12 Yanvar 2023 01:21
1248
SİYASƏT
A- A+

Böyük quruculuqdan möhtəşəm yüksəlişə

 

İlham Əliyev 2023-cü ilin əsas prioritetlərini və hədəflərini müəyyənləşdirdi

 

Qlobal iqtisadiyyatın üzləşdiyi ağır sınaq illərinin ardından digər böyük dövlətlər kimi yeni inkişaf strategiyalarını postböhran dövrünün çağırışlarına uyğun müəyyənləşdirən Azərbaycan daha bir ili uğurla geridə qoydu. 
Hələ ötən il ekspertlər 2022-ci ili dünya iqtisadiyyatının tənəzzüldən çıxaraq bərpa dövrünə keçid ili kimi səciyyələndirirdilər. Amma dünyanın bir parçası olan və İkinci Qarabağ müharibəsindən şanlı Zəfərlə çıxan Azərbaycan iqtisadiyyatının dayanıqlığı və hətta ÜDM-in artımı onu deməyə əsas verir ki, qarşıya qoyulan bütün hədəflər düzgün müəyyənləşdirilmişdir. 
Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər də bunu deməyə bir daha əsas verir. Prezident proqram xarakterli fikirləri ilə həm ötən ilin uğurlarını dəyərləndirdi, həm də qarşıdakı prioritetləri göstərdi.  

 

Artan sosial-iqtisadi göstəricilər

 

Hazırda Azərbaycan regionun ən sürətlə inkişaf edən qüdrətli dövlətidir. Ötən illər ərzində respublikamızın bölgələrinin inkişafı istiqamətində həyata keçirilən layihələrin uğurlu göstəriciləri, yaranan mənzərə hər bir ölkə üçün nümunə ola bilər. Ölkənin maliyyə imkanlarının artması isə onu deməyə əsas verir ki, qarşıdakı dövrdə də regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları uğurla icra olunacaq. 
İlham Əliyevin sosial-iqtisadi islahatları, qəbul etdiyi mütərəqqi qərarları sayəsində ölkə iqtisadiyyatındakı artım tempi rəqəmlərdə də öz əksini tapır və bu da görülən işlərin təsdiqi hesab olunur. Bunu uğurlu sosial-iqtisadi göstəricilərə nəzər yetirdikdə aydın şəkildə görə bilərik:
* İqtisadiyyat 5 faiz, qeyri-neft sektoru 9 faizdən çox artıb;
* ümumi daxili məhsul 134 milyard manata çatıb;
* xarici ticarət artaraq 50 milyard dolları ötüb;
* xarici ticarətin müsbət saldosu 25 milyard dollar təşkil edir;
* dövlətin xarici borcu 7 milyard dollardan aşağıdır;
* minimum əməkhaqqı 15 faiz artaraq 345 manata çatıb;
* minimum pensiya 16,7 faiz artaraq 280 manata yüksəlib;
* 60 minə yaxın ailə ayda dövlətdən 460 manat ünvanlı sosial yardım alıb;
* şəhid ailələri və müharibə əlillərindən 1500 ailəyə yeni mənzil verilib;
* 60 min ailə 2 özünüməşğulluq proqramına cəlb edilib;

 

Azərbaycandakı inflyasiya idxal edilmiş inflyasiyadır

 

