20 Mart 2022 01:00
1138
Elm və texnika
A- A+

Bəşəriyyəti düşündürən qlobal problem

 

Birləşmiş Millətlər Təşkilatının 1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində “Ətraf mühitin mühafizəsi və inkişafı” adı altında keçirdiyi beynəlxalq konfransda hər il martın 22-nin Ümumdünya Su Günü kimi qeyd olunması qərara alınmış və bu tarix 1993-cü ildən keçirilməyə başlamışdır. Bu günün qeyd olunması son dövrlərdə suların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişmələrlə bağlı insanların suya olan tələbatının ödənilməsində yaranan problemlərin ictimailəşdirilməsi və bunu bəşəriyyətın diqqətinə çatdırmaq məqsədini daşıyır.

Məlumdur ki, Yerdə şirin su ehtiyatı cəmi 2,5 faiz təşkil edir ki, bunun da 70 faizi istifadəsi çətin olan əlçatmaz buzlaqlardadır. Bir tərəfdən elmi-texniki tərəqqi, əhali artımı, digər tərəfdən suların kəmiyyət və keyfiyyət göstəricilərində olan neqativ dəyişmələr bu gün və gələcək üçün dünya əhalisinin su təminatı problemlərini həmişə diqqətdə saxlamağı tələb edir.

Hər il martın 23-də qeyd olunan Ümumdünya Meteorologiya Gününün keçirilmə tarixi isə daha qədimdir. Meteorologiya təşkilatı dünyada Qırmızı Xaç Cəmiyyətindən sonra yaranan ikinci beynəlxalq təşkilat hesab olunur. Belə ki, ilk dəfə olaraq 1873-cü ildə Vyana şəhərində Beynəlxalq Meteorologiya Təşkilatı yaradılır. 1947-ci ildə BMT-nin qəbul etdiyi konvensiyanın qərarı 1950-ci ildə qüvvəyə minir və bununla hər il martın

23-də Ümumdünya Meteorologiya Günü qeyd olunmağa başlayır. 1951-ci ildən isə BMT-nin xüsusi agentliyi kimi təsis edilir və hazırda BMT-nin ən mötəbər təşkilatlarından hesab olunur. Təşkilat bu gün dünyanı əhatə dairəsi baxımından 6 regiona bölməklə çoxsaylı proqramlar həyata keçirir.

 Azərbaycan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə müstəqil ölkə kimi 1993-cü ilin sentyabrından bu mötəbər təşkilatın üzvlüyünə qəbul edilmiş və hazırda öz beynəlxalq öhdəliklərini uğurla yerinə yetirir. Yeri gəlmişkən qeyd edək ki, istər 22 Mart Ümumdünya Su Gününün, istər 23 Mart Ümumdünya Meteorologiya Gününün Novruz bayramı günlərinə təsadüf etməsinə baxmayaraq, bir çox Şərq xalqları həmin günləri bayram ərəfəsində “çərşənbə”lər kimi qeyd edir.

Dünya üzrə hidrometeorologiya sahəsində ilk müşahidələrin aparılması eramızdan əvvəllərə təsadüf edir. Qədim mədəniyyətlərin izlərinə məhz iri çay hövzələrində rast gəlinir ki, buna Nil çayı ətrafında inkişaf edən Misir, Dəclə-Fərat çayları ətrafında inkişaf edən Şumer, Hind-Qanq çayı vadilərində inkişaf edən Xarrap mədəniyyətlərini misal göstərmək olar. Çin mədəniyyəti isə nəhəng Xuanxe çayı vadisində inkişaf etmişdir. Həmin mədəniyyətlər özlərini daşqınlardan qorumaq, su ilə təmin etmək və s. məqsədlər üçün çaylar üzərində sadə müşahidələr aparır, kanallar çəkirdilər. Buna eramızdan əvvəl 3500-3000-ci illərdə Nil çayı üzərində aparılan səviyyə müşahidələrini, onların nəticəsində tapılmış çaydan çəkilən kanal və bənd qalıqlarını misal göstərmək olar.

