24 Yanvar 2023 01:06
801
SİYASƏT
A- A+

Azərbaycanın nailiyyətləri daha böyük inkişafın başlanğıcıdır

 

Bunu Davos Dünya İqtisadi Forumunun iştirakçıları da etiraf etdilər 

 

Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfəri çərçivəsində Prezident İlham Əliyev bir sıra ölkələrin və dünyada tanınmış şirkətlərin rəhbərləri ilə görüşlər keçirib. Bu görüşlərdə eləcə də dövlətimizin başçısının Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində Azərbaycanda görülən genişmiqyaslı, çoxşaxəli işlər, qlobal layihələr, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi diqqət mərkəzində olub.
Azərbaycanda investisiya mühitinin çox müsbət olduğu, xarici və yerli sərmayələrin lazımınca qorunduğu vurğulanıb. Prezident İlham Əliyev bildirib ki, qeyri-enerji sektoruna daha çox investisiyalar qoyulacaq. Çünki ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. 
Qeyd edək ki, bu il Dünya İqtisadi Forumunda müzakirə olunan ən mühüm mövzulardan biri də enerji böhranı və təhlükəsizliyi, eləcə də bərpaolunan enerji məsələləridir.
Dövlətimizin başçısı Çinin CGTN televiziya kanalına müsahibəsində qeyd edib ki, biz enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə mühiti yaratmışıq və hətta ixrac marşrutlarına malik olmadan neft-qaz sahəsinə çoxmilyardlı investisiyalar cəlb etməyə nail olmuşuq: "Biz ilkin sərmayələri cəlb edərkən kəmərlərimiz yox idi. Kəmərlər sonra inşa olundu. Bu kəmərləri inşa etmək üçün biz tranzitorlarla, qonşularımızla razılaşmalı idik. Biz hər kəs üçün uduşlu bir vəziyyət yaratmalı idik, ədalətli olmalı idik, əməkdaşlığa və dəstəyə hazır olmalı idik. Mən enerji siyasətimizdə hər zaman demişəm ki, Azərbaycan istehsalçı olaraq tranzit dövlətlər və istehlakçılar arasında balansı qoruyacaq. Balans olmasa, bu iş uğursuz olacaq. 
Enerji prosesinin hər bir hissəsinin sözsüz ki, töhfədən asılı olaraq öz mənfəət payı olmalıdır, bu, ədalətli olmalıdır. Biz hər zaman ədalətli olmuşuq. Ona görə də biz 2 il bundan əvvəl Bakıdan Cənubi Avropaya gedən 3500 kilometr uzunluğunda "Cənub qaz dəhlizi"nin tikintisini tamamladıq". 
Bu dəhlizin bir hissəsi dənizin altından, bir hissəsi yüksək dağlıq ərazidən keçir. Bu, 7 ölkəni, 10-dan çox şirkəti, aparıcı maliyyə institutlarını - Dünya Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, Asiya İnfrastruktur və İnvestisiya Bankını, Avropa İnvestisiya Bankını və Asiya İnkişaf Bankını əhatə edən texniki cəhətdən çox mürəkkəb və çox bahalı layihədir. Beş aparıcı maliyyə institutunun hamısı layihəyə öz töhfəsini verib.
Bu gün "Cənub qaz dəhlzi" xüsusi önəm daşıyır. Çünki Azərbaycan qazına tələbat artıb. Prezident bu barədə belə deyib: "İndi - bütün bu infrastruktur layihələrinin hazır olduğu bir vaxtda belə alındı ki, bizim qazımıza indiyədək olduğundan daha çox ehtiyac var. Çünki Avropada qaz çatışmazlığı var və bizim Avropaya kəmərimiz enerji təhlükəsizliyinə töhfənin elementlərindən biridir. Ötən il biz Avropa bazarına qaz ixracını iki dəfə artırmaq üçün Avropa Komissiyası ilə sənəd imzaladıq. Biz 5 il ərzində bu hədəfə nail olacağıq, bu mümkündür, baxmayaraq ki, asan olmayacaq. Azərbaycan sözsüz ki, təbii qazın çox böyük təchizatçısı deyil, lakin bizim Şərqi və Cənubi Avropada bazarımız var və gələcəkdə daha çox qaz hasil etdikcə coğrafiyamızı genişləndirəcəyik".
Bu məsələyə dövlətimizin başçısının keçirdiyi görüşlərin əksəriyyətində də toxunulub. Latviya Respublikasının Prezidenti Egils Levitslə söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələrindən bəhs olunub, Latviyanın ölkəmizin Aİ ilə əlaqələrini daim dəstəklədiyi qeyd edilib. Həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və qaza tələbatının ödənilməsində oynadığı rol yüksək qiymətləndirilib. Azərbaycanın Avropa İttifaqı ölkələrinə potensial elektrik enerjisi ixrac edən ölkə kimi imkanlarının artacağı bildirilib. 