Göründüyü kimi, bütün bu nailiyyətlərə çatmaq üçün ölkənin güclü dayanıqlı iqtisadi potensialı olmalıdır. Lakin iqtisadi müstəqilliyini çoxdan təmin edən Azərbaycan üçün istənilən sahədə islahatlar aparmaq çətin deyil. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil. Bunu ötən ilin yuxarıda göstərilən iqtisadi göstəricilərinə nəzər salsaq görə bilərik.
Postpandemiya dövrü üçün nəticələr qənaətbəxşdir. İqtisadiyyat təxminən 5 faiz, qeyri-neft sektorunda isə 9 faizdən çox artıb. 
Bu gün dünya iqtisadiyyatını narahat edən əsas məsələ, əlbəttə ki, inflyasiyadır. Prezident bu məsələyə də aydınlıq gətirərək dedi ki, inflyasiya bu gün bütün dünyada ciddi bir problemə çevrilib. Hətta inkişaf etmiş və inflyasiya, adətən, maksimum 1,5 faizdən yüksək olmayan Qərb ölkələrində bu rəqəm 10 faizi üstələyir. Prezident bildirdi ki, Azərbaycandakı inflyasiya idxal edilmiş inflyasiyadır. Çünki dünya iqtisadiyyatının bir parçası olduğumuz üçün bir çox malları idxal edirik və bu istiqamətdə də çalışırıq ki, idxalı əvəzləyən yerli istehsal daha geniş vüsət alsın: "Amma hələ təbii ki, idxaldan asılıyıq. Ona görə, əgər belə demək mümkündürsə, inflyasiya Azərbaycana idxal edilib. Keçən ilin nəticələrinə görə 13,9 faiz təşkil edib. Yəni bu idxal edilmiş inflyasiya ilə bizim mübarizə imkanlarımız kifayət qədər məhduddur. Halbuki keçən il aparılan islahatlar nəticəsində, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, sağlam rəqabətin təşviqi, inhisarçılığa qarşı mübarizə, həmçinin gömrük sistemində olan pozuntuların aradan qaldırılması, kadr islahatları, əlbəttə ki, burada da müsbət rol oynayacaq". 
Azərbaycan sosial dövlətdir və əminliklə demək olar ki, iqtisadi müstəqilliyini təmin edən ölkəmizdə heç bir sosial layihə təxirə salınmayıb. Minimum pensiya və minimum əməkhaqlarının artırılması prosesi bu il də davam etdiriləcək. Yəni son illərin təcrübəsi onu göstərir ki, bu, bir dəfə atılan addım deyil, bu, müntəzəm olaraq atılan addımlardır və iqtisadi imkanlarımız artdıqca, əlbəttə ki, gələcəkdə də buna oxşar addımlar atılacaq. Prezident bu il Azərbaycanda orta aylıq əməkhaqqının 900 manatdan çox olacağının gözlənildiyini də bildirdi. Bütün bunlar İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində insan amilinin dayandığını bir daha isbatlayır. 

 

Bu il şəhid ailələrinə ən azı 1500 mənzil veriləcək

 

Ölkəmizdə bir istiqamət də şəhid ailələri və müharibə əlillərinə dəstək verməkdir. Keçən il bu sahədə də önəmli addımlar atılıb, bu kateqoriyadan olan 1500 ailəyə dövlət tərəfindən mənzil verilib. 2021-ci ildə isə 3 min mənzil təqdim edilib. Bu il də ən azı 1500 mənzil veriləcək. Beləliklə, hələ növbədə duran bu kateqoriyadan olan insanların hamısına dövlət tərəfindən mənzillər veriləcək.
Prezident yerli televiziya kanallarına müsahibəsində vurğuladı ki, bu günə qədər 13 min ailə bu imkanlardan faydalanıb. Bu da müharibə yaşamış ölkələr arasında, belə demək mümkündürsə, Azərbaycanın yeniliyidir. Çünki bir çox ölkələrdə belə praktika yoxdur: "Biz bunu nə üçün edirik? Çünki bu o ailələr qarşısında bizim mənəvi borcumuzdur və bu borcu imkan daxilində yerinə yetirməyə çalışırıq".
Dövlət başçısı İkinci Qarabağ müharibəsində əlil olmuş 379 hərbçinin ən müasir protezlərlə təmin edildiyini də söylədi. Dedi ki, cəmi iki il keçməsinə baxmayaraq, İkinci Qarabağ müharibəsinə aid olan bu proqram tam yerinə yetirilib. Bu proqramın icrası mətbuatda da işıqlandırılıb. Hər kəs görə bilir ki, bizim qazilərimiz hətta futbol oynaya bilirlər. Əl protezləri daha mürəkkəb texnologiyaya malikdir. Mənə verilən məlumata görə, ən müasir texnologiyadan olan əl protezlərinin əltutma funksiyası təqribən 40-a çatır. Yəni dövlət öz sağlamlığını itirmiş soydaşlarımıza maksimum dərəcədə kömək göstərməyə çalışır. 

