03 Aprel 2024 08:00
13888
SİYASƏT
A- A+

Azərbaycan xəbərdarlığını etdi

 

Ermənistanın hər hansı təxribatı ona baha başa gələcək

 

Aprelin 5-də Brüsseldə keçirilməsi planlaşdırılan Aİ-Ermənistan-ABŞ müştərək konfransının Ermənistanda yaratdığı revanşist əhvali-ruhiyyə İrəvanın ölkəmizə qarşı hərbi təxribatlar törətmək həvəsinə düşməsi fonunda açıq şəkildə ortaya çıxıb. Belə ki, törədəcəyi bütün təxribatların qərəzli Qərb təsisatları tərəfindən birmənalı olaraq dəstəklənəcəyindən arxayın düşən Hayastan sözügedən tarixdə Brüsseldə Ermənistanın baş naziri, ABŞ Dövlət katibi və Avropa Komissiyasının prezidenti arasında keçirilməsi nəzərdə tutulan konfransdan daha da cürətlənərək Azərbaycanı müharibə ilə hədələməyə, sərhədlərimizi atəşə tutmağa başlayıb. 

 

Hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq

 

ABŞ və Aİ-nin Cənubi Qafqazla bağlı yürütdüyü bölücü siyasətin ruporu rolunu oynayan Ermənistan sülh prosesindən yayınır, özünün 44 günlük müharibədəki, eləcə də 23 saatlıq antiterror tədbirlərindəki biabırçı məğlubiyyətlərindən dərs çıxarmayaraq revanşa həvəslənir. 
Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsinin, zirehli texnikasının, artilleriya qurğularının, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə edilir. 
Məsələ ilə əlaqədar aprelin 1-də yaydığı məlumatda Müdafiə Nazirliyi bildirib ki, Ermənistan Azərbaycan ilə şərti sərhəddə qoşunlarını cəmləşdirməyə və hücum xarakterli dayaq məntəqələrini qurmağa davam edir. Müdafiə Nazirliyi bir daha xəbərdarlıq edib ki, Azərbaycan Ordusu tərəfindən Ermənistanın törədə biləcəyi hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi və onun havadarlarının üzərinə düşəcək.
Artıq hər kəsə bəlli olan gerçəklikdir ki, iki ölkə arasında normallaşma ilə bağlı hər hansı irəliləyişin əldə olunmaması üçün Ermənistan davamlı olaraq Azərbaycana qarşı siyasi, hərbi təxribatlar törədir. Başda Fransa və ABŞ olmaqla Qərb siyasi dairələrinin Ermənistana hərbi dəstək verməsi, onu silahlandırması İrəvanda müharibə eyforiyası yaradır. Ermənilər Azərbaycan Ordusu tərəfindən darmadağın edilən silahlı qüvvələrinin acınacaqlı vəziyyətini, fərarilərdən ibarət döyüşçülərinin rəzil durumunu unudaraq "dəmir yumruq"la yenidən savaşmaq niyyətinə düşürlər.  

 

Məhvə sürükləyən müharibə istəyi 

 

