02 Aprel 2024 13:37
1998
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının Baş katibini qəbul edib  YENİLƏNİB

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində böyük səylər göstərdiyini vurğulayan dövlətimizin başçısı 2020-ci ildə işğaldan azad edilmiş Şuşa şəhərinin “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunduğunu xatırlayaraq bu qərarın bütün İslam dünyasının Azərbaycana göstərdiyi böyük dəstəyin təzahürü olduğunu bildirdi və gələn ay Şuşada təntənəli tədbirlərin keçiriləcəyini məmnunluqla vurğuladı.

Məhəmməd Əbdülsalam Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhərin şeyxi, böyük imam Əhməd Ət-Tayyib həzrətlərinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Əhməd Ət-Tayyib həzrətlərinə çatdırmağı xahiş etdi.

Qonaq şeyx həzrətlərinin Prezident İlham Əliyevin sülhün bərqərar olması istiqamətində göstərdiyi səyləri yüksək dəyərləndirdiyini vurğuladı. O qeyd etdi ki, müharibədən çıxmış Azərbaycanın dövlət başçısının öz çıxışlarında sülhə çağırışları heyrətamizdir və təsadüfi deyil ki, Prezident İlham Əliyevin saxlanılan şəxslərin mübadiləsi və sülhün bərqərar olunması istiqamətində irəli sürdüyü təşəbbüsdən sonra Müsəlman Ağsaqqalları Şurası bəyanatla çıxış edib.

Dövlətimizin başçısı dedi ki, Azərbaycanın 28 ildən artıq müddətdə Ermənistanın işğalı və hərbi təcavüzü ilə üzləşməsinə baxmayaraq, məhz ölkəmiz 44 günlük Vətən müharibəsindən sonra Ermənistan ilə münasibətlərin normallaşdırılması və Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün sülh müqaviləsi təşəbbüsü ilə çıxış edib. Prezident İlham Əliyev işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın maddi-mədəniyyət nümunələrinin, həmçinin İslam dininə aid ibadət ocaqlarının dağıdıldığını, bu xüsusda həmin ərazilərimizdə olan 67 məsciddən 65-nin tamamilə darmadağın edildiyini vurğuladı. Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərini qeyd etdi.

COP28-də iqlim naminə dini pavilyon təşkil olunduğunu və 4000-dən çox insanın bu pavilyonu ziyarət etdiyini diqqətə çatdıran qonaq qeyd etdi ki, Əl-Əzhərin şeyxi, böyük imam Əhməd Ət-Tayyib həzrətlərinin birbaşa dəstəyi və onun Roma Papası ilə birgə əməkdaşlığı şəraitində COP28-də dünyanın 30-dan çox dini liderinin iştirakı ilə tədbir keçirilib və bu tədbirdə dini liderlər qlobal iqlim dəyişikliyinin qarşısının alınması istiqamətində “Vicdan çağırışı” adlı bəyanat imzalayıblar. O, COP29 çərçivəsində də ev sahibi olaraq Azərbaycanla əməkdaşlıq şəraitində belə bir tədbiri keçirmək niyyətində olduqlarını dedi.

Prezident İlham Əliyev dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində Azərbaycanın mühüm rol oynadığını vurğulayaraq, bu xüsusda Bakıda keçirilən mötəbər tədbirlərə toxundu. Dövlətimizin başçısı yaxın zamanda ICESCO, UNESCO və BMT-nin Sivilizasiyalar Alyansının dəstəyi ilə Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumunun yenidən keçiriləcəyini bildirdi. Prezident İlham Əliyev COP29 çərçivəsində də Azərbaycanın dinlərarası dialoqun təşviqinə dəstək verməyə, bunun bir nümunəsi kimi dünya dini liderlərinin görüşünün keçirilməsinə və bu sahədə əməkdaşlığa hazır olduğunu vurğuladı.

Söhbət zamanı İslam dünyasında məzhəblərarası dialoqun vacibliyinə toxunuldu, bu xüsusda Azərbaycanın nümunəsi uğurlu örnək kimi məmnunluqla qeyd olundu.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video