03 Fevral 2024 09:00
9276
SİYASƏT
A- A+

"Azadlığ"ın Azərbaycan qərəzi və yalan mərəzi

 

Dünya erməniliyinin əsas ruporuna çevrilən bu radiostansiya ölkəmizdən Xankəndi Zəfərinin intiqamını alır

 

Ötən il Xankəndidə Azərbaycan bayrağı dalğalandıqdan sonra ölkəmizə qarşı antiazərbaycançı şəbəkənin təxribatları daha da artıb. Öz gücünə suverenliyini, ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycana qarşı çirkin vasitələrlə təsir göstərmək istəyən korrupsiyalaşmış bəzi beynəlxalq təşkilatlar indi də iyrənc əməllərinə media resurslarını qoşublar. 
Bütün dövrlərdə erməni lobbisinin maraqlarına xidmət edən "Azadlıq" radiosu bu gün də feyk informasiyaları paylaşmaqla Azərbaycanın qazandığı qələbəni, nüfuzunu həm beynəlxalq ictimaiyyətdə, həm də müxtəlif ölkələrin cəmiyyətlərində ləkələməyə çalışır. Azərbaycan xalqı yaxşı xatırlayır ki, bu radiostansiya 44 günlük Vətən müharibəsi dönəmində də, şanlı Zəfərimizdə də, lokal antiterror tədbirlərində də ölkəmizi ittiham etməklə məşğul idi.
Ümumiyyətlə, müəyyən xarici qüvvələrin Azərbaycanın inkişafına qısqanclıqla yanaşması yeni məsələ deyil. Bu dairələr, daha dəqiq desək, xaricdəki antiazərbaycançı şəbəkə hər zaman ölkəmizin imicinə zərbə vurmağa çalışıb. Onların ağ yalanlarını, iftira dolu ittihamlarını çox eşitmişik. Amma özləri də yaxşı bilirlər ki, bütün cəhdləri bumeranq effekti verib.   

 

"Azadlıq"Azərbaycana qarşı səlib yürüşünün yenə də  önündədir

 

