09 Dekabr 2022 02:01
286
SİYASƏT
A- A+

Avrasiyanın enerji deposu

 

Azərbaycan dünya qaz bazarında əsas ixracatçılardan birinə çevrilir

 

Əlverişli coğrafi mövqedə və ən mühümü iki qitənin qovuşuğunda yerləşməsi tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycana yeni-yeni əlaqələrin qurulması prosesində mühüm rol oynamaq imkanı verir.  
Zəngin təbii sərvətlərə və enerji ehtiyatlarına malik olan Azərbaycan bu gün artıq özünü qlobal əhəmiyyətli enerji layihələrinin müəllifi kimi tanıdıb, coğrafi üstünlüyündən faydalanaraq Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat qovşağı və logistik mərkəzə çevrilib. Ölkənin əlverişli geostrateji mövqeyi keçən 20 ilə yaxın dövr ərzində irimiqyaslı layihələrin həyata keçirilməsinə, nəqliyyat-kommunikasiya infrastrukturunun müasir tələblərə cavab verən səviyyəyə çatmasına imkan vermişdir.
Azərbaycanın təşəbbüskarı və birbaşa iştirakçısı olduğu regional və qlobal enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi enerji və yük daşımaları sahəsində səmərəliliyi artırmaqla yanaşı, bütövlükdə regionun inkişafına müsbət töhfə verməkdədir.

 

Cənubi Qafqazın təhlükəsizlik zəmanəti

 

Hazırda dünyanın geosiyasi və iqtisadi gündəminin əsas mövzularından birini təşkil edən Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan əsas açar rolunu oynayan dövlətlərdən biri kimi qəbul olunmaqdadır. Çünki Azərbaycanın iştirakı olmadan bölgədə və geniş mənada yerləşdiyimiz qitədə enerji təhlükəsizliyi məsələləri tam şəkildə həll oluna bilməz. Bunu tək ölkəmiz deyil, tərəfdaşlıq etdiyimiz böyük dövlətlər də qəbul edir. 
Azərbaycanın qitədə enerji təhlükəsizliyinin təminatında mühüm rol oynaması ölkə sərhədlərindən kənarda, özü də ən yüksək səviyyələrdə etiraf olunmaqdadır. Bütün bunlar, əlbəttə ki, Prezident İlham Əliyevin müstəqil siyasətinin və uğurlu xarici diplomatiyasının real təzahürüdür.
Dünyanın aparıcı dövlətləri və təşkilatlarının Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik zəmanəti adlandırması əbəs yerə deyil. Çünki Azərbaycan Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu artıq həyata keçirdiyi qlobalmiqyaslı layihələrlə də təsdiqləyib. 
Bu ilin iyul ayında Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumunun imzalanması da bunu təsdiqləyən reallıqdır. Azərbaycan bununla  "köhnə qitə"nin əsas qaz ixracatçısına çevrilib. 
Əlbəttə ki, bunun üçün Azərbaycanın yetərincə potensialı var. Noyabrın 25-də Bakıda, ADA Universitetində "Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfransda İlham Əliyev ölkəmizin qaz ehtiyatlarını belə dəyərləndirib: "Bunun üçün potensial mövcuddur. Çünki birincisi, bizim gələcək illərdə istismara verməyi planlaşdırdığımız yeni qaz yataqları var. Mən "Abşeron"u qeyd etdim. "Ümid" və "Babək" yataqlarını qeyd edə bilərəm. "Asiman"ı, "Şəfəq"i və bir çox başqalarını qeyd edə bilərəm. İkincisi, bizim enerji şirkətimiz olan SOCAR-da ciddi islahatlar aparılıb. Yeni korporativ rəhbərlik, şəffaflıq və səmərəlilik bizə əlavə qaz tutumlarına qənaət etməyə imkan verəcək". 

 

Yeni rekordlara imza atan ölkə

 

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarmaqla yanaşı, regional və beynəlxalq miqyasda nüfuzunu da artırıb. Hazırda dünyanın geosiyasi və iqtisadi gündəminin əsas mövzularından birini təşkil edən Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan əsas açar rolunu oynayan dövlətlərdən biri kimi qəbul olunmaqdadır. Çünki Azərbaycanın iştirakı olmadan bölgədə və geniş mənada yerləşdiyimiz qitədə enerji təhlükəsizliyi məsələləri tam şəkildə həll oluna bilməz. Bu reallığı tərəfdaşlıq etdiyimiz böyük ölkələr də bölüşürlər.
Dünyanın hətta ən qüdrətli dövlətləri belə enerji sahəsində Azərbaycanla əməkdaşlığa xüsusi önəm verməklə yanaşı, bundan, sözün əsl mənasında, qürur hissi keçirdiklərini də açıqlayırlar. 
Bu prosesi dəyərləndirən İlham Əliyev deyir ki, Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi layihələr Avropanın enerji xəritəsini tamamilə dəyişir. Çünki Azərbaycan tərəfdaşları ilə birgə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri çəkməklə yeni rekordlara imza atıb. 

 

Orta dəhlizə mühüm töhfə

 

"Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq həm də "Cənub-Qərb" və "Şimal-Qərb" layihələri üzərində də iş aparan Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə Orta dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) daha səmərəli və etibarlı marşrut olmasına mühüm töhfə verə bilər.
Hazırda Orta dəhliz uzaq Çindən yüklərin Avropaya və Yaxın Şərqə daşınması üçün ən təhlükəsiz marşrutlardan hesab edilir. Bu marşrut Şimal dəhlizindən orta hesabla 2500 kilometr qısadır və dəmir yolu ilə səyahət müddətini yeddi-səkkiz günə azaltmaq potensialına malikdir. O həmçinin keçdiyi ölkələr arasında ticarətin inkişafına kömək etmək iqtidarındadır. 
Bu dəhliz həm də tarixi Böyük İpək yolunun yenidən canlandırılmasını şərtləndirir. Çünki Orta dəhliz vasitəsi ilə yüklər Çin, Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və daha sonra Avropaya daşınacaq. 
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan Orta dəhliz üzrə hərəkət edən blok qatarı yükləri orta hesabla 20-25 günə Çindən Avropaya çatdırır ki, bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biri sayılır. 
Xatırladaq ki, bu il oktyabrın 13-də Astanada səfərdə olan İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşündə də bu barədə fikirlərini səsləndirmişdi. Dövlət başçısı vurğulamışdı ki, Azərbaycan təkcə öz regionunda deyil, həm də daha geniş coğrafi miqyasda çox böyük rol oynayır.
Göründüyü kimi, Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib. Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Əminliklə deyə bilərik ki, Azərbaycan Orta dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə  həm də türk dünyasına mühüm siyasi və iqtisadi dividend qazandıracaq. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video