02 Oktyabr 2022 01:28
492
SİYASƏT
A- A+

Bütün səylər regionda sülh prosesinə yönəlməlidir

 

Sülh, təhlükəsizlik, inkişaf, quruculuq tərəfdarı olan ölkələrin sırasının genişlənməsi bu gün dünyanın xoşbəxt gələcəyinin zəmanətidir. Azərbaycan 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsi ilə onillərin problemini həll etdi. Bu müharibə bizə, torpaqlarımızı düşməndən təmizləmək, 30 il işğalçıya sərf edən şəkildə dondurulmuş münaqişənin buzunu ətirmək, status-kvonu ortadan götürmək, yeni reallıqlar yaratmaq, haqq-ədaləti bərpa etmək, məcburi köçkünlərimizin əzəli torpaqlarımıza qayıdışına nail olmaq üçün lazım idi.  Mənasız iddiaları aradan qaldırmaq, toplumları faşizm mahiyyətli ideologiyalardan çəkindirmək üçün mütləq idi. İndi haqq işinə dəstək verənlərin sayı artmalıdır. Dünyaya əsl həqiqətlər çatdırılmalıdır. Düşmənin yalanları ifşa edilməlidir.
Son əsrlərdə yaşadıqlarımızdan bəllidir ki, haqlı olduğumuzu sübuta yetirməkdən ötrü təkcə beynəlxalq hüquq normaları kifayət etmir. Haqqın-ədalətin sənin tərəfində olması ilə iş bitmir. Onların öz yerini tutmasından ötrü həm də güclü olmalısan.Yeri gələndə vuran əlinin ağırlığını göstərməlisən. Düşmən anlamalıdır ki, məqamı çatanda zərbədən yayına bilməyəcək. Havadarlarının köməyi, kənardakı lobbi alverçilərinin dəstəvuzu onu bu şiddətdən xilas etməyəcək.
Azərbaycan Vətən müharibəsində bütün dünyaya "dəmir yumruğu"nun gücünü göstərdi. Ona görə də hazırda dünyanın diqqəti ölkəmizdədir. Beynəlxalq aləm Azərbaycanı indi daha həssaslıqla öyrənməyə başlayıb. Ölkəmizin yürütdüyü inkişaf siyasətindən, əldə etdiklərindən nəticə çıxarmağa daha meyilli görünür. Lakin düşmənlər, erməni millətçiləri yaramaz davranışları, çirkin əməlləri ilə inkişafa, daimi təhlükəsizliyə maneə yaradırlar. Məqsədli şəkildə böyük bir regionda pozucu ünsürlərə çevrilirlər. Bütün bunlar bəşəriyyətin əsrlərdir görə-görə gəldiyi acı reallıqdır.
Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində törətdikləri genişmiqyaslı hərbi təxribatlar hər nə qədər gözlənilməz görünsə də, əslində belə bir çirkin əməllərin baş verəcəyi də istisna deyildi. Bütün bunlara düşmən tərəfinin ardıcıl xarakter daşıyan avantüralarının davamı kimi baxmaq lazım gəlir. 
Digər tərəfdən, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri və Azərbaycana münasibətdə göstərdiyi qeyri-adekvat davranışları sırf növbəti avantüra xarakteri daşıyırdı. Ermənipərəst mövqeyi ilə tanınan və erməni seçicilərinin dəstəyini qazanmaq üçün hər cür oyunları özünə rəva görən Nensi Pelosi öz siyasi ambisiyaları və lobbi maraqlarına hesablanmış fəaliyyəti ilə regionda gərginlik yaradaraq Azərbaycan ictimai rəyində onsuz da aşağı olan nüfuzunu daha da zəiflətdi. Belə səfərlər, eləcə də bəzi beynəlxalq güclərin Minsk qrupunu diriltmək cəhdləri regionda daimi, dayanıqlı sülhə deyil, ermənipərəst siyasətin bərpasına xidmət edir. Xarici siyasi rəsmilərin bununla bağlı strateji düşüncəsinin, gələcəyə aydın baxışının olmadığını ortaya qoyur. Ermənistan üzərindən regiona müdaxilə siyasəti, eləcə də Azərbaycanın tarixi qələbəsindən sonra artıq öz əhəmiyyətini itirmiş Minsk qrupunu bərpa etmək cəhdlərinin uğursuz strategiya olduğunu artıq məyyən dövlətlərin rəsmiləri anlamalıdırlar. Regiondakı yeni tarixi reallıq fonunda Nensi Pelosi kimi qərəzli mövqeyə malik siyasilərin səfərləri Orta əsrlərin səlibçi təfəkkürünü xatırladır və özünü demokratiyanın beşiyi sayan ölkə haqqında ikrah doğurur.
Nensi Pelosi Ermənistana bu ölkənin Azərbaycana qarşı sentyabrın 12-dən 13-nə keçən gecə törətdiyi təxribatdan və Azərbaycan Ordusunun bu təxribata layiqli cavabından sonra gəldi.