"Fortescue Future Industries" şirkətinin sədri Endrü Forestlə görüşdə Azərbaycanın Energetika Nazirliyi ilə bu şirkət arasında ötən ay imzalanan memorandumda ölkəmizdə 12 min meqavat gücündə külək və günəş enerjisinin istehsalına dair layihənin icrasının nəzərdə tutulduğu vurğulanıb. Eləcə də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanmasının önəmi qeyd edilib. Azərbaycanda istehsal edilən "yaşıl enerji"nin bu layihə vasitəsilə gələcəkdə Avropa bazarına çatdırılmasının əhəmiyyəti vurğulanıb. Ölkəmizdə hidrogen, o cümlədən yaşıl hidrogen istehsalına dair layihənin icrasında da əməkdaşlığın həyata keçirilməsinin lazımlı olduğu bildirilib.
Belə ki, beynəlxalq enerji şirkətləri ilə imzalanmış anlaşma memorandumları və sazişlər ölkəmizə 22 min meqavatadək külək və günəş enerjisini istehsal etmək imkanı yaradacaq. Həmin enerjinin 12 min meqavatlıq hissəsinin istehsalının SOCAR və "Fortescue Future Industries" şirkəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.
Məlum olduğu kimi, Azərbaycanda iri neft-qaz və ixrac layihələrinin operatoru - bp ilə bərpaolunan enerji sahəsində də əməkdaşlığa başlanıb. Prezident İlham Əliyevin Davosda bp Qrupunun baş icraçı direktoru Bernard Luni ilə görüşündə bp şirkətinin Azərbaycanda uzun müddət fəaliyyət göstərdiyi vurğulanıb. Enerji layihələrimizin yeni mərhələyə keçidi, qaz həcminin artırılması, bərpaolunan enerji layihələrində bp-nin daha fəal iştirakı, mövcud layihələrin genişləndirilməsi məsələləri müzakirə edilib.
Bernard Luni uzunmüddətli strateji əməkdaşlığa görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, eləcə də ölkəmizin böyük nailiyyətləri ilə bağlı təbriklərini çatdırıb.
Prezidentimizin "The Goldman Sachs Group Inc." şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşündə isə Azərbaycan Mərkəzi Bankı və Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığın davam etdiyi qeyd olunub.
Xatırladaq ki, bu, ABŞ-nin mənzil-qərargahı Nyu Yorkda yerləşən beynəlxalq sərmayə bankı və maliyyə xidmətləri şirkətidir. Onlarca ölkədə fəaliyyət göstərən şirkətin gəlirləri 2021-ci ildə 59,4 milyard dollar, xalis mənfəəti isə 21,6 milyard dollar təşkil edib.
Davos görüşləri əvvəlki adı "Philips Lighting" olan "Signify" şirkəti ilə də ölkəmizin uğurlu əməkdaşlığınin davam etdiyini göstərib. Şirkətin baş icraçı direktoru Erik Rondolat dövlətimizin başçısına Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə - Şuşa və Ağdam şəhərlərində həyata keçirilən layihələrin gedişatı və perspektivləri barədə məlumat verib. Diqqətə çatdırıb ki, serverlər Azərbaycanda yerləşdirilməklə bütün bu şəhərlər ağıllı sistem vasitəsilə vahid mərkəzdən idarə olunacaq. Bu, Azərbaycana əlavə enerji sərfiyyatına qənaət imkanı yaradacaq. Eyni zamanda Bakı şəhərində həyata keçiriləcək fasad işıqlandırılması, Şuşada teleqüllənin işıqlandırılması, aqrar sektorda reallaşdırılacaq layihələrdən bəhs olunub. Bildirilib ki, artıq aqrar sektorda layihələrin icrasına başlanılıb. Bu, istixanalarda məhsuldarlığın iki dəfədən çox artımına gətirib çıxaracaq. Enerji sərfiyyatına ciddi şəkildə qənaət olunacaq ki, bu da biznesin dəstəklənməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Qeyd edək ki, "Signify" şirkəti Bakı, Sumqayıt, Gəncə də daxil olmaqla artıq 11-dən çox şəhərin işıqlandırma sistemlərini ağıllı layihələr, ağıllı həllər vasitəsilə həyata keçirib. Odur ki,Prezident İlham Əliyev bu layihələrin əhəmiyyətini qeyd edərək şirkətin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib.
Davosdakı bütün görüş və tədbirlərdə Azərbaycanda əlverişli investisiya mühiti olduğu vurğulanıb, ölkəmizin zəngin enerji potensialı qeyd edilib, bu sahədə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Dünyada böyük maliyyə çətinlikləri olduğuna baxmayaraq, ölkəmizdə ardıcıl nailiyyətlərin qazanıldığı deyilib. Bildirilib ki, Azərbaycanda əldə olunan nailiyyətlər daha böyük inkişaf proseslərinin başlanğıcıdır.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video