16 Aprel 2024 09:00
387
Mədəniyyət
A- A+

Azərbaycan dünya mədəniyyətinə və incəsənətinə öz töhfəsini verir

 

Hər bir xalqın formalaşmasında, eyni zamanda özünəməxsusluğu ilə tanınmasında və dünyaya inteqrasiya olunmasında onun mədəniyyəti və incəsənəti mühüm rol oynayır. Azərbaycan bu baxımdan diqqətçəkən ölkələrdən biridir. 
Tarixinin müxtəlif dövrlərində yaranan mədəniyyət və incəsənət nümunələri öz zənginliyi ilə həmişə seçilib. Ancaq bu mənəvi sərvətin olması qədər, onun qorunması, inkişaf etdirilməsi də zəruridir. Çünki qayğı göstərilərək qorunmasa, unudular. İnkişaf olmayan yerdə isə durğunluq var. Bu mənada, son illər ölkəmizdə mədəniyyət və incəsənət sahəsində beynəlxalq aləmin diqqətini cəlb edən, Azərbaycan mədəniyyəti və incəsənətinin dünyaya inteqrasiyasında əhəmiyyətli yer tutan tədbirlərin həyata keçirilməsi təqdirəlayiqdir.
Sevindirici haldır ki, qədim zamanlardan zəngin mədəniyyəti, incəsənəti ilə tanınan Azərbaycan xalqı bəşəriyyətin mədəni irsinə öz töhfələrini verməkdədir. 
Diqqətə çatdıraq ki, dünyada hər bir xalq öz mədəni dəyərlərinə, mədəni irsinə sahib çıxmağa, təbliğ və inkişaf etdirməyə səy göstərir. İlin bir günü isə təqvimdə Ümumdünya İncəsənət Günüdür. Bu əlamətdar gün UNESCO Baş Konfransının Parisdə 2019-cu il noyabrın 12-27-də keçirilən 40-cı sessiyasında təsis olunub. Məqsəd incəsənətin inkişafını, yayılmasını və insanlara zövq yaşatmasını təşviq etməkdir.
UNESCO bayrağı altında qeyd edilən, təqvimdə yeni olan bu əlamətdar günün tarixi əslində daha uzundur. Belə ki, 1935-ci il aprelin 15-də rusiyalı rəssam, arxeoloq və yazıçı Nikolay Rerixin təşəbbüsü ilə Vaşinqtonda "Bədii, elmi müəssisə və tarixi abidələrin qorunması haqqında" müqavilənin ("Vaşinqton paktı" və ya "Rerix paktı" adlanır) imzalanması ilə bağlı idi. Lakin 15 Aprel Beynəlxalq Mədəniyyət Günü dünyada qeyri-rəsmi olaraq qeyd edilirdi.
Mədəni irsin qorunması ilə bağlı ilk beynəlxalq sənəd sayılan həmin paktı 20-yə yaxın ölkə imzalayıb. Sonradan bu sənədin bir sıra müddəaları BMT və UNESCO-nun mədəni irslə bağlı sənədlərində əksini tapıb və inkişaf etdirilib. Ötən əsrin 90-cı illərində Rusiyanın paytaxtı Moskvada yerləşən Beynəlxalq Rerix Mərkəzinin təşəbbüsü ilə yaradılan Beynəlxalq Mədəniyyətin Müdafiəsi Liqası tərəfindən 15 aprel beynəlxalq mədəniyyət günü kimi irəli sürülüb, Rusiya, İtaliya, İspaniya, Argentina, Meksika, Kuba və başqa ölkələrdə qeyri-rəsmi qeyd edilməyə başlanıb. Artıq bu tarix beynəlxalq mədəniyyət təqvimində öz yerini tutub.
Xatırladaq ki, zəngin mədəni irsə malik olan Azərbaycan dünyanın nüfuzlu qurumları, həmçinin ən böyük mədəniyyət təşkilatı olan UNESCO ilə sıx əməkdaşlıq edir. Ölkəmiz Birləşmiş Millətlər Təşkilatının (BMT) elm, təhsil və mədəniyyət sahəsində ixtisaslaşmış təşkilatı olan UNESCO-nun 1992-ci ildən üzvüdür. Bu təşkilatın müvafiq siyahılarında bir sıra maddi və qeyri-maddi mədəni irs nümunəmiz yer alıb.