Azərbaycanda baş verən hər hansısa müsbət hadisəyə, keçirilən mühüm tədbirin əhəmiyyətinə, ölkəmizin qazandığı hansısa uğura kölgə salmağa çalışan "Azadlıq" radiosu yenə də öz ampluasındadır. Çünki Azərbaycan tarixi proses ərəfəsindədir, ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcək. Əlbəttə ki, seçkiöncəsi vəziyyətlə bağlı radioya iftira dolu məlumatların yayılması üçün xüsusi "tapşırıq" verilib.
Əslində, Azərbaycanın haqq səsini "təcavüz" sayan, Şuşada, Xankəndidə bayrağımızın dalğalanmasına etiraz edən bu "media orqanı"ndan ölkəmizlə bağlı normal xəbər gözləmək də sadəlövhlük olardı. Lakin bu "media resursu" və onun ermənipərəst havadarlarının yalan məkrləri artıq əndazəni aşır. 
Gəlin bu "media orqanı"nın apardığı "iqtisadi araşdırmalar"a, keçirdiyi "rəy sorğuları"na diqqət edək. Radio Cənubi Qafqaz ölkələrində büdcə xərclərinin vəziyyətinə dair yaydığı məlumatda iddia edir ki, guya Azərbaycan bölgə ölkələri içərisində adambaşına düşən büdcə xərclərinə görə sonuncudur. İddia edilir ki, 2024-cü ildə Cənubi Qafqaz ölkələrində adambaşına düşən büdcə xərcləri - Ermənistanda 2650, Gürcüstanda 2453, Azərbaycanda isə 2130 dollardır. 2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin xərcləri 21,6 milyard, Gürcüstanda büdcə xərcləri 9,1 milyard, Ermənistanda isə 7,9 milyard dollar olması proqnozlaşdırılır. Ancaq adambaşına düşən büdcə xərclərində Azərbaycan 3-cü yerdədir.
Büdcə xərclərinin hər nəfərə düşən həcmi, həmin xərclərin sosial yükü və digər məqamları uzlaşdırmağa çalışaq. 
2024-cü ildə Ermənistanın dövlət büdcəsinin gəlirləri 2 trilyon 566 milyard dram (6,7 milyard dollar), xərcləri isə 3 trilyon 17 milyard (7,8 milyard dollar) proqnozlaşdırılıb. Yəni bir nəfərə düşən gəlirlər (3 milyon nəfər əhali üzrə) 2,2 min, xərclər 2,6 min dollara yaxındır. Ermənistanda büdcədə adambaşına düşən gəlir və xərcləri arasındakı 400 dollar fərq var və həmin vəsait yerli milli məhsul deyil, xarici ianə və yardım, borcdur. Digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanda 2024-cü il üzrə proqnozlaşdırılan büdcənin gəlir və xərcləri 24,5 milyard lari təşkil edəcək.
Gürcü larisinin 0,36 - 0,37 dollara bərabər olduğunu nəzərə alsaq, bu dollar ilə ekvivalentində təxminən 8,5 milyard dollar deməkdir. Yəni "Azadlıq" radiosunun iddia etdiyi kimi, 9,1 milyard dollar deyil. Əhalisinin sayı 3,9 milyon nəfərə yaxın olan Gürcüstanda adambaşına düşən büdcə xərci isə 2160-2170 dollar təşkil edir. Demək, "2435 dollar" rəqəmi də saxtadır.  
Azərbaycanda 2024-cü ilin dövlət büdcəsinin xərcləri 36,8 milyard manata və ya 21,7 milyard dollara bərabərdir. Adambaşına düşən büdcə xərcləri isə 2165-2170 dollar təşkil edir. Yəni hər nəfərə düşən büdcə xərcləri Gürcüstandakından az deyil. 2024-cü il üzrə Cənubi Qafqaz ölkələrinin birlikdə büdcə xərcləri 38 milyard dollar təşkil edir ki, onun 22 milyard dolları və ya 60 faizi Azərbaycanın, qalan 40 faizi digər 2 ölkənin payına düşür. Bu bölgədəki iqtisadi-fiskal mənbələrin əsas mərkəzi kimi Azərbaycanın xüsusi üstün paya malik olduğunu göstərir. Azərbaycan həm büdcə xərclərinin ümumi həcminə, həm də adambaşına düşən məbləğinə görə, Ermənistan və Gürcüstandan irəlidədir.
Ümumiyyətlə, hər kəsə bəllidir ki, Ermənistanda vəziyyət acınacaqlıdır. Əhalisi kütləvi şəkildə ölkəni tərk edən, səfalətə sürüklənən və sosial-iqtisadi cəhətdən bölgənin ən ağır durumda olan ölkəsi sayılan Ermənistanın, eləcə də bütün göstəricilərə görə  Azərbaycandan çox geridə olan Gürcüstanın hansısa məsələdə öndə olmasını iddia etmək, sadəcə, gülüş doğurur. 
Bütün bunları biz demirik, beynəlxalq reytinq təşkilatlarının hazırladıqları illik hesabatlarda öz əksini tapır. Həmin hesabatlarda Azərbaycan ən islahatçı ölkə kimi ilk onluqda yer alır. Guya "Azadlıq" radiosu və onun tapşırıq verən havadarları bunu bilmirlər?! Əlbəttə ki, yaxşı bilirlər, sadəcə olaraq, faktları dəyişməklə Azərbaycana qara yaxmaq, uğurlarına kölgə salmaq naminə uydurmalar yayırlar. 

 

Məqsəd yalnız Zəfərimizə kölgə salmaqdır

 

Yaxşı xatırlayırıq. 2023-cü ildə Xankəndidə Azərbaycan Prezidentinin hərbi paradı qəbul etməsi, ölkəmizdə Zəfər Gününün və üçrəngli dövlət bayrağı gününün qeyd olunması ərəfəsində "Azadlıq" radiosu ABŞ-nin agentura şəbəkəsi kimi USAID-in sifarişlərini yerinə yetirərək Azərbaycanın qələbəsinə kölgə salan süjeti yayımlamışdı. 
Süjetdə belə bir fikir geniş yayıldı ki, sanki Azərbaycanın qələbəsi kiçik bir hadisədir. Torpaq uğrunda şəhid olan, sağlamlığını itirən şəxslərə, onların ailələrinə münasibət biganədir. Digər tərəfdən, süjetdə işğaldan azad olunan ərazilərdə aparılan abadlıq, quruculuq, yenidənqurma işləri də şübhə altına alınırdı.
Amma təkcə Azərbaycan xalqı deyil, bütün dünya şahiddir ki, ölkəmizdə hər zaman şəhidlərə yüksək ehtiram, onların ailə üzvlərinə, qazilərə xüsusi diqqət və qayğı göstərilib. Bu təbəqəyə aid insanların bütün ehtiyacları ödənilib və proses bu gün də davam edir. Azərbaycan haqlı zəfərindən, ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdikdən sonra isə Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş tikinti-quruculuq işləri həyata keçirir. Böyük qayıdış proqramına uyğun olaraq ermənilər tərəfindən 30 il öz yurdundan didərgin salınmış soydaşlarımız doğma el-obalarına geri dönürlər. Ermənilərin daşı-daş üstündə qoymadıqları, viranəyə çevirdikləri ərazilərimizdə həyat yenidən qaynayır. Dünya buna şahidlik edir. 