 

Düşmən tərəf şüurlu şəkildə danışıqlar prosesindən qaçır 

 

Tarixi faktların təhlilini verib günümüzün reallıqlarını anlayan hər kəs fərqindədir ki, indiyə qədər heç bir dövlət müharibələrdən, münaqişələrdən xeyir tapmayıb. Bu günə qədər gəlib çatdığı inkişaf səviyyəsini isə bəşəriyyət sülhə xidmət edən, iqtisadi imkanlardan hamının faydalanması üçün geniş zəmin yaradan, investisiyalara, mütərəqqi təşəbbüslərə, dirçəlişə yol açan müdrik liderlərə bocludur. Azərbaycan Respublikasının Prezidenti 
İlham Əliyev hazırda beynəlxalq siyasi arenada belə bir tarixi missiyanı yerinə yetirir. Düşmən tərəfsə öz xislətinə uyğun olaraq şüurlu şəkildə danışıqlar prosesindən qaçır və regionda gərginliyin qalmasına çalışır. Bu ab-havanı saxlamaqla, Ermənistan beynəlxalq ictimai rəylə manipulyasiya edir, Azərbaycanı hədəfə gətirməyə çalışır. Əgər əvvəlki dövrdə Ermənistan Rusiyaya arxalanır və işğalçılıq siyasətini davam etdirirdisə, son hadisələr bu ölkənin oryentirlərini dəyişdiyini və açıq şəkildə Qərbdə dəstək axtardığını göstərir. Artıq NATO-nu bölgəyə gətirməyi və öz revanşist məqsədlərini bu dövlətlərin əli ilə reallaşdırmağı düşünür. Düşmən tərəfin bu manipulyasiya, təxribat və siyasi avantüralarının son məqsədi sülh prosesini ləngitmək, mümkündürsə iflasa uğratmaqdır.
Bununla da rəsmi İrəvan 2020-ci ilin 10 noyabrında Azərbaycan, Ermənistan, Rusiya dövlət başçıları arasında imzalanmış üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozmaqda davam edir. Bu ölkə silahlı birləşmələrinin Azərbaycan ərazisindən tam çıxarılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Hər fürsətdə Azərbaycan ərazilərinin minalanması işini davam etdirir. Şərti sərhədboyu bölgədə hərbiləşməni artırır və nəqliyyat kommunikasiyalarının açılmasına maneçilik törədir. Sülh prosesinə qarşı destruktiv davranışlar nümayiş etdirir, sülh müqaviləsi üzrə konkret danışıqların başlanmasına dair Azərbaycan tərəfinin təkliflərinə qarşılıq göstərmir. 
Hiss olunurdu ki, Ermənistan cidd-cəhdlə revanşa, yeni hərbi əməliyyatlara, hücuma hazırlaşır. Həm Qarabağda, həm də sərhəddə təxribatların sayını artırırdı. Bu hərbi avantüranın anonsunu Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Vladivostok şəhərində keçirilən Şərqi İqtisadi Forumundakı çıxışı zamanı da faktiki olaraq vermişdi. Gözlənilən idi ki, Ermənistan namərd davranışlarını bu şəkildə davam etdirəcək. 
Azərbaycan Ordusunun Ermənistan silahlı bölmələrinin təxribatlarına cavab olaraq, üzərinə düşən vəzifələri qısa zamanda və yüksək peşəkarlıqla yerinə yetirməsi isə göstərdi ki, müzəffər Ordumuz düşmənin istənilən məkrli niyyətinin qarşısını anındaca almağa qadirdir. Tarixdə bundan sonra "Qətiyyətli cavab" əməliyyatı kimi xatırlanacaq bu döyüşlərdə ordumuz Azərbaycanın mövqelərini hədəf götürmüş Ermənistanın hərbi nöqtələrini, şəxsi heyətlə birlikdə məhv etdi. Ölkəmizin sərhədlərinə və hərbi hissələrimizin mövqeyinə təhdid və təhlükə yarada biləcək bütün strateji məntəqələri nəzarətə götürdü.
Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda olarkən Müzəffər Ali Baş Komandan Vətən savaşında ilk azad edilən Qaraxanbəyli kəndindən bu məzmunda bir çağırış etdi: "Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır".

 

Hərbi gərginlik bizim marağımızda deyil 

 

