17 Mart 2023 02:17
890
Elm və texnika
A- A+

Azərbaycan elmi Prezidentin müəyyənləşdirdiyi strategiya əsasında inkişaf edir

 

AMEA-nın ümumi yığıncağı keçirilib

 

"Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Prezident İlham Əliyevin elan etdiyi "Heydər Əliyev İli"ndə ölkəmizin ictimaiyyəti qarşısında hesabat verir. Akademiyanın bugünkü həqiqi və müxbir üzvlərinin mütləq əksəriyyəti Heydər Əliyev epoxasında böyük elmi mühitə vəsiqə almış elm adamlarından ibarətdir. 1945-ci ildə yaradılmış Milli Elmlər Akademiyası Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi tarixi mərhələlərdə özünün həqiqi inkişafına nail ola bilib. Müstəqillik dövründə görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan elmini cəmiyyətdə baş vermiş böhrandan xilas edib və bu elm ocağına Milli Elmlər Akademiyası statusu verib. 
Prezident İlham Əliyev elmimizin, o cümlədən akademiyanın inkişafı üçün mühüm qərarlar qəbul edib, əhəmiyyətli addımlar atıb. Cənab Prezidentin akademiyanın yubileylərində iştirakı və dərinməzmunlu nitqlə çıxış etməsi elm məbədimizin tarixinin unudulmaz səhifələrinə çevrilib".
Bu fikirləri martın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli söyləyib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və digər rəsmi şəxslərin iştirak etdiyi mərasimdə əvvəlcə elmi nailiyyətlər sərgisinə baxış olub. 

 

Prezidentin səsləndirdiyi çağırışlar həyata keçirilir

 

İclası AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb və giriş nitqi ilə çıxış edib. 
Akademik deyib ki, Prezidentin 28 iyul 2022-ci il tarixli fərmanına əsasən, Milli Elmlər Akademiyası yeni yaradılmış Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi tədqiqat institutları və ölkəmizin digər elmi qurumları ilə qarşılıqlı əlaqə və birgə əməkdaşlıq şəraitində öz işini davam etdirməkdədir.
AMEA-nın tabeliyində olan institutlarda və Rəyasət Heyətində struktur islahatlarının davam etdirildiyini deyən akademik İsa Həbibbəyli Ədəbiyyat, Folklor, Memarlıq və İncəsənət, Tarix, eləcə də Arxeologiya, Etnoqrafiya və Antropologiya institutlarındakı oxşar qurumların ləğv edildiyini, cəmiyyətin inkişafından doğan yeni şöbələrin yaradıldığını vurğulayıb. Həmçinin qeyd edib ki, AMEA-nın institutlarında baş direktor və icraçı direktor vəzifələri ləğv edilib. Direktorların seçki müddəti başa çatdıqdan sonra yeni rəhbər baş direktor və icraçı direktor kimi deyil, direktor kimi seçiləcək.
AMEA rəhbəri bildirib ki, dövlət başçısının Qərbi Azərbaycan İcması ilə görüşü zamanı səsləndirdiyi çağırışları həyata keçirmək məqsədilə Tarix, Folklor və Dilçilik institutlarında müvafiq elmi tədqiqat şöbələri yaradılıb, Rəyasət Heyəti səviyyəsində əlaqələndirmə şurası təsis edilib və şuranın ilk iclası keçirilib. Həmçinin akademiyanın Rəyasət Heyətinin aparatında yaradılmış "Elektron Akademiya" şöbəsinin təsis olunmuş yeni idarəetmə qurumlarından olduğunu bildirib və struktur islahatları istiqamətində müzakirələrin davam etdirildiyini diqqətə çatdırıb: "Prezident İlham Əliyev müstəqil Azərbaycanda bütün sahələrin milli prioritetlər əsasında inkişaf etdirilməsi strategiyasını müəyyən edib. Buna uyğun olaraq Azərbaycan elminin müstəqil ölkəmizin daha da inkişaf etdirilməsinə doğru istiqamətləndirilməsi sahəsində düşünülmüş addımlar atılıb. Elmi fəaliyyətin Prezident İlham Əliyevin müəyyən etdiyi milli prioritetlər və inkişaf strategiyasına uyğun şəkildə qurulmasına dair akademiyanın tarixində ilk dəfə olaraq Nizamnaməyə ayrıca maddə daxil edilib. Bu, sovet hakimiyyəti illərində SSRİ-nin hərbi sənaye kompleksinin inkişaf etdirilməsinə və sovet ideologiyasının təbliğ olunmasına doğru istiqamətləndirilmiş elmimizin xalqımızın milli maraqlarına və müstəqil dövlətçilik mənafeyinə uyğun şəkildə inkişaf etdirilməsinə hüquqi təminat verəcək",- deyə İ.Həbibbəyli əlavə edib.

