30 Yanvar 2024 09:00
10497
İQTİSADİYYAT
A- A+

Azərbaycan daha işıqlı olur

 

Son 20 ildə ölkədə 71 yeni elektrik stansiyası istifadəyə verilib

 

Ölkəmizdə energetika sektorunun inkişafı prioritet təşkil edən sahələrdən biridir. Bunun nəticəsidir ki, yaxın keçmişdə elektrik enerjisi qıtlığı yaşayan Azərbaycanın artıq bütün şəhər və kəndləri nura boyanıb. Biz hətta dörd qonşu ölkəyə elektrik enerjisi ixrac edir və onun Avropaya da ixracını planlaşdırırıq. 
Hazırda bütün dünyada bərpaolunan enerji mənbələrindən istifadəyə xüsusi diqqət yönəldilib. Azərbaycanda da bu sahədə ardıcıl iş aparılır və artıq bir neçə layihə uğurla həyata keçirilir. Bununla belə, ənənəvi enerji də unudulmur.
İnfrastruktur layihələrinin icrası olaraq son dövrdə ölkənin ümumi elektrik enerjisi sisteminə daxil olan yeni elektrik stansiyaları tikilərək istifadəyə verilib, mövcud yarımstansiyalar yenidən qurulub və yeniləri inşa edilib. Hazırda ölkədə ümumi gücü 8 min MVt olan 93 elektrik stansiyası mövcuddur. Son 20 ildə Azərbaycanda ümumi gücü 4 min MVt olan 71 yeni elektrik stansiyası istismara verilib. 
Bu enerji obyektlərinin hər biri özünəməxsus mühüm əhəmiyyət daşıyır. Məsələn, 2020-ci il iyulun 25-də Mingəçevir şəhərində "Azərbaycan" İES-in əsaslı yenidənqurmadan sonra açılışı həyata keçirildi. Bu, ölkənin energetika sistemində görülən nəhəng işləri aydın xarakterizə edən bir hadisədir.
Təkcə bir faktı xatırlatmaq kifayətdir ki,  Azərbaycanda 2022-ci il fevralın 8-13-də - 6 gün ərzində 7 mühüm əhəmiyyətli elektrik enerjisi obyekti istifadəyə verilib. Şübhəsiz ki, cəmi 6 gündə enerji sahəsində belə bir uğur tək-tək ölkələrdə, həm də nadir hallarda qazanıla bilər.
Yenidən qurulan  enerji obyektlərindən biri  dövlətlərarası strateji əhəmiyyətə malik 330/220/110/10 kilovoltluq "Yaşma" qovşaq yarımstansiyasıdır. Bu enerji obyekti "Sumqayıt", "Qobu", "Xaçmaz" elektrik stansiyaları ilə birbaşa, "Azərbaycan" İstilik- Elektrik Stansiyası və "Cənub" Elektrik Stansiyası ilə "Abşeron" yarımstansiyası vasitəsilə əlaqələndirildiyindən üzərinə çox mühüm strateji funksiya götürür. 
Eləcə də iki enerji obyektindən ibarət "Qobu" Enerji Qovşağı - yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq "Qobu" yarımstansiyası və 385 meqavatlıq "Qobu" Elektrik Stansiyası mühüm funksiyaya malikdir.
2020-ci ilin avqustunda təməli qoyulan bu enerji qurğuları rekord müddətdə tikilib. Azərbaycan energetikası tarixində ilk dəfə istilik-elektrik stansiyasını xarici institutlar deyil, "Azərenerji" ASC-nin Layihə-Axtarış Energetika İnstitutu layihələndirib və tikintini də yerli şirkət həyata keçirib. Qeyd edək ki, burada tikilən yarımstansiya Bakıda inşa olunan ilk 330 kilovoltluq yarımstansiyadır.
"Qobu" Enerji Qovşağı ölkəmizdə, xüsusilə Bakıda və Abşeron yarımadasında elektrik enerjisinə sürətlə artan tələbatı ödəmək, paytaxtın və yarımadanın regionlardakı elektrik stansiyalarından asılılığını azaltmaq, elektrik enerjisi ilə təchizatın dayanıqlılığını və etibarlılığını maksimum səviyyəyə çatdırmaq, texniki itkiləri azaltmaq, sistem qəzası təhlükəsini minimuma endirmək baxımından olduqca əhəmiyyətlidir. Bakıda və Abşeron yarımadasında tənzimləyici generasiya gücü funksiyasını üzərinə götürərək 500 kilovoltluq "Abşeron" yarımstansiyasının əvəzedicisi funksiyasını daşımaq, paytaxtın 330 kilovoltluq dairəvi elektrik təchizat sistemini yaratmaq və digər amillər onun önəmini daha da artırır. Təqdirəlayiq haldır ki, sözügedən 6 gün ərzində açılan yeni enerji obyektlərinin üçü işğaldan azad edilmiş ərazidə, biri isə onun qonşuluğunda yerləşir.  