 

Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır

 

Ötən il Azərbaycan nəqliyyat, tranzit və logistika potensialını yüksəltdi. Uzun illər bu sahəyə investisiya yatıran ölkə kimi Azərbaycan təbii ki, bu yeni reallıqlardan yararlanmalı idi. Prezident də bildirdi ki, Azərbaycan ərazisində həm Orta dəhlizlə bağlı, həm "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə bağlı bütün əsas işlər yekunlaşıb. Sadəcə olaraq, indi dəmir yolunun bir hissəsi modernləşdirilir, xüsusilə Bakı-Yalama xətti və ondan sonra Ələt-Astara xətti yenilənir. Çünki indiki vəziyyətdə dəmir yolunun imkanları gözlənilən yüklərin həcmi üçün məhduddur. Əgər bu yeniliklər reallaşsa, təkcə "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən mərhələli qaydada 15 milyon tondan 30 milyon tona qədər yük daşına bilər: "Hazırda Azərbaycanın bütün tranzit imkanları bunun kiçik bir faizini təşkil edir. Ona görə "Şimal-Cənub" nəqliyyat dəhlizi Orta dəhlizlə rəqabət apara biləcək layihədir. Nəzərə alsaq ki, Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra, siz də qeyd etdiyiniz kimi, bu, Rusiya üçün əsas prioritet məsələlərdən birinə çevrilib".
Orta dəhlizə gəldikdə isə, İlham Əliyev bu istiqamətdə də ardıcıl siyasət aparıldığını vurğuladı. Çünki Orta Asiyadan gedən yüklər üçün də yeni yollar olmalıdır. Xəzər üzərindən keçən yol vaxt baxımından çox cəlbedicidir. Eyni zamanda müştərək tarif siyasətinin həyata keçirilməsi ilə bu yol iqtisadi cəhətdən daha cəlbedici edilməlidir: "Hesab edirəm ki, burada da danışıqlar müsbət istiqamətdə gedir. Yəni təkcə Orta Asiya ölkələrinin yükgöndərmə potensialını və oraya Avropa istiqamətindən gedən yükləri nəzərə alsaq görərik ki, hətta biz bütün bu layihələri icra etsək və genişləndirsək, yenə də çatmayacaq. Ona görə Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır. Əlbəttə, bizim üçün bu layihə təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, bu bizim üçün strateji bir layihədir. Tam əminik ki, bu layihənin reallaşması bizim təbii hüququmuzdur. Ondan əlavə, bu layihənin reallaşması eyni zamanda 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatda da öz əksini tapıb. Düzdür, orada "Zəngəzur dəhlizi" sözü yoxdur. Çünki "Zəngəzur dəhlizi" terminini mən ondan sonra, necə deyərlər, geosiyasi leksikona daxil etdim. Ancaq orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir". 
İndi Ermənistan bundan boyun qaçırmaq istəyir. Faktiki olaraq üzərinə götürdüyü öhdəlikləri iki ildən çoxdur ki, yerinə yetirmir. Ancaq bu, Azərbaycanı dayandırmayacaq. Yəni Azərbaycan üçün bu layihə strateji layihədir.

 

Bu il Şuşada, Ağdamda, Füzulidə məktəblər, xəstəxanalar hazır olacaq

 

Ötən ilin uğurlarını dəyərləndirdikdən sonra Prezident bir daha vurğuladı ki, 2023-cü il Azərbaycan üçün düşərli olacaq. Dövlət başçısı ümid edir ki, 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq və bu il arzuolunmaz hadisələr baş verməyəcək: "Mən yenə də deyirəm, əgər görsək ki, bizə qarşı hər hansı bir təhlükə varsa və Ermənistan öz havadarları ilə bizə qarşı hansısa təxribat planlaşdırırsa, biz dərhal əlimizdə olan bütün imkanlarla bu təhlükəni aradan götürəcəyik və bəri başdan onları və onların arxasında dayananları da xəbərdar edirik".
İlham Əliyev bu il də dövlətin əsas diqqət mərkəzinin, yəni əsas xərclər istiqamətinin Qarabağ və Şərqi Zəngəzurun bərpa prosesi olacağını söylədi. Əsas məsələ yenə də işğaldan azad edilmiş yurd yerlərimizin bərpası və ordu potensialımızı gücləndirməkdir. Bu iki əsas prioritet dövlət üçün uzun illər prioritet kimi qalacaq: "2023-cü il artıq Böyük qayıdışın ilk addımlarından biri olacaq. Əlbəttə, Ağalı kəndi birinci addım idi. Amma biz bu il bunu, inşallah, daha kütləvi surətdə görəcəyik. Bununla paralel olaraq, Şuşada, Ağdamda, Füzulidə məktəblər, xəstəxanalar hazır olacaq".
Bir sözlə, Prezident qarşıda duran hədəfləri müəyyənləşdirməklə yeni inkişafın yol xəritəsini təqdim etdi. Bildirdi ki, çox genişmiqyaslı planlarımız var və necə deyərlər, Allah nəsib edərsə, onların hamısı uğurla icra ediləcək. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video