 

Səfalət, korrupsiya girdabında boğulan Ermənistan Azərbaycandan necə üstün tutula bilər?!

 

Amma görün "Azadlıq" radiosu Böyük qayıdış planına əsasən Füzuli şəhərinə köçürülmüş sakinlərlə bağlı necə "reportaj" təqdim edir. Radionun veb-səhifəsində dərc edilmiş materialın qeyri-peşəkar hazırlandığı onun ilk cümləsindən - başlığından görünür. "Füzuliyə köç kimlərin köçüdür? Onları Qarabağa niyə aparmırlar?" başlığı uyğun olmayan ifadədir. Füzuli özü Qarabağ iqtisadi regionuna daxil olan 8 inzibati rayondan biridir. Onda "Füzuliyə gedənlərin Qarabağa aparılmaması" ifadəsinin nə məna daşıdığı qeyri-müəyyəndir. Belə anlaşılmazlıqlar məqalə boyu davam edir. Bütövlükdə məzmun qeyri-obyektiv, qərəzli və qeyri-peşəkar tərtibatdan ibarətdir. Reportajı izləyərkən bəlli olur ki, müəllif Birinci Qarabağ müharibəsi dövründə Bakının müxtəlif hissələrində məskunlaşmış məcburi köçkün ailələrinin yenicə bərpa olunan Füzuli şəhərinə qayıdışından bəhs edir. Qeyd edilir ki, Füzuli şəhərində indiyədək 258 ailənin, yəni 928 nəfərin daimi məskunlaşması təmin edilib. Digər ailələr isə hələ də "çətin həyat sürərək gözləyirlər". Nəticə budur ki, Füzulidən məcburi köçkün düşmüş, Bakıda məskunlaşmış və indi geriyə köç növbəsini gözləyən sakinlərin durumu "Azadlıq" radiosunun əməkdaşını "rahatsız edirmiş".
Bu radiostansiyanın qarayaxma kampaniyasından biri də "Korrupsiya Qavrama İndeksi" ilə bağlı olurdu. Hazırlanan uydurma süjetlərdə iddia edilirdi ki, guya Ermənistan bu prosesdə Azərbaycandan "üstündür". Ancaq diqqət etsək görərik ki, radio son dönəmlərdə bu istiqamətdə Ermənistanla bağlı heç bir müqayisə aparmır. Səbəb bəllidir. "Azadlıq" radiosu iddia edirdi ki, 2018-ci ildə Hayastanda hakimiyyət dəyişikliyindən sonra ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparılacaq və bu ölkənin göstəriciləri aşağı düşəcək. Ancaq diqqət etsək görərik ki, Hayastanda korrupsiya erməni xalqının həyatını məhv etməkdədir. Beynəlxalq təşkilatların məğlub ölkədə korrupsiya faktları ilə bağlı hesabatında bildirilir ki, Ermənistanda korrupsiya halları ötən 6 ildə azalmayıb, əksinə, artıb. Bu xoşagəlməz halla bağlı "mübarizə tədbirləri" hələ də kağız üzərindən əməli işə keçməyib. "Transparency International" antikorrupsiya mərkəzinin proqramların rəhbəri Varujan Oktanyan bildirib ki, 2023-cü ildə Hayastanda korrupsiyanın qəbulu indeksi 47 olub ki, bu da 2022-ci illə müqayisədə bir bənd çoxdur.  
Beləliklə, əgər göstərici 50-dən aşağıdırsa, deməli, korrupsiya dövlət üçün ciddi problemdir, əvvəlki dövrdəki qədər pis olmasa da, bir qədər də pisləşib. Bu xüsusda son günlər erməni mediasında kifayət qədər maraqlı məlumatlar yer alır və indiki baş nazir Nikol Paşinyanın əməllərinə xüsusi diqqət yetirilir. Məsələn,  qeyd olunur ki, 6 il bundan əvvəl heç nəyi olmayan Nikol Paşinyan və ailəsi ötən müddət ərzində Hayastanda ən varlı insanlara çevriliblər. Postmüharibə dövründə əhalinin gəlirlərinin azalmasına, iş yerlərində ixtisarlara və müəssisələrin bağlanmasına baxmayaraq, bu, baş nazirin rifahına təsir etməyib. 
Azərbaycanda isə son illər  ərzində  korrupsiyaya qarşı mübarizə istiqamətində bir sıra mühüm addımlar atılıb, xüsusən antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və mövcud beynəlxalq konvensiyaların müddəalarına uyğunlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bu nailiyyətlər siyasi rəhbərlik səviyyəsində korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və davamlı siyasətin real nəticəsidir. 
Bu, real göstəricilərdir və faktlarla təsdiqlənir. Belə olan halda "Azadlıq" radisosunun hazırladığı süjetlərin hansı məqsədlərə xidmət etdiyi açıq-aydın görünür. 

