Cəlilabadın torpağı səxavətli, adamları zəhmətkeşdir. Onları ilboyu iş başında, sahələrdə görmək olar. Bu işgüzar insanlar bir məhsulu əkib-becərir, yığır, sonra da yerinə digərini əkirlər.
Təcrübəli fermerlər eyni sahədə bir ildə iki dəfə məhsul yetişdirməyə artıq adət etmişlər. Bu isə bolluq, xoş güzəran deməkdir. Ərsəyə gətirdikləri məhsul hesabına əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəməklə yanaşı, özləri də yaxşı qazanc əldə edib ailələrini dolandırır, ev tikir, avtomobil alır, uşaq oxutdurur, xeyir-şərlərini yola verirlər.
Kəndli öz pay torpağının sahibi olandan sonra bazar iqtisadiyyatı şəraitində nə əkəcəyini, yetişdirəcəyini özü müəyyənləşdirir. Necə deyərlər, o özü özünün sahibidir. Sovetlər zamanı Cəlilabadda tək-tək adamlar öz həyətyanı sahələrində ailənin tələbatını ödəmək üçün kartof əkər, mərci, noxud, lərgə, qarğıdalı və s. bitkilər becərərmiş. Rayonun əkin sahələrinin 95 faizini əsasən taxıl və üzüm bağları təşkil edirmiş. Bu gün isə fermer ona sərf edən, qazanc gətirən bitkini əkir. Məhsuldar Cəlilabad torpağı da hər nə desən, yetişdirir. Hazırda rayonun fermerləri taxıl və üzümlə yanaşı, kartof, çiyələk və digər bitkilər də əkirlər.
Fermerlər taxılı biçib qurtaran kimi yerinə kartof əkirlər. Uzuntəpə, Sabirabad, Muğan, Kazımabad, Privolnoye, Maşlıq, Əliqasımlı və başqa kəndlərdə 950 hektarda kartof əkilib-becərilib. Hər hektardan 16 ton olmaqla 17 min tona yaxın kartof yığılıb. Həmin məhsullar başlıca olaraq ölkənin daxili bazarlarına göndərilir.
Rayonun Sabirabad kənd sakini Elnur Həsənov gənc fermerdir. Orta təhsilini başa çatdırıb ordu sıralarında xidmətə yollanıb. Əsgərliyini başa vurduqdan sonra kəndə qayıdıb və ailəsinə məxsus olan torpağı əkib-becərməklə məşğul olmağa başlayıb. Birinci il əkdiyi sahədən yaxşı qazanc əldə etməsi onu əkinçi olmağa daha da həvəsləndirib. O da bir çox fermer kimi, eyni sahədən ildə iki dəfə məhsul götürməyi qarşısına məqsəd qoyub. Atalar yaxşı deyib: "Niyyətin hara, mənzilin ora". Beləliklə, Elnur üçün il ildən uğurlu gəlir. Halal zəhməti ilə istədiklərini reallaşdırır. Bu il isə o, taxıl əkdiyi sahənin məhsulunu yığıb yerinə payızlıq kartof əkib. Yığdığı 40 tona yaxın kartofu elə sahədən orta hesabla kiloqramını 40 qəpiyə satıb.
Hazırda rayonda gələn ilin məhsulu üçün kartof sahələri əkinə hazırlanır. Yer qüvvədən düşməsin, məhsuldar olsun deyə şum altına üzvi və mineral gübrələr verilir, əlavə aqrotexniki tədbirlər həyata keçirilir. Bir neçə gündən, dəqiq desək, dekabrın 15-dən sonra yazlıq kartof əkininə başlanılacaq. Fevral ayının ortalarınacan davam edəcək əkinin müəyyən hissəsi sellofan örtük altında, qalan hissəsi isə açıq havada aparılacaq. Örtük altında becərilən kartof daha tez - aprel ayında yığılaraq əsasən Rusiya Federasiyasının bazarlarına yola salınacaq. Amma yerli bazarlar da unudulmur. Nübar məhsul kimi yaxşı qazanc gətirdiyindən fermerlər son illər bu işə daha çox fikir verməyə başlamışlar. Açıq havada yetişdirilən kartofun yığımı isə mayın birinci ongünlüyündən başlayır.
İlin bütün fəsillərində kəndli üçün boş vaxt yoxdur. O, ilboyu çalışır. İstəyir ki, məhsulu daha çox olsun. Elinə-obasına, ölkəsinə xeyir verməklə bərabər, özü də, ailəsi də firavan yaşasın.
Seyran CAVADOV,
"Azərbaycan"