 

"Heydər Əliyev Ensiklopediyası"nın hazırlanması üçün ilk addımlar atılıb

 

AMEA Prezidenti bildirib ki, akademiyanın tabeliyində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzində start verilmiş islahatlar burada seysmologiya üzrə yeni elmi nəslin hazırlanması məqsədilə doktorantura təhsilinin təsis edilməsinə doğru addımların atılmasına zərurət yaradıb. Bundan başqa, ölkəmizdə humanitar və ictimai elmlər sahəsində nəzəri problemlərin araşdırılıb davam etdirilməsi ilə bərabər, ədəbi-tarixi şəxsiyyətlərin, xalq qəhrəmanlarının, böyük hökmdarların və sərkərdələrin həyatı və fəaliyyətinin, xidmətlərinin tədqiq edilməsi sahəsində uzun illərdən bəri yaranmış boşluğu aradan qaldırmaq üçün zəruri tədbirlərin həyata keçirilməsinə dair müvafiq qərarlar qəbul olunub. Bu cəhətdən artıq "Heydər Əliyev Ensiklopediyası"nın hazırlanması üçün ilk addımlar atılıb. 
Azərbaycan elminin dünya elminin ümumi tərkib hissəsi olduğunu və buna görə də beynəlxalq elmi təşkilatlarla əlaqələr yaratmaq istiqamətində təşəbbüslərin göstərildiyini vurğulayan akademik diqqətə çatdırıb ki, artıq AMEA Beynəlxalq Dünya Elmlər Akademiyasının, Asiya Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının, Avrasiya Universitetlər Birliyinin səsvermə hüququna malik olan üzvü seçilib. 
Natiq onu da qeyd edib ki, son aylarda Türkiyə Elmlər Akademiyası, Türkiyə Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, Pakistanın və Özbəkistanın elm və ali təhsil qurumları ilə imzalanmış müqavilələr Milli Elmlər Akademiyasının dünya elminə inteqrasiyasına doğru atılmış yeni addımlardır. 
Akademiyada yeni elmi nəslin formalaşdırılması üçün tədbirlərin həyata keçirildiyini deyən AMEA rəhbəri gənc alimlərin elmi fəaliyyətlə daha səmərəli şəkildə məşğul olmalarını təmin etmək məqsədilə akademiya üzrə gənclər mükafatının təsis edildiyini söyləyib.
Akademik bildirib ki, Prezident İlham Əliyevin elm sahəsinə dair fərmanları və sərəncamlarından irəli gələn vəzifələr tam olaraq icra edilib. Azərbaycan alimləri 2022-ci ildə 
IV Sənaye İnqilabının əsas çağırışlarından olan süni intellektə dair tədqiqatların miqyasını bir qədər də genişləndiriblər. Əlamətdar cəhətlərdən biri də bundan ibarətdir ki, təbiət və dəqiq elmlərlə yanaşı, humanitar və ictimai elmlər sahəsində də süni intellektə həsr edilmiş tədqiqatlar aparılıb. 
İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan elmi ölkəmizin sosial iqtisadi inkişafı proseslərində daha çox və daha yaxından iştirak etməlidir. Qarabağa və Qərbi Azərbaycana Böyük qayıdış hərəkatlarına elmimiz daha çox töhfələr verməyə səfərbər olmalıdır. Elmimiz dünya elminə daha çox inteqrasiya etməli, bəşəri problemlərin araşdırılıb tədqiq olunmasına daha fəal şəkildə qoşulmalıdır. Beynəlxalq qrantlar və patentlər sahəsində də dönüşə nail olmalıyıq. "Biz Azərbaycan alimləri Nobel mükafatına gedən yolun dərslərini təhlil və müzakirə etməklə Azərbaycan elminin diqqətini dünya elminin prioritetlərinə doğru daha geniş şəkildə istiqamətləndirməyi planlaşdırırıq", - deyə akademik İsa Həbibbəyli bildirib. 
Akademik sonda qeyd edib ki, AMEA-nın ümumi yığıncağı ilk növbədə Azərbaycan elminin aktual problemlərini müzakirə edərək nəticələr çıxaracaq, elm sahəsində yaxın və uzaq gələcəyin vəzifələrini müəyyən edəcək.