Meteorologiya sahəsində də xidmətin tarixi eramızdan əvvəllə gedib çıxır və təsadüfi deyil ki, Aristotel e.ə. IV- III əsrdə öz traktlarından birini meteorologiyaya həsr etmiş və ilk meteorologiya kitabını yazmışdır. Dünyada ilk meteoroloji stansiya 1654-cü ildə İtaliyada təşkil olunmuş və bu, dünyada meteoroloji müşahidə şəbəkələrinin əsasını qoymuşdur.

Tarix boyu insanların ən çox ehtiyac duyduğu və istifadə etdiyi məlumatlar içərisində hidrometeoroloji məlumatlar və hidrometeoroloji proqnozlar xüsusi yer tutmuşdur. Bu gün əhalinin və ayrı-ayrı ölkələrin iqtisadiyyatının elə bir sahəsi yoxdur ki, onun gündəlik hidrometeoroloji proqnozlara, xəbərdarlıqlara və hidrometeoroloji məlumatlara ehtiyacı olmasın. Planetimizdə əhali artımı (əgər nəzərə alsaq ki, Yer kürəsinin əhalisi 1850-ci illərdə 1 milyard təşkil edirdisə, hazırda bu rəqəm 7 milyardan çoxdur), şirin su ehtiyatlarının çirklənməsi və azalması, qlobal və regional miqyasda iqlim dəyişmələri, hidrometeoroloji proseslərlə bağlı baş verən təbii fəlakətlərin artması ayrı-ayrı regionların iqtisadiyyatına, insanların həyat və məişət tərzinə və bütövlükdə dünya iqtisadiyyatına özünün mənfi təsirini göstərməkdədir.

Hidrometeoroloji proseslərin öyrənilməsi və proqnoz edilməsi bu sahədə aparılan elmi tədqiqat işlərinin əsasını təşkil etməklə sivilizasiyanın bütün inkişaf mərhələlərində həmişə zərurət kimi dünya alimlərinin və ayrı-ayrı təşkilatların diqqət mərkəzində olmuşdur. Çünki bəşəriyyətin bu günü və gələcəyi, onun iqtisadi uğurları məhz hidrometeoroloji şəraitdən, bu şəraitə nəzarətdən və onu yaradan amillərin kompleks tədqiqindən çox asılıdır. ÜMT-nin yalnız bir faktını demək kifayətdir ki, hidrometeoroloji xidmət sahələrinə çəkilən dövlət xərclərinin dünya üzrə orta nisbət göstəricisi 1:8-dir (yəni bu sahəyə qoyulan hər bir dollar 8 dollar ekvivalentində özünü doğruldur). Ayrı-ayrı dövlətlərdə müxtəlif sektorlarda isə bu nisbət bəzən daha da artır (1:15-ə çatır). Bununla yanaşı, müasir iqlim dəyişmələrinin təsirinin artdığı bir dövrdə ABŞ, Yaponiya, Çin, Avstraliya və s. bu kimi dövlətlərin öz büdcələrindən hidrometeoroloji xidmət sahələrinə qoyulan xərcləri ilbəil artırmalarına baxmayaraq, həmin ölkələrdə orta nisbət göstəricisi 1:10-a çatır. Ekspertlərin hesablamalarına görə, bütün dünya üzrə hidrometeoroloji xidmət sahələrinə qoyulan orta xərc 4 milyard, bu xidmət sahələrindən iqtisadi effekt isə 20-40 milyard dollar təşkil edir.

