Azərbaycanın təhsil sistemində xüsusi yer tutan ADA Universiteti yarandığı gündən sadəcə vəzifəsini yerinə yetirmək deyil, həmçinin xalqa xidmət etmək məramı ilə fəaliyyət göstərir. 2006-cı ildə Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası kimi təsis edilmiş, səkkiz il sonra universitet statusu almış ADA bu gün ölkəmizin nəinki təhsil mühitində, həmçinin ictimai-siyasi həyatında mühüm yer tutur. Bütün bunlarda universitetin rektoru səfir Hafiz Paşayevin mühüm xidmətləri var.
AZƏRTAC ADA Universitetinin uğurlu fəaliyyətini təmin edən amilləri nəzərdən keçirir.
“ADA Universiteti insan və vətəndaş yetişdirir”
Hafiz müəllimin mənsub olduğu soy-kökün nümayəndələri Azərbaycan ictimai-ədəbi fikir tarixində, elm və təhsil sahəsində böyük xidmətlər göstərmiş şəxsiyyətləri ilə tanınıb. Hafiz müəllim də böyük Mir Cəlal ocağının parlaq ənənələrini layiqincə yaşatmaqdadır. Bu ənənələrin qayəsində xalqa xidmət etmək missiyası dayanır. 2006-cı ildə Azərbaycan Diplomatik Akademiyasının yaradılması da xalqa xidmət etmək, Azərbaycanı beynəlxalq məkanda təmsil edəcək peşəkar kadrlar yetişdirmək məramından qaynaqlanırdı. Bu təhsil ocağının yarandığı gündən bəri fəaliyyətini zaman-zaman genişləndirməsi, beynəlxalq təhsil standartlarını əhatə etməsi, dövrün tələblərinə cavab verən ixtisasları diqqətdə saxlaması ona Universitet statusunun verilməsi ilə nəticələndi.
Görkəmli alim və ziyalı Hafiz Paşayev qurub-yaratdığı və rəhbərlik etdiyi ADA Universitetində hesabatlılıq və şəffaflıq mühiti formalaşdırıb. Burada hər bir işçi istedadı və bacarığına görə seçilir, öz peşəkarlığını ən yüksək səviyyədə həyata keçirmək üçün ruhlandırılır. İnsanlara inanaraq onlara etibar etmək, cəsarətlə irəliləməyə təşviq edərkən onların yollarında olan maneələri və çətinlikləri aradan qaldırmaq - bütün bunlar Hafiz müəllimin xarakterini əks etdirən liderlik xüsusiyyətlərindəndir. O, tabeliyində olan şəxslərin layihələrini uğur hekayələrinə çevirmələrinə yardımını əsirgəmir.
Rektor Paşayev təvazökar və sadə insandır. Tələbə və işçilərlə birgə nahar edir, onlarla danışmağı, uğurlarını və qayğılarını dinləməyi xoşlayır. Hafiz müəllim deyir ki, biz, ölkəmizin gələcəyinin bu günün sinif otağında qurulduğunu dərk edirik: “Buna görə də tələbələrlə işlərimizdə addımlarımızı məhz Azərbaycanın gələcəyini düşünərək atırıq. Yüzlərlə gəncin qarşısına çıxan müəllim tək sahəsi üzrə biliyi deyil, həm də şərəf və ləyaqəti, ali tutduğu dəyərləri, sadiq qaldığı prinsipləri, davranış tərzi, tələbələrə yanaşması və qayğıkeşliyi, Vətənə xidmət ehtirası və maarifçiliyi, elm və tətbiqdə yenilikçi ruhuna görə nümunə olmalıdır. ADA müəlliminin vəzifəsi tək sinif otağında dərs saatları ilə bitmir. O, bu vəzifəni yaşayır. Çünki ADA müəllimi tək mütəxəssis yetişdirmir. O, ən başlıcası, insan və vətəndaş yetişdirir”.
Universitetdə “Açıq qapı” siyasəti problemlərin vaxtında həllinə, rəylərin məqamında alınmasına dəyərli töhfə verir. Hafiz müəllim səbirlidir, müsahiblərini anlayışla dinləyir.
Rektor Paşayev həqiqi bir alim kimi tədqiqat və təlimin əsl dəyərini yaxşı bilir. Universitetin prorektoru Fariz İsmayılzadə bu barədə deyir: “Bizim Universitetdə prioritetlərdən biri peşəkarlığın inkişafının təşviqinə vəsait ayrılmasıdır. Məsələn, ADA müəllim heyətinin imkanlarının artırılması naminə həm fərdi tədqiqatlar, həm də beynəlxalq potensial inkişaf proqramları və təlimlər həyata keçirilir. Tədqiqat işlərinə əksər hallarda özü rəhbərlik edir”.
Rektor Paşayev hər zaman innovasiya, yeni fikirlər, dəyişiklik və inkişaf axtarışındadır. Daim qurmaq və yaratmaq istəyir. Onun yeni proqramlar, şöbələr, tədqiqat mərkəzləri və hətta ADA nəzdindəki orta məktəbə dair uzaqgörənliyi Universitetin strategiyasını gözəl müəyyənləşdirir. Ən çətin vəziyyətlərdə belə ümidini itirmir, həmişə məğrur və qətiyyətlidir.