Ümumiyyətlə, Ermənistanda Aİ missiyasının fəaliyyəti, eləcə də bəzi Avropa ölkələri tərəfindən Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş kampaniyanın həyata keçirilməsi bölgədə yeni müharibə ocağı yaratmaq niyyəti güdür.   
5 aprel konfransı İrəvan və Qərb dairələri tərəfindən guya regionda sülhə xidmət göstərəcəyi yöndə təqdim olunsa da işin astarı başqadır. 
Çünki heç bir problem təktərəfli formada həll edilə bilməz. Necə ola bilər ki, bölgədə sülhə xidmət edəcək hər hansı konfrans keçirilir, amma tərəflərdən biri orada iştirak etmir?!. Bu, absurd və gülünc halla Azərbaycan birinci dəfə deyil ki, qarşılaşır. 
Azərbaycanın torpaqlarını azadlığa qovuşdurmasını həzm edə bilməyən riyakar Qərb qüvvələri ölkəmizə qarşı şər və qarayaxma kampaniyası aparmaq üçün çoxdan təşkilatlanıblar. Hər kəs xatırlayır, ötən il oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin növbəti sammiti çərçivəsində ölkəmizin iştirakı olmadan - Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya arasında keçirilən dördtərəfli görüş keçirilmişdi. Elə həmin "məkrli görüş"də də Azərbaycanın iştirakı olmadan bölgədəki vəziyyət müzakirə olunmuş, hansısa qətnamə qəbul olunmuşdu. 
"...Təəccüblüsü o idi ki, mən olmadan bu görüş keçirildi. Bir rus deyimi var - "Bez menə, menə jenili" - "qız evində toydur, oğlan evinin xəbəri yoxdur". Beləliklə, mən olmadan onların dördü Azərbaycan və Ermənistan ilə əlaqədar necə qətnamə qəbul edə bilirlər ki, hələ də anlamıram"- deyə  2023-cü il dekabrın 6-da keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda Prezident İlham Əliyev yaranmış gülünc situasiyaya öz təəccübünü belə bildirmişdi. 
Bu baxımdan 2024-cü il aprelin 5-də keçirilməsi nəzərdə tutulan ABŞ-Aİ-Ermənistan konfransının da xoş məram güddüyünü düşünmək, sözün açığı, sadəlövhlük olardı. 
Eyni zamanda sözügedən tarixdə keçiriləcək toplantıda hərbi komponentlərin nəzərdə tutulduğuna dair məlumatlar var. Bütün bunları, eləcə də Ermənistanın sərhəddə törətdiyi təxribat xarakterli əməlləri kompleks şəkildə analiz etdikdə əsl gerçəklik gün kimi aydın olur. Bəlli olur ki, ABŞ və Aİ Ermənistan üzərindən regionda müharibə ocağı alovlandırmaq, Qafqazda ikinci Ukrayna ssenarisi gerçəkləşdirmək istəyirlər. 

 

Qərb bölgədə yeni bölücü xətlər yaratmağa çalışır

 

Təbii ki, Qərb dairələrinin əli ilə bölgədə cərəyan edən hadisələr Rusiyanın da böyük narahatlığına səbəb olub. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova öz teleqram kanalında yazıb ki, bu görüşlər Azərbaycanla Ermənistan arasında sülhün nail olunmasına deyil, Cənubi Qafqazda yeni bölücü xətlərin yaradılmasına, region ölkələrinin anti-Rusiya gündəliyinə riayət edilməsinə məcbur etməyə, onların Moskva ilə olan çoxəsrlik əlaqələrinin məhv edilməsinə, mövcud regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərinin sarsıdılmasına yönəlib. 
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, indi, üstəlik, Norveç, Kanada və ABŞ-dən olan hərbçilər oraya göndərilir və Avropa İttifaqının missiyası getdikcə Şimali Atlantika Alyansının missiyasına çevrilir.
Göründüyü kimi, ABŞ və Avropa Rusiyaya qarşı ikinci cəbhə açmaq üçün Ermənistanı qurban seçiblər. İrəvan isə Qərb ağalarının çaldığı havalara həvəslə oynayır. Azərbaycana qarşı müharibə aparmaq istəyinə düşməsi, hərbi təxribatlar törətməsi, sərhədlərimizi atəşə tutması da bundan xəbər verir.
Ancaq Azərbaycanın "dəmir yumruğ"u yerindədir və Ermənistan da bilməlidir ki, necə ki, ...Vətən müharibəsi, antiterror tədbirləri, qisas əməliyyatları... zamanı güvəndiyi havadarları ona heç bir kömək edə bilmədi, indi də belə olacaq.  
Bunu hələ 2023-cü ilin iyununda Müzəffər Ali Baş Komandan İlham Əliyev açıq şəkildə dünyaya bəyan edib: "Biz son iki il yarım ərzində ordumuzu böyük dərəcədə gücləndirmişik. Əgər bütün bu amilləri Ermənistan və onun arxasında dayanan xarici qohumları başa düşmürlərsə, onda günah onların boynundadır". 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video