 

Heç bir sosioloji normaya uyğun olmayan "sorğular"

 

Son iki ayda isə "Azadlıq" radiosu Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı uydurma, iftira dolu məlumatlar yayır, heç bir sosioloji normalara uyğun olmayan "sorğular" keçirir və yalnız feyk məlumatlarla ölkəmizə qarşı qərəz yağdırır. 
Əlbəttə ki, radionun bu qanunazidd və bütün beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş prinsiplərə uyğun olmayan, Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş qərəzli fəaliyyəti ölkə ictimaiyyəti tərəfindən haqlı narazılıqla qarşılanır.
Gəlin bu radionun əməkdaşlarının küçələrdə keçirdikləri lazımsız sorğulara diqqət edək. Alınmış xüsusi "tapşırıq"la yalnız özlərinin tanışları, yaxınları arasında guya sorğu keçirirlər. Sorğuda iştirak edən 5-10 nəfər tanışlarını Bakı sakinləri kimi təqdim edirlər. Həmin şəxslərə fevralın 7-də ölkəmizdə keçiriləcək seçkilərdə prezidentliyə namizədlər haqqında və hansı namizədə səs verəcəkləri ilə bağlı suallar verirlər. "Respondentlər" də onların istəyinə uyğun gülməli cavablar səsləndirirlər. Çünki elə gülməli "sorğu" keçirirlər ki, bu gün ölkəmizdəki ən radikal müxalifət partiyasının qərargahında o sorğu keçirilsə, həmin nəticə alınmaz. Azərbaycanda reytinq göstəricilərini ölkə ictimaiyyəti yaxşı bilir. Beynəlxalq sosioloji sorğu mərkəzləri də bu barədə mütəmadi məlumatlar yayırlar. "Azadlıq" radiosunun "sorğu" şousuna heç kimin ehtiyacı yoxdur.    
Əlbəttə ki, bu süjetlərə baxan hər kəsə aydın olur ki, "sorğular" birmənalı şəkildə sifariş əsasında hazırlanıb. Çünki ölkə ictimaiyyəti yaxşı bilir ki, 7 fevral seçkisi tariximizdə ilk dəfə bütöv Azərbaycanda keçiriləcək. Bu seçki Zəfər seçkisi adlandırılıb. Bunu "Azadlıq" radiosu və onun erməni havadarları da yaxşı anlayırlar. Təəssüf ki, yenə də cəmiyyətə feyk məlumat ötürmək, Azərbaycana qarşı informasiya təxribatı həyata keçirmək üçün məkrli planlar qurub çirkin oyunlara əl atırlar. Amma unudurlar ki, Azərbaycan artıq ötən əsrin 90-cı illərinin Azərbaycanı deyil. İndi istənilən hücumun, təxribatın, şər-böhtanın qarşısında tarixinin ən qüdrətli Azərbaycanı dayanır. Kimsə bu ölkə ilə təhdid, diktə dilində danışa bilməz. 
Müstəqil siyasət yürüdən xalqların azadlığına qənim olan "Azadlıq" radiostansiyası bu reallıqdan nəticə çıxarmalıdır...

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video