02 Mart 2024 08:00
13073
SİYASƏT
A- A+

Azərbaycan sülh prosesinə sadiqdir

 

Alman İqtisadiyyatının Şərq Komitəsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri, Azərbaycan Prezidenti İlham Əliyevin nümayəndə heyəti ilə görüşü, aparılan müzakirələr, toxunulan mövzular son günlərin ən maraqlı yeniliklərindən oldu. 

 

Qlobal iqtisadiyyatda ölkəmizə maraq artır

 

İlk növbədə, Almaniyanın aparıcı şirkət rəhbərlərindən ibarət belə bir geniş tərkibli heyətin Azərbaycana səfəri diqqəti çəkir. Biznesin qaydalarına görə, şirkət rəhbərləri, adətən, onlar üçün indiki və gələcək perspektivlər baxımından mühüm görünən ölkələrə səfərlər edir, müxtəlif təkliflər ətrafında danışıqlara təşəbbüs göstərir, mövcud imkanlardan faydalanmağa çalışırlar. Almaniyanın şirkət rəhbərlərinin bu səfəri də qlobal iqtisadi reallıqlar dövründə ölkəmizə getdikcə artan marağın, iqtisadi gündəliyin xeyli zəngin olmasının göstəricisidir. 
Bu da biznesin bir qanunauyğunluğudur ki, xarici investorlar, iş adamları üçün iqtisadi islahatların uğurla həyata keçirildiyi, biznes fəaliyyəti üçün əlverişli mühitin yaradıldığı ölkələr daha əhəmiyyətli olur. Burada iş qurmağa göstərilən maraq iqtisadi sahədə aparılmış uğurlu islahatların, Azərbaycandakı əlverişli biznes mühitinin beynəlxalq sferada yüksək qiymətləndirildiyini göstərir. Xarici şirkətlərin rəhbərləri Azərbaycanda iqtisadi islahatlarla bağlı böyük işlərin həyata keçirildiyini etiraf edir, yalnız ənənəvi enerji sektorunda deyil, başqa sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu bildirir və bundan faydalanmaq niyyətlərini ortaya qoyurlar. Görüşdə xüsusi olaraq vurğulandı ki, Almaniya biznes dairələri və şirkətləri iqtisadi, o cümlədən enerji sahəsində transformasiya məsələləri ilə bağlı bu gündəliyə böyük töhfələrini verməyə hazırdır.

 

Almaniya neytrallıq nümayiş etdirir 

 

Ümumiyyətlə, son dövrlər Almaniyanın nümayiş etdirdiyi konstruktiv davranışlar, bu ölkənin ölkəmizə münasibətində, eləcə də Azərbaycanın regionda yaratdığı yeni tarixi reallıqlara baxışında obyektiv mövqe tutmasına dəlalət edir. Hiss olunur ki, bəzi Avropa ölkələrindən fərqli olaraq Almaniya bölgəmizdə daimi sülhün, ardıcıl inkişaf proseslərinin olmasında müəyyən qədər maraqlıdır və bunun üçün imkanlarını ortaya qoymağa başlayıb.   
Elə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün Berlində təşkil olunması da Almaniyanın sülh prosesinə konstruktiv yanaşmasına bir nümunədir. Almaniya qonşuluğunda yerləşən, "alovun üstünə benzin tökən" və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq, sülh prosesində neytrallıq nümayiş etdirir. 
Görüşdə Prezident İlham Əliyev böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsinin önəmini qeyd etdi, bu sahənin ikitərəfli münasibətlərimizdə mühüm rol oynadığını vurğuladı və bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi. Eyni zamanda Kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğuladı. Görüşdə xüsusi bildirildi ki, Azərbaycan sülh prosesinə həmişə sadiqdir. Beynəlxalq hüququn bütün normalarının Azərbaycanın tərəfində olduğunu deyən dövlətimizin başçısı bildirdi ki, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı son vaxtlar bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Bunun təəssüf hissi doğurduğu qeyd olundu. Belə bir münasibət bu gün bir sıra beynəlxalq institutlar tərəfindən, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilsə də, heç bir reallığı əks etdirmir və verilən qeyri-adekvat bəyanatlar beynəlxalq hüququn normalarına ziddir. Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra ölkəmiz sülh danışıqları təşəbbüsü ilə çıxış etdi. Sülh yolu ilə həllin beş əsas prinsipi işlənib hazırlandı, sülh müqaviləsinin mətninin layihəsi təqdim olundu. Bütün bunlar reallığı əks etdirən faktlardır.