Azərbaycan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) da ən fəal üzvlərindən biridir. Ötən il bu beynəlxalq təşkilatın təsis edilməsinin 30 illiyi ölkəmizdə təntənə ilə qeyd olundu, bir sıra yaddaqalan silsilə tədbirlər düzənləndi.
Qeyd edək ki, TÜRKSOY Azərbaycanla bağlı çoxsaylı birgə layihələr həyata keçirib. Təşkilatın "Türk dünyasının mədəniyyət paytaxtı" layihəsində 2016-cı ildə bu adı Şəki şəhəri daşıyıb. 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunub. "Türk dünyasının mədəniyyət paytaxtı" Şuşada bir sıra mədəniyyət tədbirləri təşkil edilib. Ötən il mayın 12-də Şuşa şəhərində Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı - 2023" ilinin rəsmi açılış mərasimi keçirilib.
Dünyaca məşhur incəsənət xadimləri uzun illərdir ki, davamlı olaraq ölkəmizdə həyata keçirilən beynəlxalq festivallarda, rəngarəng mədəni tədbirlərdə, maraqlı layihələrdə iştirak edirlər.
Bunlardan biri də Qarabağın Ermənistan tərəfindən işğalı ilə yarımçıq qalmış, 2020-ci ildə qazandığımız Böyük Zəfərimizdən sonra yenidən keçirilməyə başlanan "Xarıbülbül" Musiqi Festivalıdır. Şuşa şəhərinin evsahibliyi etdiyi bu beynəlxalq musiqi festivalına bir sıra ölkələrin musiqiçiləri qatılır. Ötən ilki VI "Xarıbülbül" Beynəlxalq Folklor Festivalında Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, həmçinin Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistan nümayəndələri  təmsil olundular.
Azərbaycanın mədəniyyət paytaxtı Şuşada düzənlənən Vaqif Poeziya Günləri də ənənəvi keçirilən mədəniyyət tədbirlərindən biridir.
2009-cu ildən ənənəvi təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalı gözəl ənənəyə çevrilən festivallardan biridir. Nüfuzu ildən-ilə artan bu beynalxalq tədbir hər il əsl musiqi bayramına çevrilir. Klassik musiqilərin təqdim edilməsi ilə bərabər, yeni istedadların aşkar edilməsində Qəbələ Beynəlxalq Musiqi Festivalının əhəmiyyəti böyükdür.
Daha bir ənənəvi tədbir - Üzeyir bəy Hacıbəyli Beynəlxalq Musiqi Festivalı da Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği baxımından diqqətəlayiqdir. Beynəlxalq festival çərçivəsində Azərbaycanın bir sıra yerlərində açıq havada və müxtəlif məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfranslar, ustad dərsləri və digər tədbirlər təşkil olunur. Üzeyir bəy Hacıbəyli Beynəlxalq Musiqi Festivalında yalnız ölkəmizin ifaçı və kollektivləri, mütəxəssisləri deyil, ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Sinqapur və digər ölkələrin tanınmış musiqiçiləri və kollektivləri də iştirak edirlər.
Hər il düzənlənən Şəki "İpək Yolu" Beynəlxalq Musiqi Festivalı  mühüm mədəni tədbirlərdən biri kimi Azərbaycan mədəniyyəti və incəsənəti tarixində xüsusi yer tutur. Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə ənənəvi olaraq təşkil edilən beynəlxalq festivalda Azərbaycanın, o cümlədən bir sıra ölkələrin tanınmış musiqi kollektivləri, istedadlı musiqiçiləri iştirak edirlər.
Bakı Caz Festivalı isə hər il musiqisevərlərin, xüsusilə caz həvəskarlarının maraqla gözlədikləri tədbirdir. Festival zəngin proqramı ilə cazsevərlərin zövqünü oxşayır.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video