24 Aprel 2024 09:10
426
İDMAN
A- A+

Azərbaycan idmanının parlayan yeni ulduzu

 

16 yaşlı Fatimə Hüseynli kamandan oxatmada tarixi uğura imza atıb 

 

Azərbaycanın həmişə idman ənənələri olub və bu gün vətənimiz dünyada idman ölkəsi kimi tanınır. İdmançılarımızın mötəbər yarışlarda qazandığı qələbələr, eyni zamanda bədən tərbiyəsi və idmana dövlət tərəfindən göstərilən diqqət və qayğı müvafiq beynəlxalq  qurumlar tərəfindən də yüksək qiymətləndirilir.
Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin tədbirlərin birində dediyi kimi, ən əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda idmanın kütləviliyi təmin edilir, idmanla məşğul olmaq istəyən gənclərin sayı xeyli artır: "Biz buna görə görkəmli idmançılarımıza minnətdar olmalıyıq. Ümumiyyətlə, hesab edirəm ki, idman sahəsində görülən işlər gəncləri də həvəsləndirir. Azərbaycan gənclərinin idmana böyük maraq göstərməsi bizi sevindirir. Əlbəttə ki, görkəmli idmançılarımızın uğurları bizim idman şöhrətimizi daha da yüksəklərə qaldırır".
Son illər yüksəliş yolunda olan idman növlərindən biri də kamandan oxatmadır. Kamandan oxatma ilk dəfə 1904-cü il Yay Olimpiya Oyunlarında olimpiya proqramına salınıb, 1931-ci ildə isə bu idman növünün Beynəlxalq Federasiyası yaradılıb. 1993-cü ildə  bir sıra idman təşkilatlarının nümayəndələri, mütəxəssis və veteranları tərəfindən Azərbaycan Respublikası Kamandan Oxatma Federasiyası (AKOF) təsis edilib. 
Əslində, Azərbaycanda bu idman növü 1969-1970-ci illərdə inkişaf etməyə başlayıb. "Məhsul", "Spartak", "Lokomotiv" və digər idman cəmiyyətlərində kamandan oxatma bölmələri açılıb. Tanınmış idmançılarımız V.Maksimov, S.Yusifova, S.İsmayılova, N.Hüseynova, O.Saraykina və  E.Hacıyev müxtəlif  illərdə  SSRİ kuboku, ümumittifaq və beynəlxalq yarışların qalibi və mükafatçıları olmuşlar. Hazırda isə bu ənənəni Yaylagül Ramazanova, Əhməd Hüseynov, Svetlana Simonova və digər idmançılarımız  davam etdirirlər. Sevindirici haldır ki, son illər bu idman növündə daha bir istedadlı yeniyetmə - Fatimə Hüseynlinin ulduzu parlayır. Bu günlərdə o, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa Kuboku yarışında növbəti uğur qazanaraq gümüş medala sahiblənib. Qeyd edək ki, bu, indiyədək kamandan oxatma üzrə qitəmiqyaslı yarışda qazanılan ilk medaldır.
Yüksək nailiyyətlə Vətənə qayıdan Fatimə Hüseynli dünən redaksiyamızın qonağı olub. Cəmi beş ildir kamandan oxatma idman növü ilə məşğul olan Fatimə artıq beşqat Azərbaycan çempionudur. 11-ci sinif şagirdi bu il 1 saylı Uşaq-Gənclər İdman Liseyini bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsilini davam etdirmək niyyətindədir. 
 Fatimənin bu cür sürətlə uğur əldə etməyinin səbəbini soruşduqda dedi ki,  5 yaşından idman gimnastikası ilə məşğul olub. Dəfələrlə müxtəlif yaş qruplarında ölkə çempionatının qalibi və mükafatçısı olmuş idmançı həm də yeniyetmələr arasında milli komandanın heyətində beynəlxalq turnirlərdə iki gümüş və bir bürünc medala sahiblənib. Lakin 5 il öncə yarış zamanı zədələnən Fatimə gimnastika ilə məşğul ola bilməsə də, hazırda onun sevimli idman növü olan kamandan oxatmada yeni uğurlar qazanaraq çox perspektivli idmançı olduğunu sübuta yetirir.
2022-ci ilin əvvəlində Qazaxıstanın paytaxtı Astana şəhərində beynəlxalq Qran-pri turniri keçirilib. Mötəbər yarışda iştirak edən Fatimə vətənə 2 qızıl medalla qayıdıb. Bundan sonra Gürcüstanın Batumi şəhərində, növbəti il isə Tbilisidə ənənəvi beynəlxalq turnirlərdə bürünc medala yiyələnib.
2023-cü ildə Rusiyanın Çita şəhərində dünya çempionu, olimpiya mükafatçısı, ölkə federasiyasının prezidenti Vladimir Yeşeyevin şərəfinə keçirilən və 17 ölkənin idmançılarının mübarizə apardığı turnirdə Fatimə Hüseynli komanda yoldaşları Yaylagül Ramazanova və Svetlana Simonova ilə birgə bürünc medal qazanıb. 
Ötən il mayın 19-20-də Şağan Olimpiya İdman Kompleksində təşkil edilən və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan beynəlxalq turnirdə fərdi, qarışıq və komanda yarışlarında 3 qızıl medala layiq görülüb. 
Bu ili də idmançımız uğurla başlayıb. RF-nin Oryol şəhərində o, "Rus qışı - 2024" adlı  beynəlxalq yarışda komanda hesabında 3-cü yeri tutub.
Fatimənin dediyinə görə, rəfiqəsinin məsləhətilə məşqlərə qatıldığı bu idman növünün sirlərini ilk olaraq ona Natiq Fazilov öyrədib. Hazırda o, Natiq müəllimin və məşqçi Fuad Allahverdiyevin rəhbərliyi ilə ustalığını və peşəkarlığını artırır.
Milli komandanın baş məşqçisi Natiq Fazilov  Fatimə Hüseynlinin çox perspektivli idmançı olduğunu bildirir və onun yaxın  gələcəkdə Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında, digər beynəlxalq turnirlərdə böyük uğurlar qazanaraq Azərbaycanın bayrağını yüksəklərə qaldıracağına inanır.
Diqqət və qayğıya görə məşqçilərinə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə, habelə respublika Kamandan Oxatma Federasiyasının rəhbərliyinə təşəkkürünü bildirən Fatimə Hüseynlinin ən ümdə arzusu iyulda start götürəcək Paris-2024 Olimpiadasına lisenziya qazanaraq Olimpiya çempionu olub dövlətimizin himnini səsləndirmək, bayrağını yüksəltməkdir. Fransa paytaxtında  baş tutacaq Yay Olimpiya Oyunlarına vəsiqə əldə etmək üçün idmançımızı may və iyun aylarında iki sınaq gözləyir: Almaniyanın Essen şəhərində Avropa çempionatı və Antalyada lisenziya yarışı. Uğurlar, Fatimə!
 
Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video