Hazırda dünyada bəşəriyyət üçün iki təbii problem var. Onun biri - su, ikincisi - atmosferdə baş verən iqlim dəyişmələridir. XXI əsrdə su problemi ən aktual elmi-texniki problemlərdən olmaqla, dövlətlərarası siyasi-iqtisadi münasibətlərin əsasına çevrilir. Suyun və havanın təbii sərhədləri olmadığından burada regional və beynəlxalq əməkdaşlıq çox vacibdir. Bu gün planetin hər 3 sakinindən biri su çatışmazlığını hiss edir. Əgər bu sahədə ciddi dönüş yaradılmasa, ekspertlərin hesablamalarına görə, 2025-2030-cu illərdə Yer kürəsi əhalisinin hər 3 nəfərindən 2-si su çatışmazlığı ilə üzləşə bilər. Hazırda dünya əhalisinin 40 faizinin yaşadığı 80-dək ölkədə ciddi su çatışmazlığı hiss olunur ki, bu da onların sosial-iqtisadi inkişafına təsir göstərir. Təəssüf ki, Azərbaycan da müasir tələb və təminat baxımından su ehtiyatları az olan ölkələr sırasına daxildir.

Son dövrlər planetar miqyasda davam edən iqlim dəyişmələri hidrometeoroloji şəraitdə anomal proseslərin dinamikasını artırmaqla müxtəlif növ təbii fəlakətlərin baş verməsinə səbəb olur. Qlobal istiləşmə fauna və floraya, ümumiyyətlə, biomüxtəlifliyə güclü təsir göstərir. Keçən əsrin 60-cı illəri ilə müqayisədə şimal yarımkürəsində istiləşmə nəticəsində vegetasiya dövrü 11-15 gün artmışdır. Son 50 ildə dəniz və okean buz örtüyünün həcmi 10-15 faizə qədər, davamiyyəti 15-20 günə, qalınlığı isə 40 faizə qədər azalmışdır. Eyni zamanda quru ərazilərdə də daimi buzlaq və qar örtük sahələrinin azalması və qar xəttinin daha yüksəkliklərə qalxması baş verir. Bütün bunlar son 20 ildə hidrometeoroloji proseslərlə bağlı baş verən təbii fəlakətlərin saynı 2 dəfədən çox artırmışdır. ÜMT-nin məlumatlarına görə, dünyada baş verən təbii fəlakətlərin 85 faizə qədəri məhz hidrometeoroloji proseslərlə bağlıdır. Məsələn, Avropa, Asiya, Avstraliya, Braziliyada son 10 ildə görünməmiş quraqlıqlar, eyni zamanda Atlantik okeanın Mərkəzi Amerika sahillərində baş verən qasırğalar, eləcə də digər regionlarda olan təbii fəlakətlər, misli görünməmiş meşə yanğınlarının artması sosial-iqtisadi dağıntılar yaratmaqla çoxlu sayda insan tələfatına da səbəb olmuşdur.

1970-ci illərdən başlayan müasir qlobal istiləşmənin tamamilə başqa təbiəti mövcuddur. Bu istiləşmə həm antropogen, həm də təbii amillərin qarşılıqlı təsiri nəticəsində baş verir. İqlim modelləri vasitəsilə aparılan tədqiqatlar göstərir ki, qlobal temperaturun parnik qazlarının artması hesabına baş verməsi ilk növbədə qış fəslində və yüksək coğrafi enliklərdə müşahidə olunur. 1970-1980-ci illərdən sonra qısa dövr ərzində orta çoxillk temperaturlarda sürətli artım müşahidə edilmiş (orta çoxillik temperatur artımı 1.20C-ə yaxın olmuş) və bunun ən çox qradiyenti 1995-ci ildən sonraya təsadüf edir.

İqlim dəyişmələri üzrə ÜMT-nin Hökumətlərarası Ekspert Qrupu sədrinin dünya siyasətçiləri üçün hazırlanmış qısa məlumatlarına görə, qlobal istiləşməni təsdiqləyən əsas faktlar havanın və okean sularının temperaturunun artması, okean səviyyəsinin qlobal qalxması və iqlim dəyişmələrinin əsas indikatoru hesab edilən qar və buz örtüklərinin sahələrinin azalmasıdır. Bu ekspert qrupunun hər 5-6 ildənbir dərc etdiyi hesabatlarda iqlimin qlobal istiləşməsi faktı şübhə doğurmur və xüsusi olaraq qeyd olunur ki, müşahidə dövrü ərzində son 22 ildən 20-sində ən isti hava müşahidə edilmişdir. Qlobal temperaturun son 50 ildəki istiləşmə sürəti isə (0.130C /10 il) 100 illik dövrdəki sürətdən 2 dəfə çox olmuşdur.