 

Fransa və Avropa İttifaqının islamofob mövqeyi

 

Əfsuslar olsun ki, Avropa İttifaqının bugünkü məkrli mövqeyi başa düşülmür. Bu təşkilat yenə də ikili standartlar prinsipinə "sadiqdir". Avropa İttifaqı Azərbaycana qarşı saxta məlumatlar əsasında ittihamlar səsləndirir, Azərbaycanın guya Ermənistana hücuma hazırlaşması ilə bağlı feyk xəbərlər tirajlamaqdan belə çəkinmir. Beləliklə, bu cür ikrah doğuran qərəzli yanaşmalarla öz nüfuzunu zərbə altında qoyur. 
Ən ibrətamiz məqamlardan biri isə budur ki, bütün dünya Ukrayna nümunəsində təxminən eyni reallığa Fransanın, Avropa İttifaqının tamam əks münasibətinə şahiddir. Belə ki, Fransa, Avropa İttifaqı bu gün Ukraynanın əsas müdafiəçilərindəndirlər və Ukraynanı ərazi bütövlüyünü təmin etməyə çalışdığına görə müdafiə edirlər. Azərbaycana isə ərazi bütövlüyünü təmin etdiyinə görə tamam başqa münasibət sərgilənir, ölkəmiz buna görə ən qərəzli şəkildə günahlandırılır. Bu mövqe tamamilə anlaşılmazdır və bunun islamofobiyadan başqa adı yoxdur. 
Torpaqlarımızı işğal altında saxlayan Ermənistan 30 il müddətində BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl qoymadı, Xocalı soyqırımını törətdi. İndi Azərbaycan suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən və Qarabağda separatizm yuvasını dağıtdıqdan sonra hücumlara məruz qalır. 
Görüşdə bir mühüm məqama da toxunuldu. Xarici, o cümlədən Almaniya mətbuatında Azərbaycan haqqında bilərəkdən mənfi təəssürat yaradan materiallarda  reallığa uyğun gəlməyən, böhtan xarakterli məlumatların olmasıdır. Görüşdə çox təəssüf hissi ilə vurğulandı ki, Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir. "Bu, tamamilə yalandır və mən bundan təəssüf hissi keçirirəm", - deyən Prezident İlham Əliyev bunun saxta, məkrli məlumat olduğunu  həmin yazıların müəlliflərinin özlərinin də yaxşı bildiyini qeyd etdi. Bu kampaniya qərəzlidir və ölkəmiz haqqında bilərəkdən mənfi təəssürat yaradılır. Hazırda ölkədə gedən quruculuq işlərinin, aparılan islahatların, xalqın rifahı naminə görülən tədbirlərin, reallaşdırılan layihələrin, bir sözlə, bütün sahələrdə olan uğurlu proseslərin hamı şahididir. 

 

Reallıq qəbul olunmalıdır

 

Almaniyanın Cənubi Qafqazdakı yeni tarixi reallıqlara neytral yanaşmasına rəğmən Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərarın Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvü tərəfindən verilməsini isə anlamaq çətindir. Almaniya Kansleri qərəzsizlik nümayiş etdirir, bəyanatları və fəaliyyəti bunu əks etdirir. Onun rəhbərlik etdiyi partiyanın üzvü isə AŞPA-da 2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı uzaqlaşdırmaq istəyir və bunu nümayişkaranə, həm də məqsədyönlü şəkildə edir. Əgər bizim öz mövqeyimizi bildirmək hüququmuz yoxdursa, nəyə görə orada olmalıyıq?! Qeyd edək ki, bu qərara görə bu il Azərbaycanın AŞPA-nı tərk etməsi mümkün ehtimaldır.  Prezident İlham Əliyev bildirdi ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik.
Bu gün Qərbin Azərbaycana münasibətdə sərgilədiyi davranışlar vaxtilə guya münaqişənin həllinə təşəbbüs göstərən dövlətlərin, əslində, ölkəmizə qarşı nə qədər qeyri-obyektiv mövqe tutduqlarını, illərlə onlara göstərilmiş ümidlərin hədər getdiyini, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün hərbdən başqa yolunun qalmadığını bir daha sübuta yetirir. Vaxtilə ATƏT-in Minsk qrupunda təmsil olunmuş Fransa, ABŞ və Rusiya Azərbaycanı öz yolundan döndərmək üçün illərlə müxtəlif alətlərdən istifadə etmişdilər. Sadə bir səbəbə görə ki, onlar Azərbaycanın öz torpaqlarını azad etməsini istəmirdilər. Rusiya artıq reallığı qəbul etsə də, ABŞ və Fransa hələ də inad edir. Halbuki bu ölkələr Cənubi Qafqazın aparıcı ölkəsi, ən böyük iqtisadiyyatına, ordusuna malik, geniş beynəlxalq əlaqələri olan Azərbaycanla işləmək yolunu tutmalıdırlar.
Almaniyanın son dövrlər göstərdiyi mövqe buna bir nümunədir. 

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video