İşğaldan azad edilmiş ərazilərdən söz düşmüşkən: təkcə 2023-cü ildə Qarabağ və Şərqi Zəngəzurda "Azərenerji" tərəfindən 12 yarımstansiya və su- elektrik stansiyası istifadəyə verilib.  Bunlardan biri 330 kilovoltluq "Cəbrayıl" qovşaq yarımstansiyasıdır. Həmçinin "yaşıl enerji" strategiyasına uyğun olaraq il ərzində Kəlbəcər rayonunda "Çıraq-1", "Çıraq-2", "Qamışlı", "Soyuqbulaq" və "Meydan", eləcə də Laçın rayonunda "Mişni" və "Alxaslı" kiçik su-elektrik stansiyaları yenidən qurularaq istismara buraxılıb. 
 Laçında yeni tikilən 110 kilovoltluq "Qorçu" yarımstansiyasının və "Laçın" şəhər qovşaq yarımstansiyasının açılışı həyata keçirilib. Bununla yanaşı, Zəngilanda yeni tikilən 10,5 meqavat gücündə "Cahangirbəyli" su-elektrik stansiyası açılıb. Dekabr ayında 110 kilovoltluq "Ağdam" qovşaq yarımstansiyasının açılışı həyata keçirilib. Ən yaddaqalan hadisələrindən biri isə 19-20 sentyabr lokal xarakterli antiterror tədbirlərindən sonra Xankəndi və digər ərazilərin Azərbaycanın enerji sisteminə qoşulması olub.
İşğaldan azad edilmiş ərazilərdə il ərzində "Azərenerji"nin 9 elektrik stansiyasının tikintisinə başlanılıb. Bununla yanaşı, hazırda Qarabağ və Şərqi Zəngəzurda ekoloji cəhətdən təmiz "yaşıl enerji" istehsal edəcək 3 su-elektrik stansiyasının tikintisi davam edir. Artıq bir neçə stansiyanın tikintisi başa çatdırılıb. Bütövlükdə 2024-cü ildə işğaldan azad edilmiş ərazilərdə 12 stansiyanın istismara verilməsi nəzərdə tutulub.
Ölkənin tikilməkdə olan ən böyük enerji obyekti isə Mingəçevirdədir. Hazırda bu şəhərdə yerləşən "Azərbaycan" İstilik-Elektrik Stansiyasının ərazisində müstəqillik dövründə tikilən ən böyük elektrik stansiyasının inşası davam edir. 1280 meqavatlıq yeni elektrik stansiyasının təməli cari ilin fevral ayında qoyulub. "Azərenerji" ASC-nin məlumatına görə, tikinti işlərini Azərbaycanın ixtisaslaşmış yerli şirkətləri həyata keçirir. Stansiyanın tikintisinə İtalyanın "AFRY" məsləhətçi şirkəti və İspaniyanın "İDOM" layihələndirmə şirkəti nəzarət edir.
İşlər qrafiki qabaqlayır. Yeni elektrik stansiyası və "Azərbaycan" İES-in mövcud 7 və 8-ci bloklarının əlaqələndirilməsi nəticəsində ümumi güc 1880 meqavat olacaq. Bununla da faydalı iş əmsalı 18 faiz artırılaraq 56 faizə çatdırılacaq. Başqa sözlə, yeni elektrik stansiyasının qaz turbinlərində bir dəfə işlənmiş qaz utilizasiya yolu ilə suyu buxara çevirəcək və "Azərbaycan" İES-in 7 və 8-ci bloklarının buxar turbinlərində əlavə qaz işlədilmədən enerji almağa imkan verəcək. Əlaqələndirmə nəticəsində ildə 800 milyon kubmetr qaza qənaət olunacaq.
Yeni elekrik stansiya və yarımstansiyalarının tikilməsi əlavə generasiya güclərinin yaradılması, enerjiyə artan tələbatın qarşılanması, ixrac imkanlarının artırılması, elektrik enerjisinin istehsalında təbii qaza qənaət edilməsi və ölkədə yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyətə malikdir.

Flora SADIQLI,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video