11 Iyun 2024 08:15
458
İQTİSADİYYAT
A- A+

Azərbaycan-Misir iqtisadi əlaqələri daha çox sahəni əhatə edəcək

 

Prezident İlham Əliyevin MƏR-ə rəsmi səfəri çərçivəsində müxtəlif istiqamətli 7 mühüm sənəd imzalandı

 

Azərbaycan-Misir iqtisadi əlaqələrinin inkişafı üçün böyük potensial mövcuddur. Atılan addımlar,  görülən işlər,  müəyyənləşdirilən vəzifələr  bu münasibətlərin qarşısında həm də  böyük perspektivlər açır. Azərbaycan və Misir Ərəb Respublikasının dövlət başçılarının qarşılıqlı səfərləri iqtisadi əməkdaşlığın inkişafına  daha da təkan verir. 
Bu baxımdan, Prezident İlham Əliyevin Misirə iyunun 8-dəki rəsmi səfəri ilə  əməkdaşlıq  yeni mərhələsinə qədəm qoydu. Hər iki dövlət başçısı mətbuata bəyanatlarında da vurğuladılar ki, bu səfər, ümumiyyətlə, ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir və yeni yollar  açacaq.
Xatırladaq ki, Prezidentimizin Misirə hələ 2007-ci il mayın 6-8-də reallaşan  səfəri bu ölkə ilə əlaqələrin inkişafına təkan vermişdi. O zaman iki ölkə  arasında iqtisadi əlaqələrin genişləndirilməsi, misirli iş adamlarının Azərbaycana sərmayə qoyulmasına cəlb edilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdı  və müxtəlif sahələri əhatə edən 12 sənəd imzalanmışdı.
Ötən il yanvarın 27-28-də Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin Azərbaycana səfəri də yaddaqalan oldu. Prezident İlham Əliyevlə geniş tərkibdə görüş başa çatdıqdan sonra iki ölkə arasında bir sıra sənədlər imzalandı.
Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında artıq 22 ildir Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiya fəaliyyət göstərir. Bu komissiyasının  işi  nəticəsində əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atılıb. Belə ki, indiyədək ölkələrimiz arasında 60-dan çox sənəd imzalanıb. Bu sənədlərə "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Misir Ərəb Respublikasının Su Ehtiyatları və Suvarma Nazirliyi arasında su ehtiyatlarının idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Ticarət və Sənaye Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu" da aiddir.
Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 10-dan çox şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Enerji sahəsində əməkdaşlığımız çoxşaxəlidir və bu əlaqələrin genişləndirilməsi üçün tədbirlər həyata keçirilir, SOCAR Misirin Dövlət Neft Şirkəti ilə əməkdaşlıq edir. Əlaqələrimiz turizm sahəsində də inkişaf edir və son illər Misirdən Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb. Eyni zamanda Azərbaycanla Misir arasında bir sıra mühüm sosial layihələr həyata keçirilir.
Bu il iyunun 8-də də Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin iştirakı ilə Azərbaycan-Misir sənədlərinin imzalanması mərasimi olub. O cümlədən iqtisadi əlaqələrin inkişafına xidmət edən sənədlər də xüsüsi önəm kəsb edir. "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Misir Ərəb Respublikasının Elektrik və Bərpaolunan Enerji Nazirliyi arasında elektrik və bərpaolunan enerji sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Misir Ərəb Respublikasının Sərmayə və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında 2024-2025-ci illər üzrə Birgə Fəaliyyət Planı"nın imzalanması əməkdaşlığın daha da  möhkəmləndiyini təsdiqləyir. Eləcə də "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu"nun, "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu"nun imzalanmsı  əlaqələrin daha da dərinləşdiyini göstərir.  "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun imzalanması ilə iqtisadi münasibətlər daha geniş sahələri əhatə etməyə başlayır. 