Hafiz müəllimin simasında alim, pedaqoq, diplomat və rəhbər şəxs kimi xüsusiyyətlər bir insan kimi sadəliyi, səmimiyyəti, təvazökarlığı, yüksək mədəniyyəti və əsl ziyalılığı ilə üzvi şəkildə birləşib. Yüksək təşkilatçılıq qabiliyyəti, novatorluğu, yeniliklərə və təşəbbüslərə açıq olması ona həmişə hörmət, ehtiram və nüfuz qazandırıb.
Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrini bir araya gətirən platforma
ADA Universiteti 2021-ci il aprelin 10-13-də “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq”, 2022-ci il aprelin 29-da “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq”, noyabrın 25-də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfranslara ev sahibliyi edib. Bu tədbirlərin hamısında Prezident İlham Əliyev çıxış edib, çoxsaylı sualları cavablandırıb. Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin, analitiklərin, beynəlxalq ekspertlərin iştirak etdikləri bu konfranslar regionda baş verən hadisələrin müzakirəsi üçün önəmli platforma olmaqla, postmüharibə dövründə sülh quruculuğu və yenidənqurma işlərinə xüsusi diqqət yetirib.
İtaliya-Azərbaycan Universiteti - iki ölkə arasında münasibətlərin yeni səhifəsi
İtaliya-Azərbaycan Universitetinin yaradılması barədə razılıq Prezident İlham Əliyevin 2020-ci ildə İtaliya Respublikasına dövlət səfəri zamanı əldə olunub. 2022-ci il aprelin 2-də ADA Universitetinin kampusunda İtaliya-Azərbaycan Universitetinin təməli qoyulub. ADA-nın bazasında fəaliyyət göstərəcək İtaliya-Azərbaycan Universitetinin təsis edilməsinə İtaliyanın beş aparıcı ali təhsil ocağı - Luiss Universiteti, Alma Mater Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti və Romanın Sapienza Universiteti cəlb olunub. ADA Universiteti ilə həmin universitetlər arasında anlaşma memorandumu imzalanıb.
Ötən il İtaliyaya işgüzar səfər edən Prezident İlham Əliyev sentyabrın 1-də Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimində çıxışı zamanı İtaliya-Azərbaycan əlaqələrində yeni səhifə açıldığını, təhsil sahəsində yeni genişmiqyaslı əməkdaşlığa başlanıldığını söyləyib. Dövlətimizin başçısı vurğulayıb ki, İtaliyanın aparıcı universitetləri ilə ADA Universitetinin əməkdaşlığı iki ölkə arasındakı dostluq əlaqələrini möhkəmləndirəcək. Prezident həmin çıxışında bir mühüm məsələyə də diqqət çəkib: “Heç kimə sirr deyil ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, bilik, savad, texnoloji tərəqqi müəyyən edir. Biz Azərbaycanda təbii resurslardan əldə edilmiş gəliri insan kapitalına yönəldirik və bugünkü tədbir bunun əyani sübutudur. Eyni zamanda, əminəm ki, İtaliya-Azərbaycan Universiteti İtaliya-Azərbaycan dostluğu mərkəzi olacaq”.
“Bir müəllimin manifesti”: Qazaxdan Vaşinqtonadək
Prezident İlham Əliyevin “Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 3 noyabr tarixli Sərəncamı ölkəmizdə təhsil ənənələrinə dövlət səviyyəsində diqqətin bariz nümunələrindən biridir. ADA Universitetinin 2021-ci ildə Seminariyanın tarixi binasının bərpası, eləcə də “Bir müəllimin manifesti” təhsil proqramına başlaması, bu proqramın Qazaxda, ADA Universitetində və Universitetin ABŞ-dakı Mərkəzinin yerləşdiyi Vaşinqtonda reallaşdırılması təhsil tariximizin qürurverici səhifələridir. Universitetin akademik işlər üzrə prorektoru Vəfa Kazdal deyir ki, 2021-ci il oktyabrın 1-dən fəaliyyətinə start verilən “Bir müəllimin manifesti” adlı təhsil proqramı, əslində, rektor Hafiz Paşayevin təşəbbüsü ilə yenidən bərpa olunan, təhsil tariximizin başlanğıc nöqtəsi sayılan Qazax Müəllimlər Seminariyasının 100 ildən sonra tərtib edilən ilk proqramıdır. Bu təşəbbüs yalnız Qazax Müəllimlər Seminariyasının bərpası deyil, həmçinin milli tariximizin və irsimizin bərpası yolunda atılan addımların davamıdır.
ADA Universitetinin təşəbbüsü ilə “Azərbaycan” qəzeti və “Vətən dili” dərsliyinin, eləcə də “Azərbaycan” yazıları” seriyasından “Ömər Faiq Nemanzadə” kitabının latın qrafikasında nəşr edilərək ictimaiyyətə təqdim edilməsi ölkəmizin ictimai-siyasi və təhsil həyatında tarixən mövcud olmuş ən gözəl xüsusiyyətlərin yeni nəsillərə çatdırılması baxımından ADA-nın həyata keçirdiyi dəyərli layihələrdəndir.