Azərbaycan hər zaman olduğu kimi, Ermənistanın sentyabrın 12-dən 13-nə keçən gecə növbəti təxribatına qarşı da bu əməliyyatı müharibə ilə bağlı beynəlxalq qanunvericiliyə uyğun şəkildə, hamılıqla qəbul olunmuş normalara əməl edərək apardı. 
Ermənistanın namərd təxribatına qarşı cavab tədbirləri yalnız legitim hədəflərə yönəldi və mülki əhali, mülki obyektlər hədəfə alınmadı. Keçirilən əməliyyat miqyasına görə kiçik, lokal mahiyyətdə oldu, əsas hədəflər əldə edildikdən sonra dayandırıldı. Halbuki Silahlı Qüvvələrimizin bundan daha çoxunu etməyə imkanı və gücü vardı. Azərbaycan Ordusu əməliyyat tapşırığını qısa müddətdə tam yerinə yetirən kimi döyüşləri dayandırdı. Bununla da bir daha nümayiş etdirdi ki, Ermənistan ərazisinə hərbi müdaxilə, burada nə isə əldə etmək məqsədi olmayıb, ordumuzun qarşısında belə bir vəzifə qoyulmayıb.
Bu gün sərhəd zonasında belə hərbi təxribatların baş verməsi, düşmənin mənfur cəhdlərınə qarşı adekvat cavab vermək zərurəti qarşısında qalması Azərbaycanın əsla marağında deyil. Ölkəmiz təxminən 30 illik münaqişəni 10 noyabr Bəyanatında Ermənistanın faktiki kapitulyasiya aktına imza atmasından sonra bitmiş sayır, bütün tərəflərin bu bəyanatla üzərlərinə götürdükləri öhdəliklərə əməl etmələrini istəyir, özü isə öhdəliklərini qısa zamanda tam şəkildə icra etməklə nümunə yaradır. 

 

Qətiyyətli mövqe

 

Vətən müharibəsindəki tarixi Zəfərimizdən, torpaqlarımız işğaldan azad edildikdən dərhal sonra qədim yurdlarımızda genişmiqyaslı quruculuq-bərpa tədbirləri həyata keçirilir. Bu işlərə külli miqdarda sərmayə qoyulub, ərazidə Azərbaycan şirkətləri ilə yanaşı, bir sıra xarici biznes qurumları da layihələr həyata keçirir. Minlərlə mülki vətəndaşımız bu yerlərdə çalışır, Qarabağın, Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir. 
Bütün bunlar sülhə, əmin-amanlığa, regionun gələcəyinə inamdan irəli gəlir. Məcburi köçkünlərimizin bir qrupunun öz dogma yurdlarına qayıtması ilə bağlı ilk xoş müjdə var. Zəngilan rayonunda "ağıllı kənd" konseptində inşa edilmiş Ağalı kəndinə artıq bir qrup məcburi köçkün ailəsi köçürülüb, bu kənddə həyat başlayıb. Həmin kənd də Ermənistanın son hərbi təxribatlarının baş verdiyi bölgəyə yaxındır. Belə bir vəziyyətdə regionda hərbi gərginliyin baş verməsi əsla Azərbaycanın marağında ola bilməz. Çünki istənilən hərbi gərginlik həyata keçirilən layihələrə də, insanların həyat və sağlamlığına da böyük təhdiddir.
Azərbaycan Ordusu düşmənin təxribatlarına qarşı qətiyyətli cavabı ilə bütün bu təhdidləri anındaca dəf etmək qüdrətində olduğunu göstərdi. Hərbçilərimiz ərazidəki əsas nəqliyyat-kommunikasiya nöqtələrinə nəzarət etməkdədir. Həmin bölgədə çox mühüm yüksəkliklər də nəzarətə götürülüb. 
Qeyd edək ki, Ermənistan bu ərazilərdə gücləndirilmiş bunkerlər və postlar qurmuşdu. Amma əsgər və zabitlərimiz onları qısa müddətdə neytrallaşdıra bildilər. Bu döyüşlərdə Vətən uğrunda canından keçmiş şəhidlərimizin, hazırda müalicə olunan qazilərimizin əksəriyyətinin əsasən güllə ilə yaralanması döyüşün yaxın məsafədə baş verməsinin əlamətidir. Hərbçilərimizin bu qəhrəmanlığı heç zaman unudulmayacaq, nəsillərin yaddaşında daim qürurla xatırlanacaq. 
Əlbəttə, hər bir münaqişədə insan itkisi böyük faciədir, anaların göz yaşlarıdır, ailələrin, nəsillərin bir ömürlük dözülməz acılarıdır. Bu təxribatın səbəb olduğu insan faciələrinin məsuliyyəti isə rəsmi İrəvanın üzərinə düşür. Ordumuz Ermənistanın xeyli sayda hərbi texnikasını, kifayət qədər böyük vəsait hesabına başa gələn iki S-300 raketini, çoxlu sayda hərbi obyektini, onlarla postunu məhv edib. Düşmən tərəfi hərbi avantüraların, təxribatların nəticəsini görməli və bu cəhdlərə son qoymalıdır. Çünki onların bütün oxşar davranışlarının cavabı bundan sonra da çox kəskin olacaq və Ermənistan daha böyük itkilərə məruz qalacaq.
Hamıya məlumdur ki, məğlubiyyətə uğrayan qarşı tərəf regionda formalaşan yeni arxitekturanı, olduqca pozitiv əməkdaşlıq imkanlarını, inkişafı və təhlükəsizliyi təhdid edir, açılan yeni perspektivlərə zərbə vurmağa çalışır. Dünya gücləri Ermənistanın hazırda yürütdüyü siyasətin mahiyyətini aydın görməli, əsl niyyətlərini düzgün qiymətləndirməli və onu bu iddialardan əl çəkməyə məcbur etməklə sülh prosesinə öz töhfələrini verməlidirlər.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video