İmzalanma mərasimindən sonra Misir Prezidenti Əbdülfəttah əs-Sisi öz bəyanatında vurğulamışdır ki, aparılan danışıqlar ikitərəfli əlaqələrin müxtəlif sahələrdə möhkəmləndirilməsinə xidmət edir. Eyni zamanda qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparılıb. O cümlədən inşaat, nəqliyyat, əczaçılıq, neft və infrastruktur sahələrində mümkün əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin iki ölkə arasında birgə komissiyanın fəaliyyətinin və növbəti iclasının təşkilinin önəmi qeyd olunub. Tezliklə komissiyanın növbəti iclasının keçirilməsi qərara alınıb ki, iqtisadi-ticari sahədə əlaqələr  daha da inkişaf etsin.      
Dövlətimizin başçısı öz bəyanatında eyni zamanda yeni nəqliyyat dəhlizləri ilə əlaqədar fikir mübadiləsi apardıqlarını demişdir: "Həm "Şərq-Qərb", həm "Şimal-Cənub" nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Azərbaycan ərazisində bütün infrastruktur yaradılıb və beləliklə, nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar açılmaqdadır. Birgə hökumətlərarası komissiyanın növbəti iclası ilə bağlı nümayəndə heyətlərinin üzvləri bizə məlumat vermişlər. Komissiyanın sonuncu iclası iki il bundan əvvəl Azərbaycanda keçirilmişdir. Yəqin ki, komissiyanın növbəti iclası bu il keçiriləcək və prezidentlər tərəfindən verilmiş bütün göstərişlər, əminəm, ciddi müzakirə ediləcək və beləliklə, biz əməkdaşlıq istiqamətində növbəti önəmli addım atacağıq".
Azərbaycan-Misir əməkdaşlığının digər bir vacib aspekti də COP-la bağlıdır. Misirin beynəlxalq əməkdaşlıq naziri xanım Raniyə Əl Maşat bununla əlaqədar deyib: "Azərbaycanı COP29-a evsahibliyi etməsi münasibətilə təbrik edirik. Misir iki il əvvəl COP27-yə evsahibliyi edib. İqlim dəyişikliyi sahəsində bir çox əməkdaşlıq sahələri, - məsələn, iqlimlə bağlı fəaliyyət üçün beynəlxalq ictimaiyyətdən maliyyənin necə səfərbər olunması, - mövcuddur".  O, COP-a evsahibliyinin  mühüm əhəmiyyət kəsb etdiyini də bildirib: "Bu, əhəmiyyətli bir cəhətdir. Çünki bu, ekologiyanı çirkləndirməyən ölkələrin nə qədər maliyyəyə ehtiyac duyduqlarını, beynəlxalq əməkdaşlığın tələb olunduğunu nümayiş etdirmək imkanı yaradır ki, hamımız iqlimlə bağlı qlobal məqsədlərə cavab verə bilək. Misirdə bununla bağlı bir çox sahələrdə araşdırma aparılıb. Düşünürəm ki, bu, COP29 ilə davam edəcək. İkincisi, ölkə platformalarıdır. Ölkə platformaları - burada ölkə öhdəlikləri, iqlim fəaliyyəti ilə bağlı istədiklərini bildirir və sonra biz ölkələrimiz üçün prioritet olan layihələri həyata keçirə bilməkdən ötrü güzəştli maliyyəni səfərbər etməyə çalışırıq. Beləliklə, beynəlxalq maliyyə qurumları, çoxtərəfli inkişaf bankları ilə necə işləmək, məqsədlərimizə çata biləcəyimizə əmin olmaq üçün birlikdə necə çalışmalı olduğumuzu müəyyənləşdiririk. Biz COP29-da fəal iştirakımızı səbirsizliklə gözləyirik".
Bütün bu məqamlar bir daha göstərir ki, Azərbaycan-Misir münasibətləri indi artıq yeni inkişaf mərhələsinə qədəm qoyub və  hər iki xalqın milli maraqlarına cavab verir. 

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video