yeni redaksiyada təqdim olunan İnzibati və yardımçı vəzifələrin təsnifatı ilə bağlı 11-ci maddədə müəyyən dəyişikliklər nəzərdə tutulur.

Gündəliyin növbəti məsələsi - “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsinə dair bildirilib ki, sənəd Azərbaycanın Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyət istiqamətlərinin genişləndirilməsi məqsədi ilə hazırlanıb. Layihəyə əsasən, Şuranın fəaliyyət istiqamətlərinə dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verilməsi, dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının ləğv edilməsi, dövlət qulluqçularının reyestrinin aparılmasına nəzarət edilməsi kimi səlahiyyətlər əlavə edilir.

Sonra “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklik edilməsi haqqında qanun layihəsinə baxılıb. Layihədə ölkə ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr və psixotrop maddələr, habelə Azərbaycanda dövriyyəsinə nəzarət edilən psixotrop maddələrlə bağlı bölmələrdə müəyyən düzəlişlər nəzərdə tutulur.

Daha sonra Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi təqdim edilib.

Sənədə əsasən, Mülki Prosessual Məcəllənin 350.4-cü və Ailə Məcəlləsinin 68.6-cı, 118.20-ci maddələrinə təklif edilən dəyişikliklərin əsas məqsədi övladlığa götürmə və valideynlik hüquqlarının məhdudlaşdırılması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən çıxarışın məhkəmənin elektron informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə inteqrasiya edilməsinin sürətləndirilməsidir.

Sənəddə, həmçinin Azərbaycanda və ya Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatı üçün dövlət rüsumunun tutulduğu hallar siyahısına məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınmasına görə dövlət rüsumu nəzərdə tutulur.

İclasda müzakirə edilən qanun layihələri Milli Məclisin plenar iclasına birinci oxunuşda tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video