 

"Şuşa ili" ilə əlaqədar 63 kitab çap edilib, 45-dən artıq tədbir keçirilib

 

Sonra AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən, akademik-katib Arif Həşimovun "AMEA-nın 2022-ci ilə dair elmi fəaliyyətinin əsas yekunları və qarşıda duran vəzifələr" mövzusunda məruzəsi dinlənilib.
Arif  Həşimov vurğulayıb ki, müasir dünyanın reallıqları şəraitində baş vermiş strateji problemlərin həlli sosial tədqiqatların rolunun əhəmiyyətli dərəcədə artırılmasını tələb edir. Hər il olduğu kimi, 2022-ci il də Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin inkişafı baxımından uğurlarla xarakterizə olunub. AMEA dövlət başçısı tərəfindən imzalanmış fərman, sərəncam və digər tapşırıqları öz fəaliyyətində rəhbər tutur, onları daim diqqət mərkəzində saxlayır.
Akademik-katib bildirib ki, AMEA-nın əməkdaşları tərəfindən 2022-ci ildə "Şuşa ili" ilə əlaqədar 63 kitab çap edilib, 45-dən artıq tədbir keçirilib. "Akademik Zərifə Əliyeva" gəmi-bərəsinin, "Akademik Xoşbəxt Yusifzadə" tankerinin istifadəyə verilməsi, AMEA-nın Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasının (AASSA) üzvlüyünə qəbul edilməsi, akademik Şahin Mustafayevin Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Vaqif Fərzəliyevin isə Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi, eləcə də "Elm" nəşriyyatının Avropa Elmi Redaktorlar Assosiasiyasının üzvlüyünə qəbulu hesabat dövrünün əlamətdar hadisələridir".

 

Ölkəmizdə "Vikipediya"nın inkişafında AMEA əməkdaşlarının böyük rolu var

 

Daha sonra AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri,  dosent Hüseyn Hüseynov akademiyada kadr hazırlığından danışıb. Akademiyada bu günədək magistratura pilləsi üzrə ümumi məzun sayının 377 nəfər olduğunu deyən H.Hüseynov həmin gənclərdən 179 nəfərin akademiyada qalaraq öz elmi fəaliyyətlərini davam etdirdiklərini diqqətə çatdırıb: "Bu göstərici məzunların təxminən 50 faizi deməkdir. Göründüyü kimi, akademiyada gəncləşmə siyasətində magistraturanın çox boyük rolu var".
Akademiyada bir sıra stimullaşdırıcı tədbirlərin həyata keçirildiyini söyləyən şöbə müdiri 2023-cü ilin yay mövsümündə azərbaycanlı gənc alim və mütəxəssislərin Türkiyəyə təcrübə keçməyə göndərilməsi üçün qarşı tərəflə razılığın əldə edildiyini diqqətə çatdırıb.
AMEA Rəyasət Heyəti aparatının "Elektron Akademiya" şöbəsinin müdiri  Fariz İmranov "AMEA-da elektron elmin inkişafı problemləri. Gələcəyə baxış" mövzusunda çıxış edib. 
Aparatın strukturunda daxili imkanlar hesabına Elmlər Akademiyaları sistemində ilk dəfə olaraq "Elektron Akademiya" şöbəsinin yaradıldığını xatırladan Fariz İmranov şöbənin "Vikipediya" elektron ensiklopediyasında fəaliyyətin, rəqəmsal elmi informasiya resurslarının işlənilməsinin dəstəklənməsi, elmmetrik araşdırmalar, elektron sənəd dövriyyəsinin təşkili və s. vəzifələrin icra edildiyini bildirib.
Ölkəmizdə "Vikipediya"nın inkişafında AMEA əməkdaşlarının böyük rolu olduğunu deyən şöbə müdiri akademiyada "Vikipediya" qruplarının fəaliyyətinin canlandırılması, təlimlərin bərpası üçün zəruri tədbirlərin görüldüyünü vurğulayıb. 
Daha sonra şöbə müdiri akademiyada elektron elmin inkişafına yönələn bir sıra təkliflərini səsləndirib. Təkliflər sırasında Azərbaycanın dahi şəxsiyyətləri, görkəmli alimlərinə həsr olunan "Qızıl fond"un yaradılması və fondda seçilmiş video və audio resursların, kitab, məqalə, məruzələrin toplanılması, əməkdaşların elektron məlumat-biblioqrafiya bazasının yaradılması və elmi nailiyyətlərinin, nəşrlərinin toplanılması, Elektron Elmi Məlumat Bazasının yaradılması və institutların fəaliyyətinin elmmetrik dəyərləndirmə məlumatlarının toplanılması, "İnstitut və KİV" bazasının yaradılması, KİV-də, sosial şəbəkələrdə institutların və onların əməkdaşlarının fəaliyyətini işıqlandıran materialların toplanılması, "Lüğətlər" bazasının yaradılması və digər zəruri məsələlər öz əksini tapıb. 