İqlimin qlobal istiləşməsinin çoxsaylı göstəriciləri də bu faktı bir daha təsdiqləyir. Məsələn, aparılan tədqiqatlar göstərir ki, son 100 ildə dağ buzlaqlarının uzunluğu ABŞ-ın qayalı dağlarında 15,2 m/il, Şpitsbergendə 51,7, Norveçdə 28,7, Avropanın Alp dağlarında 15,6, Mərkəzi Asiyada 9,9, Afrikada 4,8, Yeni Zelandiyada 25,9 m/il azalmış, 1978-1995-ci illərdə Arktikada dəniz buzlarının sahəsi 610000 km2 və ya 5,7 faiz kiçilmişdir. Antarktika yarımadasında olan 9 şelf buzlağından 5-nin sahəsi isə sürətlə azalmaqdadır. Son illər dünya okeanında, xüsusilə Sakit və Atlantik okeanlarının tropik və subtropik enliklərində səth sularının temperaturu artmışdır. Bu isə qlobal istiləşmə və onun təsirindən baş verən qlobal iqlim dəyişmələrinin əyani göstəricisidir.

Dünya alimlərini narahat edən məsələlərdən biri də temperaturun artması ilə dünya okeanının səviyyəsinin yüksəlməsi və Şimal Buzlu okeanın, Antarktida və Qrelandiya kimi nəhəng materik buzlaqlarının əriməsi, onların morfoloji göstəricilərinin dəyişməsidir. Hesablamalara görə, dünya okeanının ən çox ehtimal olunan səviyyə artımı 2030-cu ildə 14-24 sm arasında ola bilər.

2015-ci ildə Parisdə, 2021-ci ildə Qlazkoda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası xətti ilə keçirilən konfranslarda dünya alimləri, beynəlxalq təşkilatların nümayəndələri ilə yanaşı, əksər dövlətlərin rəhbərləri də iştirak etmişlər. Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi Paris konfransının əsas məqsədi planetdə orta çoxillik temperatur artımını 20C-dən aşağı səviyyədə saxlamaq üçün beynəlxalq müqavilənin bağlanması idi. Geniş müzakirələrdən sonra konfransın əsas uğuru sayılan belə bir müqavilənin imzalanmasına qərar verildi və bu müqavilə 2016-cı il aprelin 22-də BMT-nin iqamətgahında imzalandı.

Azərbaycan ərazisinin iqlimi də qlobal iqlim sisteminin tərkib hissəsidir və bu sistemdə baş verən proseslər müxtəlif intensivliklə və müəyyən zaman kəsiyində ölkənin iqlim şəraitinə təsir göstərir. Deməli, iqlim dəyişmələrinin tədqiqi, onun iqtisadiyyatın müxtəlif sahələrinə təsirinin öyrənilməsi və iqtisadi-təsərrüfat sisteminin adaptasiya imkanlarının araşdırılması Azərbaycan ərazisi və onun iqtisadiyyatı üçün də vacib bir problemə çevrilmişdir. Bunu hazırda qlobal iqlim dəyişmələrinin regional təsirləri timsalında ölkəmizin hidrometeoroloji şəraitində baş verən dəyişmələrdən, bu dəyişmələrin təsirindən yaranan təbii fəlakətlərin güclü qasırğa və küləklərin, quraqlığın, ekstremal temperaturların, meşə yanğınlarının, dolu hadisələrinin, sel və daşqınların təkrarlanmalarının artmasında müşahidə edə bilirik. Son zamanlar ölkə çaylarında, xüsusən Kür və Arazda illik axımın, ümumən su ehtiyatlarının azalması, birbaşa qlobal iqlim dəyişmələri onun regional təsirləri ilə bağlıdır.

 

Rza MAHMUDOV,

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video