 

AMEA-ya daxil olan institutların akkreditasiyası aparılacaq

 

Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev altı ay ərzində elm sahəsində görülən və gələcəkdə görüləcək işlər barədə məlumat verib. Nazir bildirib ki, elmin qarşısında duran məqsədlər və alətlər müəyyənləşdirilməlidir: "Bəzən məqsədlər və alətlər qarışdırılır. Qarşıda həm elm adamlarının, həm məmurların, həm bu sahənin tənzimlənməsinə cəlb olunmuş şəxslərin birlikdə müzakirəsinə ehtiyac var. İstənilən sahədə planlaşdırma, maliyyələşdirmə, nəticələrə nəzarət və buna görə maliyyələşdirmənin elmə  gətirilməsi olmalıdır". 
E.Əmrullayev qeyd edib ki, elmin nəticələrinin ölçülməsi asan olmasa da,  müəyyən qədər ölçülməli və bu istiqamətdə irəli addımlar atılmalıdır.  O, vurğulayıb ki, son dövrlər Prezident İlham Əliyevin dəstəyi ilə əsaslı dəyişikliklərə nail olunub. "Məktəbə hazırlıq mərhələsi 90 faizə çatdırılıb. Müəllimlərin əməkhaqqı təxminən 3 dəfə artırılıb. Şagird-müəllim nisbətinin səmərəli yerə gəlib çatması ilə bağlı irəliyə doğru getmişik. Artıq müəllimlərin sertifikasiyası da həyata keçirilir", - deyə nazir əlavə edib. 
E.Əmrullayev bildirib ki, maliyyələşmə ortada iş olduğu halda mümkündür. Elmi işlərdə hələ də plagiat halları ortaya çıxırsa, bu halda elmin inkişafından danışmaq çətindir. Bu o deməkdir ki, elmin kifayət qədər etik problemləri də var. 
Daha sonra Ali Attestasiya Komissiyasinin sədri Famil Mustafayev çıxış edərək indiyədək verilən elmi dərəcələr barədə məlumat verib. O qeyd edib ki, növbəti mərhələdə AMEA-ya daxil olan institutların akkreditasiyası aparılacaq.  
Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov da biologiya və tibb elmləri sahəsi ilə bağlı çıxış edib. COVID-19 pandemiyasının tibb elminin fundamental elmlərlə sıx bağlılığını göstərdiyini qeyd edən komitə sədri bu sahələrlə birgə tədqiqatların vacibliyini vurğulayıb.  "Belə olmadığı halda gələcəkdə əhalini digər epidemiya və viruslardan qoruya bilməyəcəyik", - deyə əlavə edib.
AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Esmira Əlirzayeva AMEA-nın beynəlxalq elmi əməkdaşlıq sahəsində, "Elm" nəşriyyatının direktoru Səbuhi Qəhrəmanov nəşriyyat fəaliyyətinə dair məruzələrlə çıxış ediblər. Çıxışlardan sonra AMEA-nın ümumi yığıncağının qərar layihəsi səsləndirilib. 
Sonra AMEA-nın yeni Nizamnaməsi haqqında məsələ müzakirəyə çıxarılıb. Keçirilən açıq səsvermədə bu məqsədlə komissiyanın yeni sədri AMEA-nın I vitse-prezidenti Arif Həşimov seçilib. Komissiyanın tərkibinə akademiklər - Telman Əliyev, İsmayıl Hacıyev, Nazim Məmmədov, müxbir üzv Bəxtiyar Məmmədov, Habil Qurbanov, Ulduz Haşımova, Nazim Cəfərli, Hüseyn Hüseynov, Kamal Əliyev və Ağahüseyn Şükürov daxildir.
Sonda akademik İsa Həbibbəyli qeyd edib ki, AMEA-nın elmi bölmələrinin hansı prosesdən keçərək yaradılmasına dair Nizamnaməyə müddəa əlavə edilib. Onun sözlərinə görə, bundan sonra elmi bölmələr Prezident Administrasiyası ilə razılaşdırılması şərtilə Rəyasət Heyəti tərəfindən qəbul olunacaq və ümumi yığıncaqda təsdiqlənəcək.
Qeyd edilib ki, AMEA-nın yeni Nizamnaməsi təsdiq olunması üçün Prezidentə təqdim olunacaq.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video